Elmar Məmmədyarov: Ən
böyük problem Azərbaycan ərazisində Ermənistan
silahlı qüvvələrinin olmasıdır
Azərbaycan Respublikasının xarici işlər naziri
Elmar Məmmədyarov RİA Novosti agentliyinə müsahibə
verib. AZƏRTAC müsahibəni təqdim edir.
-Son günlərin əsas mövzularından birinə toxunmaq istərdim. Bu mövzu bir sıra dövlətlərin mənafeləri ilə bağlıdır. Söhbət Rusiyanın və İsrailin vətəndaşlığına malik olan, Bakının sorğusuna əsasən bu günlərdə Minskdən Azərbaycanın paytaxtına ekstradisiya edilmiş Aleksandr Lapşin barədədir. Sizin fikrinizcə, onun sonrakı taleyi necə olacaq? Deyilənə görə, onun əfv edilərək vətəndaşlığına malik olmadığı bir ölkəyə verilməsi mümkündür...
-Lapşinin gələcək taleyi məsələsi
istintaqın nəticələrindən asılı olacaq. Onun
barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
bir sıra maddələri üzrə ittihamlar irəli
sürülüb. Son qərarı məhkəmə qəbul
edəcək.
Bu məsələnin hədsiz siyasiləşdirilməsi məni çox təəccübləndirir və hiddətləndirir. Lapşini həmişə bloqqer adlandırırlar. Yaxşı, əgər o mühəndis olsaydı, onunla maraqlanmayacaqdılar? O, qanunları pozub və hüquqi əsaslara uyğun olaraq cinayət işi qaldırılıb, bu əsasda İnterpola sorğu göndərilib və Belarus tərəfi həmin sorğuya müvafiq olaraq onu tutub saxlayıb. Hər iş MDB çərçivəsində Kişineu Konvensiyasına uyğun olaraq qanun çərçivəsində görülüb. Bu şəxsin bloqqer olması barədə spekulyasiyalar heç də onun qanun qarşısında toxunulmaz olması demək deyil.
-Artıq neçə illərdir
ki, Qarabağ məsələsinə dair danışıqlar
gedir, lakin istər ATƏT-in Minsk qrupu, istərsə də
Rusiyanın, Ermənistanın və Azərbaycanın
formalaşdırmağa cəhd göstərdiyi format hər
hansı uğurlarla nəticələnməyib. Bəlkə yeni variantlar
axtarmağın vaxtıdır?
-Minsk qrupu hələ 1992-ci ildə yaradılıb. Oraya təkcə Ermənistan və Azərbaycan deyil, bir sıra başqa ölkələr, o cümlədən Rusiya, Belarus, Türkiyə, İsveç və başqa ölkələr də daxildir. Ermənistan və Azərbaycan bu danışıqların iştirakçıları, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflərdir.
1997-ci ildə həmsədrlər ideyası tətbiq edildi. Məlum olduğu kimi, həmsədrlər Rusiya, ABŞ və Fransa oldu. Təbii ki, həmin anda tam əminlik var idi: bir halda ki, BMT Təhlükəsizlik Şurasının beş üzvündən üçü Minsk qrupunun həmsədrləridir və 1993-cu ildə bu münaqişənin tənzimlənməsinə dair dörd qətnamənin hər birinə bütün həmsədrlər yekdilliklə səs veriblər, deməli, Təhlükəsizlik Şurasının qətnamələrinin iddia müddəti yoxdur.
Bu sənədlərdə açıq-aydın yazılıb ki, Təhlükəsizlik Şurasının tapşırığına müvafiq olaraq Minsk qrupunun o vaxtkı sədri Mario Rafael qoşunların işğal edilmiş ərazilərdən çıxarılması qrafikini təqdim etdi. Bu sənəd 853 nömrəli qətnaməyə əlavə kimi təqdim olundu. 1997-ci ildə üçlü həmsədrlik tətbiq ediləndə biz fikirləşirdik ki, əgər o vaxt bu ideya qəbul edilibsə, irəliləyiş üçün yaxşı şans olacaq. Lakin təəssüf ki, faktlar göz qabağındadır – iyirmi ildən artıq müddətdə münaqişə tənzimlənməyib.
Mənim nazir olduğum müddətdə bir neçə dəfə biz münaqişənin tənzimlənməsində irəliləyiş məsələsinə xeyli yaxınlaşmışdıq. Hamı başa düşür ki, bu gün mövcud olan status-kvo, ola bilsin ki, erməni tərəfindən başqa heç kəsi qane etmir.
Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi azad edilib, insanlar artıq oraya qayıdırlar. Çox təəssüf ki, hər bir ərazi hərbi əməliyyatlar yolu ilə azad edilir, hərçənd biz birinci gündən deyirdik ki, məsələ sülh yolu ilə həll edilməlidir.
