Heyrət... Təəccüb... Məmnunluq...

 

Naxçıvan düşüncələri

 

... Göyün yeddinci qatındayam. Buludların ənginliyində ətraf ağappaq görünür.

Zülmətə bürünmüş dünyanın bir parçasında bu bəyazlığı seyr etmək qəlbinə qədər rahatladırsa, düşüncələrdəki saysız-hesabsız təəssüratları ipə-sapa düzmək, sanki gecənin zülmət rəngli qələmi ilə pənbə buludların sinəsinə yazdığı xəyali kəlmələrə əl yetirmək bir o qədər qayğılandırır adamı.

Elə təyyarəyə də “bəyaz dünya”dan - məmləkətin başlanğıc nöqtəsindən, qoca Şərqin qapısından, illərdir blokada durumunda qalmasına baxmayaraq, intibahın, quruculuğun rəmzinə çevrilən vətən torpağından qədəm qoymuşam.

Naxçıvandan qayıdıram...

Artıq növbəti günün ilk dəqiqələridir. Zaman yeni bir sabaha doğru irəliləyir. Birgünlük Naxçıvan səfərimin qəlbimdəki isti təəssüratları isə o qədər möhtəşəmdir ki, xoş duyğular mənə təyyarənin rahat kreslosunda bir anlıq uyğuya dalmağa, mürgüyə təslim olmağa imkan vermir.

Və təyyarə bələdçisindən kağız istəyirəm. Xahişimi yerinə yetirmək üçün gedir. O gələnə qədər səbrim təhəmmül etmir, kreslonun ön cibindən çıxardığım kiçik salfet kağızını qarşımdakı balaca masanın üzərində iki qatlayıb əbədi yol yoldaşım olan mürəkkəbli qələmlə ilk təəssüratlarımı yazıram:

Heyrət... Təəccüb... Məmnunluq...

***

Yaradıcı adam üçün səfərlər bir qida kimidir. Keçib getdiyin yollar düşüncələrinin sərhədlərini genişləndirir. Rastına çıxan, ömrünün cəmi bir neçə dəqiqəsindən ötüb keçən insanları da bəzən hansısa əsərin unudulmaz qəhrəmanına, xarakterlər və portretlər dünyasının bir sakininə çevirir.

Yollardan gözlərinə köçən məskənlər, təbiət mənzərələri, evlər, yurdlar, ağaclar müəyyən bir bədii epizodun məkani həllini tapmağa kömək göstərir, qələm onları adama doğmalaşdırır.

Hər səfər insana yaddaş dolusu təəssürat qazandırır, yazıb-yaratmaqdan ötrü yeni mövzular, ideyalar verir, ömrünün aylarını yazı masasının arxasında kağız-qələmlə baş-başa keçirməyə ilhamlandırır.

Səfərləri həmişə xoşlamışam. Burada söhbət təkcə xarici səfərlərdən getmir. Vətənimizin hər guşəsini qarış-qarış gəzməyə can atıram. Rayonlarımıza dönə-dönə səyahətlər edirəm. Və təkrar-təkrar getdiyim bir rayonu hər dəfəsində sanki ilk dəfə görürəmmiş kimi yenidən öyrənirəm, getdiyim hər rayondan yeni təəssüratlar gətirməyə çalışıram.

Əsas təəssüratlarımsa, yollardır, yolqırağı evlərdir, bu evlərdən yollara çıxan insanların çöhrələrindəki sevincdir, kədərdir, düşüncələrdir... Bu ifadələrlə o məkanları kitab kimi oxuyuram. Bölgənin həyatını hiss edirəm, insanların duyğularına işıq salmağa çalışıram...

Yazıçılıq taleyi də elə bu olmalıdır...

***

Naxçıvana sübh tezdən varmışdıq və əsrlər boyu Şərqə qapı açmış bu qədim məkanla ilk tanışlığımız şəhərin hava limanından başlanmışdı.

İndiyə qədər dünyanın irili-xırdalı çox şəhərlərinin hava limanlarına güzarım düşüb. Yüksək səviyyədə olanlarını da görmüşəm, bərbadlarını da. Müşahidə və müqayisələrimsə belə bir ümumi qənaət formalaşdırıb ki, bir şəhərin hava limanı necədirsə, onun inkişaf durumu, sosial-iqtisadi əhvalı da aşağı-yuxarı oxşardır.

Təyyarədən düşəndə bu torpaqların təmiz sübh havası ilə birgə Naxçıvan hava limanında gördüyüm xoş mənzərənin sevinci də köksümü doldurdu. Qarşımda gördüyüm - şəraitinə, infrastruktur imkanlarına, xidmət səviyyəsinə, müasir standartlara uyğunluğuna görə indiyə qədər dünyanın müxtəlif əyalət şəhərlərində müsafir olduğum hava limanlarının ən yaxşılarından idi. Bir az mübaliğə kimi görünəcək bəlkə də, amma burada şahid olduğum mükəmməlliyi heç dünyanın bəzi adlı-sanlı böyük hava limanlarında da görə bilməmişdim.

