Hər bir azərbaycanlının Prezidenti

 

İlham Əliyevin uğurlu sosial müdafiə strategiyası dünyanın ən mükəmməl modellərindəndir

 

Dövlət başçısının uğurlu sosial-iqtisadi idarəetmə sistemi sosialyönümlü baxışları ifadə edərək, sosial inkişafın dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən olunmasını və iqtisadi inkişafla sosial inkişafın səmərəli uzlaşıdırılmasını şərtləndirib. Bu da dinamik iqtisadi tərəqqinin dividendlərinin ilk növbədə, sosial problemlərin həllinə, vətəndaş rifahının yüksəlməsinə və təhlükəsizliyinin təminatına yönəlməsinə, mütərəqqi beynəlxalq sənədlərdən irəli gələrək milli qanunvericilikdə əksini tapan sosial hüquqlar sisteminin reallaşdırılması sahəsində əhəmiyyətli irəliləyişlərə zəmin yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil Azərbaycanın müasir inkişaf mərhələsinə keçidini və bu mərhələdə inamla addımlamasını, sosial dövlət kimi inkişafını şərtləndirən islahatlar proqramında aşağıdakı vacib sosial prioritetlər əksini tapıb:

- sosial rifahın yaxşılaşdırılması və yoxsulluğun kəskin şəkildə azaldılması;

- çadır şəhərciklərinin tam ləğvinə, qaçqın və köçkünlərin sosial-məişət problemlərinin həllinə nail olunması;

- həssas əhali qruplarının təminatının artırılması və sosial proqramların əhatəsinin ildən-ilə genişləndirilməsi, həssas təbəqədən olanların cəmiyyətin digər üzvləri ilə bərabər imkanlarının təmin edilməsi;

- sosial müdafiə sisteminin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi, səmərəliliyinin, əhatəliliyinin artırılması və əhaliyə əlçatanlığının, şəffaflığının tam təmin olunması;

- respublikanın regionlarının və iqtisadiyyatın qeyri-neft sahələrinin, özəl sektorun inkişafının təmin edilməsi şəraitində əmək tutumlu müəssisələrin, yeni iş yerlərinin yaradılması, əmək resurslarının tam və səmərəli məşğulluq imkanlarının artırılması və işsizliyin kəskin şəkildə azaldılması, həssas qruplar üçün inklüziv əmək bazarının inkişafı;

- əmək bazarında iqtisadiyyatın innovativ inkişafına uyğun bilik və bacarıqlara malik işçi qüvvəsinin yetişdirilməsi;

- layiqli əmək prinsiplərinə əsaslanan əmək bazarının formalaşdırılması;

- demoqrafik inkişafın və əhali sakinliyinin stimullaşdırılması.

Ötən dövr ölkə rəhbərinin düşünülmüş iqtisadi siyasətinin nəticəsi olan makroiqtisadi nailiyyətlərlə yanaşı, cəmiyyətin istək və iradəsini ifadə edən həmin istiqamətlərin hər biri üzrə praktik müstəvidə mühüm uğurların qazanılması ilə səciyyəvi olub. 2003-2017-ci illərdə milli iqtisadiyyatın 3,4 dəfə, o cümlədən qeyri-neft sektorunun 2,6 dəfə artdığı, strateji valyuta ehtiyatlarının 26,2 dəfə çoxalaraq bu ilin oktyabr ayının əvvəlinə 42 milyard dollar səviyyəsinə çatdığı, iqtisadiyyata 225 milyard dollar həcmində investisiyanın yatırıldığı, “Qlobal rəqabət qabiliyyəti” hesabatları üzrə 2005-ci ildəki 69-cu yerdən 34 pillə irəliləyərək 2017-ci ildə 35-ci yerə yüksələn ölkəmizdə eyni zamanda bütün çadır düşərgələrinin ləğvinə, məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksinin salınaraq bu təbəqədən olan 250 min insanın mənzil şəraitinin yaxşılaşdırılmasına nail olunub, 3 mindən çox məktəb, 600-dən artıq tibb ocağı, 40-dan çox olimpiya idman kompleksi tikilib və hazırda da bu proses davam etdirilir.

