Ən böyük azərbaycanlı

 

Azərbaycanın özü qədər əbədi

 

Bu gün yenə dövrümüzün möhtəşəm şəxsiyyəti Heydər Əliyevə - əbədiyaşarlıq rəmzinin misilsiz fəaliyyətinin təhlili mövzusuna müraciət edirik. Əslində, bu nadir insanın və siyasət korifeyinin tərənnümü üçün heç zaman təmtəraqlı ifadəyə, xüsusən də böyük izaha ehtiyacı olmasa da, biz dönə-dönə ona müraciət edirik.

O səbəbdən ki, özümüzün ona hər zaman ehtiyacımız var.

Xalqımızın ümummilli lideri, zəmanəmizin və bütün dövrlərin dahisi Heydər Əliyevə... Müdrikliyi, uzaqgörənliyi və təkrarsız fəaliyyəti ilə dünya siyasətində əbədi yer alan ən böyük Azərbaycanlıya... Adı Azərbaycanın, bütövlükdə türk dünyasının tarixinə qızıl hərflərlə yazılmış şəxsiyyətə...

Tarixdə elə insanlar var ki, onların əzəmətini heç bir sözlə ifadə etmək mümkün deyil. Heydər Əliyev də belə insanlardandır. Bu adın ucalığı bütün ifadələri kölgədə qoyur. Biz Heydər Əliyevi ulu öndər, müdrik insan, dahi şəxsiyyət adlandırırıq. Amma etiraf edək ki, bütün bunlar da onun milli təfəkkürümüzdə əbədilik qazanan statusunun yalnız müəyyən bir hissəsidir.

Heydər Əliyev Azərbaycan milli şüurunun zirvəsidir.

Heydər Əliyev siyasətdə həm ənənəvi, həm də müasir lider obrazında təzahür edən, təmsil etdiyi dövlətin və xalqın ümummilli liderinə çevrilməyi bacaranonun çərçivəsini göstərən, onun idealını, obrazını yaradan dahimüdrik bir şəxsiyyətdir.

Heydər Əliyev Azərbaycan tarixində ən ardıcıl və ən böyük istiqlalçı, ən böyük demokrat, ən böyük vətənpərvər, ən böyük dövlətçi və ən böyük azərbaycanlıdır. Onun fəaliyyətinin hər bir hissəsi xalqımızın mədəni inkişafına, iqtisadisiyasi yüksəlişinə xidmət edən müvəffəqiyyətlərlə zəngindir.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin ömür yolu, həmişə uğur və qələbələrlə müşayiət olunan mübarizəsi iki minilliyi qovuşduran onilliklərdə tariximizin şərəf kitabının ən parlaq və zəngin səhifələrini təşkil edir. Milli tariximizin Heydər Əliyev zirvəsi gələcəyə gedən yolumuzu aydın görməyə geniş imkan yaratdığı kimi, keçmişimizi, xüsusən yaxın dünənimizi də doğru-düzgün dəyərləndirməyimiz üçün dolğun mənzərə açır.

Böyük şəxsiyyətlərin adı zəmanəsinin və xalqının simvoluna çevrilir. Ulu öndər, dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının öz tarixi ərzində ərsəyə gətirdiyi ən böyük şəxsiyyətdir. Xalqımızın bütün müsbət keyfiyyətlərini, yaradıcılıq enerjisini öz simasında üzvi şəkildə birləşdirən Heydər Əliyev millətimizin şərəf və ləyaqət rəmzinə çevrilmişdir.

Tariximizin son yarım əsrdən artıq bir dövrü Heydər Əliyevin zəkası ilə nurlanmışdır.