Naxçıvan təəssüratlarımın ilk təəccüblü anları burada başlandı və hiss etdim ki, bir günlük səfər boyunca belə anlar hələ çox olacaq.

Əslində isə belə anlarla heç qarşılaşmadım deyə yaza bilərəm. Çünki “an”, “qarşılaşma” sözlərini adətən ötüb keçən, ötəri epizodlar haqqında deyirik. Naxçıvan səfərimdə isə heyrət hissi düşüncələrimi heç tərk etmədi. Müsbət mənada təəccübləndirən məqamların biri öz yerini başqasına verdi və bu hiss gün boyu dünyamda dolaşdı.

Şəhərə doğru irəlilədikcə asfalt yolların rahatlığına, keyfiyyətinə, az məsrəflə əldə olunmuş böyük abadlığa, səliqə-sahmana, ən əsası isə məsuliyyətli işə heyran kəsildim, bu torpaqların üzərinə hopmuş hüzur dolu ovqata, mütəvazi əhvala məftun oldum.

Bu şəhərə varid olandan sonra anlamağa başladım ki, niyə Naxçıvanda insanlar həyatı sevirlər, fərdləri sarsıntılara sürükləyən stresdən, depressiyadan uzaqdırlar, qəlbləri həyat eşqi ilə doludur. Çünki buralarda qəribə bir sakitlik, sabitlik, harmoniya, müsbət enerji var.

Müasir dünyanın insanı ona görə stresə qapılır ki, həyatın getdikcə artan sürətinin dalınca çata bilmir. Bunu bütün böyük meqapolislərdə daha çox müşahidə etmək olar. Adamlar sanki harasa tələsirlər, elə bil zamanı qovub tutmağa çalışır hamı. Bir avtomobil işıqforda yerindən iki saniyə gec tərpənəndə siqnal səsləri əsəbləri çarmıxa çəkir, insanlar bir-birinə səbirsizlənirlər, həyatın ahəngi ilə adamların hərəkəti arasında ritmiklik itir elə bil.

Böyük şəhərlərdə belə bir harmoniya, bəlkə, heç əzəldən olmayıb. Sovet dövründən üzü bəri, müxtəlif illərdə dünyanın çox ölkələrində, şəhərlərində olmuşam. Estetik gözəlliyi olan meqapolislər də görmüşəm, tarixi simasını yeni minilliyə qədər gətirib çıxarmış şəhərlər də. Amma o şəhərlərin də heç birində harmoniya görməmişəm. Ya həddən artıq sakitlik olub, amma ətrafda bir gözəllik gözə dəyməyib. Ya da göz dolusu gözəllik olub, amma maşınların səs-küyü, nizamsızlıq, xaotiklik bütün bu gözəlliyi bir anda məhv edib.

Uzun illərdən bəri dünyanın fərqli şəhərlərində axtardığım bu harmoniyanı, nizamı, hüzuru, nəhayət, Naxçıvanda tapdım. İlk dəfə burada sakitliklə gözəlliyin, tarixlə müasirliyin, həyatın sürəti ilə insanların hərəkətinin qarşılıqlı vəhdətini gördüm. Burada bütün binalar, sadə amma sadə olduğu qədər də yüksək zövqlə üzlənib və göz önündə sözlə təsvirə gəlməz gözəl Naxçıvan mənzərələri açılır. Adicə yollarda maşınların ahəngdar, tələsmədən, siqnalsız hərəkəti, küçələrin ideal təmizliyi bu gözəlliyə rəng qatır. İnsanların simasında mehribanlıq, səmimiyyət, təbəssüm, rahatlıq görünür.

İlk baxışda adama elə gəlir ki, Naxçıvanda heç varlı-kasıb fərqi yoxdur. Bütün insanlar bərabər imkanlara sahibdirlər. Hiss edirsən ki, burada dəyərlər tamam bambaşqadır. İnsanların üzündəki səmimiyyət, comərdlik, məmnunluq ifadəsini yaradan yüksək təminatlı həyat, zəngin imkanlar, dəbdəbəli həyat tərzi deyil.

Bu ifadənin qaynağı könül xoşluğudur. Tanrının əta elədiyi ömrü könül xoşluğu içində yaşamağı, bir tikə halal ruzini mənəvi rahatlıq içində yeməyi bacarmaqdır.

İnsanın ruhu dincəlir burada...

***

Naxçıvanın yolları torpağın köksündə uzanıb gedir. Dağların qoynunda qıvrılır, düzənlərdən təpələrə tərəf yüksəlir, kəndlərin, şəhərlərin başına dolanır.

Öyrənirəm ki, Naxçıvanın hətta ən ucqar kəndlərini belə muxtar respublikanın mərkəzi ilə rahat asfalt yollar bağlayır. Və təəccüblüsü bu deyil. Adamı heyrətə salan odur ki, bu yolların bircə kilometrinin də həndəvərini ağacsız görməzsən.

