Dünya Azərbaycanın haqq işinə dəstək verir

 

Paraqvay Deputatlar Palatası Xocalı soyqırımını tanıdığını bəyan edib

 

Azərbaycanlılara qarşı  erməni vandallarının törətdiyi soyqırımına, terror və qətliamlara, 1991-1993-cü illərdə işğal  etdikləri rayonlarda daha dəhşətli və amansız olması faktlarından bir qisminə nəzər yetirmək kifayət edər ki, daşnakların qurduğu Ermənistanın nəinki yerləşdiyi Cənubi Qafqaza, hətta bəşəriyyətə təhlükəli olması təsdiqlənsin. Konkret desək, ermənilər bir əsrdə milyon yarımdan artıq azərbaycanlını qətlə yetirmişlər.

Bu gün erməni təbliğat maşını bütün dünyada qondarma erməni soyqırımı adı altında yalan, iftira yaymaqla məşğuldur. Əlimizdə bu böhtan və yalanları ifşa etmək üçün istənilən qədər, hətta beynəlxalq birliyi dəhşətə gətirə biləcək konkret faktlar var. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Belə amansızlıqlarla üzləşən xocalılıların müsibəti isə nə dilə gətiriləsi, nə də yazılasıdır.  Bir gecənin içərisində ermənilərin  Xocalıda törətdiyi soyqırımının  tanıdılması istiqamətində Azərbaycan diplomatiyasının yürütdüyü siyasət son on ildə özünü daha qabarıq formada göstərməkdədir. Bu da təcavüzkar Ermənistanın nəinki Cənubi Qafqazda, əslində, Avropadünya xalqları üçün necə təhlükə olduğunu təsdiqləyir.

Aparılan  məqsədyönlü təbliğat nəticəsində inkişaf etmiş Avropa və Şərq dövlətləri, bir sıra beynəlxalq nüfuzlu təşkilatlar Xocalı soyqırımını tanımış və Ermənistanın işğalçılıq siyasətini pisləyərək, zəbt edərək əsarətdə saxladığı Azərbaycan ərazilərini dərhal və qeyd-şərtsiz boşaltmağı tələb edən ölkə və dövlətlərin sayı ildən-ilə artmaqdadır.

1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımının pislənilməsi və  bu qətliamın 26-cı ildönümünün anılması münasibətilə həmrəyliyin ifadə edilməsi barədə bəyanat qəbul edən təşkilatlardan, rəsmi  dövlət qurumlarından biriParaqvay Respublikasının Deputatlar Palatasıdır.

Paraqvay Parlamentinin rəsmi saytında yerləşdirilən bəyanatda qeyd edilir ki, Xocalı qətliamı Ermənistanla Azərbaycan arasındakı  həllini gözləyən münaqişənin hərbi fazasının üç ili ərzində Xocalıda mülki əhalinin məruz qaldığı ən böyük hücum olub, nəticədə etnik xarakterli səbəblərə görə 63 uşaq, 106 qadın və 70  nəfər yaşlı insan olmaqla 613 azərbaycanlı qətlə yetirilib, 1275 sakin əsir düşüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil.

Soyqırımına məruz qalanların 76-sının uşaq olmaqla, 487 nəfər Xocalı sakininin şikəst edildiyi, 26 uşağın hər iki valideynini və 130-nun isə valideynlərindən birini itirməsi barədəki ürəkağrıdıcı faktlar da bəyanatda öz əksini tapıb. Bu faktın Azərbaycan  dövlətinin müxtəlif qurumları və müstəqil mənbələr tərəfindən tam sənədləşdirildiyi qeyd olunub.

Paraqvay Deputatlar Palatasının bəyanatında BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd (822, 853, 874 və 884 nömrəli) qətnamə təcavüzün dayandırılmasında, diqqətin qurbanlara yönəldilməsində və Azərbaycanın 20 faiz torpağının Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin həlli yolunda mühüm sənəd  kimi  təqdir edilir.

 Deputatlar Palatası qeyd olunanları və beynəlxalq humanitar hüququn əsas prinsip və normalarına hörmət edilmədiyini əsas tutaraq 1992-ci ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımını pislədiyini və bu insanlıq əleyhinə cinayətin 26-cı ildönümünün anılması münasibətilə Azərbaycan xalqına öz həmrəyliyini ifadə etdiyini bəyan edib.

Sənəddə bir sıra dövlətlərin Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş bu soyqırımı və insanlıq əleyhinə cinayəti pislədiyi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının qınanıldığı, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə etdikləri  xüsusi vurğulanıb.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2017.- 23 dekabr.- S.13.