12 dekabr 2003-cü il... Azərbaycan xalqının böyük oğlu, dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin əbədiyyətə qovuşduğu gün... Xalqımızı sonsuz kədərə, göz yaşlarına qərq edən o qış günündən bu gün bizi 14 illik zaman ayırsa da, xalqımız yenə o itkinin hüznünü ilk gündə olduğu kimi yaşamaqdadır. Bunu Fəxri xiyabana axışan insan seli bir daha təsdiqləmiş olur. Bu axın bir daha sübut edir ki, zaman keçdikcə xalqın dahi oğluna, ulu öndərinə, ümummilli liderinə olan ehtiramı daha da böyüməkdə, ürəklərdəki yeri daha da dərinləşməkdədir.

İldən-ilə möhtəşəmləşən anım mərasimləri dahi öndər Heydər Əliyevin dövlətçiliyimizin bərpası və əbədiləşdirilməsi, ölkəmizin sivil tərəqqi yoluna çıxarılması, hərtərəfli inkişafa qovuşması kimi tarixi missiyasının önəmini xalqımızın qədərincə anlamasının və lazımınca dəyərləndirməsinin aydın göstəricisidir.

Ümummilli liderin dünyaya göz yumduğu günlərdə xalqımıza böyük təsəlli gətirmiş, sabaha inamımızı artırmış “Nə qədər ki xalqımız var, nə qədər ki Azərbaycan var, - Heydər Əliyev də var olacaqdır” deyimində ifadə olunmuş uzaqgörənlik və həqiqət zaman keçdikcə daha dərindən və aydın dərk olunur. Ölkəmizə bir qərinədən artıq müddətdə rəhbərlik etmiş bir insanla eyni dövrdə yaşamaq, müəyyən şəraitdə onunla təmasda olmaq isə illər keçdikcə əfsanəviləşən bir epoxanın dəyərli epizodları, unudulmaz hadisə və faktları kimi mənalıdır.

Tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmış Heydər Əliyev XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin təşəbbüsçüsü və müəllifi olmuşdur. Yalnız onun sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini qoymuş, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya bilmişdir. Onun dünya siyasət xəzinəsini zənginləşdirən fəaliyyəti Azərbaycan xalqının əsrlər boyu ürəyində yaşatdığı müstəqil dövlətçilik arzusunun gerçəkliyə çevrilməsində müstəsna rol oynamışdır.

Ulu öndərin 1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəllərində hakimiyyətə hər iki gəlişi ölkəmizin və xalqımızın çox ağır sınaqlara çəkildiyi, problemlər məngənəsində boğulduğu dövrlərə təsadüf etmişdir. Hər dəfə də Heydər Əliyev ona bəslənən böyük ümidləri doğruldaraq xalqımızın ümummilli lideri olduğunu sübuta yetirmişdir.

Ümummilli lider Heydər Əliyevin bir qərinədən artıq dövrdə Azərbaycana iki dəfə rəhbərlik etməsi ən mühüm nəticələri ilə şəxsiyyətin tarixdə müəyyənedici rolunu bir daha təsdiqləyən, çağdaş dünyada etiraf olunan fenomenal bir hadisədir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrü indiki nəsillər yüzilliklər boyu davam edən dövlətçilik tariximizin ən şanlı səhifələri, misilsiz idarəetmə məktəbi kimi öyrənir və daim sonsuz qürur mənbəyi kimi yad edirlər.

Bu misilsiz siyasi irs-liderlik məramı 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiya ilə müəyyən olunmuşdur. Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə təsdiqləmişdir.

Böyük strateq bugünkü yeni, müstəqil Azərbaycanı hələ o zamandan - Azərbaycanda həyatın bütün sahələrində ağır tənəzzülün hökm sürdüyü bir dövrdə xalqın problemlərini öz çiyninə götürdüyü 1969-cu ildən qurmağa başlamışdı. Bu qənaətin gerçəkliyini tarixi proseslərin sonrakı gedişitam sübuta yetirmişdir. Zəngin idarəçilik təcrübəsini sovet rejiminin əsl mahiyyəti barədə bilgiləri ilə uzlaşdıran ümummilli lider o zaman Azərbaycanı düşmüş olduğu böhrandan çıxarmaq üçün qəti addımlar ataraq böyük uzaqgörənliklə ölkənin uzunmüddətli, ardıcıl inkişafının təminatına yönələn proqramlar tərtib etmiş və qısa zaman ərzində bu proqramların icrasına nail olmuşdur. Azərbaycanın müstəqil yaşamağa qadir, elmi-texniki inqilabın ən son nailiyyətlərinə yiyələnən, öz-özünü təmin etmək imkanlarında olan bir dövlətə çevrilməsini Heydər Əliyev o zaman ən ali məqsədlərdən biri kimi təsbit etmişdir.