Yolların hər iki tərəfi yaşıllıqdır. Ümumiyyətlə, Naxçıvanın, demək olar ki, hər yanı ağacdır. Ən əsası da meyvə bağlarıdır. Naxçıvanın meyvələri lap əzəldən adla deyilib. Bu torpaqların göyçəsidir, əriyidir, limonudur, - bunların bəlkə heç dünyada tayı-bərabəri yoxdur. İnsan əlinin hünəri indi əriyindən gavalısına, almasından şaftalısına, heyvasından armuduna, alçasından gilasına qədər bar verən hər növ meyvə ağacları ilə buranı başdan-başa vitamin ümmanına çevirib.

Ağac əkmək, yaşıllıq salmaq, torpağın üzərində bir ağacla, bir gül kolu ilə lap xırdaca bir yaşıllıq yaratmaq insanın savaba yazılan ən mübarək əməllərindəndir. Hər ağac onu əkib boya-başa çatdırmış insana əbədi bir abidədir. Peyğəmbərimiz də buyurur ki, hətta qiyamət anının çatdığını görsəniz və əlinizdə əkiləsi ağac qalmış olsa, yenə onu torpağa basdırıb ondan sonra məşhərə tələsin. Bu da müqəddəs inancımızın təlqini. Gileylənmək fikrində deyiləm, amma daha insana başqa nə deyilməlidir ki, ömründə heç olmasa bircə ağac əkmək, ya da susuzluqdan təşnə bir fidanın dibinə su tökmək həvəsinə düşsün. Yaxud kiminsə min bir əziyyətlə bitirib üstündə əsdiyi ağaca xətər yetirmək azarından özünü saxlasın. Ağacları vəhşi kimi sındırıb tökən övladına tərbiyə verib bu dilsiz-ağızsız yaşıl canlıları sevməyi öyrətsin.

Naxçıvanda gördüyüm saysız-hesabsız ağaclarla insanların torpağa sevgisini duydum. Burada yaşayan insanların bu ərazinin hər qarışına doğma yurd yeri kimi, sanki öz həyətyanı sahələrinin bir hissəsi kimi yanaşdıqlarını hiss etdim.

Bura başdan-başa yaşıl bir ormandır sanki. Baxdıqca baxıram və bir anlıq düşünürəm ki, kimsə qabalıq edib bu ağacların bir budağını sındırmaq fikrinə düşsə, bütün Naxçıvan üzərinə gələr.

Çünki bu ağaclarda bütün Naxçıvan sakinlərinin əməyi var, sevgisi var. Bu qədər ağacı ancaq vətənə intəhasız məhəbbət, el birliyi bitirə bilər. Belə bir gözəlliyi təkcə inzibati qərarlarla yaratmaq mümkün deyil ki. Bunu edən sadə naxçıvanlılardır, bu təşəbbüsü irəli sürən və ona nəzarət edən məsul şəxslərdir, elini-obasını sevən və gələcəyini düşünən azərbaycanlılardır.

Yol yoldaşlarımız deyir ki, bu yaşıllıqların, təbiət mənzərələrinin yaradılmasında Naxçıvanda xoş bir ənənəyə çevrilmiş həftəsonu iməciliklərinin böyük rolu olub. Olsun ki, beş günlük iş həftəsindən sonra şənbə səhəri də şirin yuxusuna haram qatıb ağac əkməyə, yaşıllıqlara qulluq etməyə getməkdən narazı qalanlar tapılıb. Amma axı insanın fərdi həyatından başqa bir ictimai həyatı və tarix qarşısında məsuliyyəti də var. İnsanın öz evinin divarları, həyətinin hasarları arasında keçirdiyi günlərdən, bu balaca çevrədə sərf elədiyi əməkdən tarixə heç nə qalmır. İnsan dünyadan köçməklə sadəcə yox olub gedir.

Bu ağaclar, bu yaşıllıqlar, bu mənzərələr isə onların yaradılmasına lap kiçicik də olsa, əmək sərf etmiş hər kəsin tarixdəki əbədi nəcib nişanələridir. O ağaclar yaşadıqca insanlar da yaşayacaq, baharda o ağacların yaşıllaşması ilə insan da yenidən doğulacaq, o ağacların meyvəsi ilə əlinin bərəkətini, halal bəhrəsini gələcəyə yetirəcək.