2003-2016-cı illərdə əhali gəlirlərinin 8 dəfə artması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri kimi əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün imkanların yaradılması və bu əsasda əhalinin gəlirlərinin dəstəklənməsi tədbirlərinin ardıcıl reallaşdırılmasının əyani təsdiqidir. Bu artım tendensiyası 2017-ci ildə də davam edib və cari ilin 11 ayında əhalinin nominal gəlirləri 8,2 faiz artaraq 43,4 mlrd manata, adambaşına düşən gəlirlər 7,2 faiz artaraq 4459 manata çatıb.

Ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən cəmi 9 il sonra - 2000-ci ildə BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə qoşulsa da, bu məqsədlərin icrasında, xüsusən də yoxsulluğun azaldılmasında böyük nailiyyətlərə imza atan ölkələrdən biridir. Məqsədyönlü dövlət proqramları, kompleks tədbirlər nəticəsində yoxsulluğun 5 faiz səviyyəsinə qədər azaldığı Azərbaycan BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gündəliyindəki öhdəliklərin icrasında da fəal iştirak edir. Məqsədlərdən 8-cisi inklüziv və dayanıqlı iqtisadi inkişafı, eləcə də hər kəs üçün tam və məhsuldar məşğulluğu nəzərdə tutur.

Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasında əmək resurslarının səmərəli məşğulluğuna şərait yaradılması ölkədə sabit rifahın təminatına yönələn kompleks tədbirlərin aparıcı sahəsi kimi müəyyən olunub. 2003-2017-ci illərdə respublikanın regionlarının tərəqqisi, ardıcıl dövlət dəstəyi şəraitində kiçik və orta sahibkarlığın genişlənməsi nəticəsində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı ölkədə əksəriyyəti daimi olan 1,6 milyondan çox və 2017-ci ilin 9 ayında 171 mini daimi olan 226 min yeni iş yerinin yaradılmasına, işsizliyin BƏT-in metodologiyası əsasında aparılmış hesablama ilə kəskin şəkildə azalaraq 5 faizə enməsinə, əmək bazarında sabitliyə nail olunmasına imkan yaradıb. Muzdla işləyənlərin sayı 2003-cü ildəki 1226,6 min nəfərdən 2017-ci il noyabrın 1-i vəziyyətinə 1517,8 min nəfərə çatmaqla 23,7 faiz çoxalıb.

Özəl sektorun ildən-ilə genişlənərək iqtisadiyyatda payının 80 faizi ötməsi onun məşğulluq səviyyəsinin yüksəlməsində rolunun artmasına imkan verib. Belə ki, 2003-2016-cı illərdə məşğul əhalinin sayında qeyri-dövlət sektorunda çalışanların xüsusi çəkisi 70,3 faizdən 75,4 faizə çatmaqla, mütləq ifadədə 796 min nəfər və ya 28,5 faiz artmışdır. Kənd təsərrüfatında ənənəvi sahələrin dirçəldilməsi respublika əhalisinin 47 faizinin yaşadığı kənd rayonlarında məşğulluq səviyyəsinin xeyli yüksəlməsinə və kənd əhalisinin gəlir imkanlarının artmasına şərait yaradıb. Statistik göstəricilərə görə, ev təsərrüfatlarında kənd təsərrüfatından adambaşına gəlirlərin 2003-2016-cı illərdə 5,8 dəfə artdığı müşahidə olunub.

2018-ci il ərzində də əmək bazarı göstəricilərində yaxşılaşma prosesinin davam edəcəyi, habelə iqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 839 min nəfərə, muzdla işləyənlərin orta illik sayının isə 1 milyon 555 min nəfərə və ya məşğul əhalinin 32 faizinə çatacağı proqnozlaşdırılır. Həmçinin 2005-2016-cı illərdə 4 dəfə, cari ilin yanvar-oktyabr aylarında 6,4 faiz artaraq 525,4 manat olmuş orta aylıq əməkhaqqının 2018-ci ildə 550 manata çatacağı gözlənilir.

