Azərbaycan dövləti və xalqı Səudiyyə Ərəbistanının Ermənistanla əlaqə qurmamasını yüksək qiymətləndirir

 

Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, dəvət və irşad nazirinin birinci müavini Tofiq Əl-Sudeyrini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Tofiq Əl-Sudeyri “2017-İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoqmövzusunda Bakıda keçirilən beynəlxalq konfransın təşkilinə verdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirdi.

Tofiq Əl-Sudeyri 1998-ci ildə Azərbaycana səfəri zamanı ümummilli lider Heydər Əliyev ilə görüşünü dərin ehtiramla xatırladı. Qeyd etdi ki, həmin vaxtdan etibarən ölkələrimiz arasındakı əlaqələr sürətlə inkişaf edib. Həm Səudiyyə Ərəbistanı Kralı, həm də Səudiyyə xalqı Azərbaycan Prezidentinə, hökumətinə və xalqına böyük məhəbbət və dostluq hissləri bəsləyir.

Ölkəmizə ilk səfərindən ötən iyirmi ildə Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini məmnunluqla qeyd edən qonaq dedi ki, bu, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkənin gələcəyi və xalqın rifahı naminə həyata keçirilən siyasətin nəticəsində mümkün olub.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlət başçısı Bakıda keçirilən “2017-İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoqmövzusunda beynəlxalq konfransda Səudiyyə Ərəbistanının yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu bildirdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək Səudiyyə Ərəbistanına rəsmi səfərini məmnunluqla xatırladı.

Dövlət başçısı qeyd etdi ki, Azərbaycan torpaqlarını işğal edən, müsəlman abidələrini və məscidlərimizi dağıdan Ermənistanla Səudiyyə Ərəbistanının hər hansı əlaqəni qurmaması Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirilir.

 

Azərbaycan.- 2017.-22 dekabr.- S.5.