Dövlət idarəçiliyində əbədi lider fenomeni

 

Azərbaycanın özü qədər əbədi

 

Danılmaz bir həqiqətdir ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Çünki bu dövrün özünü məhz Heydər Əliyev yaratmışdır. O, var qüvvəsini Azərbaycanın yüksəlişinə həsr etmiş, respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı və memarı olmuşdur. Böyük dövlət və siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi müstəsna tarixi roluna nəzər yetirmək, fəaliyyətini araşdırmaq həm praktik siyasət, həm də elmi-tarixi və nəzəri baxımdan aktualdır.

Müstəqilliyimizin ilk illərində çoxsaylı daxilixarici problemlərin məngənəsinə düşən respublikamız son dərəcə çətin və mürəkkəb dövlət quruculuğu yolundan keçməli idi. Dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıtmasından sonra vəziyyət köklü surətdə dəyişdi.

Heydər Əliyevin qarşısında daxili siyasət sahəsində xeyli ağır vəzifələrin həll edilməsi dururdu: ölkəni dağılmaqdan, xaricdən dəstəklənən separatçılıqdan xilas etmək, milli birliyə nail olmaq, hakimiyyətin qanadları arasında yekdillik yaratmaq, xalq ilə hakimiyyət arasında uçurumu, inamsızlığı aradan qaldırmaq, iflic olmuş dövlət orqanlarını işlək hala gətirmək. Eyni zamanda, dövlətin əlində olması gərəkərkən silahları ələ keçirmiş, ölkədə kriminogen şərait yaradan ayrı-ayrı dəstələri tərksilah etmək, insanların sakit və təhlükəsiz yaşayışını təmin etmək, ağır sosial-iqtisadi vəziyyətdə yaşayan xalqı inkişafa aparmaq və xalqının mənəvi-psixoloji ruhunu qaldıraraq dövlətin gücünü yaratmaq üçün etibarlı açarı tapmaq, köhnə sosializm sisteminin qalıqlarından imtina edərək uğurlu islahatlar aparmaqs. məsələlər gündəmdə idi.

Xarici siyasət sahəsində qarşıda dayanan başlıca vəzifələr dövləti dağılmaqdan qurtarmaq, Ermənistanın davam edən təcavüzünü dayandırmaq, ölkəni fəlakət həddinə gətirmiş bir istiqamətli, səriştəsiz, Azərbaycan xalqı və dövlətinə düşmənlər qazandıran xarici siyasət xəttindən imtina etmək, ölkə daxilində dövlət quruculuğu üçün əlverişli beynəlxalq şərait yaratmaqs. idi. Bütün bunları bir dövlət xadiminin həll etməsi xeyli mürəkkəb və çətin bir idi. Çünki Azərbaycan yerləşdiyi coğrafi-siyasi mövqeyi, təbii sərvətləri ilə yüzilliklər imperiya siyasəti təcrübəsi olan böyük dövlətlərin sınaq meydanına, “qurdlar süfrəsi”nə çevrilmişdi. Lakin ulu öndər bunu bacardı. O, Bakıya gələn kimi yeni bir liderlik keyfiyyətini ortaya qoydu. Qiyamın baş verdiyi Gəncəyə təkbaşına getdi. Xalqın içində oldu, birbaşa ünsiyyət qurdu. Bundan sonra Gəncədə sabitlik tədricən bərqərar olmağa başladı.

Hakimiyyətə topsuz-tüfəngsiz gələn Heydər Əliyev ölkənin problemlərinin həllində zora deyil, məhz xalqa arxalandı. Belə ki, Azərbaycanı boğan separatçılıq bilavasitə xalqın iradəsi ilə dəfn edildi. Xalq ayağa qalxıb separatçıları qovdu. Azərbaycan xalqı dövləti müdafiə etdi.

Bütün bunlarla yanaşı, ölkə qarşısında həlli vacib olan digər məsələlər də dururdu. Ermənistanın hərbi təcavüzü davam edir, Azərbaycan əraziləri bir-birinin ardınca işğal olunurdu. Bu isə ölkənin inkişafına mane olan başlıca amil idi. Azərbaycan ya sonu görünməyən və nəticəsi bilinməyən müharibəni davam etdirməli, ya da hər hansı bir yol ilə atəşkəsə nail olub fasilə qazanmalı, dövləti qurmalı, onu möhkəmləndirməli idi. Heydər Əliyev atəşkəs yolunu seçdi. Dövlət idarəetməsini iflic halına, xalqı mənəvi-psixoloji böhrana salan, maliyyə və iqtisadi ehtiyatlarını udan hərbi əməliyyatlar dayandırıldı. Bu, Azərbaycana bir sıra məsələləri həll etməyə imkan verdi və üstünlüklər qazandırdı.

Heydər Əliyevin bilavasitə qəti iradəsi nəticəsində 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi” imzalanaraq həyata keçirilməyə başladı. O, bir-biri ilə didişən, geosiyasigeoiqtisadi mübarizə aparan dövlətləri Azərbaycanda əməkdaşlığa dəvət etdi, onları ortaq məxrəcə gətirdi. Ərazicə kiçik, əhalisinin sayına görə az olmasına baxmayaraq, Azərbaycan özündən qat-qat böyük olan dövlətləri bir araya gətirdi. Azərbaycan ayırıcı deyil, birləşdirici rol oynadı. Bununla, Heydər Əliyev Azərbaycan xalqının minilliklərdən gələn xarakterindəki birləşdiriciliyi bir daha ortaya qoydu.

