“Şahdəniz-2”: ilk qaza doğru son addımlar

 

Müəllifi ulu öndər Heydər Əliyev olan yeni neft strategiyası uğurla davam edərək Azərbaycanı bir-birinin ardınca daha önəmli meqalayihələrə qovuşdurur. Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün və məqsədyönlü iqtisadi siyasət sayəsində qədim neft diyarı olan ölkəmiz son illərdə dünyada qaz ixracatçısı kimi də şöhrət qazanıb. Azərbaycan öz tərəfdaşları ilə birlikdə Xəzərdə “Şahdəniz” kimi nəhəng bir yatağı işləməklə bərabər, buradan hasil olunan qazı Avropaya çatdıracaq 3500 kilometrlik dəhlizin çəkilişinə də liderlik edir.

“Şahdəniz”in işlənməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən qaz və kondensat hasil olunur. “Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi olacaq ikinci mərhələ çərçivəsində ilk qazın 2018-ci ildə alınacağı gözlənilir. Layihənin Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçıya ildə 16 milyard kubmetr qaz təmin etməsi nəzərdə tutulur. Türkiyəyə ildə 6 milyard, Avropaya 10 milyard kubmetr mavi yanacaq çatdırılacaq.

Hasilata vaxtında başlamaq üçün 2017-ci il ərzində layihənin tikinti işləri uğurla davam edib. Hazırda mühəndis, təchizat, tikinti işləri və istismar sınaqları da daxil olmaqla bütün işlərin ümumilikdə 97 faizdən çoxu tamamlanıb.

İlboyu ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalında, Bakı yaxınlığındakı ATA (“AMEK-Tekfen-Azfen”) sahəsində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi çərçivəsində irimiqyaslı işlər aparılıb.

 

Xəzərdə iki yeni platforma quraşdırılıb

 

2017-ci ilin mart ayında layihənin tarixində önəmli hadisə baş verdi. “Şahdəniz-2” üçün tikilən iki platformadan birinin - Yaşayış Blokları və Texnoloji Təchizat Platformasının dayaq bloku BDÖZ-dən dənizdə quraşdırılmaq üçün yola salındı. Qurğu qısa müddətdə Xəzərdə, “Şahdəniz-2” müqavilə sahəsində uğurla quraşdırıldı.

İyunun əvvəlində həmin platformanın üst modulları da dənizə göndərildi. Prezident İlham Əliyevin qurğunun yola salınması mərasimində iştirak etməsi bu hadisənin əhəmiyyətini bir daha təsdiqlədi.

Yaşayış Blokları və Texnoloji Təchizat Platformasının üst tikililərinin dənizə vaxtından əvvəl yola salınması işlərin qrafikə uyğun getdiyini göstərdi.

Üst modulların tikinti işləri tamamlandıqdan sonra onlar “STB-1” barjına yüklənərək mayın 8-də ATA-nın yanalma körpüsündəki yükləmə çərçivəsinə qaldırılmışdı. Qurğunun vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri dəqiq planlaşdırılmışdı və bu işlər bir neçə gün ərzində başa çatdırıldı.

Üst tikililərin Xəzərə yola salınmasının 24-cü dəfədir Azərbaycanda keçirilən ənənəvi beynəlxalq neft-qaz sərgisinin fəaliyyət göstərdiyi vaxta təsadüf etməsi xoş bir hadisə idi. Prezident İlham Əliyev “Şahdəniz”in işlənməsi üçün müqavilənin imzalanmasının da vaxtilə bu sərginin keçirildiyi zaman baş verdiyini xatırladaraq demişdir: “Şahdəniz” üzrə kontrakt 21 il bundan əvvəl iyun ayında Xəzər neft və qaz sərgisi zamanı imzalanmışdır. Artıq 21 ildən sonra biz bax, bu tarixi günü qeyd edirik. Bütün bu qurğular Azərbaycanda inşa edilib. Mənə verilən məlumata görə, bu qurğuların inşasında çalışanların əksəriyyəti - 90 faizi Azərbaycan vətəndaşı olub. Yəni bu illər ərzində gözəl kadr potensialı yetişib və bu, əlbəttə, ölkəmizin enerji potensialını, iqtisadi potensialını gücləndirəcək”.

Üst modullar Bibiheybətdəki “Azfen” tikinti-quraşdırma sahəsində ATA konsorsiumu tərəfindən inşa edilib. Konstruksiyanın çəkisi 12400 tona yaxındır, uzunluğu 100, eni 60 metrə çatır. Qurğunun yaşayış bloku 100 nəfər üçün nəzərdə tutulub. Burada işçilər üçün yaşayış otaqları, ofis və idman zalları yaradılıb. Modulların 4 əsas elektrik generatorunun gücü 60 MVt-dır.