İndi yaşıllıqların salınması, camaatın istirahəti üçün parkların qurulması vətənin hər guşəsində izlənən xoş meyildir. Naxçıvanda gördüyüm meyvə ağaclarından sonra isə bunu etiraf etməliyəm, bu parkların ümumi görünüşü, yüksək zövqlə işlənmiş landşaft dizaynı adamda hər nə qədər məmnunluq yaratsa da, əkilmiş ağacların növü bir o qədər rəncidə edir. Nədənsə yeni parklarımızda hər tərəf dekorativ ağac və kollarla, bar verməyən əcnəbi ağaclarla, şamlarla “bəzədilir”. Əfsuslar olsun ki, heç bir parkda, yaşıllıq zolağında meyvə ağacı gözə dəymir. Ən ağrılısı odur ki, hətta dağ rayonlarımızda, hər qarışı bərəkət olan torpaqlarımızda da regionun ağız dadı olan möcüzəvi meyvə ağaclarındansa xaricin barsız ağaclarını bitiririk. Kölgəsiz ağacları becərir, onlara həyat veririk... Dünyanın ən lətif meyvələrinin vətəni olan məmləkətimizdə yaşıllıqlar salınarkən yerli məmurların öz nemətlərimizə belə ögey münasibətinin adı nədir? Yaxud, əgər məqsəd kölgəlik yaratmaqsa, bu yurdun minillərdən soraq gətirən xan çinarlarına, başı buludlara yüksələn qovaqlarına, qarağaclarına, palıdlarına, vələslərinə, cökələrinə nə gəlib ki, onların fidanlarını əkib-becərməkdənsə palmalar əkəsən?!

Naxçıvanda bütün bunların əksini gördüm. Bir-iki yaşıllıq zolağının künc-bucaqlarındakı dekorativ kolları, küknar və sərv ağaclarını çıxmaq şərtilə Ordubaddan Sədərəyə, Şahbuzdan Culfaya, Şərurdan Babəkə və Kəngərliyə qədər bütün mərkəzi və kəndlərarası yolların ətrafı bar verən meyvə ağacları ilə, kölgəli ənənəvi ağaclarla, gül-çiçəklə dolu idi. Yolətrafı ağac zolaqları Naxçıvanın yaşıl magistralıdır.

Avtomobilin pəncərəsindən ətrafdakı payız qızılgüllərinə tamaşa elədikcə Alla Puqaçovanın bizim uzaq gəncliyimizin himni olan məşhur mahnısı sanki gözlərim önündə oxunurdu: “Milyon-milyon al qızılgül Görürsən pəncərədən”.

Baxdıqca bu yollarda payızın min bir rəngini görürdüm: qızılı payız, yaşıl payız, payız. Və düşünürdüm ki, Tanrı Naxçıvana təbiətin ən yaxşılarını verib. İnsan əli isə bu gözəlliyi daha da rövnəqləndirib.

Prezident İlham Əliyev ölkəmizə rəhbərliyinin ilk dövrlərindən maraqlı və son dərəcə faydalı bir təşəbbüs irəli sürüb. Müxtəlif rayon və şəhərlərin icra hakimiyyəti başçıları inkişaf etmiş xarici ölkələrin əsas şəhərlərinə səfər edir, bu ölkələrin şəhərçilik təcrübəsini öyrənirlər. Gördüklərini rəhbərlik etdikləri rayonda uğurla tətbiq edənləri də olur, gözləntiləri lazımi şəkildə yarıtmayanları da. Naxçıvandakı inkişaf mənzərələrini görüncə düşündüm ki, artıq özümüzdə də öyrəniləsi, tətbiq ediləsi nümunələr formalaşıb. Bir çox şeyləri xaricdən yox, elə özümüzdən də öyrənə bilərik. Məsələn, niyə başqa bölgələrimizin icra hakimiyyəti başçıları Naxçıvanın rayonlarına səfər edib buralarda görülmüş işlərdən öyrənməsinlər?! Fikrimcə, bu rayonlardan əldə ediləcək təcrübə, tutaq ki, Fransanın hansısa şəhərindən əxz olunanlardan əsla geri qalmayacaq.

***

Bir az da Naxçıvan sürücülərindən yazım. Muxtar respublikanın yollarında hərəkət qaydalarını pozmağı özünə rəva görən sürücü çətin tapıla. Burada sürücü nizam-intizamı ciddi şəkildə qorunur. Kəmərlərin bağlanması, sürət rejimi, işıqforda düzgün dayanma, maşını doğru yerdə parklama və digər bu kimi tələblərə ciddi əməl edilir.

Bizi gəzdirən sürücüdən zarafatla soruşdum ki, deyəsən, burada yol hərəkəti qaydalarını heç pozan yoxdur. Nə əcəb hamı intizamla sürür? Onun söylədiklərindən belə anladım ki, Naxçıvanda belə məsələlər artıq cərimə, inzibati qadağalar mərhələsini çoxdan keçib. Burada qaydalara hamılıqla əməl etmək qanunvericiliyin tələbləri ilə yanaşı, artıq həm də ictimai borc məsələsidir və kimsə yollarda intizamsızlıq edib başqalarının haqlı ictimai qınağına tuş gəlməyi özünə sığışdırmır.

“Olub ki, dəfələrlə Ali Məclis Sədrinin avtomobili ilə işıqforda yanaşı dayanmışam. Əgər onun özünün, övladlarının avtomobilləri də işıqforda dayanırsa, kəmər taxırlarsa, bu nümunəyə necə hörmətsiz yanaşaq, qaydaları necə pozaq?” deyə sürücü sözünə davam etdi.

Bəli, ictimai əxlaq normaları və buna qarşı çıxanlara el qınağının formalaşması, insanların bir-birindən örnək götürməsi, gözəl nümunələrin hamıya görk olması Naxçıvanın sosial-mədəni həyatında nəzərə çarpan mühüm uğurlardandır.

