Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri mətbuat konfransı keçiriblər

 

Dekabrın 20-də Bakıda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri mətbuat konfransı keçiriblər.

AZƏRTAC xəbər verir ki, nazirlər Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif beşinci üçtərəfli görüşün nəticələri barədə danışıblar.

Elmar Məmmədyarov bildirib ki, bu formatda görüşləri davam etdirmək, əməkdaşlığı daha da genişləndirmək, enerji, nəqliyyat, turizm və digər sahələrdəki potensialdan daha geniş istifadə etmək barədə razılığa gəlinib. O, görüşdə Fələstin məsələsi ilə bağlı da müzakirələrin aparıldığını deyib. Qeyd edib ki, Azərbaycan bu məsələ ilə əlaqədar BMT Baş Assambleyasında qəbul olunacaq sənədin lehinə səs verəcək. Qüdslə bağlı Azərbaycanın mövqeyi Prezident İlham Əliyev tərəfindən İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən Zirvə toplantısında səsləndirilib. Biz bu mövqedə qalırıq.

Enerji sahəsində əməkdaşlığa toxunan nazir vurğulayıb ki, gələn il TANAP boru kəməri istifadəyə veriləcək. Azərbaycanla İran arasında enerji sahəsində əməkdaşlıq gündən-günə artır. Bundan əlavə, üç ölkə arasında elektrik enerjisi mübadiləsi genişləndirilir. Türkiyədə keçiriləcək növbəti görüşümüzə özəl sektordan, o cümlədən iqtisadi sektordan nümayəndələr dəvət edib əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə edəcəyik.

Mövlud Çavuşoğlu deyib ki, Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün məqbul həll yolunu dəstəkləyir. Ermənistan günahkardır və bunu etiraf etmək istəmir. Türkiyənin Ermənistanla əlaqələrinin bərpa olunması üçün əvvəlcə Ermənistan qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır. Ermənistan qonşu dövlətlərə qarşı münasibətinə yenidən baxmalı, ərazi iddialarından əl çəkməli və Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir.

Nazir qeyd edib ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və İran arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı səmərəli fikir mübadiləsi aparıldı. Üçtərəfli görüşün faydasını daha da artırmaq üçün bu formatın genişləndirilməsi nəzərdə tutulur. İran tərəfinin təklifi nəzərə alınaraq növbəti görüş Türkiyədə keçiriləcək.

Məhəmməd Cavad Zərif isə söyləyib ki, üçtərəfli görüş formatı həm ölkələrimiz, həm də region üçün olduqca faydalıdır. Hər üç ölkə geniş əlaqələrə, birgə tarixi ənənələrə malikdir.

Nazir vurğulayıb ki, beşinci üçtərəfli görüşdə ölkələrimiz arasında tranzit, enerjiturizm sahələrində məsələlər müzakirə edildi, özəl sektorda fəaliyyətin artırılması ilə bağlı razılıq əldə olundu.

 

Azərbaycan.- 2017.- 21 dekabr.- S.8.