Gənclər siyasəti uğurla reallaşır

 

Gənc nəslin inkişafı üçün bütün səviyyələrdə lazımi addımlar atılır

 

Gənclərin bir hissəsini tələbələr təşkil edir. Tələbələr isə bütün ölkələrdə cəmiyyətin əsas sosial-siyasi qüvvələrindən biri hesab olunur. Gənc nəslin bu təbəqəsinin potensialından daha faydalı yararlanmaq, onların sosial aktivliyini artırmaq məqsədilə ali təhsil ocaqlarında təşkilatlar, klublar yaradılır. Bu baxımdan Azərbaycanda 2005-ci ildən aliorta ixtisas müəssisələri nəzdində yaradılan və hazırda bütün universitetlərdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları xüsusilə qeyd olunmalıdır.

Tələbələrin ümumi maraqlarını və könüllülük prinsiplərini əldə rəhbər tutan belə təşkilatların vəzifəsi gələcək kadrların ictimai həyatda fəallığını artırmaq, onların hüquq və maraqlarını müdafiə etmək, gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaqdır. Təşkilatlar öz fəaliyyətlərində Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrini, müvafiq aliorta ixtisas müəssisələrinin nizamnamələrini və öz əsasnamələrini əsas götürür. Təşkilatlar fəaliyyətlərini səmərəli qurmaq məqsədilə dövlət orqanları, qeyri-hökumət və beynəlxalq təşkilatlarla da əməkdaşlıq etmək imkanına malikdirlər.

Azərbaycan Kooperasiya Universitetində (AKU) yaradılan Tələbə Gənclər Təşkilatı öz işini dövlət gənclər siyasətinin həyata keçirilməsi amalında qurub və AKU rəhbərliyinin dəstəyi ilə səmərəli fəaliyyət göstərir. Fəaliyyətə başladığı 2006-cı ildən ötən dövr ərzində təşkilat mühüm uğurlara imza atıb. Nəzdində mərkəzlər (Mədəniyyət mərkəzi, Xarici dillər mərkəzi, İnformasiya texnologiyaları mərkəzi, Daxili nəzarət mərkəzi), klublar (Velosiped klubu, Şən və hazırcavablar klubu), departamentlər (İnsan resursları departamenti, İctimaiyyətlə əlaqələr departamenti, Elm-təhsil departamenti) yaradan təşkilat AKU-nun fəal tələbələrini üzə çıxararaq ətrafına toplayıb, onların bir sıra layihələrinin gerçəkləşdirilməsinə nail olub.

Bu gün Azərbaycan gəncləri cəmiyyətin bərabərhüquqlu üzvləri kimi ictimai həyatın bütün sahələrində uğurla çalışır, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Gənc nəslin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvəsi kimi formalaşması isə dövlətimizin uğurla həyata keçirdiyi gənclər siyasətinin nəticəsində mümkün olub. Bu siyasətin banisi isə ümummilli lider Heydər Əliyevdir”. Bu barədə danışan AKU-nun Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərovun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyət mərhələsinə qaldırılan bu siyasət gənclərlə bağlı bütün məsələləri əhatə edir və müsbət nəticələrini verməkdədir. O qeyd etdi ki, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən bu siyasətə sadiqlik təhsil aldıqları universitetdə də yüksək səviyyədə hiss olunur:

- Azərbaycan dövlətinin əsas məqsədlərindən biri ayıq, yetkin dövlət təfəkkürlü, milli dəyərlərə malik sağlam, mənəviyyatlı gənclərin yetişdirilməsidir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplər əsasında formalaşıb və müvafiq hüquqi sənədlərdə də öz əksini taparaq həyata keçirilir. Təsadüfi deyil ki, bu gün AKU-da da tələbə gənclər üçün istənilən zəruri şərait yaradılıb. Belə ki, Kooperasiya Universitetinin tələbələri respublika və beynəlxalq səviyyəli tədbirlərə, elmi konfranslara, ictimai-siyasi tədbirlərə, idman yarışlarına qatılaraq həm özlərini fərdi inkişaf etdirir, həm də universitetimizin nüfuzunun yüksəlməsinə xidmət göstərirlər. Qeyd edim ki, universitetimizin Təhsil, Gənclər və İdman nazirlikləri ilə sıx əlaqələri nəticəsində tələbələrimiz demək olar ki, istənilən respublika əhəmiyyətli layihələrdə iştirak edirlər. Bu isə onlara aldıqları ali təhsildən əlavə zəngin dünyagörüşü və nümunəvi vətəndaşlıq formulunu aşılayır.