Son illərdə kəskinləşən qlobal böhranın ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısının alınması üçün cənab Prezidentin rəhbərliyi ilə reallaşdırılan çevik və məqsədyönlü islahatlar paketi yeni iş yerlərinin açılması prosesinin davam etdirilməsinə, əmək bazarında gərginliyin baş vermə riskinin qarşısının alınmasına imkan yaratdı. Xüsusən dövlət başçısının sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü nəticəsində iri işəgötürənlər tərəfindən məşğulluq orqanlarına təqdim edilən vakansiyaların əvvəlki illərlə müqayisədə dəfələrlə artması bu orqanlara iş üçün müraciət edənlərin məşğulluğunun təminatını yüksəltdi və işsizliyin artması riskinin qarşısını aldı. Nəticədə, 2016-cı ildə məşğulluq orqanları tərəfindən əvvəlki illə müqayisədə 2 dəfədən çox olmaqla 56 631 nəfər münasib işlə təmin olundu. 2017-ci ildə də işəgötürənlərlə əməkdaşlıq müstəvisində aktiv tədbirlər davam etdirilib, bu ilin yanvar-noyabr aylarında məşğulluq orqanları tərəfindən 46 048 nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin olunub, 1143 nəfər haqqı ödənilən ictimai işlərə, 3511 nəfər (Dövlət Məşğulluq Xidməti tərəfindən 3226 nəfər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 285 nəfər) peşə hazırlığına və əlavə təhsil kurslarına cəlb edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması ilə bağlı müəyyən etdiyi əsas vəzifə həmin ailələrə gəlir imkanlarının artırılmasını, bunun üçün isə onlara məşğulluq imkanlarının yaradılmasını nəzərdə tutur. “Biz tədricən o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar” - deyə bəyan edən dövlət başçısının 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı sosial yardımdan asılı vəziyyətdə yaşayan aztəminatlı ailələrin özünüməşğulluq fəaliyyətinin qurulması üçün dövlət tərəfindən aktivlər (mal və materiallar) formasında dəstəklənməsi yolu ilə onların aztəminatlılıqdan kiçik biznesə çıxış imkanlarına yiyələnmələri üçün uğurlu iş praktikasının formalaşmasına şərait yaratdı.

Sərəncamın icrası ilə bağlı ötən il institusional səviyyədə müvafiq hazırlıq tədbirləri, özünüməşğulluq proqramına cəlb olunacaq şəxslərin müəyyən edilməsi və onlar üçün biznesin təşkili üzrə təlim kurslarının keçirilməsi işləri görülməklə, 2017-ci ildə artıq aztəminatlı ailələrə aktivlərin verilməsinə başlanıldı. Cari ildə proqramın icrası olaraq 1232 aztəminatı ailəyə aktivlər verilərək, onların müxtəlif iqtisadi fəaliyyət növləri, əksərən kənd təsərrüfatı sahələri üzrə və biznes-planlarına uyğun şəkildə fərdi təsərrüfatlarını yaratmalarına nail olunub. “İşsizlikdən sığorta haqqında” qanunun qəbul olunması ilə növbəti ildə yaranacaq yeni maliyyə mənbəyi özünüməşğulluq proqramının əhatə dairəsinin əhəmiyyətli şəkildə genişləndirilməsində mühüm rol oynayacaq.

Ölkəmizdə işsizlikdən sığorta sahəsində qabaqcıl dünya təcrübəsindəki mütərəqqi cəhətləri özündə əks etdirən yeni “İşsizlikdən sığorta haqqında” qanunun qəbul olunması Azərbaycan Prezidenti cənab

İlham Əliyevin sosial müdafiə siyasətində məşğulluğun təminatının aparıcı istiqamət kimi müəyyən olunmasının növbəti bariz ifadəsidir. Bu qanun Azərbaycanda 2018-ci ilin əvvəlindən işsizlikdən sığorta sisteminin fəaliyyətə başlamasına, iş yerini itirmiş şəxslərin itirilmiş gəlirlərinin kompensasiyası ilə yanaşı, aktiv məşğulluq tədbirlərinin əhəmiyyətli şəkildə genişlənməsinə imkan yaradan İşsizlikdən Sığorta Fondunun formalaşmasına səbəb olacaq. Yeni maliyyə mənbəyinin yaradılması dövlət büdcəsinin vəsaitlərinə qənaət edilməsi ilə yanaşı, 2018-ci ildə məşğulluq sahəsində maliyyələşdirmə üçün ayrılan xərclərin cari ildəkinə nisbətən 3,2 dəfə artırılmasına imkan verəcək.

