Yeni İslam intibahı Bakıdan başlayır

 

50-dən artıq ölkədən 300-ə yaxın yüksək səviyyəli təmsilçi islam həmrəyliyinin möhkəmlənməsi yollarını bu gün Azərbaycanda müzakirə edəcək

 

2017-ci il Azərbaycan tarixinə İslam həmrəyliyi ili kimi yazıldı. Bu il Bakıda möhtəşəm mədəniyyət tədbirləri, o cümlədən IV İslam Həmrəyliyi Oyunları keçirildi. Bundan başqa, “İslam həmrəyliyi ili” çərçivəsində Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda, İspaniyada, Rusiyada və digər ölkələrdə beynəlxalq konfranslar, sammitlər, forumlar təşkil olundu.

Bu gün isə paytaxtımızda “2017 - İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoqmövzusunda yekun beynəlxalq konfrans öz işinə başlayır. Konfransda 50-dən artıq ölkədən 300-ə yaxın elm, təhsil, ictimai-siyasi, din xadimləri, nazirlər, deputatlar, görkəmli siyasət adamları iştirak edəcək. Azərbaycan bütün bunlarla qloballaşan dünyamızda islam aləminin mənəvi inkişafına öz töhfələrini verməyə çalışır.

İslam həmrəyliyi” ifadəsinin məzmununda böyük bir mənəvi missiya əks olunur. İslam və həmrəylik sözləri, bir-birinin sinonimi olmasa da, mahiyyətcə eyni mənaya malikdirlər. Hər iki kəlmənin qayəsində insanların dünyamız üçün xeyirli məqsədlərlə bir araya gəlməsi, yəni, həmrəyliyi durur.

İslam ölkələri arasında vəhdətin təmin edilməsindən ötrü aparılan fəaliyyət son onilliklərdə xeyli intensivləşib. Ayrı-ayrı müsəlman ölkələrini müxtəlif formatlarda bir araya gətirən siyasi-iqtisadi, mədəni platformalar qloballaşan dünyamızda müsəlman ölkələrinin vahid gücə çevrilməsi, beynəlxalq təhdidlərdən qorunması, inkişaf proseslərində fəal iştirakı məramına xidmət edir.

 

İslam sivilizasiyasının mərkəzlərindən biri

 

Qədimliyi və müasirliyi özündə təcəssüm etdirən, tarix boyu həm coğrafi, həm də mənəvi mənada Şərqlə Qərb arasında qərar tutan Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən sayılıb. Müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan islam dininin maddiqeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. 743-cü ildə tikilmiş Şamaxı Cümə məscidi və ölkəmizin muzeylərində saxlanılan qədim əlyazmalar bunun bariz nümunəsidir.

İslam xalqımızın mənəvi dünyasında böyük yer tutan müqəddəs dəyərdir. Azərbaycan dövləti bu dəyərə böyük ehtiramla yanaşır. Ölkəmizdə din-dövlət münasibətlərinin aydın bir müstəvidə qurulması, bu münasibətlərin sağlamlığı, cəmiyyətdə mövcud olan dini dözümlülük mühiti Azərbaycanın ən mühüm nailiyyətlərindəndir. Ölkəmizdə müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər dinlərə mənsub insanlar dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və qayğısından yararlanırlar. Azərbaycanda məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur. Xalqımız, dövlətimiz bu uğurlara ulu öndər Heydər Əliyevin dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlarımızı milli birlik, mənəvi vəhdət ideyaları ətrafında bir araya gətirən azərbaycançılıq məfkurəsi sayəsində nail ola bilib.

Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. İslam saflıq xəzinəsidir. Bugünün müasir insanı həmin dəyərlərin işığında yetişir. Tarixin heç bir dövründə bu dəyərlərin hansısa biri insanların ruhani dünyasına din qədər nüfuz edə bilməyib. Heç bir elmi-texniki tərəqqi, siyasi ideologiyalar və onların sərt qadağaları Tanrı ideyasını insanların qəlbindən qoparmaq iqtidarında olmayıb. Görünür, burada dini inancların əsrlər boyu insanlar üçün həm də milli dəyər faktoruna çevrilməsinin böyük rolu var. Azərbaycan dövlətinin islam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində islam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunub. Ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilib.

Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək islam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. Qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edib.