1969-1982-ci illərdə Heydər Əliyevin dahiyanə idarəçilik qabiliyyəti, strateji təfəkkürü və irəlini görmək məharəti sayəsində Azərbaycan, sözün həqiqi mənasında, əsrə bərabər inkişaf yolu keçmişdir. Sovet İttifaqının ən geridə qalan respublikalarından biri olan Azərbaycan qısa müddət ərzində tənəzzüldən çıxaraq yüksəliş yoluna qədəm qoymuşdur. O, Azərbaycanın qədim tarixini olduğu kimi dünyaya çatdırmaqla öz xalqının ululuğunu, böyük inkişaf yolu keçdiyini sübut etmiş, millətinin dünyaya yüzlərlə dahi verdiyini göstərməklə bütün dünyanı öz xalqına hörmət etməyə, ona ehtiramla yanaşmağa məcbur etmişdir.

Tarixən hər bir xalqın hansısa əlverişli situasiyada milli-etnik soy-kökünə qayıdışı, əsrlər boyu əxz etdiyi milli-mənəvi dəyərlər, məfkurə və düşüncə sisteminə söykənərək özünəməxsusluğunu qorumaq, müstəqilliyə, azadlığa qovuşmaq şansı əldə etməsi lider fenomeninin fövqəladə missiyası ilə şərtlənmişdir. İndi bu həqiqəti əksəriyyət etiraf edir ki, əgər ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin əzmkarlığı və qətiyyəti ilə xalqın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik, heç bir dövlətdən asılı olmayan ölkə kimi mövcudluğundan danışmaq şübhə altında olardı.

Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi tariximizə daxil olaraq xalqımızın milli mənlik şüurunun oyanışına güclü təkan vermişdir. Məhz həmin dövrdə imperiya tərkibində olmağımıza baxmayaraq, Azərbaycanın gələcək siyasi və dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradılmışdır.

Heydər Əliyevin dünyanın ən fövqəldövlətlərindən olan SSRİ-nin rəhbərliyinə irəli çəkilməsi də onun lider kimi güclü təsir qabiliyyətinə malik olması ilə bağlı idi. Heydər Əliyev xalqımızın danılmaz tarixidir.

...1982-ci ilin 23 noyabrında Heydər Əliyev Siyasi Büroya üzv seçildi, Moskvaya getdi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini oldu, SSRİ-nin ən mühüm sahələrinə rəhbərlik etdiöz güclü təsir qabiliyyəti ilə inkişafa təkan verdi. 1982-1987-ci illərdə Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən yenə də Heydər Əliyev Azərbaycanın ardıcıl inkişafı üçün əlindən gələni edirdi. Heydər Əliyev Siyasi Büro tarixində ilk şəxsiyyət idi ki, sovet siyasi maşını onu sındıra, əyə, məhv edə bilmədi. O, Siyasi Bürodan uzaqlaşdırılan yeganə şəxs idi ki, yenidən siyasi olimpə qalxmağı bacardı! Çünki o, artıq çoxdan milyonların etibarını qazanmışdı.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi də eynən birinci dəfə olduğu kimi, respublikanın üzləşdiyi ağır sosial-iqtisadi, mənəvi mühitlə şərtlənmişdir. Ulu öndər 1993-cü ilin iyununda kifayət qədər böhranlı bir dövrdə xalqın çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır.