Gələn il ərzində İşsizlikdən Sığorta Fonduna toplanması gözlənilən 89 mln manat vəsaitin 37,6 faizinin və ya 33,5 mln manatının işsizliyə görə sığorta ödənişlərinə, 40,2 faizinin və ya 35,8 mln manatının isə özünüməşğulluq proqramının genişləndirilməsinə, yəni, əlavə olaraq 7 minə yaxın ailənin bu proqramla əhatə olunmasına yönəldilməsi nəzərdə tutulur. Proqrama cəlb olunan ailələrdə orta hesabla 4-5 nəfərin olduğunu nəzərə alsaq, təkcə bu il ərzində özünüməşğulluq proqramının 5-6 min nəfər civarında insanın rifahında müsbət dəyişikliklərə şərait yaratdığını, gələn il isə əlavə olaraq, daha 30-35 min insanın yaşayışında yaxşılaşmaya imkan verəcəyini qeyd etmək olar. Digər aktiv məşğulluq tədbirlərinin (peşə hazırlığı və əlavə təhsilin, əmək yarmarkalarının və əmək birjalarının, haqqı ödənilən ictimai işlərin, peşəyönümünə dair məsləhət xidmətlərinin təşkili və s.) genişləndirilməsi təmin olunacaq. Belə ki, fondun xərclərinin 6,8 faizinin və ya 6 mln manatının peşə hazırlığı və əlavə təhsil, ictimai işlərin təşkili və s. aktiv əmək bazarı tədbirlərinə ayrılması nəzərdə tutulub ki, bu da 2017-ci illə müqayisədə 3,7 dəfə çoxdur.

Bu gün Azərbaycanda dövlət məşğulluq siyasətinin güclənməsini ehtiva edən mühüm səbəblərdən biri də ölkədə müsbət demoqrafik şəraitin, yəni, əhalinin təbii artımının davam etməsidir. 2003-cü illə müqayisədə Azərbaycan əhalisinin sayı təqribən 1,6 milyon və ya 19,5 faiz artaraq 2017-ci il noyabr ayının 1-i vəziyyətinə 9883,3 min nəfərə çatıb. Azərbaycan demoqrafik baxımdan sabit inkişaf edən ölkə sayılır. 2006-2016-cı illər ərzində ölkədə əhalinin orta illik artım tempi 1,3 faizə yaxın olmuş və bu da Avropa ölkələri arasında ən yüksək göstəricilərdən hesab olunur. Ölkəmizdəki dayanıqlı inkişaf, səhiyyənin əsaslı tərəqqisinin müsbət təsirləri nəticəsində 2003-2016-cı illər ərzində doğulanda gözlənilən ömür uzunluğunun 72,3 yaşdan 75,2 yaşa yüksəlməsi şəraitində belə əhalinin yaş strukturu göstərir ki, Azərbaycan əhalisi cavandır və orta yaş 32,3 təşkil edir.

Əhalinin artımı hər il əmək bazarına daxil olan işçi qüvvəsinin artımını da şərtləndirir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əhalinin artımı çox müsbət göstəricidir və müsbət prosesdir. Azərbaycan əhalisi on milyona yaxınlaşır. Bu, yaxın gələcəkdə tarixi nailiyyət olacaq. Ancaq eyni zamanda, bu, bizim qarşımızda yeni vəzifələr qoyur. Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun” - deyə vurğulayıb. Dövlət başçısının tapşırığına əsasən, yeni Məşğulluq Strategiyasının layihəsinin hazırlanması zamanı da daim artan demoqrafik yükün əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi prinsipi diqqətdə saxlanılıb.

