İlham Əliyev Azərbaycan bayrağını bütün Qarabağda dalğalandıracaq”

 

Prezident İlham Əliyevə ünvanlanan minnətdarlıq məktubları işğaldakı torpaqların tezliklə azad ediləcəyinə vətəndaşların əminliyini ifadə edir

 

Yanvarın 24-də Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edildiyi kimi, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Cocuq Mərcanlı kəndi tezliklə bərpa ediləcək və illərdir torpaq həsrətində olan soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. Prezident İlham Əliyevin qətiyyətli və ardıcıl siyasəti hər birimizdə əminlik yaradır ki, işğal olunmuş torpaqlarımız son qarışına kimi düşmən tapdağından azad ediləcək. Bununla bağlı Prezident İlham Əliyevə ünvanlanan minnətdarlıq məktubları Cəbrayıl sakinlərinin dərin sevincini, həmçinin torpaqlarımızın tezliklə azad ediləcəyinə yüksək inamlarını və əminliklərini təsdiq edir.

 

Böyük qayıdışın ilk müjdəsi

 

Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzalanan sərəncamı ürəkdən alqışlayan rayon sakini Rəhim Rəhimov yazır ki, bu qərar işğal edilmiş torpaqlarımıza böyük qayıdışın ilk müjdəsidir. O daha sonra qeyd edir ki, artıq Cocuq Mərcanlıda yaşayanların başı üzərində üçrəngli dövlət bayrağımız dalğalanacaq.

Sizin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası üçün verdiyiniz sərəncam bütün xalqımızın sevincinə səbəb oldu. Biz bir daha əmin olduq ki, işğal altında olan torpaqlarımız müdrik Prezidentimizin rəhbərliyi ilə nəyin bahasına olursa olsun, tezliklə azad ediləcək, bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar”. Bunu Mustafa Şirinov yazır və qeyd edir ki, cəbrayıllılar həmişə Prezident İlham Əliyevi dəstəkləyir və bundan sonra da dəstəkləyəcəklər.

Cəbrayılın Horovlu kəndindən olan Teymur Allahverdiyev, Mirməsmə Kərimova, Reyhan Abbasova, Babək Kərimov və Xəyyam Ərəbov Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı verdiyi sərəncama görə Prezident İlham Əliyevə ailələri adından dərin təşəkkürlərini bildirirlər.Bu qayıdışın tezliklə işğalda olan bütün torpaqlarımızı əhatə edəcəyinə inanırıq. Gün o gün olsun ki, işğaldan azad ediləcək digər kənd və qəsəbələrimizin bərpası ilə əlaqədar belə sərəncamlar imzalayasınız” yazan məktub müəllifləri Cənab Prezidentin uğurlu siyasətini dəstəklədiklərini bildirir və sevinclərinin davamlı olmasını arzulayırlar.

 

Xalqda böyük ruh yüksəkliyi yaranıb

 

Prezident İlham Əliyevə təşəkkür edən Fəxrəddin Rəhimov da Cəbrayıldan olan məcburi köçkündür. O məktubunda qeyd edir: “Biz cəbrayıllılar Sizin Cocuq Mərcanlı kəndində 50 evin və məktəb binasının tikintisi ilə bağlı sərəncamınızı çox yüksək dəyərləndiririk. Biz tam əminik ki, Cəbrayıla qayıdış başlayır. Bildirmək istəyirik ki, həmişə olduğu kimi, bundan sonra da dövlətimizə və dövlətçiliyimizə sədaqətli olacağıq”.

Sizin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı verdiyiniz sərəncam bizi çox sevindirdiböyük ruh yüksəkliyi yaratdı”. Bunu Prezidentə məktubunda yazan daha bir Cəbrayıl sakini Elsevər Kalbaliyev qeyd edir ki, Cocuq Mərcanlının bərpası mənfur ermənilərə bu torpaqların sahibinin olması barədə mesajdır. O daha sonra yazır: “Çox hörmətli Prezident, biz əminik ki, Sizin sayənizdə bütün torpaqlarımız tezliklə işğaldan azad ediləcək”.

 

Güclü dövlət, qüdrətli Ordu, cəsarətli Prezident

 

Cəbrayıl rayonunun 3 saylı qəsəbə sakinləri Əkbər Əhmədov və Əziz Məmmədov da Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar. Məktubda yazılır: “2016-cı ilin aprelində qoşunların təmas xəttində baş verən döyüşlərdə ordumuzun düşmənə sarsıdıcı zərbələr vurmasının, minlərlə hektar torpağımızın işğaldan azad olunmasının əməli nəticəsi kimi Cocuq Mərcanlı kəndinin bərpası üçün imzaladığınız sərəncam Qarabağ torpaqlarına qayıdışın ilk müjdəsidir. Buna görə Sizə minnətdarlığımızı bildiririk. İnanırıq ki, Qarabağımızın işğaldan azad ediləcəyi gün uzaqda deyil. Sizə uzun ömür, möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayırıq”.

Yeganə Ağayeva və Zivər Surxayova isə Cəbrayıl rayonunun 4 saylı qəsəbə sakinləridir. Onların Prezident İlham Əliyevə minnətdarlıq məktubunda yazılır: “Cocuq Mərcanlı kəndinin bərpası üçün verdiyiniz sərəncamı hər bir qarabağlı böyük sevinclə qarşıladı. Aprel döyüşləri sübut etdi ki, bizim güclü dövlətimiz, qüdrətli ordumuz və cəsarətli Prezidentimiz var. Cənab Prezident, Siz torpaqlarımızın işğaldan azad edilməsi üçün səylə çalışırsınız. İnanırıq ki, biz hamımız yaxın vaxtlarda həmin torpaqlara qayıdacağıq. Bu işdə Sizə böyük ümidlər bəsləyir və uğurlar arzulayırıq”.

Cəbrayıl rayonunun Soltanlı kəndinin sakini Aygün Hüseynova da Prezident İlham Əliyevə məktub ünvanlayıb. Məktubda yazılır: Aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığınız sərəncam işğal altındakı torpaqlarımızın azad olunması, bərpası və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması istiqamətində böyük qayıdışın başlanğıcıdır. Bu sərəncam xalqımız, xüsusən də Cəbrayıldan olan köçkünlər üçün olduqca xoş xəbərdir”. Məktubda qeyd olunur ki, Cocuq Mərcanlının işğaldan azad edilməsi Şuşaya, Laçına, Kəlbəcərə, Qubadlıya və işğal altında olan digər torpaqlarımıza qayıdışa yol açır. Aygün Hüseynova daha sonra yazır: “Cənab Prezident, Sizin qətiyyətli və ardıcıl siyasətiniz hər birimizdə əminlik yaradır ki, işğal olunmuş torpaqlarımız son qarışına kimi düşmən tapdağından azad ediləcək və biz məcburi köçkünlər öz doğma torpaqlarımıza qayıdacağıq”.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.- 2 fevral.- S.1, 2.