Dənizkənarı Milli Parkda “Qış nağılı” festivalı başlanıb

 

Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il bayramı ilə əlaqədar olaraq dekabrın 30-da Dənizkənarı Milli Parkda paytaxtımızın sakinləri və qonaqları olan uşaqlar üçün “Qış nağılı” festivalına start verilib. Festival Bakı Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilir.

AZƏRTAC xəbər verir ki, 2018-ci il yanvarın 3-dək hər gün saat 13:00–dan 18:00–dək uşaqları cizgi filmlərinin qəhrəmanları gözləyəcək.

Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov AZƏRTAC-a müsahibəsində bildirib ki, festivalın keçirilməsində məqsəd bayram günlərində uşaqların nağıllar aləminə səyahətini təşkil etməkdir. Festival çərçivəsində BalacaKarlsonun, Maşa və Ayının sərgüzəştləri balacalara sevinc dolu anlar bəxş edəcək, Şaxta babaQar qız uşaqlarla rəqs edəcək, ölkənin ən yaxşı animatorları Karib dənizinin quldurları kostyumlarında əyləncəli oyunlar keçirəcəklər. Moskva teatrının “Maşa və Ayı”, “BalacaKarlson” tamaşaları uşaqları Yeni il nağılına aparacaq. Şəhərin ən yaxşı artistləri uşaqlarla birlikdə Yeni il bayramını A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasında yerləşən meydançada qeyd edəcək. Bayram günlərində müxtəlif uşaq kollektivləri, rəqs ansamblları, teatr tamaşaları nümayiş olunacaq, əyləncəli viktorinalar keçiriləcək.

“Qış nağılı” adlı əyləncəli şənliyin ilk günündə Bakı Dənizkənarı Milli Parkında 100-dən çox uşaq, onların valideynləri və şəhərimizin qonaqları toplaşıb. Nağıl qəhrəmanları uşaqları salamladıqdan sonra uşaq kollektivlərinin çıxışları başlanıb. Balacalar səhnədə Azərbaycan və xarici ölkələrin rəqs nömrələrini, maraqlı səhnəcikləri izləyiblər, viktorinalarda iştirak ediblər. Bayram tədbiri hər kəsdə xoş ovqat yaradıb. Giriş sərbəstdir.

 

Azərbaycan.- 2017.- 31 dekabr.- S.6.