Fəxriyyə Xələfova: Ümidvaram, Azərbaycanın gənc modelyerləri “Ermitaj”ın Elm-Tədris Mərkəzinin ilk dinləyicilərindən olacaqlar

 

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərindəki dünya şöhrətli “Ermitajmuzeyinin daimi ekspozisiyasında tanınmış rəssam-modelyer, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfovanın işləri yer alıb. Rəssam-modelyer Fəxriyyə Xələfova ilə “Ermitajmuzeyinin direktoru, akademik Mixail Piotrovski arasında dekabrın 5-də imzalanmış razılaşmaya əsasən tanınmış dizaynerin bir neçə işi muzeyə verilib. Geyimlər daimi əsasda kostyum qalereyasında sərgilənəcək. Həmin qalereya dekabrın 8-də “Ermitaj Günləri” çərçivəsində açılıb. Fəxriyyə Xələfova işləri muzeyin daimi kolleksiyasına daxil edilmiş dörd modelyerdən biri olub. O, “Ermitaj”ın Dostları Klubunun üzvü seçilib.

AZƏRTAC-ın müxbiri ilə söhbətində imzalanan razılaşmaya əsasən, kolleksiyasından üç paltarın “Ermitaja verildiyini vurğulayan modelyer deyib: “Ermitajda nadir işlərimdən biri üzərində kəlağayı ornamentləri olan ipək paltardır. Bilirsiniz ki, kəlağayı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu mühüm fakt sübut edir ki, kəlağayı elementləri ənənəvi Azərbaycan naxışlarıdır. Mən bu paltarda başlanğıcını Qafqaz Albaniyasından götürən qədim ornamentdən - Günəşin rəmzi olan medalyonlardan istifadə etmişəm.

Şərq üslubunda olan digər paltarMisilsiz dəbdəbə” kolleksiyasındandır. Paltarın yarımqiymətli daşlarla bəzədilməsi onu çox dəyərli edir. Burada rəng qammasına tamamilə yeni tərzdə yanaşılıb. Qəhvəyi və mavi rənglərin düzgün uyğunlaşdırılması bu kostyumu daha da maraqlı edir.

Muzeyə təqdim edilmiş daha bir paltar XIX əsrin ikinci yarısına aid rokoko üslubundadır. Zamanın sınağından keçmiş bu Avropa üslubundan hazırda toy və mərasim paltarlarının yaradılmasında istifadə olunur. XIX əsrin toy paltarlarına xas sədəf rəngində olan bu paltar mürəkkəb biçimli və qat-qatdır.

F.Xələfovanın sözlərinə görə, “Ermitaj”ın yeni layihəsi çərçivəsində kostyum qalereyasında XVII əsrin sonlarından indiyədək Rusiyada istifadə olunan paltarlar, aksessuarlar, o cümlədən I Pyotrun qarderobu, Rusiya imperator sarayının mərasim kostyumları, Rusiyanın müxtəlif bölgələrinə xas geyimlər, hərbi mundirlər və ziyafət geyimləri ilə yanaşı, müasir modelyerlərin işləri də nümayiş etdiriləcək.

Kostyum qalereyası “Ermitajda KostyumModa Mərkəzinin yaradılması istiqamətində ilk addımdır. Muzeydə podium nümayişləri də nəzərdə tutulub. Bundan əlavə, Moda Elm-Tədris Mərkəzinin açılması da planlaşdırılır. “Müxtəlif tərzlərə, xalqlara və modelyerlərə məxsus olan kostyumların daimi ekspozisiyası muzeyə gələnlərə moda yaradıcılığı ilə tanış olmaq, gənc nəslin zövqünü inkişaf etdirmək imkanı verəcək”, - deyə modelyer vurğulayıb.

Tanınmış rəssam-modelyer Fəxriyyə Xələfova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin modelləşdirmə kafedrasının dosentidir. O, “Ermitajda açılacaq Moda Elm-Tədris Mərkəzində mühazirələr oxuyacaq, ustad dərsləri keçəcək. Bu barədə danışan Fəxriyyə xanım deyib: “Gənc modelyerlər Elm-Tədris Mərkəzində müxtəlif geyim tərzləri, ayrı-ayrı xalqların modelyerlərinin dəst-xətləri ilə tanış olacaq, “Ermitaj”ın öz qalereyalarında saxlamaq üçün layiqli hesab etdiyi kostyumları əyani görəcəklər. Mərkəzə müxtəlif ölkələrin tanınmış modelyerləri cəlb olunacaqlar. Biz tələbələri öyrədəcək, gənc nəslin zövqünü formalaşdıracağıq. Ümidvaram ki, Azərbaycanın gənc modelyerləri Mərkəzin ilk dinləyicilərindən olacaqlar”.

Qeyd edək ki, azərbaycanlı modelyerin kolleksiyasından olan geyimlər sərginin açılışında iştirak edənlərin böyük marağına səbəb olub. Tamaşaçılar, xüsusən gənc moda həvəskarları paltarların milli ornament və naxışları, orijinal biçimi ilə yaxından maraqlanıb, dəbdəbəli geyimlərin fonunda şəkil çəkdiriblər.


 

Azərbaycan.- 2017.- 12 dekabr.- S.11.