Burada cəmiyyət həyatının bir çox önəmli məsələlərinə, toplum üçün aktuallıq kəsb edən mühüm suallara mili-mənəvi ənənələrlə müasirliyin vəhdətindən doğan mükəmməl yanaşma var.

***

Naxçıvana respublikamızda kifayət qədər tanınmış, nüfuzlu, əsil-nəcabətli bir dostumun yaxın qohumunun hüzr məclisində iştirak üçün getmişdik. Xeyir-şər məclislərimizdəki israfçılıq günümüzün bəlasıdır, bilirsiniz. Son illər bu məsələ dövlət qurumlarını da, əli qələmli ziyalıları da çox düşündürür. Bu sahədə nizam yaratmaqdan ötrü lazımi addımlar atılır. Mətbuatda ictimai müzakirələr aparılır. Bütün bunlar bəzi yerlərdə səmərə verir, bəzi yerlərdə hələ faydasız nəticələnir. Çünki bu da inzibati qərarlardan daha çox şəxsi nümunələrə bağlı bir məsələdir.

Əslində, hamı hüzr məclislərində israfçılığa qarşıdır. Dünyadan köçmüş yaxınının kədərini unudub təziyə məclislərini öz aləmində guya urvatla yola verməkdən ötrü ət-yağ, düyü dalınca qaçmaq, yeddi gün, yeddi gecə qonaq-qara qarşısına çıxıb iş-gücündən qalmaq heç kimə uyğun deyil. Di gəl ki, uzun illər belə davam etdiyindən bir çoxları ətrafın rəyini nəzərə alaraq adətləri pozmağa özündə cürət tapmır.

Naxçıvanda isə bu məsələnin artıq öz həllini tapdığını, hüzr məclislərində yalnız çay, limon və halva verilməsinin el adətinə çevrildiyini çoxdan eşitmişdim. Bu dəfə özüm də əyani şahid oldum.Və cəmiyyətin sayılıb-seçilən adamlarının yaratdığı şəxsi nümunələrin sadə insanlara necə güclü təsir göstərdiyini, nə qədər müsbət səmərə verdiyini gördüm.

Haqqında bəhs etdiyim dostum da, qohum-qardaşları da yetərincə imkanlı adamlardır. İstəsəydilər, ehsan süfrəsini çox zəngin edə bilərdilər. Amma onlar da Naxçıvanda formalaşmış ənənələrə əməl etməyi özlərinə borc sanmışdılar. Süfrədə yalnız çay, limon və halva vardı. Məclisə gələnlər başsağlığı verib, çaylarını içib, mərhumun ruhuna dualar oxuyub gedirdilər. Nə mənasız israfçılıq vardı, nə də hüzr sahibinin izafi əziyyəti.

Ən önəmlisi isə, Naxçıvanda bu məsələdə də varlı-kasıb fərqi duyulmur. İmkanı aşağı olan hüzr yiyəsi kasad ehsan süfrəsinə görə sıxılmır, lap imkanlısı isə aşıb-daşan süfrəsi ilə qürrələnə bilmir. Bu bərabərlik müqəddəs inancımızın da buyurduğu kimidir. Zatən dünyadan köçən hər kəs bütün maddi imkanlarını, sosial statuslarını bu fani aləmdə qoyub axirət dünyasına başqaları ilə bərabər şəkildə getmirmi? Elə isə təmtəraqlı ehsan süfrələri ilə məclisi başqalarının təziyələrindən fərqləndirməyə nə hacət? Bu məclislərin dünyadan köçmüşlərə zərrə qədər aidiyyəti yoxdur. Hüzr məclisləri hələ bu dünyada ömür sürüb cəmiyyətin ictimai həyatını təşkil edən, birgəyaşayış normalarını müəyyənləşdirən diriləri mənəvi-əxlaqi cəhətdən tərbiyələndirmək, onları xoş əməllərə, nəcib davranışlara səsləmək üçündür.

Bu niyyətə isə ancaq kamil nümunələrlə çatmaq olar ki, onu da Naxçıvanda gördüm...

***

Bəzən mətbuat Naxçıvanda möhkəm nizam-intizamın olmasından, belə nümunələrin Ali Məclis Sədrinin qərarları əsasında yaradılmasından yazır. Açığını deyim ki, cəmiyyətdə yaxşı nümunələrin tez və kütləvi yayılmasından ötrü müəyyən müddət dəmir qaydaların tətbiqinə qarşı deyiləm. Fikrimcə, bu, demokratik prinsiplərin pozulması deyil, cəmiyyətə doğru olanları göstərmək, onu düzgün istiqamətlərə yönləndirməkdir. Əks halda, insan xislətidir, azca boş buraxsan, görəcəksən ki, cəmiyyətdə pis nümunələr populyarlaşmağa başlayıb. Əgər hansısa zaman müddətində toplumun davranışlarını inzibati qaydalarla yönləndirməyi bacarsan, müəyyən müddətdən sonra ictimai qaydalara uyğun yaşamaq insanlar üçün bir həyat tərzinə çevriləcək. Ağac əkməyin, yol hərəkəti qaydalarına əməl etməyin, təmizliyi qorumağın, başqalarına hörmətlə yanaşmağın, növbədə digər insanlardan önə keçməməyin, kitaba-təhsilə, mütaliəyə meyil salmağın kənardan necə gözəl göründüyünü və nə qədər xoş örnəklər yaratdığını dərk edən insanlar qanunlarsız, qaydalarsız, qadağalarsız, inzibati məcburiyyətlərsiz də buna əməl edəcəklər.

