Əbədiyaşar xatirə

 

Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Səbail rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, rayonun idarə və təşkilat, aliorta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, Milli Məclis deputatlarının, elm və mədəniyyət xadimlərinin, KİV təmsilçilərinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrında xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qəlbin yaddaşı” adlı anım mərasimi keçirilmişdir.

Səhnədəki monitorda ulu öndər Heydər Əliyevin portreti canlandırılmışdı. Azərbaycan Respublikasının  xalq artisti Teymur Göyçayevin bədii rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında İohann Sebastyan Baxın ariyası səsləndi. Orkestrin ifası zamanı ekranda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videofraqmentlər nümayiş etdirildi.

Tədbirdə qeyd olunmuşdur ki, qeyri-adi şəxsiyyət, hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev hər bir kəsin qəlbində səmimiyyəti, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıbdır. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” deyən Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin tərəqqisi uğrunda bir insanın həyatı boyunca bir dövlət üçün edə biləcəyi hər şeyi etdiömrünün ən möhtəşəm əsərini - müstəqil Azərbaycanı əmin əllərə tapşırıb rahatlıq hissi ilə dünyadan köçdü.

Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın. Bütövlükdə isə Heydər Əliyev epoxası yüksəliş epoxasıdır. Təkcə sovet hakimiyyəti illərində onun göstərdiyi görkəmli fəaliyyət böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır. Azərbaycan onun böyük vətəni idi. O, öz böyük vətənini sevdiyi kimi, ailəsini də dünyalarca sevirdi. Ailə onun dayağı idi, ona bütün işlərində dəstək idi. Onun ailə dəyərlərinə verdiyi qiymət həmişə hörmətlə xatırlanır və xatırlanacaqdır. Biz qürur duymalıyıq ki, onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi Prezident İlham Əliyevlə yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Heydər Əliyevin sevimli nəvələri ləyaqətlə davam etdirir, öz xeyirxah və nəcib əməlləri ilə hamıya nümunə göstərirlər.

XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür.

Xalq artisti Vaqif Əsədovun rejissorluğu ilə hazırlanmış anım mərasimi Zəlimxan YaqubunBöyük ömrün dastanı” poemasından misralarla davam etdi. Heydər Əliyev rolunu canlandıran əməkdar artist Fizuli Hüseynov ulu öndərin xatirələrini səsləndirdi. Tədbirdə Heydər Əliyevin gənclik illəri, ölkə rəhbəri kimi çalışdığı dövr, onun Azərbaycanın inkişafı və tərəqqisi üçün gördüyü işləri əks etdirən videofotolar nümayiş etdirildi. Ulu öndərin sevdiyi mahnılar ifa olundu, Leyla Əliyevanın dahi azərbaycanlıya həsr etdiyi “Qəlbin yaddaşı” şeiri səsləndi.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2017.- 13 dekabr.- S.6.