Uğur rəmzi

 

Dövlət müstəqilliyinin ilk illərində yaşadığımız böyük problemlər indi yaddaşımızın acı xatirəsinə çevrilib. Həmin dövrün miskin, zəifləmiş, iqtisadiyyatı və mənəvi mühiti sarsılmış Azərbaycandan əsər-əlamət qalmayıb. Bugünün Azərbaycanı Cənubi Qafqazın və ümumən Avropanın əsas enerjiiqtisadi-siyasi güc mərkəzlərindən biri kimi çıxış edən, tam müstəqil siyasət yürüdən qüdrətli ölkədir. Bu Azərbaycanın qurucusu isə onu davamlı inkişaf yoluna çıxaran, gələcəyi üçün etibarlı zəmin hazırlayan Heydər Əliyev dühasıdır!

Qürur və fəxarətlə deyə biləcəyimiz bir danılmaz həqiqət var. Ulu öndərin böyük şücaətlə fəlakətlərdən qoruduğu və davamlı inkişaf yoluna çıxardığı respublikamız son 14 ildə məhz İlham Əliyev fenomeninin fitri idarəçilik və liderlik keyfiyyətləri sayəsində özünün parlaq inkişaf mərhələsini yaşayır. Bəli, müasir Azərbaycan ötən illərdə inanılmaz nailiyyətlərə imza atıb. Kənar təzyiqləri inamla dəf edib, müstəqil siyasət yürüdüb. Azərbaycan bu müddətdə qarşıya qoyduğu hədəflərə inamla yetişib.

Bir sözlə, Azərbaycanı çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm dövrünə çatdıran lider məhz İlham Əliyevdir! Düşünürəm ki, dövlət müstəqilliyinin 26-ci ildönümü tamam olmuş Azərbaycanın ən böyük uğuru da budur!

Ədəbiyaşar şəxsiyyət Heydər Əliyevin irəli sürdüyüGüclü dövlət - müstəqil siyasət” tezisi məhz İlham Əliyevin prezidentliyi dövründə tam mahiyyəti ilə reallaşıb!

Ölkə rəhbəri ümummilli lider Heydər Əliyevin genetik davamçısı statusunun səfasını yox, həm də məhz cəfasını çəkdi. Belə bir dahi şəxsiyyətin övladı olmaq, əslində, həm də böyük məsuliyyət və özünənəzarət tələb edir. O, hələ 1980-ci illərin sonlarına doğru Heydər Əliyev ailəsinin üzvü statusunun çətinlik və məhrumiyyətlərini taleyində yaşamalı olub. Məhz həmin dövrdə işindən uzaqlaşdırılıb, ədalətsiz təqiblərə, mənəvi sarsıntılara məruz qalıb. O, Azərbaycan xalqının ən ağır günlərində - 1990-cı ilin məlum qanlı Yanvar hadisələrindən dərhal sonra ümummilli liderlə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək əsl istiqlal hərəkatı başladanlardan biri oldu. İlham Əliyev elə o vaxtdan - 1990-cı ildən bu günədək ön sırada Azərbaycanın mücadiləsini dayanmadan, yorulmadan, böyük vətənpərvərliklə, fədakarlıqla aparır!

O, hələ prezident seçilməmişdən xeyli əvvəl Azərbaycanın siyasət arenasında xalqımızın milli maraqlarını qorumaq əzmi və iradəsi sayəsində parladı. Bu məqamda onun “Əsrin müqaviləsi”nin imzalanmasındakı tarixi xidmətlərini xüsusi xatırlatmaq istərdim. O zaman ARDNŞ-nin vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyev Qərb şirkətlərini “Əsrin müqaviləsi”nin zəruriliyinə inandırmaq üçün 7 ay ərzində - fevraldan sentyabradək Bakıdan Hyüstona, Moskvadan Londona qədər böyük coğrafiyada əzmkar fəaliyyət göstərdi və xalqımızın maraqlarının maksimum dərəcədə təmininə nail oldu. Neftimizin taleyinin müzakirə olunduğu masanın bir tərəfində dünyanı bölüşdürən əsas güclər, onlarla neft dövlətini özünə tabe etdirmiş transmilli korporasiyalar, qarşı tərəfində isə dünya siyasi səhnəsinə yeni çıxan, büdcəsi tamamilə boş olan, sıxıntılar içində yaşayan bir dövlət dayanırdı. İlham Əliyev fenomeninin diplomatik məharəti, qarşısındakını inandırmaq bacarığı sayəsində bu mübarizədə qalib Azərbaycan dövləti oldu. 33 yaşlı gənc azərbaycanlının qarşısında dayanan bu güclər onun böyük diplomatik məharəti nəticəsində Azərbaycanın tələbləri ilə razılaşmağa məcbur oldular.