 

İslami dəyərlərin güclü hamisi

 

Azərbaycan bu gün geniş miqyasda əsl islami dəyərlərə sahib çıxan, bu dəyərləri hər hansı siyasi məqsədlər üçün vasitəyə çevirmədən qorumağa, zamanın çağırışları ilə uzlaşdırmağa, dünyaya onun üstünlüklərini, bəşəriyyət üçün faydalı cəhətlərini göstərməyə çalışan çox az sayda müsəlman ölkələrindən biridir.

Müasir dünyanın əsas münaqişələri Şərqlə Qərb, xristianlıqla islam arasında yaşanır, iki mədəniyyətin üz-üzə gəlməsindən təzahür edir. Bu, o qədər əhatəli və güclü bir prosesdir ki, Yer üzündəki hər hansı toplumun onun təsirlərindən kənarda qala bilməsini iddia etmək çox çətindir. Çünki Şərq və Qərb mədəniyyətləri deyərkən, bura onların hər birinə aid ibtidai insanların sivilizasiyaya doğru ilk addımlarından tutmuş yeni minilliyimizdəki ən böyük elmi-texnoloji nailiyyətlərə, ən möhtəşəm yaradıcılıq əsərlərinə qədər bütün maddi və mənəvi nailiyyətlər aid edilir.

Bu gün bəzi qüvvələr islam dininə qarşı düşmən münasibət formalaşdırmağa çalışırlar. Şübhəsiz ki, islam dininə münasibətdə bu cür yanaşma əsassızdır və bu, islam dəyərlərinin yanlış dərk edilməsindən, qeyri-düzgün şərhindən irəli gəlir. İslam dinini anladıqca onun humanizmi, tolerantlıq ovqatı üzə çıxır. İslamın nə qədər yüksək əxlaqi dəyərlər aşıladığının şahidi oluruq.

Müasir dünyamızda dinimilli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı bir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək qlobal miqyasda islamın ümumbəşəri ideyalarının himayədarı kimi çıxış edir. Dünyada tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin təbliğinə böyük töhfələr verirbu, ölkəmizə islam aləmində böyük nüfuz qazandırır.

 

Sülh, mərhəmət, bərabərlik dini

 

Azərbaycanın islam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ilielan olunub. IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi isə ölkəmizin islam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradıb. Onu da qeyd edək ki, Azərbaycanda 2015-ci ildə I Avropa Oyunlarının təşkili, 2016-cı ilinMultikulturalizm ili”, 2017-ci ilinİslam həmrəyliyi ilielan olunması və bu il həm də IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ardıcıllığının rəmzi mənası var.

I Avropa Oyunlarında, eləcə də “Multikulturalizm ili”ndə Azərbaycan özünü dünyaya bir daha tanıtmaq istiqamətində çox işlər gördü. Bu təşəbbüslərin bəhrələrini cəmiyyətimiz hələ zaman-zaman duyub hiss edəcək. Avropada multikulturalizmin real iflası fonunda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gedən multikultural hərəkat, əslində, buna qarşı mənəvi, intellektual çağırış idibu bədbin fonun qarşılığında dünya mədəniyyətlərarası dialoqun gələcəyi ilə bağlı Azərbaycanın timsalında nikbin bir qütbün formalaşmasına şahid oldu.

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə zirvə toplantısında çıxış edən Prezident İlham Əliyev İƏT-in beynəlxalq münasibətlər sistemində mövqelərinin getdikcə möhkəmlənməsini, baş verən proseslərə təsir imkanlarını xüsusi razılıqla vurğuladı. Müsəlman dövlətləri arasında dini, siyasi, tarixi-mədəni əlaqələrin gücləndirilməsi zərurətindən, ölkəmizin islam həmrəyliyinə verdiyi töhfələrdən söz açdı: “Biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Azərbaycanın təşəbbüsü ilə İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi və İƏT-ə üzv-dövlətlərin Jurnalistlər Assosiasiyası yaradılmışdır... Azərbaycan islamofobiyaya qarşı fəal mübarizə aparan ölkələrin ön sırasındadır. 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman, dostluq, qardaşlıq bayramı bir daha bütün dünyaya göstərdi ki, islam sülh, mərhəmət, bərabərlik dinidir. Əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün digər bir imkan bu ay Bakıda keçiriləcək “İslam həmrəyliyi ilinin qeyd olunması ilə bağlı beynəlxalq konfrans olacaqdır”.