Məşğulluq sferasında dövlət siyasətinin güclənməsi məşğulluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi yönündə islahatlara başlanılmasını şərtləndirib. Hazırda bu istiqamətdə aparılan islahatlar aşağıdakı vacib hədəflərə yönəlib:

- məşğulluq orqanlarının fəaliyyətinin modernləşdirilmiş iş mexanizmləri əsasında qurulması və əmək bazarında rolunun artırılması;

- məşğulluq sahəsində sosial tərəfdaşlığın inkişafı;

- məşğulluq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi və bu sahədə fəaliyyətin strukturunun şaxələndirilməsi;

- məşğulluq orqanlarının peşə hazırlığı sisteminin regional şəbəkəsinin genişləndirilməsi

- əmək bazarının inkişafı üzrə vahid informasiya məkanının formalaşdırılması;

- əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə təkmil sistemin qurulması;

- peşəyönümü sahəsində yeni xidmətlərin yaradılması;

- əmək bazarına inteqrasiyada çətinlik çəkən şəxslər üçün aktiv əmək bazarı proqramlarının (kvota sistemi ilə paralel) hazırlanaraq tətbiq olunması.

Digər tərəfdən, əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması dövlət məşğulluq siyasətinin səmərəli icrası üçün aktual məsələlərdən birdir. Peşə təhsilinin və təliminin inkişafına dair Strateji Yol Xəritəsində də əksini tapan bu məsələnin həlli ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə Milli Observatoriyanın (müşahidə sisteminin) yaradılmasına başlanılıb, artıq onun konsepsiya sənədinin və fəaliyyət planının layihələri hazırlanıb və təkmilləşdirilir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunun mühüm uğurlarından biri - bu gün ölkəmizdə yalnız sosial risk və ehtiyacların doğura biləcəyi yoxsulluqdan minimum təminat vasitəsi olmayaraq, eyni zamanda, yoxsulluğun azaldılmasında əhəmiyyətli rol oynayan etibarlı sosial müdafiə sisteminin qurulmasıdır. Dünya Bankının Azərbaycanın sosial müdafiə sistemi ilə bağlı apardığı araşdırmalar nəticəsində bu sistemin ölkə əhalisinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə etdiyi və yoxsulluğun azaldılmasında mühüm rol oynadığı müəyyən olunub. 2017-ci ilin 9 ayında bu sistem vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası, 451 min nəfər aylıq və birdəfəlik sosial müavinət, 59,3 min nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdü, 97 min ailənin 400 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı, 16,3 min nəfərdən çox şəxs sosial xidmətlərlə təmin edilib. Göründüyü kimi, 2,3 milyona yaxın insan sosial müdafiə sistemi ilə əhatə olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu vasitəsilə hər ay bu istiqamətlər üzrə 326 milyon manatdan çox vəsait yönəldilir.

Təkcə son 5 ildə, yəni, 2012-2017-ci illərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən əmək, məşğulluq, sosial müdafiə sahələri ilə bağlı 80-dən çox fərman və sərəncam imzalanıb ki, bu sənədlər müvafiq sahələrdə qanunvericilik aktlarının təkmilləşdirilməsi və tətbiqi, idarəetmə sistemlərinin inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədlərini ifadə etməklə, ölkəmizdə sosial proqramların əhatə dairəsinin getdikcə genişlənməsinə səbəb olub. Məsələn, 27 dekabr 2013-cü il tarixli fərman beşdən çox uşağı olan ailələrdəki uşaqların aylıq sosial müavinətlə, 17 mart 2014-cü il tarixli fərman birinci qrup əlillərin (əmək pensiyası almaq hüququ olmayan) və 2014-cü il 11 avqust tarixli fərman Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin, 23 dekabr 2013-cü il tarxili sərəncam İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş şəxslərin Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təminatına başlanılmasına imkan verib. Beləliklə, bu gün Azərbaycanda 25-dən çox istiqamət üzrə aylıq və birdəfəlik müavinət təminatı, nazirliyin xətti ilə 10 kateqoriya üzrə vətəndaşlara Prezidentin aylıq təqaüdünün ödənişi aparılır.

