Azərbaycanın güclü əsgərləri var

 

11 Fevral 2017

 

Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. Bu, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var. O, böyük vətənpərvərlik, peşəkarlıq, rəşadət göstərmişdir.

İlham ƏLİYEV

 

Çingiz Salman oğlu Qurbanov 1994-cü ildə Qusarın Həzrə kəndində dünyaya göz açmışdı. Gözəllikləri əvəzsiz sayılan doğma kəndini çox sevirdi. O da dostları kimi ətrafdakı yaşıl dağları, bol sulu çayları qarış-qarış dolaşar, təmiz havası ilə saflaşardı.

Atası deyir ki, Çingiz çox yaxşı uşaq, ağıllı, mərd, sözə qulaq asan idi, hansısa problemin yaşanmasına yol verməzdi. Amma balaca yaşlarında çox dəcəl idi. Düşünürdük ki, böyüyəndə də belə olsa... Amma məktəbə gedəndən sonra tamam dəyişdi.

Həzrə kənd tam orta məktəbin direktoru Natiq Novruzov söhbətimizə qoşulur:

- Məktəbə yüzlərlə uşaq gəlir və çoxu sakitliyi, davranışı məktəbdə öyrənir. Məktəb evlərindən bir qədər uzaqda olmasına baxmayaraq, Çingiz dərslərə heç vaxt gecikməz, ev tapşırıqlarını məktəbdə hazırlamağa çalışardı. Salman oğlunu məktəbə gətirəndə birinci gün ondan soruşdum ki, oxumağa gəlib, yoxsa oynamağa? Gülə-gülə dedi ki, bizim nəsil kitabı sevir, əlbəttə oxumağa! Doğrudan da illər keçdikcə Çingiz öz təhsili ilə təkcə kəndimizə deyil, rayonumuza nümunə oldu. Onun bilmədiyi sahə yox idi. Riyaziyyatı sevdiyi kimi, ədəbiyyatı da eyni həvəslə oxuyardı. Çox maraqlı düşüncəyə malik idi. Qardaşı Beydulla da həmçinin.

Kənd orta məktəbini bitirdikdən sonra Çingiz Azərbaycan Texniki Universitetinə qəbul oldu. Universitetdə də yaxşı oxuyurdu.

- Çingiz ali məktəbə qəbul olan ili biz də qərar verdik ki, Bakıya köçək, - atası Salman kişi bildirir. Anası Nailə ilə ev kirayələyib uşaqlarımızla birlikdə qalırdıq. Beydulla da texniki fənlərə həvəs göstərdiyi üçün Çingiz ona ədəbiyyat tapar, kömək edərdi. Tələbə yoldaşları da hərdən bizə gələrdilər. Bəzi insanlar şəhərə köçdükdən sonra nədənsə kəndlərini yaddan çıxarırlar. Çingiz isə həmişə Həzrə kəndi barədə ağızdolusu danışar, imkan tapan kimi kəndə gedib qohum-əqrəbaya baş çəkər, bəzi hallarda xeyir-şərdə məni əvəz edərdi. Böyüyəndə Həzrənin fəxri olmalıyam, deyərdi. Atası sözünə ara verib fikrə gedir. Bir qədər sonra təmkinlə sözünə davam edir: “Ali məktəbdə idmançı kimi tanınan Çingiz hələ tələbəlik illərində dostlarına deyərdi ki, əsgərliyə gedəcəyi günü səbirsizliklə gözləyir. Çünki bu məktəbi keçmədən kişi kimi yaşamaq olmaz”.

- Axşam evdə oturmuşduq, Çingiz qapını açıb içəri girdi. Beydullaya işarə ilə nəsə dedi. O da mənə üz tutub soruşdu: ata, xəbərin var xəbərdən? Dedim ki, yox. Çingiz özü gülə-gülə, qardaşını qabaqladı, ata, tezliklə əsgər gedəcəm, - dedi. Oğlum idmanla məşğul olurdu. Ümumiyyətlə, bizim tərəfin adamları sağlam, möhkəm olurlar.

Çingiz 2016-cı ilin iyununda həqiqi hərbi xidmətə yollanır. Gəncə şəhərində təlim-məşq toplantısında olan gənc əsgər hərbin sirlərinə yiyələnir. Anası ilə vaxtaşırı telefonla danışan Çingiz hər şeyin yerində olduğunu, artıq əsgər həyatına alışdığını deyirdi. Düşdüyü mühitə tez uyğunlaşan Çingiz elə ilk günlərdən həvəs göstərdiyi hər nə varsa öyrənməyə çalışırdı.