Bəlkə nə vaxtsa Naxçıvanda da müəyyən müddət qadağalar olub, sərt qaydalar, cərimələr tətbiq edilib, düzü, bilmirəm. Son müşahidələrimə söykənərək yalnız onu deyə bilərəm ki, mən burada insanların davranışlarını çərçivəyə salan hər hansı inzibati məhdudiyyətlərə şahid olmadım. Əvəzinə Ali Məclis Sədrinin hamı üçün faydalı təşəbbüslərinin kütləvi dəstəklə qarşılanıb, ictimai qaydalara çevrildiyini gördüm. Çünki bu təşəbbüslərin özü də bir nəfərin iradəsi, istəyi deyil, onların hər biri cəmiyyətdən gələn sosial sifarişlərə əsaslanır. Bu ictimai qaydaların heç biri hər hansı hüquqi aktla tənzimlənmir, amma hamı onlara əməl etməyi faydalı bilir. Çünki bu qaydalarda öz istəklərini görür.

Naxçıvanda yenə kimsə təmtəraqlı ehsan məclisləri təşkil edə bilər. Onun işinə kimsə qarışmayacaq. Amma həmin adam belə etməklə elin adətinə qarşı çıxmış olacaq və belə bir davranış kənarda ikrah doğuracaq. Yaxud mənəvi-psixi cəhətdən sağlam, tərbiyəsi yerində olan bir insan avtomobilini başqalarının üzərinə niyə sürsün, tərtəmiz küçələri niyə zibilləsin, öz doğma şəhərinin, qəsəbəsinin gözəlləşməsinə xidmət edən tədbirlərdə iştirakdan niyə boyun qaçırsın ki?!

Bunlar adi birgəyaşayış normalarıdır və heç bir məmur hökmü, inzibati məcburiyyət, dəmir intizam olmadan hər insan bu normalara əməl etməlidir.

***

Ən məmnun təəssüratımsa Naxçıvanda görülən bütün bu işlərin maarif işığında aparılmasını görüb-duymağım oldu.

Naxçıvanın cəmi 30-40 şagirdi olan ucqar kəndlərində də məktəblər tikilir ki, məktəblilər qonşu kəndlərin yollarında əziyyət çəkməsinlər. Muxtar respublika məktəb sayının əhali sayına olan nisbətinə görə Azərbaycanda öncül mövqedədir. Adını unutduğum mütəfəkkirlərdən biri demiş ki, bir məktəb tikən bununla bir həbsxana bağlayır. Naxçıvanda tikilən məktəblər maarif işığını ətrafa yayan nur mənbəyidir. Bu çırağın işığında yeni elm-maarif pərvanələri - XXI əsrin Mirzə Cəlilləri, Bəhruz Kəngərliləri, Yusif Məmmədəliyevləri, İsa Həbibbəyliləri, Abbas Zamanovları yetişir.

Naxçıvan şəhərində zəngin kitab evi yaradılıb. Bir müddət əvvəl isə Naxçıvan məktəblilərinin, ümumilikdə muxtar respublika sakinlərinin oxuması üçün tövsiyə edilən 30 kitablıq siyahı Azərbaycan ictimaiyyətində xoş təəccüb doğurdu. Elə bir ziyalı sözü ilə rastlaşmadım ki, bu tövsiyəni təqdir etməsin. Naxçıvanda baş verən dəyişiklikləri, inkişafı, abadlığı seyr etdikcə, anlayırdım ki, bu 30 kitablıq siyahı da insanların mənəvi dünyasının abadlığı, nizamı və inkişafın, tərəqqinin ardıcıllığı üçün düşünülmüş addımdır və yalnız inkişafa xidmət edir.

Dünya tarixinin ən böyük nailiyyətləri dünən də kitabla başlanmışdı, bu gün də kitabla davam edir və gələcəkdə də məhz o cəmiyyətlər irəli gedəcək ki, bir əli kitabdan üzülməyib.

***

Azərbaycanın ən ucqar kəndində də gecə vaxtı yad bir qapını döysən, səni mehribanlıqla qarşılayacaqlar, qarşına bir stəkan çay, Allah verəndən bir qismət çörək qoyacaqlar. Evin ən hörmətli otağında, məxsusi qonaq üçün saxlanan qəttəzə yorğan-döşəkdən yer salacaqlar.

