Bakıda ISESCO üzrə Azərbaycan Milli Komissiyasının növbəti iclası keçirilib

 

Dekabrın 22-də Bakı Biznes Mərkəzində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının ikinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası komissiyanın sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq komissiyada müxtəlif dövlət qurumlarının üzvlərinin təmsil olunduğunu bildirib. Komissiya üzvlərinin təsdiq edilməsi ilə bağlı ölkə rəhbərinin müvafiq Sərəncamını komissiya üzvlərinin üzərinə böyük bir məsuliyyət qoyduğunu vurğulayıb. Ə.Qarayev diqqətə çatdırıb ki, 2015-ci il noyabrın 23–27-də Bakıda keçirilmiş ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının iclası Sərəncamda xüsusi qeyd edilir. Həmin iclasda Azərbaycan növbəti üç il müddətinə Baş Konfransın sədri seçilib.

Bu il komissiyanın işi kifayət qədər zəngin olub. Biz istər ölkə daxilində, istərsə də xaricdə keçirilən tədbirlərin təşkilində yüksək səviyyədə iştirak etmişik. Milli Komissiyanın ikinci iclası ölkəmizdə təşkil olunmuş beynəlxalq tədbir ərəfəsinə təsadüf edib. Bizim üçün xoşdur ki, ISESCO-nun baş direktoru Әbdüləziz Osman əl-Tuveycri də bu tədbirdə iştirak edir. Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı olub. 2018-ci il Azərbaycanın mədəniyyət xəzinəsi hesab edilən Naxçıvan ISESCO-nun “Mədəniyyət paytaxtı” olub. İnanıram ki, Naxçıvan şəhərləri bu missiyanın öhdəsindən yüksək səviyyədə gələcək. Bütün bunlar Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymət kimi təqdirəlayiqdir”.

Son zamanlar görülən işlərə toxunan nazir deyib ki, Bakıda ISESCO-nun saytı yaradılıb. Ölkəmizin bayrağı ISESCO-nun keçirdiyi bütün tədbirlərdə birinci sırada dalğalanır. “Azərbaycan hökumətinin, şəxsən Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İslam dünyası ilə əlaqələrin güclənməsi istiqamətindəki fəaliyyəti nəticəsində ölkəmizin İslam dünyasına, mədəniyyətinə inteqrasiya prosesləri çox fəal şəkildə həyata keçirilir. Komissiya üzvləri bu işin davamına və münasibətlərin daha da yüksək səviyyədə qurulmasına öz töhfələrini əsirgəməməli, daha da geniş miqyasda fəaliyyət göstərməlidirlər”.

Tədbirdə ISESCO-nun baş direktoru Әbdüləziz Osman əl-Tuveycri çıxış edərək Azərbaycan ISESCO əlaqələrindən danışıb. “Azərbaycanla ISESCO arasında əlaqələrin olduqca inkişaf edib. Azərbaycanın ISESCO ya üzv qəbul edildikdən bugünədək çox böyük inkişaf yolu keçib. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva həmişə bizə böyük dəstək göstərib. Biz əlaqələrimizdən və nümunəvi tərəfdaşlıqdan məmnunluq hissi duyuruq. Mən Bakıda hər dəfə olanda yeni-yeni dəyişikliklərin şahidi oluram. Ölkənin bütün həyatında inkişaf var. Bu da ölkə başçısının uğuru, düşünülmüş siyasətinin nəticəsində ərsəyə gəlib. Bu gün müsəlmanlar arasında çox pis rəy yaradılır. Biz müsəlman dövləti olaraq bütün bunların önünə sədd çəkməliyik. Azərbaycan bizim müasir müsəlman aləminin mirvarisidir. Azərbaycanın getdiyi yol sabitlik, inkişaf yoludur. İslam dünyası bu ölkədən çox şeylər götürə bilər”.

Tədbirdə Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov 2018-ci ildə İslam dünyasının paytaxtı kimi Naxçıvanda keçiriləcək tədbirlərdən danışıb və hazırlıq işləri ilə bağlı geniş məlumat verib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Naxçıvanın 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə əlaqədar təşkilat komitəsi yaradılıb. Naxçıvanda 210 məscid və 26 dini ziyarətgah fəaliyyət göstərir. Müstəqillik illərində Naxçıvanda yeni məscidlər tikilib, bir sıra məscidlər və tarixi abidələr yenidən bərpa olunub. Reallaşan çoxsaylı layihələr nəticəsində Naxçıvanın müasir siması yaradılıb. Bu layihələr 2018-ci ildə İslam aləminə təqdim olunacaq, islam dünyasının diqqətini Naxçıvana cəlb edəcək. Hazırlıq prosesinə 2017-ci ildə başlanıb. Naxçıvanın "İslam mədəniyyətinin paytaxtı" olması ilə bağlı loqotip, poçt markaları, döş nişanları hazırlanıb, İslam mədəniyyətinə dair abidələrdən Möminə Xatun türbəsi, Yusif Hüseynoğlu, Gülüstan türbələri və Qarabağlılar türbə kompleksinin ISESCO-nun siyahısına daxil edilməsi üçün təşkilati işlər görülüb, sənədlər aidiyyəti üzrə təqdim olunub".

 

Azərbaycan.- 2017.-23 dekabr.- S.15.

 

Sonra iclasda Azərbaycan və ISESCO arasındakı əməkdaşlıq, ISESCO Azərbaycan Milli Komissiyasının işi, ISESCO-nun Baş Konfransının funksiyaları və digər mövzular ətrafında müzakirələr aparılıb.