Dövlətçiliyimizin müqəddəratının həll edildiyi 1993-cü ilin iyun günlərində xalqın təkidli tələbi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı məhv olmaq fəlakətindən xilas etdi. Heydər Əliyevin sayəsində Azərbaycan uçurumun bir addımlığından geri döndü, itirmək üzrə olduğu siyasi və dövlət müstəqilliyini qoruyub saxlaya bildi. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1991-ci il oktyabrın 18-də elan olunsa da, onun əsl tarixi məhz Qurtuluş Günündən başlanır. Çünki ulu öndərin dediyi kimi, “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.

Bu, Böyük Qayıdış idi. Bu, xalqın ümidlərinin bərpası idi, onun öz Xilaskarına qovuşması idi! Bu, Azərbaycanın tarix səhnəsindən həmişəlik silinmək təhlükəsindən Qurtuluşu idi! Bu, ölüm-qalım dilemmasının xalqın, millətin, dövlətin xeyrinə həll olunması idi! Bu, azadlıq və dövlətçilik rəmzinə çevrilən real və əfsanəvi liderin “Müstəqilliyimiz dönməzdir, qətidir və əbədidir” fikrinin təsdiqi idi!

Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratdı.

Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda dövlət quruculuğu, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində davamlı proses başlandı, ölkədə bütün sahələr üzrə köklü islahatlar aparıldı. Müstəqillik yolunda inamla addımlayan Azərbaycan qısa zaman kəsiyindən sonra dünyada baş verən demokratikləşmə prosesinin iştirakçısına çevrildi.

Dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyev dərin zəkası, siyasi uzaqgörənliyi və polad məntiqi ilə hər şeyi yerinə qoya bildi. Təcrübəli dövlət xadiminin böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı. Heydər Əliyev müstəqil Azərbaycanı siyasi çaxnaşmalardan məharətlə çıxarıb, onun strateji mövqelərini bərpa etdi, ona sabit ölkə imici qazandırdı.

Bütün bunlarla yanaşı, Heydər Əliyev çox böyük məharətlə özünün neft strategiyasını işləyib hazırladı. Ümummilli lider böyük uzaqgörənliklə dünyanın enerji tələbatının günbəgün artdığını görür, neft diplomatiyası dövrünün başlandığını və bu diplomatiyada ölkəsinin qazanacağı iqtisadisiyasi dividendləri yaxşı duyurdu. Dünyanın söz sahibi olan ölkələrinin nəhəng neft şirkətləri ilə intensiv danışıqlar başlandı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bunun çox böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi.

O, əsasını qoyduğu “Əsrin müqaviləsi” ilə dünyanın neft siyasətini birmənalı şəkildə Xəzər regionuna istiqamətləndirdi. Bu neft strategiyası Xəzərin Azərbaycan sektorunda 15 ölkənin, 33 iri neft şirkətinin iştirakı ilə 22 neft-qaz müqaviləsinin imzalanmasına səbəb oldu. Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticəsidir ki, indi Azərbaycan dünyanın aparıcı dövlətlərinin iqtisadi maraq meydanına çevrilmişdir.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neftqaz kəmərlərinin çəkilməsi haqqında müqavilələri bağlamaqla Heydər Əliyev təkcə Azərbaycanın yox, Gürcüstan və Türkiyənin də iqtisadi inkişafına zəmin yaratdı, üstəlik, hərbi təhlükəsizliyi təmin etdi.

Ümummilli liderin təxəyyülünün qlobal siyasətə bu uzaqgörən təsiri bütün Qafqaza aid dünya siyasətinin dəyişməsinə səbəb oldu.

Qədim İpək yolunun bərpası ideyasını qaldırmaq və onun həyata keçirilməsi işini təşkil etmək isə Heydər Əliyev şəxsiyyətinin regional yox, dünyəvi xarakter daşıdığını sübut etdi. Böyük İpək yolu ilə bağlı 30-dan çox dövlətin müasir inkişafında bu yolun müstəsna rolu ulu öndərin adı ilə bağlıdır.