Eləcə də dövlət başçısının 9 yanvar 2013-cü il tarixli sərəncamı sosial sifarişlər əsasında sosial xidmətlərin göstərilməsinə əsas yaratmaqla, bu növ xidmətlərlə təmin edilənlərin sayının 4 min nəfərdən çox artaraq 16,3 min nəfərə çatmasına səbəb olub. Son illərdə Sağlamlıq imkanları məhdud gənclər üçün Peşə Reabilitasiya Mərkəzi, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, Heydər Əliyev Fondunun sosial layihələrindən biri olaraq, dövlət uşaq müəssisələrinin məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi, yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacaq, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya müəssisəsi və s. yaradılmaqla sosial təminat sisteminin infrastrukturu və bu sistemin əhatə etdiyi vətəndaşların kateqoriyaları daha da genişləndirilib.

Eyni zamanda, Azərbaycan Prezidentinin 20 iyun 2014-cü il tarixli sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərini uğurla davam etdirməyə imkan verib və təkcə 2014-2017-ci illərdə həmin kateqoriyalara aid 1350 nəfərə yaxın şəxsə nazirlik tərəfindən mənzil verilib. Ümumilikdə indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6,1 min nəfər əlil və şəhid ailəsinin mənzillə təminatı həyata keçirilib. 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamlar isə 2014-2016-cı illərdə 2,1 minə yaxın müharibə əlilinin, bununla 2014-cü ilədək növbədə olanların hamısının, 2014-cü il ərzində növbəyə dayananların isə bir hissəsinin minik avtomobili ilə təminatına imkan verib. Bu vaxta qədər nazirlik tərəfindən minik avtomobili verilən müharibə əlillərinin sayı 5,9 minə yaxındır.

Sosial müdafiə sisteminin yoxsulluğun azaldılmasında əhəmiyyətli rola malik komponentləri sırasında ən mühüm yeri pensiya təminatı tutur. 2006-cı ilin əvvəlindən ölkəmizdə müasir sığorta-pensiya modelinə keçilməsi bazar iqtisadiyyatı şəraitində sosial rifah tələblərinə adekvat layiqli pensiya təminatı sisteminin formalaşdırılmasında əhəmiyyətli rol oynayıb. Bu sistemin müsbət nəticələri kimi, 2006-cı il yanvarın 1-dən 2017-ci ilin 1 oktyabr tarixinədək əmək pensiyalarının orta aylıq məbləği 6,8 dəfə artaraq 204 manata, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 7,7 dəfə artaraq 228 manata yüksəlib.

Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının 2017-ci ilin yekunları üzrə statistikasına əsasən, orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinə görə Azərbaycan postsovet ölkələri arasında ilk ikilikdə yer almaqla, 42,8 faizlik yaşa görə pensiya üzrə əvəzetmə əmsalı ilə 1-ci yerdə qərarlaşıb. 2017-ci ilin 1 oktyabr tarixinə isə bu göstərici daha da artaraq 43,4 faizə yüksəlib. Azərbaycanda yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər 1 faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbəti 0,5 faiz təşkil edir və əgər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının son açıqlamasında təqdim olunan məlumatlara nəzər salsaq, görərik ki, Fransa, Avstriya, İtaliya kimi inkişaf etmiş ölkələr də təqribən eyni səviyyədə göstəriciyə malikdirlər.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq pensiya təminatı sistemində cari ildə aparılan növbəti islahat tədbiri ölkəmizin sığorta-pensiya sisteminin dünyanın qabaqcıl təcrübəsi nəzərə alınmaqla və yeni çağırışlara uyğun olaraq təkmilləşdirilməsinə, ölkəmizdə layiqli pensiya təminatı sisteminin qurulmasında mühüm irəliləyişə imkan yaradıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş və dövlət başçısının 2017-ci il 1 may tarixli fərmanı ilə 2017-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliklər:

- respublikada tam sığorta əsaslı pensiya təminatı sisteminə keçilməsinə,

- vətəndaşların sığorta-pensiya sistemində daha fəal iştirakının stimullaşdırılmasına,

