İslamidman həmrəyliyinin paytaxtı

 

İlham ƏLİYEV: “Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir”.

 

Mayın 12-22-də İslam dünyasının diqqəti Bakıya yönələcək. Azərbaycan daha bir nüfuzlu tədbirə - sayca IV İslam Həmrəyliyi Oyunlarına layiqincə evsahibliyi etməklə tarixini daha bir möhtəşəm nailiyyətlə zənginləşdirəcək. Həmin ərəfədə milyonlarla insanın qəlbi Azərbaycanda döyünəcək. İslamiadada iştirak etməklə yanaşı, bu idman tədbirinə evsahibliyi də hər bir dövlət üçün olduqca qürurverici haldır. Bu mühüm hadisə bir daha nümayiş etdirir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır.

İslam Həmrəyliyi Oyunları İslam Əməkdaşlığı Təşkilatına (İƏT) daxil olan ölkələri bir araya gətirir. Turnirin təşkilinə və keçirilməsinə 57 müsəlman ölkəsini özündə birləşdirən İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) nəzarət edir. Təsadüfi deyil ki, bu idman yarışına evsahibliyi uğrunda ölkələr arasında hələ illər öncədən ciddi mübarizə aparılır. Belə nüfuzlu bir yarışın Azərbaycanda keçirilməsi haqqında qərar İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş 8-ci Baş Assambleyasında 57 üzv ölkənin nümayəndələrinin səsverməsi yolu ilə təsdiq olunub. 2015-ci ilin aprel ayında isə IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın evsahibliyi etməsi barədə İHİF ilə müqavilə imzalanıb. Yarışa “Həmrəylik bizim gücümüzdür” şüarı seçilib.

2015-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunub.

Təşkilat Komitəsinin ötən 2 il ərzində məqsədyönlü fəaliyyəti digər təşkilatlara örnəkdir. Çünki İslamiadaya az vaxt qalmasına baxmayaraq, cəsarətlə deyə bilərik ki, müsəlman ölkələrinin federasiya nümayəndələri, ən yaxşı idmançıları, şəhərimizin qonaqları burada aparılan hazırlıq işlərindən, onlar üçün yaradılan ideal şəraitdən, insanlarımızın qonaqpərvərliyindən, bir-birindən modern idman arenalarından, xüsusən də təntənəli açılış mərasimindən heyrətə gələcəklər.

 

Həmrəylik Oyunları tarixində yeni mərhələ

 

Dünyanın 50-dən çox İslam dövlətinin 4 minədək idmançısının yarışacağı IV İslamiadanın paytaxtımızda keçirilməsi haqqında qərarın qəbulu iqtisadi qüdrətini getdikcə artıran Azərbaycanda son illər idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini bir daha nümayiş etdirdi. Ölkəmizin dünya miqyaslı yarışlara evsahibliyi etməsi və idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı uğurlar IV İslam Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbuluna təsir edən mühüm amillərdəndir.

Belə mötəbər tədbirin paytaxtımızda təşkili irimiqyaslı idman turnirlərinin keçirilməsində Azərbaycanın malik olduğu potensial imkanları bir daha nümayiş etdirəcək, müsəlman ölkələri arasında idman əlaqələrini genişləndirəcək, ölkəmizin beynəlxalq idman aləmində nüfuzunu artıracaq.

“Bakı-2017” İslam Həmrəyliyi Oyunları yarışlarının tarixində yeni mərhələ olacaq. Yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev oyunların təkcə idman deyil, böyük siyasi və mədəni tədbir olduğunu diqqətə çatdıraraq 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ilielan edibbunun xalqlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsində çox əhəmiyyətli addım olacağını bildirib: “Bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu da çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman aləminin həmrəylik oyunlarına biz evsahibliyi edəcəyik. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını keçirmişdir. Yəni bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, islam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün islama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq”.

 

“Bakı-2015”dən “Bakı-2017”yədək

 

Ümumiyyətlə, Azərbaycan böyük beynəlxalq yarışların keçirilməsi və ən yüksək səviyyədə təşkili cəhətdən artıq kifayət qədər təcrübəyə malikdir. “Bakı-2015” I Avropa Oyunları günlərində həyata keçirilən təşkilatçılıq işlərinə, möhtəşəm idman bazalarımıza, bütün əlaqədar təşkilatların birgə səylə nümunəvi fəaliyyətinə heyranlıqlarını gizlədə bilməyən xarici ölkə mütəxəssisləri, milli olimpiya komitələrinin rəhbərləri və üzvləri, ayrı-ayrı beynəlxalq federasiyaların nümayəndələri gələcəkdə öz ölkələrində mötəbər beynəlxalq yarışlar keçirməyə hazırlaşarkən Bakının təcrübəsindən istifadə edəcəklərini söyləyirdilər. Eyniliklə bu kimi fikirlərə İslamiadaya gedən hazırlıq prosesi çərçivəsində də rast gəlmək mümkündür.