 

Şərqlə Qərb arasında körpü

 

Prezident İlham Əliyevin siyasi qətiyyəti sayəsində Azərbaycanın multikulturalizm, islam həmrəyliyi ideyalarının mərkəzinə çevrilməsi, Şərqlə Qərbin dialoq məkanı kimi tanınması ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir.

Bu ilin sentyabrında Qazaxıstanda İƏT-in elmtexnologiya üzrə birinci sammitində Prezident İlham Əliyev qeyd edib ki, son bir neçə ildə Azərbaycanda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü baş tutub:Biz təşkilata üzv ölkələrlə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirik. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. İƏT də öz növbəsində Azərbaycana böyük dəstək göstərir və ölkəmizin apardığı siyasətə yüksək qiymət verir. İƏT daim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyən ədalətli mövqe nümayiş etdirib və Azərbaycanın ədalətli mövqeyini əks etdirən bir çox qətnamələr qəbul edib. Keçən il İƏT-in Türkiyədə keçirilmiş zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Təmas qrupu yaradılıb. Biz bu qərarı çox yüksək qiymətləndiririk və bu ədalətli mövqeyə görə İƏT-ə və onun üzvlərinə təşəkkürümüzü bildiririk”.

Prezident İlham Əliyev Azərbaycanın islam həmrəyliyi işinə böyük töhfə verdiyini də diqqətə çatdırıb. Xüsusi vurğulayıb ki, ölkəmiz dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizə aparır: “Biz müsəlmanlara qarşı törədilən cinayətləri, xüsusilə də son vaxtlar Myanmada Rohingiya müsəlmanlarına qarşı həyata keçirilən qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyirik... Azərbaycan Rohingiya qaçqınlarına humanitar yardım - 100 ton ərzaq məhsulu göndərib”. Azərbaycan Prezidenti həmin tədbirdə ölkəmizin sürətlə inkişaf etdiyini söyləyib. Bildirib ki, son 14 il ərzində Azərbaycanın ümumi daxili məhsulu üç dəfədən çox artıb: “Azərbaycanda son illərdə 1 milyon 600 min yeri yaradılıb. Yoxsulluq 5 faiz səviyyəsinə düşüb. Savadlılıq isə 100 faizə yaxındır. Azərbaycanda elmmüasir texnologiyalar uğurla inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir”.

 

Müxtəlifliyin harmoniyası

 

İslamın sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində əməli səylər göstərən Azərbaycan Prezidentinin irəli sürdüyü islam həmrəyliyi təşəbbüsləri yalnız islam dünyası daxilində deyil, islam dini ilə digər dinlər arasında həmrəyliyin harmoniyasını ehtiva edir. Bu cür həmahənglik təkcə Azərbaycana yox, bütün dünyaya, yaxın və uzaq qonşularımıza, Avropada, Yaxın və Uzaq Şərqdə, dünyanın hər yerində gedən mənəvi, mədəni proseslərə çox böyük təsir göstərmək iqtidarındadır.

IV İslam Həmrəyliyi Oyunlarının məhz Azərbaycanda keçirilməsi də elə bu məramın təzahürü idi. Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, dini-mədəni müxtəlifliyin harmoniyasına əsaslanan cəmiyyət modeli yaratmaq mümkündür. Özü də nəzərə alaq ki, Azərbaycanın bu istiqamətdə irəli sürdüyü təşəbbüslər cəmi bir neçə gün ərzində başlanıb bitən qısamüddətli tədbirlər deyil. Dünyada yeni ideyaları gündəmə gətirən, sağlam düşüncə mühiti yaradan davamlı və çox təsirli proseslərdir. Təsadüfi deyil ki, Azərbaycan multikulturalizmi bir model kimi bu gün bir çox ölkələrdə öyrənilir. Avropanın 15 ölkəsində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir”. Bu, çox ciddi bir nailiyyətdir.

Azərbaycanda dinimilli tolerantlığın tarixən mövcud olduğunubu tolerantlığın indiyə kimi qorunub saxlanılmasında xalqımızın və islam dininin misilsiz rol oynadığını Prezident İlham Əliyev çıxışlarında həmışə xüsusi vurğulayır: “Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşmışdır. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt millidini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Ayrı-ayrı etiqadinanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında Azərbaycan xalqının və islam dininin misilsiz tarixi rolu danılmazdır”.

