Qazaxda kitab sərgisi keçirilib

 

Qazax rayonunda böyük Azərbaycan şairi Molla Pənah Vaqifə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif” və Milli Kitabxananın nəşr etdirdiyiMolla Pənah Vaqif. Biblioqrafiya” kitablarının və kitab sərgisinin təqdimatı olmuşdur.

Rayon ziyalıları, təhsil, mədəniyyət işçiləri, ağsaqqallar, poeziya sevərlər, eləcə də respublikamızın bir qrup qonaq ziyalısı əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gəlmiş, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoymuş, buradakı Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və siyasi fəaliyyətini əks etdirən guşələrə baxmışlar. Sonra tədbir iştirakçıları  Yuxarı Salahlı kəndində Molla Pənah Vaqifin və Səməd Vurğunun muzeylərində olmuş, abidələrin önünə gül dəstələri düzmüşlər.

“Fəxri qazaxlılar” parkında M.P.VaqifinM.V.Vidadinin qoşa abidəsi ziyarət edilmiş, Şəhidlər xiyabanında memorial abidə önünə gül dəstələri qoyan qonaqlar torpaqlarımızın bütövlüyü uğrunda canından keçən oğul və qızlarımızın xatirəsini yad etmişlər.

Ədəbiyyat Muzeyində akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif” və Milli Kitabxananın nəşr etdirdiyiMolla Pənah Vaqif. Biblioqrafiya” kitablarının və kitab sərgisinin təqdimatından sonra ədəbi-bədii tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq böyük Azərbaycan şairi Molla Pənah Vaqifin həyat və yaradıcılığından danışmış, Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən söz açmışdır. O, Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi istiqamətində Prezident İlham Əliyevin Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi barədə imzaladığı sərəncamın əhəmiyyətini xüsusi vurğulamışdır.

Filologiya elmləri doktoru, professor Rüstəm Kamal çıxışında M.P.Vaqif poeziyasının Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu söyləmiş və şairin Şərq poeziyasının bütün klassik formalarından - qəzəl, təcnis, müxəmməs, müstəzad, məsnəvi və s. istifadə etdiyini diqqətə çatdırmışdır.

Milli Kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi Kərim Tahirov, Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, AYB-nin Qarabağ bölməsinin sədri, professor Ənvər Əhməd, şairlər Zərəngiz Dəmirçi Qayalı, Zaməddin Ziyadoğlu  və başqaları M.P.Vaqifin Azərbaycan xalqının adət və ənənələrini, yerli xüsusiyyətləri özündə parlaq şəkildə əks etdirən şeirlərini təhlil etmişlər.

Respublikanın əməkdar artisti, Azərbaycan Milli Konservatoriyasının müəllimləri Firuz Səxavət, xanəndə Vüqar Əliyev, konservatoriyanın IV kurs tələbəsi Nuranə Şıxəliyeva və başqaları rəngarəng çıxışları ilə tədbirə xüsusi ovqat qatmışlar.     

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2017.-8 dekabr.- S.7.