Çoxmədəniyyətliliyin və tolerantlığın Azərbaycanda tarixi ənənələri mövcuddur

 

Hər bir dövlətin tolerant və multikultural mövqeyi sözügedən dövlətin müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, müxtəlif dini konfessiyalara və bu istiqamətdə həyata keçirilən tədbirlərə münasibətində ortaya çıxır. AvropaAsiya qitələrinin qovşağında, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların kəsişdiyi ərazidə yerləşməsi Azərbaycanda mədəni və dini müxtəlifliyin, tolerantlıq ənənələrinin bərqərar olmasına zəmin yaratmışdır.

Lakin bu mədəni və dini müxtəlifliyə baxmayaraq, tarix boyu heç vaxt Azərbaycanda millidini zəmində qarşıdurma və ayrı-seçkilik baş verməmiş, müxtəlif mədəniyyətlərə, dinlərə və etnik qruplara mənsub insanlar təhlükəsiz şəkildə yaşamışlar. Hazırda da bu ənənə öz reallığını qoruyub saxlayır və Azərbaycanda mövcud olan müxtəlif millətlərin, dini konfessiyaların nümayəndələri qarşılıqlı hörmət, mehriban qonşuluq münasibətində yaşayırlar. Multikulturalizm ənənələrinin ölkəmizdə çox dərin köklərə sahib olmasının ən bariz nümunəsi kimi Şəki rayonunun Kiş kəndində Cənubi Qafqazda ən qədim kilsələrdən birinin yerləşməsi, Şamaxı şəhərində qədim məscidin olması, həmçinin Suraxanıda Atəşgah məbədinin olması faktlarını göstərmək kifayətdir.

Bəşəriyyət tarixində din həmişə mühüm rol oynamışdır. Ancaq müəyyən zaman kəsiyində dərrakənin, elmin müvəqqəti olaraq ön plana keçməsi dini kölgədə qoymuşdur. Analoji olaraq XX əsrdə sosializm, kommunizm, faşizm, milliyyətçilik və s. kimi vətəndaş ideologiyaları da bu rolu oynamışdır. Ancaq müasir zamanımızda din yenidən mühüm əhəmiyyət kəsb etməyə başlamışdır.

Tarixə nəzər salsaq görərik ki, müsəlmanlara qarşı mənfi münasibət hələ orta əsrlərdə yaranmağa başlamışdır. Həmin vaxtlarda bəzi qüvvələr tərəfindən xristianlığa rəqib sayılan İslama qarşı ədavət səlib yürüşlərinin başlanması üçün bəhanə olmuşdur. Bu gün dünyayademokratiya”, “tolerantlıq” adı altında dərs verməyə çalışan Qərb ölkələri “XXI əsrin kabusu islamofobiyadır” mövzusunda antiislam təbliğatı aparmağa çalışır. Ancaq sadə bir faktı nəzərə çatdırmaq lazımdır ki, 1572-ci il avqustun 23-də Parisdə otuz mindən çox protestant “düşmənə amansız divan tutmaq” adı altında vəhşicəsinə qətlə yetirilmişdir. Bu faktVarfolomey gecəsi” adı altında tarixə həkk olunmuşdur. Avropanın “multikulturalizm tarixi” belə faktlarla çox zəngindir.

Azərbaycanın dövlətçilik tarixində isə belə faktlara heç vaxt rast gəlinməmişdir. Azərbaycan xalqı həmişə qeyri-millətlərə, etnik qruplara hörmətlə yanaşmış, onların sərbəst yaşaması üçün hər cür şərait yaratmışdır. Belə ki, 1905-1906-cı illər erməni-müsəlman qarşıdurması, 1918-1920-ci illər rus-erməni birləşmələrinin Azərbaycan xalqına qarşı törətdikləri milli qırğınlara, soyqırımlarına baxmayaraq, məhz belə bir çətin zaman kəsiyində Azərbaycan Xalq Cümhuriyyətinin hökumət kabinetlərində müxtəlif millətlərin, dinlərin nümayəndələrinin fəaliyyət göstərməsi faktı ölkəmizin tolerantlıq mövqeyinin bütün tarixi dövrlərdə dünyaya örnək ola biləcək bir model olduğunun ən bariz nümunəsidir.

Müasir dövrdə beynəlxalq aləmdə etimadsızlıq mühiti formalaşmaqda, irqçilik, millətçilik, islamofobiya genişlənməkdə olduğu, etnikmilli dözümsüzlük az qala dövlət siyasəti səviyyəsinə yüksəldiyi bir vaxtda ölkəmizdə multikulturalizm, dinlərarası və mədəniyyətlərarası dialoq, tolerantlıq və harmonik etnik müxtəlifliyin özünəməxsus birgəyaşayış modeli formalaşaraq özünün ən yüksək səviyyəsinə çatmışdır. Elə bunun nəticəsidir ki, hazırda dünya ölkələri “multikulturalizmin Azərbaycan modelini mənimsəmək istəyir.

Ümummilli lider Heydər Əliyev hər zaman haqlı olaraq multikulturalizm ənənələrinin qorunub saxlanılmasını ölkəmizin demokratik inkişafının əsas prinsipi hesab etmişdir. Məhz bu uzaqgörən siyasətin nəticəsi idi ki, həmin dövrdə ölkəmizdə yaşayan bütün milli azlıqların hüquq və azadlıqlarının, həmçinin etnik-mədəni, dini dəyərlərinin qorunması nəticəsində Azərbaycan dönüşü olmayan multikulturalizm yoluna qədəm qoymuşdur. Ulu öndər tərəfindən əsası qoyulan multikulturalizm, tolerantlıq ənənələrinin qorunması və inkişaf etdirilməsi siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Məhz bu siyasətin nəticəsidir ki, bu gün multikulturalizm ənənələri ölkəmizdə özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Cənab Prezidentinqeyd etdiyi kimi, multikulturalizm artıq Azərbaycanda həyat tərzinə çevrilmişdir.

2008-2009-cu illərdə “Bakı prosesi” layihəsi əsasında Avropa Şurasının mədəniyyət nazirlərinin iclasına İslam Əməkdaşlıq Təşkilatının nazirlərinin dəvət edilməsi, dövlət başçısının göstərişinə əsasən Azərbaycanın 26 noyabr 2009-cu il tarixindən etibarən “Mədəni özünümüdafiə formalarının müxtəlifliyinin qorunması və təşviqinə dair” UNESCO Konvensiyasına qoşulması, 2011-ci ildən etibarən Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsi, “Multikulturalizm ili” çərçivəsində 2016-cı ilin yanvar ayının 15-də Bakıdakı “Heydər” məscidində “vəhdət namazı” şüarı ilə şiə və sünni müsəlmanların bir yerdə cümə namazı qılması, elə həmin il Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ilielan edilməsi və digər bu kimi faktorlar Azərbaycanın mədəniyyətlərin, sivilizasiyaların, dinlərin dialoq məkanına çevrilməsinin və ölkəmizin multikulturalizm və tolerantlıq baxımından dünya dövlətlərinə nümunə ola biləcək bir ölkəyə çevrilməsinin ən bariz nümunəsidir.

 

Lamiyə QARAYEVA,

Azərbaycan Respublikası Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların

yenidən hazırlanması fakültəsinin magistrantı

 

Azərbaycan.- 2017.-29 dekabr.- S.6.