- şəxsin pensiya hüququnun onun sosial sığorta sistemindəki iştirak səviyyəsinə (bu sistemə verdiyi paya) əsasən müəyyən edilməsi, təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi kimi dünya pensiya praktikasında qəbul olunmuş ədalətli yanaşmanın tətbiqinə,

- yaşa görə əmək pensiyası hüququ qazandıqdan sonrakı dövrdə işləməkdə davam edən şəxslərin bu dövrdə fərdi hesablarında toplanan vəsaitlərdən pensiyalarını yenidən hesablamaq üçün hər 72 aydan bir istifadə imkanları qazanmalarına,

- adına fərdi uçot sistemində şəxsi hesab açılmış hər bir şəxsə bu hesabındakı pensiya kapitalını artırmaq üçün əlavə imkanların verilməsinə,

- tam sığorta prinsipinin tətbiqi şəraitində pensiya sisteminin maliyyələşmə qaydasının dəyişdirilərək öhdəliklərin maliyyə mənbələri əsasında fərqləndirilməsi və bu əsasda pensiya xərclərinin 1992-ci ilin 1 yanvarından əvvəlki dövrə aid hissəsi və bir sıra kateqoriyadan olan şəxslərin pensiyalarına əlavələrin formalaşdırdığı dövlət öhdəliklərinin dövlət büdcəsindən maliyyələşdirilməsi, bununla da pensiya sisteminin sığorta təminatı olmayan maliyyə yükünün minimallaşdırılaraq, resurs potensialının gücləndirilməsinə,

- nəticə etibarilə pensiya sisteminin maliyyə dayanıqlılığının möhkəmləndirilməsi və ölkədə layiqli pensiya təminatı imkanlarının gücləndirilməsi kimi iki mühüm məqsədin reallaşdırılmasına və s. şərait yaradıb.

Dəyişikliklərdən irəli gələn digər müsbət məqam pensiya məbləğlərində baza hissə anlayışının aradan qalxmasıdır ki, bu da artıq növbəti ildən hər il əmək pensiyalarının bütöv məbləğinin ölkə üzrə əməkhaqlarının əvvəlki ilin artım faizinə uyğun indeksləşdirilərək artırılmasını, nəticədə pensiyalarda əhəmiyyətli artımların edilməsini şərtləndirəcək. Onu da qeyd edim ki, hazırda 146,2 min işləyən pensiyaçı var və aparılan islahat tədbirləri zamanı onların maraqları daim nəzərə alınır. Məsələn, 2006-cı ilədək ölkədə işləyən pensiyaçılara yaşa görə əmək pensiyasının yalnız 50 faizi ödənilirdi və həmin il bu praktikaya son qoyulmaqla onlara pensiyalarının tam məbləğdə ödənilməsinə başlanılıb. 2017-ci il iyulun 1-dən pensiya qanunvericiliyində edilmiş dəyişikliklərin də elə ilk aylardan müsbət nəticəsi olaraq, qeyd edilən kateqoriyadan olan şəxslərin - yaşa görə əmək pensiyasına çıxdıqdan sonra işləməkdə və bununla da pensiya kapitallarını artırmaqda davam edən pensiyaçıların hər 72 aydan bir fərdi hesablarında toplanan sığorta vəsaitlərinə uyğun pensiya məbləğlərini yenidən hesablamaq hüququ yaranıb. Həmçinin işləyən əlilliyə görə pensiyaçılara əvvəllər pensiyanın yalnız baza hissəsi ödənilirdisə, 1 iyul 2017-ci ildən qüvvəyə minmiş yeni qayda bu kateqoriyadan olan şəxslərin pensiyanı tam məbləğdə almasını nəzərdə tutur.