Məlumdur ki, bütün böyük layihələr kimi, “Şahdəniz-2”ni də müxtəlif ölkələri təmsil edən tərəfdaş şirkətlər həyata keçirir. Sözügedən mərasimdə Prezident İlham Əliyev bu tərəfdaşlığı yüksək dəyərləndirmişdir: “Mən həmçinin Azərbaycana yatırılan investisiyalara və uğurlu fəaliyyətə görə bütün tərəfdaşlarımıza, “Şahdəniz” tərəfdaşlarına və bu nadir qurğunu tikən şirkətlərə bir daha təşəkkürümü bildirmək istərdim. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq komanda ölkəmizin inkişafına kömək edir. Düşünürəm ki, ev sahibi olan ölkə yerli şirkət SOCAR ilə əcnəbi investorlar arasında nadir əməkdaşlıq mühiti yaradır”.

Dövlət başçısı eləcə də “Şahdəniz-2” layihəsinin əməliyyatçısı olan BP şirkəti ilə tərəfdaşlığı strateji tərəfdaşlığa çevirən bir sıra digər müqavilələrin də imzalandığını, bu tərəfdaşlığın hələ neçə-neçə illər bundan sonra da davam edəcəyinə inamını bildirmişdir.

Sentyabr ayının 15-də “Şahdəniz-2” üçün tikilən platformalardan ikincisinin - Hasilat və Dikborular Platformasının da üst modulları yola salındı və dənizdə quraşdırıldı. Bu zaman iyun ayından dənizdə olan Yaşayış Blokları və Texnoloji Təchizat Platformasının üst modulları artıq təhlükəsiz şəkildə dayaq blokunun üzərinə quraşdırılmışdı.

Tikintisi qrafiki qabaqlayaraq başa çatdırılmış Hasilat və Dikborular Platformasının üst modullarının inşası da ATA-da aparılmışdı. Bu qurğunun vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırılaraq cəmi 6 gün ərzində tamamlandı. Üst tikililər artıq suyun 94 metr dərinliyində quraşdırılmış dayaq blokunun üzərindədir.

 

“Xankəndi” gəmisi istismara verilib

 

Sentyabrın 6-da təqdimat mərasimi keçirilmiş “Xankəndi” sualtı tikinti gəmisi 11 il “Şahdəniz” yatağında işləyəcək. Gəmi 2017-2027-ci illərdə “Şahdəniz-2” layihəsinin yerinə yetirilməsinə səfərbər olunaraq sualtı quraşdırma işlərində istifadə ediləcək.

“Xankəndi” Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyaya malik ən müasir gəmisidir. Suyun dərinliyi 550 metrədək olan hissələrdə dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib.

“Xankəndi”nin layihələndirilməsi və tikintisi barədə müqavilə Bakı Gəmiqayırma Zavodu və “Şahdəniz” layihəsinin əməliyyatçısı olan BP şirkəti arasında 2014-cü il aprelin 17-də bağlanmışdı. Bundan sonra gəminin iki iri gövdə bölməsi müvafiq müqavilə əsasında Sinqapurda inşa edilərək Bakıya gətirilmişdi. Onlar zavodun tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası başa çatmış burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilmişdi. İnteqrasiya işləri yerinə yetirildikdən sonra isə gəmi suya salınmışdı.

Xatırladaq ki, “Xankəndi” xüsusi olaraq “Şahdəniz-2” layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilmişdir. İstismara verilməzdən əvvəl zavodun yanalma körpüsündə gəminin bütün göyərtə avadanlıqları - əsas qaldırıcı, eləcə də köməkçi kranları, vertolyot meydançası quraşdırılaraq bütün sistem və qurğuları tam inteqrasiya edilmiş, yoxlanılaraq işə salınmışdır. İki ay ərzində açıq dənizdə istismar sınaqları keçirilmişdir.

“Xankəndi” DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilmişdir. Bu nadir gəminin maksimal sürəti 13,5 knot, uzunluğu 155, eni 32, maksimal suya oturumu 7,5 və əsas göyərtəsinin hündürlüyü 13 metrdir. Gəmi 3,5 metr hündürlüyündə böyük dalğalarda fəaliyyət göstərməsi üçün dinamik mövqeləndirmə sisteminə malikdir. O, həmçinin 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün əsas kranla, 18 nəfərlik iki dalğıc kapsulu sistemi, məsafədən idarə olunan iki cihaz, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası və digər zəruri texnika ilə təchiz edilib. Sualtı tikinti gəmisinin ümumi çəkisi 17 min 700 ton, suya oturumu 6,5 metr, yükgötürmə qabiliyyəti 5 min metrik tondan artıqdır.