Təşkilatçılıqla yanaşı, ölkələrin idman sahəsində qazandıqları nəticələr də çox vacib amillər sırasındadır. Sevindirici haldır ki, idmançılarımız həmişə onlara göstərilən etimadı doğruldublar. İki il öncə paytaxtımızda təşkil edilən və Avropa Oyunlarının standartlarını müəyyənləşdirən “Bakı-2015” eyni zamanda idmançılarımız üçün ən böyük qələbə meydanı oldu. Avropanın 50 ölkəsindən 6000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq 2-ci yeri tutublar.

Ötən il də Azərbaycan idman təqviminə qızıl hərflərlə yazıldı. Braziliyada keçirilən Yay OlimpiyaParalimpiya Oyunlarında idmançılarımız böyük uğurlar qazandılar. Olimpiya yığmamız 18 medalla (1 qızıl, 7 gümüş, 10 bürünc) 15-ci pillədə qərarlaşıb. Paralimpiyaçılarımız isə 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal qazanaraq ölkələr arasında 33-cü yeri tutdular.

Əminliklə söyləmək olar ki, “Bakı-2015” ilk Avropa Oyunlarını dostluq, həmrəylik və birlik bayramı kimi təşkil edən, Avropa və Şərq dəyərlərini birləşdirərək bəşəri əhəmiyyəti ilə dünya sivilizasiyasına layiqli töhfə verən Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını da eyni mütəşəkkilliklə keçirəcəkdir.

Mayın 12-22-də təşkil ediləcək “Bakı-2017”nin proqramına 24 idman növü - atletika, para-atletika, suya tullanma, üzgüçülük, su polosu, basketbol 3x3, futbol, bədii gimnastika, idman gimnastikası, uşu, stolüstü tennis, həndbol, cüdo, paracüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvondo və ağır atletika daxildir.

Yarışlar Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, “Baku Crystall Hall”, Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, Sərhədçi İdman Kompleksi, Azərbaycan Ağır Atletika Akademiyası, Dalğa Arena, “Bakcell Arena”, Bakı Atıcılıq Mərkəzi və Milli Gimnastika Arenasında keçiriləcək.

 

2 İslamiada, 39 medal

 

İslam dünyasının səbirsizliklə gözlədiyi sayca IV Həmrəylik Oyunlarının başlamasına 3 ay 10 gün vaxt qalıb. Beynəlxalq ictimaiyyət növbəti dəfə yüksək səviyyəli, möhtəşəm idman bayramının şahidi olacaq.

Xatırladaq ki, ilk İslam Həmrəyliyi Oyunları 2005-ci il aprelin 8-20-də Səudiyyə Ərəbistanın Məkkə, Mədinə və Ciddə şəhərlərində keçirilib. Turnirə 12 idman növü üzrə 103 idmançı ilə qatılan Azərbaycan yığması 15 medalla (4 qızıl, 4 gümüş və 7 bürünc) 8-ci pillədə qərarlaşmışdır.

I İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi aprelin 8-də Məkkədə keçirildi. Məkkə şəhərinin 3 kilometrliyində yerləşən, 80 min tamaşaçı tutan kral Əbdül-Əziz stadionunda keçirilən mərasimdə 53 ölkədən 5 minə yaxın idmançı iştirak edirdi. Tədbir Azərbaycan idmançıları və nümayəndələrinin stadiona daxil olması ilə başlandı. Ölkəmizin üçrəngli bayrağını taekvondo üzrə gənclər arasında Avropa çempionu İlkin Şahbazov aparırdı.

Ölkəmizə qızıl medalları karatedə Ceyhun Ağasıyev (75 kq), ağırlıqqaldırmada Natiq Həsənov (85 kq), Nizami Paşayev (105 kq) və baksetbolçularımız qazandırdılar. Gümüş medalı isə ölkəmizin hesabına karateçilərimiz Yusif Cəfərov (60 kq), Rəşad Hüseynov (70 kq) və ağırlıqqaldırmada Natiq Həsənov (85 kq) (2 medal) yazdırdı.

Karatedə Rəfael Ağayev (65 kq), taekvandoda isə Babək İsgəndərov (63 kq) bürünc mükafata sahib çıxdılar. Ağırlıqqaldırmada isə Əlibəy Səmədov (94 kq) və Nizami Paşayev (105 kq) hərəyə 2 bürünc medal qazandılar. Qılıncoynatma yığmamız da İslamiadanı 3-cü pillədə başa vurdu.