Universitetin tələbələri ölkəmizdə keçirilən beynəlxalq yarışlarda da könüllü kimi fəaliyyət göstərərək bu tədbirlərin təşkilatçılığında yaxından iştirak edirlər. 2015-ci ildə keçirilən I Avropa Oyunlarında 300-ə yaxın tələbəmiz bu oyunlarda könüllü kimi iştirak etmişdi. Qarşıdan isə İslam Həmrəyliyi Oyunları gəlir. May ayında baş tutacaq bu idman yarışmasında da 130-dan artıq tələbəmiz könüllü kimi qeydiyyatdan keçib.

“ASAN xidmət”in nəzdində fəaliyyət göstərən “ASAN könüllüləri” təşkilatında da kifayət qədər tələbəmiz könüllü kimi fəaliyyət göstərir. Bütün bunların hamısı universitet tələbələrinin asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş kompleks işlərdir. Bunlardan əlavə, universitetimizin Tələbə Gənclər Təşkilatı da son bir neçə ildə gördüyü işlərlə və həyata keçirdiyi silsilə layihələrlə respublikada böyük nüfuz qazanıb. Görülən bütün işləri isə həm universitet rəhbərliyi, həm də respublikamızın Gənclər və İdman Nazirliyi yüksək qiymətləndirib. Belə ki, 2016-cı il fevral ayının 2-də gənclər və idman naziri Azad Rəhimovun imzası ilə AKU Tələbə Gənclər Təşkilatı il ərzindəki uğurlu fəaliyyətinə görə təltif olundu. Bütün bunlar universitet tələbələri üçün stimul mənbəyi olmaqla yanaşı, onların daha da şövqlə fəaliyyət göstərmələrinə zəmin yaradır.

“Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu siyasətin nəticəsidir ki, ölkəmizdə gənclərə xüsusi diqqət və qayğı göstərilir. Həyata keçirilən dövlət proqramları göstərir ki, bu diqqət və qayğı Prezident İlham Əliyevin aidiyyəti qurumlar qarşısında müəyyən etdiyi əsas vəzifələrdən biridir. Gənclər ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərirlər. Təbii ki, gəncliyimizin inkişafında elm və təhsil xüsusi yer tutur. Bu gün Azərbaycan gənclərinin səsi yaxın və uzaq ölkələrdən gəlir. Onlar dünyanın müxtəlif ölkələrində təhsil alıb vətənimizə qayıdaraq fəaliyyətlərini ölkəmizdə davam etdirirlər”. Bunu isə marketinqmenecment fakültəsinin IV kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədr müavini Aysel Xəlilzadə dedi. O bildirdi ki, ölkəmizdə gənclər siyasətini dəstəkləyən təhsil ocaqlarından biri Azərbaycan Kooperasiya Universitetidir. Universitetdə gənclərin hərtərəfli inkişafı üçün bütün şərait yaradılıb:

- Təhsilin yüksək keyfiyyəti üçün universitetimizdə zəngin kitabxana, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün oxu zalı, idman zalı fəaliyyət göstərir. Eyni zamanda, universitetin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərən tələbələrimiz respublika əhəmiyyətli layihələrdə və beynəlxalq tədbirlərdə, o cümlədən xarici səfərlərdə iştirak edirlər. Məsələn, keçən il Tələbə Gənclər Təşkilatının üzvləri Mərakeş Krallığında, Türkiyə və Rusiyada səfərlərdə olublar.

Tələbələrimiz intellektual oyunlarbilik yarışlarında da fəal iştirak edirlər. Artıq 3 ildir ki, tələbələrimiz “Heydər Əliyev və Azərbaycan tarixi” adlı bilik yarışmasında ilk yerlərdən birini tuturlar. UniversitetimizdəXəmsə” ,? Harada? zaman?”, “Breyn-Rinqintellektual oyunları təşkil olunur.

Universitet tələbələrin elm, təhsil sahəsində inkişafları ilə yanaşı, respublika üzrə idman yarışlarında da fəal iştirakına şərait yaradır. Bu yaxınlarda Nərimanov rayonu üzrə futbol turnirində universitetimizin futbol komandası 1-ci yeri tutdu. Keçən il mən özüm velosiped yarışı üzrə respublika çempionatında 2-ci yeri tutdum.

Təbii ki, bütün bu sadaladıqlarım ölkəmizdə uğurla reallaşan gənclər siyasətinin universitetdə biz tələbələrə yaradılan şəraitin, göstərilən dəstəyin, diqqət qayğının nəticəsidir. Biz tələbələr yaradılan bu əlverişli şəraitdən maksimum səmərəli faydalanmalı, ölkəmizi təhsil aldığımız universiteti daim layiqincə təmsil etməliyik.

