Ürəklərdə yaşayan qəhrəman

 

7 fevral Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. İllər fərqli olsa da, onunla təqvimin eyni günündə dünyaya göz açmışıq. İndi mənim 22 yaşım tamam oldu. Mübariz İbrahimov da elə bu yaşda - ömrünün 22-ci baharında qəhrəmanlığı, igidliyi ilə tarix yazmış, dünyanı heyrətə gətirmişdi. Hərbi hissəmizdə onun şərəfinə yaradılmış xüsusi xatirə guşəsi var. Bu guşə bizim and yerimiz, ilham mənbəyimizdir. Hər dəfə Mübarizin şəkillərinə baxanda sanki onunla canlı təmasda olur, ruhunu duyur, səsini eşidirəm. Gözlərimin önündə onun təkbaşına keçirdiyi misilsiz hərbi əməliyyat canlanır. Bizim yalnız kinolarda gördüyümüz şücaəti, hərbçi bacarığını və igidliyini o, real həyatda - düşmənlə təmas xəttində gerçəkləşdirmişdi: erməni hərbi-quldur birləşmələrinin  təxribatına cavab olaraq əks-həmlə ilə bir neçə kilometr minalanmış zonanı keçmiş, düşmən mövqelərinin dərinliklərinə irəliləyərək onların hərbi hissəsinə hücum etmişdi. Əməliyyat yolu üzərindəki səngər və postlarda, son döyüş mövqeyində Mübariz İbrahimovun məhv etdiyi düşmən hərbçilərinin sayı onlarcadır. Ölkə və dünya mətbuatında, o cümlədən qardaş Türkiyə mənbələrində bu barədə dəfələrlə oxumuşam. Əminəm ki, əslində, Mübariz düşmənə bildiyimizdən, təsəvvür etdiyimizdən qat-qat artıq ağır zərbə endirib. Vaxt gələcək onun qəhrəmanlığının, uğurla həyata keçirdiyi hərbi əməliyyatın detalları, nəticələri bütünlüklə açılacaq. Şübhəsiz, bu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən - erməni separatizminə, terroruna və işğalına son qoyulduqdan sonra baş verəcək.

Əslində, Mübariz İbrahimov düşmənin təkcə  silah-sursatını, canlı qüvvəsini deyil, onun ideoloji tabularını darmadağın etdi. Bizi aciz zənn edən, müştəbeh, özünə vurğun düşmən tək bir döyüşçünün - Mübarizin zərbəsi ilə mənən sarsıldı, çökdü. Yeri gəlmişkən onu da qeyd edək ki, ötən ilin aprel döyüşləri ermənilərin illərlə sitayiş etdikləri stereotipləri birdəfəlik dağıtdı. Milli-mənəvi, hərbi döyüş ruhu üstünlüyü bütünlüklə bizə keçdi.

Mübariz İbrahimov peşəkar hərbçi kimi qarşıya qoyulan məqsədə yetmək, maksimum uğur qazanmaq üçün özünü, taleyini deyil, nəticəni düşündü. Nəticə isə möhtəşəm oldu! Düşmən ruhən çökdü! Əvəzində Azərbaycanda milli ruh yenidən şölələndi! Özümüzə, gücümüzə, dövlətimizə inamımız daha da artdı.

Mübariz İbrahimov hərb tariximizdə qəhrəmanlıq salnaməsi yazıb şəhidlik zirvəsinə ucalanda uşaq idim. Amma yadımdadır, o gün hamı ondan danışır, hamının gözləri parlayır, hamı ruhən uçurdu! Hamı Mübariz İbrahimov olmaq istəyirdi. Mən də elə o vaxt böyüyəndə hərbçi olacağıma qərar verdim. O, şəhid oldu, əvəzində bir anda minlərlə yeni Mübarizlər çıxdı meydana: Vətən, millət, dövlət, nəhayət, qələbə uğrunda müsəlləh əsgər olmağa hazırlığını ifadə etdi. Özü də sözlə yox, əməllə, xidmətlə. Məhz o ruh aprel döyüşlərində ordumuzun uğurunun rəhni oldu.

Mübariz kimi Vətənə xidmət etmək naminə orduda müddətdən artıq hərbi qulluğumu davam etdirirəm. Xidmətə yeni başlayan əsgərlərə də Şeyx Şamilin məşhur kəlamına xitabən söyləyirəm: sonrasını - özünü düşünən nəinki qəhrəman, heç normal vətəndaş ola bilməz.

Milli Qəhrəman Mübariz İbrahimovla fəxr edir, ona oxşamağa çalışır, ruhu qarşısında baş əyirik.

 

Cavanşir ƏSGƏROV,

hərbçi

 

Azərbaycan.- 2017.- 8 fevral.- S.6.