Ərazisi və əhalisi bir neçə il əvvəlki kimi olan Azərbaycanın dünya siyasətində rolunu artıran, mövqelərini gücləndirən, dünyanın cazibə mərkəzinə çevirən başlıca səbəblər hansılar idi? Heç şübhəsiz, bu sualın konkret cavabı vardır: Heydər Əliyevin təkcə daxili siyasət məsələlərini, xalqın psixologiyasını deyil, eyni zamanda, dünya işlərini mükəmməl bilməsi, zəkası, uzaqgörənliyi, müdrikliyi, biliyi, bacarığı, qətiyyəti. Bu, Heydər Əliyevin təkcə Azərbaycan xalqı deyil, dünya siyasəti qarşısında nadir xidmətlərindən biri idi.

Ulu öndərin yeni neft strategiyası ölkənin inkişafı, güclü dövlət qurulması, Azərbaycan xalqının daha yaxşı yaşayışını təmin etmək üçün açar oldu. Geniş islahatlara başlanıldı. Özəlləşdirilmə həyata keçirildi. Azad bazar iqtisadiyyatına keçildi. Ölkənin demokratikləşdirilməsi istiqamətində islahatlar aparıldı. Çoxpartiyalı sistemin əsasları möhkəmləndirilirdi. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ən başlıcası, Azərbaycanda təməlləri möhkəm olan, güclü dövlətçilik ənənəsinin, dərin dövlətin əsası qoyuldu.

Heydər Əliyev Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin nizama salınması üçün addımlar atdı. İranRusiya ilə mehriban qonşuluq münasibətləri tədricən bərqərar edildi. Türkiyə və Gürcüstan ilə strateji müttəfiqlik xətti seçildi. Azərbaycanın mehriban qonşuları, ticarət ortaqları, strateji tərəfdaşları və müttəfiqləri müəyyənləşdirildi.

Bir sözlə, ümummilli liderin uzaqgörənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, bacarıqlı siyasətçi və diplomat kimi bütün dünyada özünü tanıtmış, dünya miqyaslı siyasətçilər siyahısında ön cərgələrdə yer tutmuşdur. Dünyada tanınmış bir çox ekspertlərin fikrincə, Heydər Əliyev məharətli və uzaqgörən siyasətçi olmaqla yanaşı, dövlətçilik təcrübəsində də dövlət idarəçiliyinin fenomeni kimi daim yaşayır.

Heydər Əliyevin fəaliyyətindən alınan ibrət çoxdur. İlk növbədə, heç şübhəsiz, göz önünə lider və idarəçilik bacarığı, daxilidünya işlərini mükəmməl bilmək amilləri gəlir. Xalq hakimiyyət kürsüsünü naşı adamlara verməməlidir. Təcrübə göstərdi ki, belə adamların hərəkətləri ölkə və xalq üçün fəlakətlər yaradır. Xalq əgər sabit və davamlı inkişaf etmək istəyirsə, dövləti güclü olmalıdır. Xalq dövlətinin yanında olmalı və onu qorumalıdır.

Dahi şəxsiyyətdən sonra onun yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin hakimiyyəti əvvəlki illərin davamı olsa da, mahiyyətcə yeni keyfiyyət mərhələsidir. 2003-cü ildən sonrakı dövr Azərbaycan tarixində müasirləşmə, onun tərkib hissəsi kimi modernləşmə ilə səciyyələnir. Tarixin təcrübəsi göstərir ki, ölkənin çoxlu maliyyə vəsaitləri, təbii sərvətləri ola bilər. Əgər ölkə həmin təbii sərvətləri milli sərvətlərə çevirmirsə, yeni texnologiyaların tətbiqini həyata keçirmirsə, insanlar əməyi yadırğayırlarsa, modernləşmirsə digərlərindən geri qalır və çox vaxt da rəqabətə tab gətirmir. Buna dair çoxlu nümunələr gətirmək olar. Məhz Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan müasirləşən, rəqabətə davamlı bir ölkəyə çevrildi. Sovet dövrü başa çatdıqdan sonra yaranmış boşluqda Azərbaycan xalqının əməyi yadırğamasının qarşısı alındı. Cənab İlham Əliyev Azərbaycan xalqının minilliklər tarixində qurucu Prezident adını qazandı. Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasına baxmayaraq, ölkə tərəqqi etdi, tikinti-quruculuq işləri genişləndirildi. Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrildi. Azərbaycan dünyanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başladı və bütün bunların sayəsində bu gün müstəqil respublikamız tarixinin ən qüdrətli dövrünü yaşayır.

 

Musa QASIMLI,

Milli Məclisin deputatı,

AMEA-nın Qafqazşünaslıq

İnstitutunun direktoru

 

Azərbaycan.- 2017.- 12 dekabr.- S.10.