Tarixdə II İslamiada 2009-cu ildə İranda təşkil olunmalı idi. Lakin İranla ərəb ölkələri arasında yaranmış mübahisə ucbatından oyunlar baş tutmadı. Səbəbi isə iranlıların oyunların loqotipinə “Fars körfəzi” ifadəsini çıxarması, ərəblərin isə “Ərəb körfəzi” adında israrlı olması idi.

III İslam Həmrəyliyi Oyunları isə 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində keçirilib. 22 sentyabr - 2 oktyabr tarixlərində təşkil olunan turnirdə Azərbaycan 9 idman növü üzrə 53 idmançı ilə təmsil olunub.

Gelora Sriwijaya Jakabaringstadionunda oyunların təntənli açılış mərasimində bayraqdarımız ağırlıqqaldıran İntiqam Zairov olub. Turnirin yekununda idmançılarımız 24 medalla (7 qızıl, 8 gümüş, 9 bürünc) iştirakçı ölkələr arasında 7-ci yeri tutublar.

Bu möhtəşəm idman zəfərinə karateçilərimizin verdiyi töhfəni ayrıca qeyd etmək lazımdır. Ayxan Mamayev (84 kq) və Rəfael Ağayev (75 kq) qızıl, Niyazi Əliyev (67 kq) və Şahin Atamov (+84 kq) gümüş medala layiq görüldülər. Karateçilərimiz başqa bir uğura isə komanda döyüşündə imza atdılar. Finala çıxan komandamızın rəqibi İran millisi idi. Qonşu ölkənin karateçilərini təqdim etməyə ehtiyac yoxdur - komanda atletik, çəki baxımından güclü idmançılardan təşkil olunmuşdu. Lakin Azərbaycan karateçilərinin əzmkar mübarizəsi bəhrəsini verdi və komandamız güclü rəqibini məğlub edib İslamiadanın qızıl medalının sahibi oldu.

Yüngül atletika yarışlarında Hayle İbrahimovYekaterina Sarıyeva qızıl, Dmitri MarşinLayeş Abdullayeva isə bürünc medallara sahib oldular.

Ağır atletlərimizin isə qazandıqları medalların sayı diqqəti cəlb edir. Bu medallar arasında qızıl olmasa da, bir turnirdə beş ağırlıqqaldıranın - Əfqan Bayramov (77 kq), İntiqam Zairov (94 kq) və Silviya Angelovanın (49 kq) gümüş, Zülfüqar Süleymanov (62 kq) və Namiq Cəlilovun (85 kq) bürünc medal qazanması alqışa layiqdir.

Taekvondoçularımız da medalların sayı baxımından fərqləndilər. Ən yüksək nəticəni gümüş medalçı Günay Ağakişiyeva göstərdi. Üstəlik, Türkan Tahirli, Patimat Abakarova və Mikayıl Əliyev bürünc mükafatçılar sırasına düşdülər.

Üzgüçülər Boris Kirillov qızıl, Yevgeni Lazuka gümüşbürünc, kamandan oxatanlar Roman Vengerov, Aleksey KorpinZaur Qəhrəmanov komanda yarışında gümüş medal əldə etdilər. Uşu idman növündə isə Ruslan Pirəliyev (65 kq) qızıl, Elçin Eminov (56 kq) bürünc medalın sahibi oldular.

Dövlət başçısı İlham Əliyev III İslamiadada qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və idman mütəxəssisləri ilə görüşündə oyunların müsəlman aləmində əlamətdar hadisə olduğunu qeyd etmişdir: “Əlbəttə ki, bu, idman yarışıdır və böyük idman yarışıdır, eyni zamanda bu oyunlar İslam həmrəyliyini gücləndirən bir amildir. Siz Azərbaycanı ləyaqətlə təmsil etmisiniz. Bu qələbə bir daha onu göstərir ki, Azərbaycan idman dövlətidir, idman sürətlə inkişaf edir və qələbələrimizin səbəbləri məhz dövlət siyasətinin güclü olmasındadır... Azərbaycan müsəlman ölkəsidir, İslam aləminin ayrılmaz bir parçasıdır. Siyasi cəhətdən də biz həm müsəlman, həm Avropa qurumlarının üzvüyük. Azərbaycan nadir ölkələrdəndir ki, bu iki aləmdə təmsil olunur və ləyaqətlə təmsil olunur. Bizim dövlətimiz də məhz bu əsaslar üzərində qurulubdur. Ona görə hesab edirəm ki, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının Bakıda cəmi iki il ərzində keçirilməsi böyük siyasi məna daşıyır”.

Bu hələ son deyil. Qarşıda daha bir İslamiada və qazanılacaq medallar var. İnanırıq ki, IV İslam Həmrəyliyi Oyunları Azərbaycan idmançılarının doğma divarlar arasında növbəti zəfər meydanı olacaq.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 2 fevral.- S. 1, 5.