Dünyada bu tipdə cəmi 10 gəmi var ki, onlardan biri məhz Azərbaycandadır. Bütün bunlara görə də “Xankəndi”nin təqdimat mərasimində iştirak edən Prezident İlham Əliyev bu gəminin istifadəyə verilməsini tarixi hadisə adlandırmışdır. Dövlət başçısı qeyd etmişdir ki, belə bir gəminin tikintisi ölkəmizin gücünü göstərir. Göstərir ki, bu gün Azərbaycanda istənilən böyük tikinti işləri aparıla bilər.

“Xankəndi”nin inşasının və istifadəyə verilməsinin müvəffəqiyyətlə başa çatması, eyni zamanda Azərbaycanda gəmiqayırma zavodunun tikintisi haqqında verilmiş qərarın düzgünlüyünü də təsdiqləmişdir. Müəssisənin tikintisinin əsas məqsədi Azərbaycanda məhz istənilən növ gəmilərin inşa edilməsi olmuşdur.

Bakı Gəmiqayırma Zavodunun fəaliyyətdə olduğu qısa müddətdə burada irihəcmli layihələr həyata keçirilib. Müəssisədə “28 May” üzən doku, “SOCAR 1” yedək gəmisi, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun pantonları və yuxarı blokları, “Zəfər”, “Üfüq” və “Turan” sərnişin gəmiləri ilə bağlı işlər görülüb. Bundan başqa, zavodda 2015-ci ildə “Şahdəniz-2” layihəsi çərçivəsində bir neçə gəmi təmir edilib və modernləşdirilib. Bunlardan “İsrafil Hüseynov” borudüzən barjını, “Tofiq İsmayılov” dalğıc, “Azərbaycan” kran, “Gilavar” tədqiqat, “Caspian Endeavour” və “Seabed Supporter” təchizat gəmilərini, “Dədə Qorqud” yarımdalma qazma qurğusunu qeyd etmək olar. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə imzalanan müqaviləyə əsasən, hazırda tikilməkdə olan iki “RoPax” tipli nadir gəminin və iki neft tankerinin 2019-cu ildə təhvil verilməsi planlaşdırılır.

“Xankəndi” gəmisinin istifadəyə verilməsi təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzərin gəmiçilik tarixində yeni eranın başlanğıcı sayılır. Gəminin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsi istiqamətində növbəti addımdır.

“Xankəndi” gəmisinin tikintisi Azərbaycan dövlətinin iqtisadi gücünü göstərən çoxsaylı amillərdən biridir. Gəminin inşası təqribən 400 milyon dollara başa gəlmişdir.

“Xankəndi”nin tikintisi və istismarı insanların məşğulluq probleminin həllinə də dəstək vermişdir. Belə ki, tikintidə ümumilikdə iki mindən çox işçi çalışıb. Onların da 75 faizi Azərbaycan vətəndaşıdır. Gəmidə çalışacaq heyət üzvlərinin əksəriyyəti də yerli mütəxəssislərdir. Tikinti zamanı keçirilən treninqlər və aparılan hazırlıq işləri bu gün gəminin həm kapitanının, həm də heyət üzvlərinin əksəriyyətinin yerli kadrlar olmasına imkan vermişdir.

“Xankəndi” gəmisi “Şahdəniz” yatağının işlənilməsində böyük rol oynayacaq, nəticə etibarilə “Cənub qaz dəhlizi”nin reallaşmasına dəstək göstərəcək.

 

Cənubi Qafqaz Boru Kəməri genişləndirilib

 

Cənubi Qafqaz Boru Kəməri (CQBK) 11 ildən çoxdur fəaliyyət göstərir. Kəmər 2006-cı ilin sonlarında istifadəyə veriləndən bəri “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan qazı Azərbaycana və Gürcüstana çatdırır. Türkiyəyə isə qaz 2007-ci ilin iyul ayından nəql olunmağa başlayıb. “Şahdəniz-2”nin qazını Avropaya ixrac edən kəmərlər halqasının başlanğıc hissəsi də məhz CQBK olacaq. Bu məqsədlə kəmərin genişləndirilməsi həyata keçirilir.

