Ekoturizm: dumanlı hava, sıldırım qayalar, dağ cığırları və ...

 

Çıraqqalaya budəfəki yürüş təbiətsevərlərin həm də vətən sevgiləri ilə yadda qalıb

 

Təbiətin bütün fəsilləri özünəməxsus gözəllikləri ilə daim göz oxşayıb. Maraqlıdır ki, yazda payızın, qışda isə yayın həsrəti çəkilir. Səbəbi çox sadədir: əlçatmazlıqlar arzuolunanlardır.

Gözəlliklər diyarı olan Azərbaycanın şimallı-cənublu, sərqli-qərbli hər tərəfi ecazkar təbiəti ilə bu yerlərə ayaq basanları heyran qoyur. Məhz ona görə də hər il ölkəmizə səfər edən əcnəbi turistlərin əksəriyyəti Azərbaycanın fiziki coğrafiyası haqqında daha geniş məlumata malik olurlar. Onlar fəsillərin hər birində dumanlı havada dağ cığırları ilə sıldırım qayalara, əslində, elə dağın zirvəsinə qalxmağı daha çox sevirlər. Bu gözəllikləri onlar yalnız foto-videoaparatın obyektivi ilə deyil, öz gözlərilə də çəkir, yaddaşlarına yazırlar.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Mədəniyyət və Turizm Nazirliyi ilə birgə ölkəmizdə aktiv turizmin təbliğ olunması məqsədilə icrasına yeni başladığı layihənin də əsas məqsədi məhz ekoturizmin dəstəklənməsi, təbii gözəlliklərin tanıdılmasını, tarix və mədəniyyət abidələrinin təbliğini, nəhayət, gənclərin bu marşrutlara cəlb olunmasını təşkil etməkdir.

Belə füsunkar məkanlarımız, təbii ki, az deyil. Onlardan biriŞabran rayonu ərazisindəki Çıraqqaladır. “Çıraqqala” tarix-memarlıq qoruğuna ildən-ilə turistlərin sayının artmasına səbəb və coğrafiyasının genişlənməsi qalanın tarixinin qədimliyi, ərazisinin isə əsrarəngizliyidir.

Çıskinli, dumanlı noyabr ayında gənclərin Çıraqqalaya təşkil edilən yürüşünün budəfəki məqsədi yalnız bu yerləri ziyarət etmək deyil, eyni zamanda ekoturizm üzrə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri ilə bu turizm növünün həvəskarlarını bir araya gətirmək olub.

Gənclər Fondu Aparatının rəhbəri Faiq Qürbətov layihə barədə məlumat verərkən bildirib ki, məqsəd aktiv turizmin təşviqi, gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, tarixi abidələrimizin təbliğidir:Son illər ölkəmizdə turizm sənayesinin müxtəlif növləri inkişaf etməkdədir. Gənclər arasında da aktiv turizmə böyük maraq var. Buna görə Mədəniyyət və Turizm Nazirliyi, eləcə də bu turizm növü ilə məşğul olan şirkətlər ilə bu layihəni gerçəkləşdirdik”.

Layihə çərçivəsində ölkəmizdəki qoruqlarda turizmin müxtəlif növlərinin (piyada, dağçılıq, atçılıq və s.) inkişafı, yeni turizm marşrutlarının təşkili, turlara dair kitabçaların hazırlanması, istiqamət göstəriciləri və məlumat lövhələrinin quraşdırılması planlaşdırılıb.

İlk səfər Çıraqqalaya edilib. Qalaya qalxan yolun üzərində məlumat lövhələri və yolgöstərici nişanlar qoyulub ki, bu da tarixi abidəni görmək istəyən yerlixarici turistlərin rahat, təhlükəsiz şəkildə qalxmalarına yardımçı olacaq.

Yürüş zamanı “Çıraqqala” tarix-memarlıq qoruğunun direktoru Cavid Xudaverdiyev bu məkan və tarixi abidə haqqında iştirakçılara geniş məlumat verib. Bildirilib ki, Çıraqqala Böyük İpək Yolu üzərində, Gilgilçay müdafiə divarının ən yüksək nöqtəsi olaraq V-VI əsrlərdə tikilib. Hündürlüyü 100-120 metr olan sıldırım qayanın üzərində ucalan baş qüllədən bir tərəfdən Dərbənd, digər tərəfdən Beşbarmaq səddinədək Xəzər sahili boyu ərazini nəzarətdə saxlamaq mümkün olub. 17 bürcdən ibarət qala əsasən yerli daşlardanbişmiş kərpicdən inşa edilib. Divarlarının hündürlüyü 8-10, qalınlığı isə 3-4 metrdir.

Yeri gəlmişkən, Azərbaycanın tarixi irsinin və xalqımızın memarlıq ənənələrinin mühüm nümunələrindən olan abidələr kompleksinin gələcək nəsillər üçün saxlanılmasının, bərpasının və mühafizəsinin təmin edilməsi məqsədilə 2003-cü il iyunun 23-də ulu öndər Heydər Əliyev tərəfindən sərəncam imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 27 sentyabr tarixli sərəncamı ilə isə abidələr kompleksinin ərazisi “Çıraqqala” tarix-memarlıq qoruğu elan edilib.

Daim başı dumanlı, sinəsi çiskinli olan Çanaqqalaya qalxmaq üçün havanın əlverişsiz olmasına baxmayaraq, o gün ekoturizm həvəskarları dəniz səviyyəsindən 1232 metr yüksəkliyə qalxmaq fikrindən nəinki daşınmayıblar, üstəlik dar cığırlı yolun üzərində 11 istiqamət göstəricisi olan dirəklər də quraşdırıblar. Cığırlar sıx meşədən keçdiyi üçün ziyarətçilərin yürüşü daha asanlıqla olsun deyə, ağaclara da xüsusi rənglərlə işarələr vurublar.

Budəfəki ziyarətçilər özlərindən sonrakı turistlər üçün qalaonun marşrutu haqqında məlumatlardan ibarət lövhələr tərtib ediblər. Qalaya qalxan cığırın ümumi uzunluğu 2890 metr, başlanğıc hündürlüyü isə dəniz səviyyəsindən 640 metr yüksəklikdədir. Qoruğun girişində qalaya aparan yol cığırlarının xəritəsi, hündürlük, yolun uzunluğu, qalanın kənarında isə bu tarixi məkan haqqında məlumat lövhələri qoyulub.

Yürüşü maraqlı edən məqamlar da az olmayıb. Onlardan biri də ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşı Karter Vilburun ailəsi ilə birlikdə qalanı ziyarət etməsidir. Həyat yoldaşı Sara xanımla Azərbaycan dilini öyrəndiklərini xüsusi vurğulayan Karter Vilburun deyib ki, bu yerlərin çox gözəl təbiəti, mədəniyyəti və tarixi abidələri var: “Azərbaycanın turizm potensialı zəngindir. Ölkənizdə bir çox tarixi yerlərdə olmuşam. Çıraqqala haqqında da çox eşitmişdim. Bu gün də həyat yoldaşım və oğlumla buranı görməyə gəldik. Çox maraqlı məkandır. Buraya qalxmaq elə də çətin deyil. Düşünürəm ki, biz bura yenə gələcəyik”.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2017.-21 dekabr.- S.11.