1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı.

Ölkədə əsaslı siyasi, hüquqisosial islahatlara başlanıldı. Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafı üçün lazımi tədbirlər görüldü. Milli dövlətçilik ideologiyası və idarəçilik fəlsəfəsi formalaşdırıldı.

Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı. Dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi, diaspor təşkilatlarının yaranmasına kömək göstərilməsi dövlət siyasətinin tərkib hissəsinə çevrildi.

Nəticə etibarilə qeyd edə bilərik ki, böyük dövlətçilik təcrübəsinə malik olan ümummilli lider Heydər Əliyev Şərq və Qərbin qovuşağında yerləşən ölkəmizdə hər iki sivilizasiyanın konseptual parametrlərini özündə birləşdirən universal modern bir dövlət yaratdı. Məhz onun sayəsində Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərinin strateji tərəfdaşına və Cənubi Qafqazın ən aparıcı dövlətinə çevrildi. Müstəqil demokratik hüquqi dövlət Heydər Əliyevin gələcək nəsillərə qoyub getdiyi ən böyük əmanətdir və bu əmanətin qorunub saxlanması bir vətəndaş olaraq hər birimizin üzərinə böyük məsuliyyət qoyur.

Ulu öndərin yaratdığı sabitlik və həyat verdiyi islahatlar Azərbaycanın müstəqilliyini dönməz və əbədi prosesə çevirdi, indiki yeniləşmə və tərəqqi üçün mötəbər baza yaratdı. Bu strateji xətti Azərbaycan Respublikasının Prezident İlham Əliyev 14 ildir uğurla davam etdirir.

Müasir dövrdə Prezident İlham Əliyevin respublikamızın qloballaşan dünyaya inteqrasiyası, cəmiyyətin və dövlətin demokratik dəyərlər əsasında idarə edilməsi, habelə dövlətimizin sosial-iqtisadi inkişafı, insan hüquqlarının ali dəyərlər kimi tanınması və təmin olunması sahəsindəki fəaliyyəti onun ulu öndərin layiqli siyasi davamçısı olmasını təzahür etdirir, Azərbaycanın dövlət müstəqilliyinin əbədi olmasına və yüksələn üçrəngli bayrağın heç zaman enməyəcəyinə hər bir Azərbaycan vətəndaşında böyük inam yaradır.

Heydər Əliyev xoşbəxt idi, çünki zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan dövlətinin gələcəyindən arxayın idi. Heydər Əliyevin ruhu da şaddır, çünki başladığı işlər bu gün eyni əzm və iradə ilə davam etdirilir, onun yaratdığı möhkəm təməl üzərində inkişaf edən Azərbaycan Respublikası yeni-yeni zirvələr fəth edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət ölkəmizi dünyada ən böyük sürətlə inkişaf edən bir dövlətə çevirmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış inkişaf dinamikası hazırda misilsiz vüsət almışdır. Nəhəng potensialını xalqın mənafeləri naminə inkişaf etdirən Azərbaycan gələcəyə inamla baxan, gözəl perspektivləri olan bir dövlətdir. Xalqımızın maraqları və tələbatı üzərində qurulan sosial-iqtisadi inkişaf xətti hər gün yeni bəhrələr verir.

Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrəti artmış, ölkəmiz Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilmişdir. Getdikcə daha da artan imkanlarımız qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni uğurla yerinə yetirməyə imkan yaradır. Azərbaycan Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayan nəhəng iqtisadi layihələrin həyata keçirilməsində həlledici rol oynayır. Bu gün Azərbaycan Respublikası geniş bir bölgədə söz sahibi olan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda qazandığı uğurları ilə dünyanın diqqətini özünə cəlb edən güclü bir dövlətdir. Azərbaycanın xoşbəxt gələcəyi Prezident İlham Əliyevin uğurla davam etdirdiyi Heydər Əliyev siyasi xətti ilə bağlıdır. Heydər Əliyevin qüdrətli zəkasından güc almış inkişaf strategiyası İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik yollarında ardıcıl surətdə irəliləməsini, xalqımızın daha firavan günlərə qovuşmasını təmin edir.