CQBK-nın iki operatoru var: BP şirkəti kəmərin obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki əməliyyatçı, SOCAR kommersiya əməliyyatları üzrə məsul operatordur. Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları isə bunlardır: BP (operator - 28,8 faiz), TPAO (19 faiz), “Petronas” (15,5 faiz), AzŞD (10 faiz), “LUKoyl” (10 faiz), NİKO (10 faiz) və “Cənub Qaz Dəhlizi Apstrim” (6,7 faiz).

CQBK-nın yolu Bakının yaxınlığında yerləşən Səngəçal terminalından başlanır. Kəmər Azərbaycanın və Gürcüstanın ərazisində torpağın altı ilə uzanır və Türkiyə sərhədinə çatır.

CQBK Azərbaycanın 13 bölgəsindən - Abşeron, Qaradağ, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Tovuz, Şəmkir və Ağstafadan keçir. Gürcüstanın da ərazisindən keçəndən sonra kəmərə həmin ölkənin Türkiyə ilə sərhədində əlavə xətt birləşdirilir və o xətt Azərbaycan qazını Ərzurumadək aparır. Səngəçaldan başlayaraq Azərbaycanın ərazisində 443, Gürcüstanda 248 və Türkiyədə 280 kilometr məsafə boyu uzanan bu boru xətti bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. Əslində, reallaşmaqda olan “Cənub qaz dəhlizi”nin möhkəm bünövrəsi, uğurlu başlanğıcı məhz bu kəmərdir.

CQBK-nın genişləndirilməsi layihəsi uğurla həyata keçirilir. Genişləndirmənin məqsədi kəmərin ildə 7 milyard kubmetrlik ötürücülük gücünü daha 16 milyard kubmetr artırmaqdır. 16 milyard kubmetr qaz “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsindən hasil edilərək “Cənub qaz dəhlizi” ilə nəql olunacaq.

Kəmərin genişləndirilməsi layihəsini 2013-cü il dekabrın 11-də CQBK şirkətinin Direktorlar Şurası təsdiq etmiş və bundan sonra tikinti mərhələsinə başlanmışdır. Həmin vaxtdan bəri layihə ilə bağlı bütün işlər qrafikə uyğun davam edib və hazırda başa çatmaq üzrədir.

Genişləndirilmə işləri nədən ibarətdir? Əslində, bu, irimiqyaslı bir layihədir. Belə ki, mövcud CQBK ilə yanaşı, 489 kilometr uzunluğunda yeni bir kəmərin tikintisi nəzərdə tutulmuşdu. Bu xəttin 424 kilometri Azərbaycanın, 63 kilometri Gürcüstanın ərazisinə düşür. Layihəyə eləcə də CQBK-nın Türkiyənin şərq sərhədində TANAP-a birləşdirilməsi üçün iki kilometr uzunluğunda kiçik bir hissənin də tikilməsi daxil idi. 48 düymlük yeni kəmərin başlanğıcı Hacıqabul rayonu ərazisindəki Muğan məntəqəsidir.

CQBK-nın genişləndirilməsi layihəsi çərçivəsində bir sıra yeni qurğular da inşa edilib. Bunlar biri Azərbaycanda, digəri Gürcüstanda yerləşən iki aralıq ərsinləmə stansiyası, biri Gürcüstanda, 5-i Azərbaycanda olmaqla 6 siyirtmə stansiyası, beynəlxalq sərhədlərdə təzyiqalma və nəzarət-ölçmə stansiyalarıdır. Bundan əlavə, kəmərin Gürcüstan hissəsində hər birinin gücü 120 MVt olan iki kompressor stansiyası tikilib.

Azərbaycan ərazisində boru kəməri marşrutu boyunca tikinti işləri sona çatır. BP Azərbaycan şirkətinin ilin 9 ayının yekunlarına aid məlumatında bildirilir ki, oktyabrın 1-dək CQBK-nın genişləndirilməsi üzrə tikinti və istismar sınaqları da daxil olmaqla işlərin 98 faizi tamamlanmışdı. Bundan sonra işlər daha da irəliləyib. Borular artıq qaynaq edilib, xəndəyə endirilib və onların üstü torpaqla örtülüb. Planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı sona çatıb. Bundan əlavə, 6 hidrosınaq bölməsində işlər yekunlaşıb.

Gürcüstan ərazisində isə kəmər xəttinin inşası tamamlanıb.

Xatırladaq ki, “Cənub qaz dəhlizi”nin ön hissəsi üçün CQBK-nın genişləndirilməsinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Axı ilk qazı birinci qəbul edən də bu kəmər olacaq.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2017.- 10 dekabr.- S.1; 6.