Bu, milli dəyərimizdir. Və bu dəyər Azərbaycan xalqının olduğu hər yerdə eynidir. Lerikdə də, Gədəbəydə də, Qusarda da, Naxçıvanda da, hətta ölkə sərhədlərindən kənarda Azərbaycan ruhunu qoruyan milyonlarla soydaşımızın ev-ocağında da.

Naxçıvan səfərimizdə deputat həmkarım, dostum akademik İsa Həbibbəylinin Dan yeri kəndindəki ata evində qonaq olduq. İsa müəllimgil 5 qardaşdırlar, hamısı da sadə və yaraşıqlı ev tikdirib. Bu, Naxçıvan insanlarının torpağa, yurda bağlılığına bir nümunədir. Diqqəti çəkən ən mühüm cəhət isə bu evlərin heç birinin arasında çəpərin, hasarın olmaması idi. Həyatda qardaşlar arasında çox hasarlar gördüm, mal-mülk üstündə çox qardaş davaları gördüm. İsa müəllim və qardaşları isə hasarları ixtisara salmaqla ata yurdunun ərazisini bir az da genişləndiriblər. Yer üzünün başdan-başa sərhədlərlə bölündüyü, kimlərinsə beş qarışlıq yeri belə çəpərləyib mənimsəməyə çalışdığı indiki dövrdə bu mənzərə məni çox mütəəssir etdi.

İsa müəllimin yaşı səksəni keçmiş anası Qəndab xanımla görüşdük. Sinəsi söz boğçası olan əsl el ağbirçəyi, müdrik Ana abidəsi... Titulsuz akademik dedim bu anaya, sözündən-söhbətindən doymaq bilmədim.

Bu qadın dünyanın hər üzünü görüb, cadar torpaq kimi qırış-qırış əlləri bu əllərin çəkdiyi ağır ömür yükündən, saysız-hesabsız əziyyətlərdən xəbər verir. Bu əziyyətin bəhrəsi isə akademik övladdır, dövlətin iqtisadi gücünə güc qatan sahibkar oğuldur, Prezident təqaüdçüsü olan nəvədir. Azərbaycan dövlətinə, xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin dövlətçilik irsinə, bu irsi əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü inkişaf siyasətinə sadiq törəmələrdir.

Bu ailənin həyətində indiyə qədər heç yerdə görmədiyim qədər ağaclar gördüm. Müxtəlif cür meyvə ağaclarının sayı-hesabı bilinmirdi. Evlərin arxasında qatar-qatar düzülmüş qələmə ağaclar vardı, hamısını İsa müəllim atası, özü və qardaşları əkib.

***

Yolumuz yenidən Naxçıvan hava limanına sarıdır.

Avtomobilin pəncərəsindən gördüyüm heyrət dolu mənzərələri bir-bir gözlərimə köçürür, bir günlük səfər zamanı rastlaşıb kəlmə kəsdiyim insanları xatırlayıram. Naxçıvanda heç bir rəsmi şəxslə, hətta adi bir kənd icra nümayəndəsi statusu daşıyan məmurla da ünsiyyətimiz olmadı. Gördüklərim sürücülər, hüzr məclisində söhbətləşdiyimiz sadə insanlar idi. Bu insanların hər birində yüsək dövlətçilik təfəkkürü, milli ideallara sadiqlik, Azərbaycanın xoşbəxt gələcəyinə böyük inam gördüm. Onların həyat eşqinə, səmimiyyətinə, halallığına vuruldum. Onların çoxu ötən əsrin 90-cı illərinin əzab-əziyyətli günlərini görüb gəlmiş, o məşəqqətləri iliklərinə qədər hiss eləmiş adamlardır.

Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev 1990-cı ildə Moskvadan Naxçıvana qayıdanda bu qədim Azərbaycan yurdu tarixinin ağır günlərini yaşayırdı. Ovaxtkı hakimiyyət Naxçıvanı siyasi, Ermənistan isə iqtisadi blokadaya almışdı. Muxtar respublikanın yüzlərlə kəndi ermənilərin aramsız atəşinə məruz qalırdı. İnsanlar işğal qorxusu altında yaşayırdılar. Hər tərəfdən sıxılan Naxçıvana görkəmli dövlət xadimi Heydər Əliyev qayıdışı ilə, şəxsiyyətinin əzəməti ilə yeni ruh, qurtuluş əzmi gətirdi və bu bölgəni, sözün əsl mənasında, xilas etdi. Vətənin düşmən işğalından, Azərbaycanın bağrından qoparılma təhlükəsindən, sosial-iqtisadi böhranın düyünlənmiş kələfindən ilk qurtulan hissəsi məhz Naxçıvan oldu.

XIV əsrdə Mərkəzi, Qərbi və Şərqi Asiyadan qədim Rus torpaqlarına, Qafqazlardan Volqaətrafı bölgələrə qədər böyük bir imperiya qurmuş Əmir Teymurun qoşunları önündə Əlincə qalasındakı misilsiz şücaətləri ilə dirəniş göstərərək böyük bir qəhrəmanlıq salnaməsi yazmış naxçıvanlılar XX əsrin sonunda da Heydər Əliyevin ətrafında birləşərək haqsızlığın, ədalətsizliyin, şərin üzərinə yeridilər.