Aysel Xəlilzadə onu da əlavə etdi ki, Azərbaycan gənci ilk növbədə özünə güvənməlidir. Cəmiyyətdə təsdiq olunmaq üçün özü təşəbbüskarlıq göstərməli, bacarıq qabiliyyətini nümayiş etdirməlidir. İnsanda inam olarsa, o, istənilən şəraitdə özünə yer tapa bilər. Bu baxımdan uğur qazanmaq üçün düşünürəm ki, ilk növbədə təşəbbüs gənclərin özləri tərəfindən edilməlidir.

Tələbə Gənclər Təşkilatının sədr müavini, maliyyə fakültəsinin IV kurs tələbəsi Seymur Ramazanov da fəal gənclərdən biridir.Ulu öndər Heydər Əliyev yalnız dövlətçiliyimizin, müstəqilliyimizin deyil, eyni zamanda gənclərin inkişafı onların potensialından cəmiyyətin inkişafı üçün istifadə edilməsində özünü göstərən elmi, mənəvi əsaslara dayanan gənclər siyasətinin qurucusudur” - deyən Seymur Ramazanovun sözlərinə görə, bu gün AKU-nun tələbə gəncləri dövlət gənclər siyasətinin bütün aspektlərindən maksimum şəkildə faydalanırlar:

- Ölkə rəhbərliyi tərəfindən təsbit edilmiş müasir rəqabətədavamlı təhsil strategiyası tələbələrin əlverişli təhsil mühitindən faydalanaraq intellektual səviyyələrini inkişaf etdirməyə münbit zəmin yaradır. Şübhəsiz ki, bütün bu sadalananlar ölkə gəncliyi ilə yanaşı, uiversitetin tələbə gənclərinin vətənpərvər, milli ruhda yüksək ali təhsilli vətəndaş kimi formalaşmasında əvəzsiz rol oynayır.

Bu gün biz Kooperasiya Universitetinin tələbələri olaraq istər universitetdaxili, istərsə də respublika səviyyəli tədbirlərdə fəal iştirak edirik. AKU-nun ictimai-siyasi fəal tələbələrinin mütləq əksəriyyəti universitet daxilində fəaliyyət göstərən və ətrafına kifayət qədər fəal gənc toplayan Tələbə Gənclər Təşkilatında birləşiblər. Təşkilatımız ictimai əsaslarla fəaliyyət göstərərək tələbələrimizin həm universitetdə, həm də respublika əhəmiyyətli tədbirlərdə iştirakını təmin edir ki, bunlar da gənclərimizin inkişaf prosesini sürətləndirir.

Sevindirici haldır ki, gənclərimiz daha çox vətənpərvərliklə bağlı olan tədbirlərə, intellektual oyunlara, idmanla bağlı yarışlara çox böyük maraq göstərirlər. Təkcə ötən il respublikada ilk dəfə həyata keçirilən “Gənc Kooperatorların Liderlik Məktəbi” layihəsində 300-ə yaxın tələbə iştirak etdi. Üç gün davam edən layihədə əsas məqsəd gənclərin intellektual potensiallarını üzə çıxarmaq, onlar arasında özünüdərk prosesini sürətləndirmək idi. Layihədə müəyyən təlimçilərin iştirakı ilə gənclər arasında təbliğat işləri aparılaraq onlara liderlik bacarıqlarının inkişafı ilə bağlı ətraflı məlumatlar verildi.

Universitetdə gənclərə yüksək ali təhsil almaları üçün əlverişli təhsil mühitindən əlavə olaraq dərslərdən sonra asudə vaxtlarının səmərəli təşkil olunması üçün dil kurslarında iştirak etmək, müasir idman texnologiyaları ilə təchiz olunmuş idman zalında fiziki tərbiyə ilə məşğul olmaq imkanı yaradılıb. Bundan başqa, onlar kompüter laboratoriyalarında informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərini inkişaf etdirə bilərlər. Tələbə gənclərimiz bu şəraitdən öz bilikləri naminə səmərəli istifadə edirlər.

AKU-da tələbə gənclər üçün yaradılan şərait göstərir ki, Azərbaycanda gənc nəslin inkişafı, onların cəmiyyət həyatında iştirakı və layiqli vətəndaş kimi formalaşmaları üçün bütün səviyyələrdə lazımlı addımlar atılır. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini dərk edirPrezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Söhbətləşdiyimiz tələbə gənclər də bildirdilər ki, əsas məqsədləri dövlətimizin inkişafı və qüdrətlənməsi üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşməkdir.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.- 2 fevral.- S. 4.