Aradan illər keçib. Azərbaycan dövlətinin rəhbəri - Prezidenti statusu kimi ağır yükü çiyinlərində layiqincə daşıyan İlham Əliyev bu günmübariz ovqatdadır!

Bu gün İlham Əliyevin lider kimi ən böyük uğurlarından biri ölkəmizin maraqlarını qətiyyətlə müdafiə edə bilməsindədir. Ötən illərdə biz Azərbaycana ən müxtəlif təzyiqlərin, təhdidlərin şahidi olmuşuq. Müxtəlif məsələlərlə bağlı ölkə hakimiyyətinə əsassız hücumlar, təzyiqlər olub. Fəqət, Prezident məhz xalqın inamına, iradəsinə, dəstəyinə, ölkənin iqtisadi potensialına güvənərək bu təzyiqləri dəf edib. Xalqın mənafeyinə xələl gətirə biləcək heç bir anlaşmanı qəbul etməyib. Çünki möhtərəm Prezidentin arxasında qüdrətli və güclü dövlət, yumruq kimi birləşən xalq dayanıb. Məhz bu mənəvi birlik sayəsində dövlət başçısı antiazərbaycançı şəbəkənin hücumlarını əzmlə zərərsizləşdirib. Kiçik Azərbaycanın böyük maraqlarını təmin edib!

İlham Əliyevin əldə etdiyi böyük uğurlarının əsas səbəblərindən birionun qətiyyətli və prinsipial rəhbər olmasıdır. Prezident qısa müddətdə Azərbaycan dövlətçiliyini hər cür cinayətkar qəsddən qorumağa qadir siyasətçi olduğunu, milli maraqlar naminə cəsarətli qərarlar qəbul etmək bacarını nümayiş etdirib. Respublikada ictimai-siyasi sabitlik əleyhinə yönəlmiş bütün cəhdlərin qarşısı xalqın dəstəyi ilə qətiyyətlə alınıb, cəmiyyətdə barış, həmrəylik ovqatı gücləndirilib.

Prezident ən mürəkkəb siyasi şəraitdə birləşdiricilik keyfiyyətləri sayəsində xalqı öz ətrafına, ulu öndər ideyalarının cazibəsinə toplaya bilib. Ölkə rəhbərinin ötən illərdə yürütdüyü siyasətin real, əməli fəaliyyətə söykəndiyinə hər bir vətəndaş daxilən əmin oldu. Hər kəs inandı ki, Prezident səlahiyyətlərini Heydər Əliyev kimi siyasətçidən sonra uğurla davam etdirmək, xalqın sevimli rəhbərinə çevrilmək üçün İlham Əliyevdə lazımi səriştə, bacarıq, qabiliyyət, intellektual səviyyə, idarəçilik keyfiyyətləri var.

Prezidentin məqsədəuyğun siyasəti aprel döyüşləri zamanı Azərbaycan xalqına hərbi zəfər qazandırmağa müvəffəq oldu. Ən əsası, bu hərbi üstünlüyün siyasi nəticəsi 22 illik danışıqlar prosesindəki status-kvonu tam dəyişdirdi. Qüvvələr nisbətinin dəyişdiyi, qalibin Azərbaycan olması birmənalı sübut olundu. Bütün dünya gördü ki, Azərbaycan əsgəri qısa müddətdə Qarabağı və ətraf ərazilərimizi işğaldan azad edə bilər. Bu, məhz Ali Baş Komandanın hərbi strategiyasının nəticəsi idi!

Müstəqil Azərbaycan hamar, düzgün yolla - Heydər Əliyev yolu ilə inamla addımlayır. Hər birimiz tam əminik ki, İlham Əliyevin müdrik siyasəti nəticəsində bu yol əbədiyyətə qədər davam edəcək.

Prezidentin rəhbərliyi altında tariximizin yeni mərhələsinə qədəm qoyuruq. Bu mərhələdə də qarşıya qoyulan bütün məqsədlərin həyata keçəcəyinə əsla şübhə yoxdur.

Çünki İlham Əliyevə - böyük vətənpərvərimizə, liderimizə sarsılmaz inamımız, dəyişməz etimadımız var!

Azərbaycanı da güclü, qüdrətli edən məhz bu inam, etimaddır…

 

Fəttah HEYDƏROV,

Milli Məclisin komissiya sədri,

Azərbaycan Ağsaqqallar Şurasının sədri

 

Azərbaycan.- 2017.-23 dekabr.- S.4.