Qırğızıstan Prezidenti TürkPA-nın üzv ölkələrinin parlament nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib

 

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov dekabrın 8-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Bişkekdə keçirilən 7-ci plenar sessiyasında iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədovun da iştirak etdiyi görüşdə Qırğızıstan Prezidenti TürkPA-nın qısa müddət ərzində mühüm dialoq məkanına çevrildiyini bildirib. Qeyd edib ki, Qırğızıstan türkdilli ölkələrlə əlaqələrin qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində daha da dərinləşdirilməsinə mühüm əhəmiyyət verir.

Qırğız dövlətinin başçısı deyib ki, TürkPA-nın potensialı böyükdürbu quruma maraq getdikcə artır. Özbəkistan və Macarıstanın bu iclasda iştirakı buna sübutdur. Ölkədə keçirilən seçkilər haqqında danışan Prezident Sooronbay Jeenbekov bildirib ki, 2015-ci ildə Qırğızıstanda parlament, 2017-ci ildə isə prezident seçkiləri keçirilib. Hər iki seçki şəffaf və ədalətli əsasda baş tutub.

Nümayəndə heyətlərinin rəhbərləri Sooronbay Jeenbekovu prezident seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıblar. Qeyd edilib ki, TürkPA çərçivəsində ikitərəfli əlaqələr bundan sonra da dinamik inkişaf edəcək. Bildirilib ki, 2018-ci il TürkPA-nın yubiley ilidir, qurumun 10 illiyi məhz Qırğızıstanın sədrliyi ilə keçiriləcək.

 

Azərbaycan.- 2017.-9 dekabr.- S.3.