Təbii ki, dövlət pensiya siyasətinin icra praktikasının uğurla davam etdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcə imkanlarının davamlı artımı da əsas, təminat vasitəsi kimi çıxış edir. Xüsusilə 2006-cı ildə ölkədə beynəlxalq standartlara uyğun sığorta-pensiya sisteminin qurulması, ödənilən sosial sığorta haqları üzrə fərdi hesabları əhatə edən müasir uçot sisteminin yaradılması fondun büdcə gəlirlərinin mütəmadi artımına şərait yaratdı. Fondun gəlirlərindəki bu artım tendensiyası xüsusilə də məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların ildən-ilə çoxalması ilə müşahidə edilib. Məsələn, sosial sığorta daxilolmalarında artım 2014-cü ildə 10,2 faiz, 2015-ci ildə 3,6 faiz, 2016-cı ildə 6,4 faiz təşkil edib, o cümlədən qeyri-büdcə sektorundan daxilolmalar üzrə artım müvafiq olaraq 13,5 faiz, 3,3 faiz və 5,8 faiz olub. 2017-ci ildə də Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artım tempi bu qurum tərəfindən sosial sığorta hesabına əhaliyə ödənişlər üzrə adekvat maliyyə təminatına imkan verib.

Belə ki, cari ilin 9 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə fondun büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz və ya 120 mln manat artaraq 1,5 mlrd manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar proqnozu 105,2 faiz icra olunmaqla 978 mln manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,1 faiz və ya 105,4 mln manat çoxdur. Daxilolmaların bu müsbət səviyyəsi fondun xərclərinin 97,8 faizini təşkil edən pensiya və müavinətlərin hər ay vaxtında maliyyələşdirilməsinə şərait yaradıb və cari ilin yanvar-sentyabr aylarında fondun əmək pensiyaları üzrə xərcləri 2,46 mlrd manat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 196 mln manat və ya 8,7 faiz artıb.

Ümumilikdə, fondun gələn ilki büdcəsi pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini davam etdirməyə və bu tədbirlər nəticəsində 2018-ci ildə əmək pensiyalarının orta aylıq məbləğinin 6,9 faiz artaraq 216,5 manata çatmasına imkan verəcəkdir.

Dövlət başçısının “Müasirləşmək, yeniləşmək siyasətimizin əsas mənasını, bizi inkişafa aparan yolun baş xəttini təşkil edir” prinsipinə uyğun olaraq, ölkədə idarəçilik praktikasının mütərəqqi təcrübələrə və innovativ yanaşmalara, elmi-texnoloji yeniliklərə istinad şəraitində modernləşdirilməsi məqsədilə aparılan proseslər milli əmək və sosial müdafiə sistemini də geniş şəkildə əhatə edir. Azərbaycan Prezidentinin tapşırıqlarının icrası olaraq, aparılan islahatlar nəticəsində son illərdə əmək və sosial müdafiə sahələrində hazırda beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilən avtomatlaşdırılmış sistemlər (Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi, avtomatlaşdırılmış pensiya təyinatı sistemi və s.) qurularaq, bu əsasda həmin sahələr üzrə 30-a yaxın elektron xidmətin əhalinin istifadəsinə verilməsi təmin olunub. Nəticədə, əmək və sosial müdafiə sahələri üzrə dövlət xidmətlərinin müasir əsaslar üzərində, məmur-vətəndaş kontaktları olmadan şəffaf şəkildə təşkili, bu xidmətlərin əhalinin aidiyyəti qruplarına əlçatanlığı təmin edilib. Əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə böyük sosial tələbin və ictimai marağın ifadəsi kimi, ötən dövrdə həmin e-xidmətlərdən 22,3 milyon dəfə istifadə olunub.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Biz 2017-ci ili bütövlükdə iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə, uğurlarla başa vururuq. Bir daha göstəririk ki, Azərbaycanda inkişaf dayanıqlıdır və uğurludur”. Dövlət başçısının təkmil inkişaf strategiyası ötən dövrdə olduğu kimi, 2018-ci ildə də bütün sahələrdə, o cümlədən əmək, məşğulluq və sosial müdafiə sahələrində yeni-yeni tarixi nailiyyətlərin qazanılmasına, ölkəmizdə sosial rifah halının yüksəldilməsi istiqamətində növbəti mühüm irəliləyişlərə imkan verəcəkdir.

 

Səlim MÜSLÜMOV,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.- 2017.-23 dekabr.- S.1; 5.