- 2016-cı il avqustun 14-də Gəncəyə getdim, Salman kişi sözünə davam edir. Valideynlərlə birlikdə dayanıb uşaqları gözləyirdik. Az sonra onlar sıra ilə gəlib qarşımızda dayandılar. Oğlumu görəndə özümü saxlaya bilmədim, içimdə kövrəkliklə qürur birlikdə baş qaldırmışdı.

Andiçmə mərasimi başa çatdıqdan sonra Çingiz hərbi hissədə keçirdiyi günlərdən söhbət açdı. Məni bir neçə əsgər yoldaşı ilə tanış etdi.

O danışdıqca mənə elə gəlirdi ki, Çingiz gərək hərbçi olsun. Lap uşaq yaşlarından söhbət edəndə həmişə hər hansı bir məsələ barədə ətraflı danışmağı sevərdi. Bu, mənə qürur, inam verirdi. Çünki qarşımda vətənini canı qədər sevən, ona layiqincə xidmət etməyə hazır olan oğul dayanmışdı.

Anası ilə qərarlaşmışdıq ki, əsgəri xidmətdən sonra yenidən kəndimizə qayıdaq. Biz torpağa bağlı adamlarıq. Harada olsaq da, yenə doğma kəndimizi unutmuruq. Bir dəfə fikrimi ona çatdırdım. Elə sevindi ki...

Haşiyə: Dekabr ayında ermənilərin təxribatları daha da artır. Bu dəfə də ermənilərin diversiya qrupu Azərbaycan Ordusunun bölmələrinə və onların nəzarət elədikləri əraziyə yaxınlaşır. Lakin pusquya düşdüklərini görüb döyüşə başlayırlar. Dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən döyüşdə əsgər Çingiz Qurbanov qəhrəmancasına şəhid olur.

Salman kişi həmin günü belə xatırlayır:

- Axşam saatlarında mənə zəng gəldi. Gördüm yoldaşımdı. Mənə söylədi ki, televiziyada xəbərlərdə deyildi ki, Çingiz itkin düşüb. Səhəri tezdən hərbi hissəyə yollandım. Orada dedilər ki, oğlunuz şəhid olub. Mənə deyəndə ki, oğlunuz düşmənlə üzbəüz döyüşüb, bir qədər sakitləşdim. Ürəyimdə: “Mənim oğlum düşmən qarşısında əyilməz” - dedim. Atışmada erməni zabitini, bir neçə əsgəri məhv edən Çingiz yaralanır və düşmənlə açıq döyüşdə həlak olur...

Özünü saxlaya bilməyib göz yaşlarını silir:

- Mən vətənimi sevən insanam. Övladlarımı da belə bir kökdə böyütmüşəm. Biz həmişə dövlətimizə arxayınıq və onu da daim hiss edirik. Oğlumun nəşinin alınmasında bunu bir daha yəqin etdim. Dövlət yanımızda oldu. Bilirdik ki, hadisə baş verən andan bu hadisə və sonrakı proseslər ölkə rəhbərinin nəzarətindədir.

Ermənilər tərəfinə nəşi aparılan əsgərimizin meyitini geri almaq 39 gün çəkdi.

Çingiz Qurbanovun dəfnində minlərlə insan iştirak edirdi. İnsan seli bu cəsur gənci rəşadətlə döyüşdüyü vətən torpağına əbədi ərməğan etdi. Qusar Şəhidlər xiyabanında uyuyan Çingizin xatirəsi hələ uzun illər insanların yaddaşından silinməyəcəkdir.

Qarabağ döyüşlərində kəndimizin çoxlu gəncləri döyüşmüş, yaralanmışdı. Amma bu kəndin ilk şəhidi Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov oldu.

2017-ci il fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti Çingiz Salman oğlu Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzaladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb. “Azərbaycanın Milli Qəhrəmanı” qızıl ulduzunu şəhidin atası Salman Qurbanova təqdim etdi. Salman Qurbanov mükafatı alıb dedi:

- Bu ali mükafat təkcə Çingizə deyil, Azərbaycan torpaqları uğrunda canından keçən bütün şəhidlərimizə Sizin tərəfinizdən verilən qiymətdir. Sizə dərin minnətdarlığımı bildirirəm, cənab Prezident. Mən bir şəhid atası kimi, Sizi əmin edirəm ki, Sizin əmrinizlə bu saat da silah götürməyə, Vətənimizin torpağını azad etməyə hazıram. Çox sağ olun, cənab Prezident, Sizə minnətdaram.

 

Akif ƏLİYEV,

 

Azərbaycan.- 2017.- 11 fevral.- S.1, 5.