Azərbaycanda elmin, mədəniyyətin, incəsənətin inkişafı, mənəvi dəyərlərin qorunması və zənginləşməsi, ölkəmizin dünya miqyasında qədim və zəngin mədəniyyətə malik bir ölkə kimi tanınması üçün ulu öndərin gördüyü işlər, elm, mədəniyyət xadimlərinə böyük qayğı ilə yanaşma ənənəsi də bu gün möhtərəm Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən böyük uğurla davam etdirilir.

Respublikanın Birinci vitse-prezidenti, ulu öndərin adını daşıyan fondun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri xüsusi qeyd olunmalıdır. Bu barədə söz açarkən Azərbaycan qadınının fəaliyyətinə örnək olan Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyəti haqqında danışmamaq mümkün deyil. Onun ölkənin Birinci vitse-prezidenti kimi böyük dövlət postuna gəlişi hazırkı inkişafımızın sürəti və uğuru, tərəqqinin ortaya gətirdiyi sosial problemlərin həlli üçün zəruri olan bir qərardır. Çoxşaxəli, titanik fəaliyyətin ədalətli nəticəsidir. Xalqımızın qəlbində Mehriban xanıma böyük, misilsiz inametimad var. Bu həm də dövlətimizin ədalət gücünə inamdır. Prezidentin sosialyönümlü siyasətinin gerçəkləşməsində Mehriban xanımın zəhməti və fəaliyyəti misilsizdir. Aydın məsələdir ki, indiyədək onun xaricidaxili siyasətdə qeyri-rəsmi statusla apardığı və bütün dünyada etiraf olunan fəaliyyəti daha yüksək səmərəliliklə davam edəcək, xalqımızın və dövlətimizin yeni uğurları üçün möhtəşəm qüvvə kəsb edəcək və böyük ictimai-siyasi-humanitar nəticələr verəcəkdir. Bu, milli dövlətçilik, azərbaycançılıq ideologiyasının qürurverici cəhətlərindən ən birincisidir.

Ölməzlik, həmişəyaşarlıq dahilərə, böyük şəxsiyyətlərə nəsib olan xoşbəxtlikdir. Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev də məhz belə xoşbəxtlərdəndir.

Çox böyük qürur hissi ilə qeyd edirik ki, dünya şöhrətli siyasətçi, dünyanın idarəçilik mühitinə zamanında və olduqca güclü təsir edə, dünyanın böyük siyasətində öz sözünü deyə bilmiş Heydər Əliyev dahi liderlərin sırasında ən uca zirvədədir.

Heydər Əliyev xalqımızın dünya tarixinə bəxş etdiyi elə qüdrətli dövlət xadimlərindəndir ki, insanlar, yeniləşən nəsillər zaman-zaman onun ömür yoluna müraciət edəcək, zəngin irsini araşdıracaq, öyrənəcək, liderlik məktəbindən dərs alacaqlar. Və hər dəfə də bu dahinin qalib gələn ideyaları və əməlləri qarşısında heyrətlərini gizlədə bilməyəcəklər. Onun haqqında söz deməkdən böyük fəxarət duyacaqlar.

Dünyada hər şey dəyişir, qalan isə saf əməllərdir. Ulu öndər nəsillərin qəlbində öz əməlləri, ölməz ideyaları ilə yaşayacaqdır. Əsrlər, qərinələr keçəcək, Azərbaycan xalqı yaşadıqca o, daim yaşayacaq, heç vaxt unudulmayacaqdır...

 

Asif ƏSGƏROV,

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü

 

Azərbaycan.- 2017.- 12 dekabr.- S.1; 6.