Heydər Əliyevi qorumaqla ümumən Azərbaycanı qorumuş oldular.

Naxçıvandakı hərbi hissələrdən birinin yaxınlığından keçərkən burada nizami addımlarla hərəkət edən əsgərlər gördüm. Avtomobili saxlatdırıb onlara baxdım, qəlbim qürur hissi ilə doldu. Vətənin bu müqəddəs parçası inkişaf dinamikası qədər, nailiyyətləri qədər hərbi qüdrəti ilə də bu gün düşmənlərə göz dağıdır. Dövlətçilik irsimiz bu torpaqlarda şərəflə qorunaraq tarixin ucalıqlarına yüksəlir.

Bu, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin görmək istədiyi Naxçıvandır! Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin uğurları sayəsində tarixinin ən qüdrətli dönəmini yaşayan vətənin qutsal parçasında bu qüdrətin xoş mənzərəsidir.

Bakıya qayıdandan sonra köməkçimdən Naxçıvanla bağlı statistika istədim. Xeyli rəqəmlər toplusu gətirdi. O göstəricilərin hamısı qürurverici idi, sadəcə oxucularımı rəqəmlərlə yormaq istəməzdim. Bu rəqəmlərin təhlilini aparmaq peşəkar iqtisadçıların işidir. Görülən işlərin, abadlıq tədbirlərinin, inşa edilən binaların, açılan yeni müəssisələrin ümumi cəmini yazıçı qələmi ilə sadəcə belə təsvir edim ki, indi Naxçıvanın bir çox kəndlərini görkəminə görə şəhərdən ayıra bilmirsən.

Bu günlərdə Milli Məclisdəki büdcə müzakirələri zamanı Naxçıvanın da büdcəsi müzakirə olundu. Düşünürəm ki, Naxçıvana dotasiya imkan daxilində daha da artırılmalıdır. Çünki bu vəsaitlərin bir qəpiyi də boşuna xərclənmir, hamısı Azərbaycanın xeyrinə istifadə olunur. Dövlətimizin bu dəstəyi blokada şəraitində düşmənlə üz-üzə dayanmış Naxçıvanı daha da güclü edir, mətinləşdirir.

***

Bu qeydləri yazarkən Naxçıvan adının mənasını yada salıram. Xalq etimologiyasına əsasən, Naxçıvan toponimi “Nuh yurdu”, Naxçıvan deməkdir. Rəvayətə görə, Nuh Peyğəmbərin gəmisi tufandan sonra bu əraziyə yan alıb. Bununla bağlı dünyanın bir sıra nüfuzlu mifologiya alimləri elmi dəlillər irəli sürürlər. Hətta Qərb mütəxəssislərinin çəkdikləri bir sənədli filmdə gəminin hərəkət marşrutunun Naxçıvan tərəfə gəlib çıxmasına özüm tamaşaçı kimi şahid olmuşam.

Bu mənada Naxçıvan tufanların dağıdıb param-parça etdiyi bəşəriyyətin yenidən binə olunduğu yerdir. Məsələnin mifoloji tərəfini kənara qoysaq, bu qədim Azərbaycan torpağının indi də tarix üçün eyni əhəmiyyəti daşıdığını görərik. Naxçıvan bu gün də yenidən qurulan, inkişaf edən, yüksələn, nümunə yaradan, hər tərəfə hüzur, sevgi, səmimiyyət saçan önəmli bir dünyadır.

Gələn il Naxçıvan şəhəri İslam Mədəniyyətinin paytaxtı olacaq.

Dünya Nuh yurdunu özü üçün yenidən kəşf edəcək.

Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvana qədər uzanması bu torpağa yeni nəfəs verəcək.

İctimai fikir tariximizə dühalar bəxş etmiş bu müqəddəs vətən torpağı Azərbaycanın tərəqqisinin yenə önündə gedəcəkdir.

Göyün yeddinci qatındayam. Buludların ənginliyində ətraf ağappaq görünür.

Naxçıvana gedəndə düşünmürdüm ki, bir günlük səfərimi yazıya çevirərəm. O diyara, qeyd etdiyim kimi, hüzr məclisində iştirak üçün getmişdim. Belə məclislərdən evə dönəndə, adətən, insanlar bir-birinə “evinizə xeyir aparasınız” deyirlər. Mən də Naxçıvan səmasındakı pənbə buludlardan düşüncələrimə nur kimi ələnən işıqlı təəssüratlarla dogma Bakımıza qəlb dolusu xeyir gətirib onu dəyərli oxucularımla da paylaşmağa tələsirəm.

Həyatınız hər zaman xeyirlərlə dolu olsun, əzizlərim!..

 

Hüseynbala MİRƏLƏMOV

 

Azərbaycan.- 2017.-5 dekabr.- S.1; 4.