Kənd təsərrüfatı aparıcı sahəyə çevrilir

 

Hər bir ölkənin inkişaf dinamikasını şərtləndirən əsas sahələrdən biri kənd təsərrüfatıdır. Təsadüfi deyil ki, regionların inkişafına yönəldilən dövlət proqramlarında bu sahənin inkişafı məsələlərinə xüsusi yer verilmişdir. Birinci proqramın icrasına başlandığı 2004-cü ildən bəri aqrar sahədə aparılan ardıcıl tədbirlər ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm irəliləyişlərə yol açmışdır.

Qeyri-neft sektorunun inkişafının önə çəkildiyi postneft dövründə isə kənd təsərrüfatının əhəmiyyəti daha da artmışdır. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda aqrar sahədən geniş bəhs edilməsi bunu bir daha təsdiqləyir.

Keçən il Azərbaycanda görülmüş operativ tədbirlər nəticəsində bu sahədə inkişaf təmin edilmiş, 2015-ci ilə nisbətən məhsul istehsalı 2,6 faiz artmışdır. Bitkiçilik məhsullarında artım 2,5, heyvandarlıq məhsullarında 2,8 faiz təşkil etmişdir. Ümumiyyətlə, 2016-cı il aqrar sektorun çoxsahəli və şaxələndirilmiş inkişafında dönüş ili olub. Artım əksər məhsulların istehsalında müşahidə edilib. Məsələn, barama 300 dəfə, soya 2,8 dəfə, pambıq 2,5 dəfə, yaşıl çay yarpağı 75 faiz, şəkər çuğunduru 73 faiz, düyü 72 faiz, buğda 2,8 faiz, kartof 4,5 faiz artıb.

Bir sıra unudulmuş bitkiçilik sahələrinin dirçəldilməsinə başlanıb və ilk nailiyyətlər əldə edilib. Belə ki, 24 rayonda təxminən 90 min ton məhsul toplanıb. 4300 pambıq istehsalçısı 40 milyon manatdan çox pul qazanıb. Yaxın günlərdə isə onlar əlavə olaraq 9 milyon manat həcmində subsidiya da alacaqlar.

Mövsüm ərzində dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin hamısının məhsulu biçilərək 2 milyon 84 min 200 ton taxıl götürülüb. Hər hektardan orta hesabla 29,5 sentner məhsul yığılıb.

Bundan əlavə, 2015-ci ilə nisbətən 9,8 min ton dən üçün qarğıdalı toplanıb. Başqa sözlə, qarğıdalı dəni də nəzərə alınmaqla ölkədə ümumi taxıl istehsalı 2016-cı ildə ondan əvvəlki illə müqayisədə 2,2 faiz artıb və 3 milyon 65 min 100 tona çatıb.

Prezident İlham Əliyev aqrar sahəyə daim böyük diqqət yönəldir, bu sahənin həm inkişaf, həm məşğulluq, həm də ixracın artırılmasında mühüm rolunu vurğulayır. Bunun nəticəsidir ki, son dövrlərdə su anbarlarının tikintisi, su qurğularının quraşdırılması istiqamətində görülmüş genişmiqyaslı işlər keçən ildavam etdirilib. Kənd təsərrüfatını stimullaşdırmaq üçün həyata keçirilən meliorasiya tədbirləri sayəsində yüz minlərlə hektar torpaq cana gəlib, yeni suvarılan sahələr dövriyyəyə buraxılıb.

Kənd təsərrüfatında qazanılan nailiyyətlər dövlətin bu sahədə çalışan sahibkarlara dəstəyindən qaynaqlanır. 2004-cü ildən bəri Azərbaycan sahibkarlarına təxminən 2 milyard manat güzəştli kreditin verilməsi bu dəstəyi təsdiqləyən faktlardandır.

Fermerlərin kənd təsərrüfatı texnikaları, gübrə və pestisidlərlə təminatında olan çətinliklərə də artıq son qoyulub. Belə ki, son üç ildə 11 min, keçən il 4,4 min müxtəlif kənd təsərrüfatı texnikaları, 240 min ton mineral gübrə və pestisid gətirilərək 40 faiz güzəştlə lizinqə və 70 faiz güzəştlə satışa verilib.

Sözügedən konfransda kənd təsərrüfatının demək olar ki, bütün sahələrindəki mövcud vəziyyət və perspektivlər barədə ətraflı danışılmışdır. Məsələn, keçən il 70 ton yaş barama tədarük olunduğu halda, bu il həmin rəqəm 120 tona çatdırılacaq. Baramaçılıq ölkənin 37 rayonunda inkişaf etdirilir. Bu, 2019-cu ildə Azərbaycanda barama istehsalının 1300 tona çatacağına imkan verəcək.

Valyuta gətirən sahələrdən olan fındıqçılığın inkişafı üçün də tədbirlər görülür. Bu sahəyə dövlət dəstəyinin göstərilməsi nəticəsində xeyli fındıq pöhrələri tədarük edilib. Əlverişli torpaq, iqlim şəraitinə malik 13 min hektara yaxın sahədə yeni fındıq bağları salınıb. Bu, bir ildə mövcud bağların 37 faizdən çox genişləndirilməsi deməkdir. Fındıq bağlarının sahəsi hələ 2-3 dəfə artırılacaq.

