Çeski Exporter” jurnalında Azərbaycan iqtisadiyyatı ilə bağlı məqalə dərc edilib

 

Çexiyanın Sənaye və Ticarət Nazirliyinin və “Czech Trade” təşkilatının dəstəyi ilə dərc olunanÇeski Exporter” jurnalının dekabr buraxılışında “Qazaxıstan və Azərbaycan neftdən müasir iqtisadiyyata keçid yolunu seçdilər” sərlövhəli məqalə dərc edilib.

Azərbaycanın Çexiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Qazaxıstan və Azərbaycanın neft ixracatından asılılığa son qoyaraq iqtisadiyyatın müxtəlif sahələrini inkişaf etdirdikləri vurğulanıb. Bununla əlaqədar Çexiya şirkətlərinin hər iki ölkənin daxili bazarlarında iştirakı üçün böyük imkan əldə etdiyi xüsusi qeyd edilib. Mərkəzi Asiyada Qazaxıstanın, Cənubi Qafqaz bölgəsində isə Azərbaycanın böyük mineral resurslara malik olmasına görə Çexiyaxarici şirkətlərin bu regionlara daim diqqət göstərdiyi bildirilib. Son iyirmi ildə Azərbaycana qoyulan xarici kapital nəticəsində ölkənin neft ehtiyatlarının 1,2 milyard bareldən 7 milyard barel həcmində artmasının geoloji cəhətdən təsdiqləndiyi diqqətə çatdırılıb.

Yazıda həmçinin Bakının böyük liman şəhərinə çevrildiyi və yükdaşımalar sahəsində əhəmiyyətli tranzit rolunu oynadığı vurğulanıb. Həmçinin ölkəmizin həyata keçirdiyi mühüm enerji layihələrindən bəhs olunub. Azərbaycan üçün əsas prioritet enerji layihəsinin hazırda “Cənub qaz dəhlizi” olduğu bildirilib, Rusiyadan asılı olmayan xətt ilə Avropaya təbii qazın çatdırılmasının əhəmiyyətinə toxunulub. Qırx milyard dollar məbləğində vəsait hesabına həyata keçirilən

TANAP və TAP boru xətlərindən ibarət bu layihənin Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniyaİtaliyadan keçməklə 2020-ci ildə ərsəyə gələcəyi qeyd olunub, SOCAR-ın 2020-ci il üçün təbii qaz ixracatını 30 milyard kubmetr həcmində artıracağı vurğulanıb.

Məlumatda həmçinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bu yaxınlarda açılışına toxunulub. Nəqliyyat və yükdaşımalar sahəsində 820 kilometrlik həmin dəmir yolu xəttinin Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirməklə yanaşı, AvropaÇin arasında birbaşa əlaqə yaratdığı diqqətə çatdırılıb.

Məqalədə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin önəmi vurğulanıb. Azərbaycan hökuməti tərəfindən prioritet sahələr kimi, kənd təsərrüfatı, qida sənayesi, farmasevtika, elektrotexnika, mexaniki mühəndislik, istehlak və ətraf mühit üzrə texnologiya sahələrinin müəyyənləşdirildiyi, Çexiya şirkətləri üçün geniş imkanların yarandığı qeyd olunub.

 

Azərbaycan.- 2017.-14 dekabr.- S.2.