İslam həmrəyliyi ili”ndə Azərbaycanın yaratdığı mənəvi dəyərlər dünyada sülhə, inkişafa, toqquşmaların qarşısının alınmasına kömək göstərən yeni hərəkatların başlanmasına vəsilə olacaq.

 

Tarixi missiya

 

Bu mühüm siyasi-mənəvi nailiyyətlərin əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. Mehriban xanımın ölkəmizdə və beynəlxalq müstəvidə genişmiqyaslı fəaliyyəti, milli-mənəvi irsimizi yüksək səviyyədə təbliğ etməsi, ümumbəşəri dəyərlərə diqqəti və himayəsi ölkəmizin bu istiqamətdə söz sahibinə çevrilməsinə tarixi xidmətdir.

Mehriban xanım Əliyeva dünyada yeganə şəxsiyyətdir ki, həm UNESCO-nun timsalında Qərb aləmi, həm də ISESCO-nun timsalında Şərq dünyası onu xoşməramlı səfir statusuna layiq görüb. Qərblə Şərqin dialoqu, vəhdəti, bu iki dünyanın ən mütərəqqi dəyərləri bir şəxsiyyətin yerinə yetirdiyi tarixi missiyada öz ifadəsini tapıb.

Mehriban xanım Əliyeva uzun illərdən bəridir ki, həm Qərb dəyərlərinin, həm də islam həmrəyliyinin təməlində dayanan bir işlə - maarifçilik fəaliyyəti ilə məşğuldur. Bu gün islam dünyasının ən çox buna ehtiyacı var. Bir sıra obyektiv səbəblərdən əsrlər boyu tənəzzülə uğramış islam maarifçiliyini yenidən hərəkətə gətirib inkişafın, tərəqqinin hərəkətverici qüvvəsinə çevirmək, mövhumat, xurafat qaranlıqlarını maarifin nuru ilə aydınlığa çıxarmaq indi bütün müsəlman ölkələri üçün zəruri bir məsələdir.

İslam maarifçiliyi elmin, təhsilin, hətta ibadətdən də üstün olduğunu göstərir. Başqalarına təmənnasız köməyi, insanlara mərhəmətli olmağı, əl tutmağı, sülh üçün çalışmağı, mədəni dəyərləri qorumağı, dünyaya fayda verməyi, xeyirli bir işlə məşğul olmağı insanın ali missiyası kimi müəyyənləşdirir. Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslərin hər birində bu missiyanı görmək olar.

 

Bəşəriyyətə çağırış

 

Azərbaycanda islam həmrəyliyi ilə bağlı indiyədək irəli sürülən təşəbbüslərin, bu istiqamətdə həyata keçirilən tədbirlərin son hədəfi yalnız islamın həmrəyliyinə nail olmaq deyil. Sevgi, bərabərlik, humanizm saçan islam dəyərləri ümumən fərdlər, insan qrupları və ya ölkələr arasında yaranan birgəliyə, rəğbətə, mənəvi dəstəyə, maddi yardıma və əməkdaşlığa çağırışdır. Çünki dünyanın bir qütbündəki problemləri, insanların üzləşdiyi saysız-hesabsız məhrumiyyətləri, sıxıntıları aradan qaldırmadan, başqa bir qütbündə insan xoşbəxtliyinə nail olmaq qeyri-mümkündür. Hətta bu xoşbəxtliyin görüntüsünü yaratsan belə, yenə də ötəri xarakter daşıyacaq və çətinliklərlə dolu ictimai sferadakı insanların acıları istər-istəməz həmin o xoşbəxt kəsimin də həyatına sirayət edəcək. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətlə, təşkil etdiyi beynəlxalq humanitar forumlarla, mədəniyyətlər arasında dialoq məqsədi daşıyan tədbirlərlə çağdaş dünyaya anlatmaq istədiyi budur. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslərin, bütün dünyada ali duyğuların bərqərar olması naminə göstərdiyi fədakar fəaliyyətin mahiyyəti budur: insana dəyər ver ki, ümumən cəmiyyətdə dəyərlər hakim olsun. Xeyirxahlıq göstər ki, dünyada xeyir qalib gəlsin. Hər zaman başqalarına həyan ol ki, ucsuz-bucaqsız dünyada heç kim özünü tənha hiss etməsin.

İslam həmrəyliyi ili”ndə Azərbaycanın dünyaya anlatdığı ən böyük həqiqət məhz bu oldu.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2017.- 21 dekabr.- S. 1; 10.