“YARAT” Müasir İncəsənət Mərkəzinin
ARTIM layihə məkanında “Disfoniya”
adlı qrup sərgisi açılıb
“YARAT”
Müasir İncəsənət Mərkəzinin ARTIM layihə
məkanında rəssamlar - Hatəm Əlizadə, Mousa Bəyzadə,
Əli Həsənov, Novruz Məmmədov, Filipp Messner və
Sabit Zamanovun əsərlərindən ibarət “Disfoniya”
adlı qrup sərgisi açılıb.
AZƏRTAC
xəbər verir ki, sərgi gündəlik məlumat
axınının və səs “çirklənməsi”nin artması,
eləcə də insanın daxili münaqişələrini
və psixoloji durumlarını araşdıran eksperimental layihədir.
Disfoniya
tibbi termin kimi struktur olaraq tamamilə normal olan səs
büküşlərinin, səsi yaradan qırtlağın və
rezonansı yaradan udlaq və ağızın normal
funksiyasına və anatomiyasına baxmayaraq, insanın
uyğun səs çıxarma funksiyasını yerinə
yetirə bilməməsi vəziyyətidir.
Rəssam
Hatəm Əlizadənin əsərində tətbiq etdiyi
konsepsiya həyatımızda informasiyanın həddindən
artıq olduğunu vurğulayır. Müxtəlif kitablarda, qəzetlərdə,
jurnallarda və onlayn mediada istənilən suala cavab tapmaq mümkündür.
Seyrçi Mousa Bəyzadənin səsli instalyasiyasının
qulaqcıqlarını taxaraq
tam qaranlıq otaqda, hələ 1977-ci ildə yazılmış və “Qızıl fond”dan götürülmüş melodiyanın
xırıltılı səslə
birləşdirilmiş avazını
eşidir. Bu əsər
istehza şəklində
mədəniyyət strukturunun
və ya modelinin süni dirçəlişini göstərir.
“Təyinat yeri” videosu İstanbulda ustad dərsi zamanı ərsəyə
gəlmiş rəssam
Əli Həsənovun
performansçı Nadi
Tsulukidze ilə birgə layihəsidir. Həmin əsərdə
intizar içində qalan və nə
etmək lazım olduğunu bilməyən insanın vuayerizm baxış bucağı təqdim edilir.
Rəssam Novruz Məmmədovun instalyasiyası ilk baxışdan
çox tanınan bir əşya - hamam otağının duşundan ibarətdir. O, işə
salındığı zaman
su əvəzində səs buraxır. İnstalyasiya şəhər məkanının
səs müxtəlifliyini
tədqiq edir. Bizim sənaye cəmiyyətimizin
istehsal etdiyi bəzən narahat, toksinlərin idarə edilməsindən yorulmuş,
eyni zamanda isə artıq adiləşmiş, sakitləşdirici
və hətta təravətləndirici, yatmış
xatirələr oyadan parlaq şəhər həyatından danışır.
Filipp Messnerin
videoəsəri dairəni,
öz-özünə törəyən
daima fırlanan təkəri yükləmə
(gözləmə) işarəsini
göstərir. Bu rəqəmsal
animasiya işarəsi
kompüter prosesi çətinliklə icra edərkən peyda olur. Həmin simvolu real fiziki
məkana nəql edərək rəssam insanın virtual estetikanı
necə dərk etməsini tədqiq edir.
Seymur Seyidbəylinin “Daxili söhbət” adlı videosu amerikalı psixoloq Erik Bernin alter egosu (başqa bir mən) üç
mərhələli nəzəriyyəyə
əsaslanıb. Bu nəzəriyyəyə
əsasən hər bir insanın alter egosu, eyni zamanda
bir uşaq, bir valideyn və
bir müdrikdən ibarətdir. Valideynin səsi bizi
zamana qarşı səbirli olmağa öyrədir. Uşaq səsi
emosiyalarla doludur halbuki, müdrik səs bizim hərəkətimizi dəyərləndirməyə
çağırır. Rəssam insanın kənardan gələn ideyalara müqaviməti zamanı yaranan daxili münaqişə anlarında
öz-özlüyündə ziddiyyətlər yaradan müzakirələri ifadə
edir.
Sabit Zamanovun “Ürək. Tərk edilmiş qəlb silsiləsindən” heykəltəraşlıq
kompozisiyası bir insanın həyatında,
keçmişində başına
gəlmiş hadisələrdən,
gərçək həyatda
illər öncə yaşadıqları uğursuzluqlardan
bəhs edir.
Fevralın 24-dək davam edəcək sərgi ziyarətçilər
tərəfindən maraqla
qarşılanıb.
Azərbaycan.- 2017.- 5 fevral.- S.5.