30-40 min hektar sahədə şəkər çuğundurunun əkilməsi müəyyənləşdirilib. Bu sahələrdən toplanan məhsul şəkər emalı zavodunu xaricdən xammal gətirmək problemindən azad edəcək.

Eləcə də üzümçülüyün şöhrəti özünə qaytarılmalıdır. Xarici bazara daha çox şərabçılıq məhsulları çıxarılmalıdır. Hazırda cəmi 3 milyon yarım dollar dəyərində məhsul ixrac edilir. Azərbaycan kimi üzümçülüyü inkişaf etdirməyə geniş imkanları və yetişdirilən məhsulu emal etməyə təcrübəsi olan bir ölkə üçün bu, azdır. Ona görə də dövlət bu sahəyə dəstək verərək üzümçülüyün və şərabçılığın gəlir gətirməsi üçün tədbirlər müəyyənləşdirmişdir.

Qarşıya xurma, nar, badam, zeytunbir sıra digər qiymətli, faydalı meyvələrin istehsalını artırmaq məqsədi də qoyulub. Çünki həm ölkə əhalisinin bu məhsullara tələbatı tam ödənilməli, həm də onların ixracı təmin edilməlidir.

Məlum olduğu kimi, indi heyvandarlığın inkişafında da bir sıra yeniliklər tətbiq olunur. Heyvandarlığı yalnız qapalı şəraitdə inkişaf etdirmək məqsədəuyğun sayılır. Çünki bu, daha səmərəlidir və eyni zamanda imkan verir ki, örüş torpaqlarından sərfəli istifadə olunsun. Onların təyinatı dəyişdirilir və mümkün olan yerlərdə əkin aparılır. Konfransda dövlət başçısı bu barədə belə demişdir: “Əlbəttə ki, səmərəsiz istifadə olunan örüş sahələrini biz əkinə cəlb etməliyik. Ancaq burada işlərimizi çox böyük dəqiqliklə aparmalıyıq. Bu, kortəbii surətdə kütləvi xarakter almamalıdır. Çünki bizə örüş sahələri də lazımdır. İndi müəyyənləşdirmək lazımdır ki, örüş sahələrindən harada normaya görə az istifadə olunur. Əlbəttə, hər bir sahəyə, hər bir yerə fərdi qaydada baxılmalıdır. Biz burada bir sahəni inkişaf etdirə, amma digər sahəyə ziyan vura bilərik”.

Dövlət başçısı Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, yerli icra orqanlarına bu məsələlərə diqqətlə baxmağı, düşünülmüş və əlaqələndirilmiş siyasət aparmağı tapşırmışdır.

Konfransda taxılçılığın inkişafı məsələləri üzərində də ətraflı dayanılmışdır. Bu da təsadüfi deyil. Taxılçılıq strateji sahədir. Ona görə də dövlət kömək göstərir ki, böyük fermer təsərrüfatları, aqroparklar yaradılsın və yetişdirilən taxılın həm məhsuldarlığı artsın, həm də keyfiyyəti yaxşılaşdırılsın. Kənd təsərrüfatında, o cümlədən taxılçılıqda bir çox məsələlər bir-birinə halqavari şəkildə bağlıdır. Taxılçılığın suvarma ilə, texnika və gübrə ilə təminatı ilə əlaqədar elə problemləri var ki, diqqət məhz onların həllinə yönəldilir. Burada başlıca məqsəd idxaldan asılılığı azaltmaqdır.

Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, idxalının azaldılması prioritetdirbununla bağlı atılan addımlar məmnunluq doğurur. 2016-cı ildə ixracın həcmi ondan əvvəlki ilə nisbətən 20,7 faiz artıb. Kartofsoğan istisna olmaqla, digər məhsulların ixracında artım baş verib. Xaricə satılan pomidorxiyardan 108, qoz və fındıqdan 24, gön-dəri xammalından 15, tütündən 8 milyon ABŞ dolları həcmində vəsait əldə olunub. Keçən il ilk dəfə arpa ixracına başlanıb və bu, 2,6 milyon dollar gəlir gətirib.

Bununla paralel olaraq bir sıra məhsulların idxalı da azalıb. İri və xırda buynuzlu heyvanların, diri ev quşlarının, yumurta, arpa, qarğıdalı kimi məhsulların idxalında xeyli azalma müşahidə edilib. Lakin xaricdən alınan malların həcminin azaldılması üçün daha geniş imkanlar var. Bu imkanlardan səmərəli istifadə edilməsi böyük vəsaitin ölkənin özündə qalmasına səbəb olar. Odur ki, idxalın azaldılması ixracın artırılmasından heçaz əhəmiyyət daşımır.

Dövlətimizin məqsədi də məhz Azərbaycanı daha da gücləndirmək, dayanıqlı inkişafa nail olmaqdır. Bu ümdə məqsədlərə çatmaqda iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatının qarşısına prioritet kimi qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi mühüm rol oynayacaq.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.- 2 fevral.- S.1, 2.