Biz dəfələrlə demişik ki, tədricən “masanı problemlərdən təmizləmək” lazımdır. Bəs hansı problemlər var? Ən böyük problem Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin olmasıdır. İlk növbədə demək istərdim ki, əsgərlər sadəcə kazarmalara qayıtmalıdır. Bu, çox böyük imkanlar açacaq, bu, planın bir hissəsidir.
Siz mənə Rusiya-Ermənistan-Azərbaycan formatı barədə sual verdiniz. Prinsip etibarilə biz belə də edirik. Keçən ay mən Moskvada oldum və Sergey Lavrovla bu planı müzakirə etdik. Bildiyiniz kimi, bundan əvvəl Sankt-Peterburqda prezidentlərin görüşü olmuşdu. Planın nədən ibarət olduğunu və bizim həmin plan üzrə necə irəliləməli olduğumuzu hamı gözəl bilir, hər şey açıq yazılıb, lakin siyasi iradə lazımdır. İndiki halda bizim siyasi iradə var, erməni tərəfinin siyasi iradəsi lazımdır.
-Lakin əgər
sizin indicə bu qədər ətraflı bəhs etdiyiniz
mövcud format bu məsələdə “ölü nöqtədən
tərpənməyə” imkan vermirsə və erməni
qoşunları indi olduqları yerdə qalırsa, bəlkə
siz ABŞ-ın yeni administrasiyasına hansısa ümid
bağlayırsınız?
-Baxarıq. ABŞ administrasiyası hələlik müvəqqəti həmsədr təyin edib, lakin bu şəxs altı-doqquz ay işləyəcək.
İkincisi, məsələ həm də ondan ibarətdir ki, prinsip etibarilə hər bir ABŞ administrasiyasının institusional yaddaşı var. Siyasətdə belədir – gəlin onlara 100 gün vaxt verək, kabinetdə olsunlar, sonra isə qiymətləndirməyə başlayaq, görək onlar bu məsələ ilə intensiv məşğul olacaqlar, ya yox.
İndiki halda mən hadisələri qabaqlamaq istəmirəm. Lakin Rusiya tərəfinin təklifinə qayıdaraq deməliyəm ki, format var, kağızlar var, hər kəs hər şeyi gözəl bilir.
-Yaxın vaxtlarda Azərbaycan, Rusiya və Ermənistan
XİN rəhbərləri səviyyəsində
görüş olacaqmı?
-Mən Moskvada olarkən bu ideya səsləndi. Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü keçirməyi təklif etdi. Mən dedim ki, buyurun, mən hazıram.
Lakin həmin görüşün təxmini müddətləri müzakirə edilməyib, bunun üçün qrafiklərin uzlaşdırılması tələb olunur. Hələlik bizə konkret müddətlər barədə təkliflər daxil olmayıb, lakin bizim prinsipial razılığımız var.
-Siz
xatırlatdınız ki, indiyə qədər Qarabağ
problemlərində yalnız hərbi qüvvə hesabına
irəliləyişlər olub. Prezident Əliyev bu
yaxınlarda Davosda bildirdi ki, Azərbaycan Rusiya
Federasiyasından külli miqdarda hərbi texnika almağa
hazırlaşır. Məhz nədən söhbət getdiyini
dəqiqləşdirə bilərsinizmi?
-Mən müdafiə naziri yox, xarici işlər naziriyəm. Orduya tələb olunan silahların siyahısını və ya reyestrini təsəvvür etmək mənim üçün xeyli mürəkkəbdir. Lakin xarici işlər naziri kimi deyə bilərəm: bu pulları regionun inkişafı üçün necə istifadə etmək olacağını təsəvvür edin. Bir tərəfdən biz silahlara pul xərcləyirik, digər tərəfdən Rusiya silahları kreditlə də olsa Ermənistana gedir.
Sonuncu kredit 200 milyon məbləği
üçün açılıb. Bu kreditdən
insanların həyat şəraitinin
yaxşılaşdırılması üçün istifadə
edilsəydi nələr olacağını təsəvvür
edin. Axı həmin pullar xeyli mənfəətlə
qayıda bilərdi. Tankla toxum səpmək,
yer şumlamaq, nə isə əkmək mümkün deyil.
Tank almısansa onu vaxtaşırı
atış meydanında sürürsən. Nə olsun? İndiki halda siz
çox incə bir mətləbə toxundunuz – ölkənin
ordusu olmalıdır, ordu döyüş qabiliyyətli
olmalıdır, lakin bu, vahimə vasitəsi olmamalıdır.
İndiki kontekstdə bu, heç düzgün
deyil, bütün bunlar vəziyyəti mürəkkəbləşdirir.
Bir də ki, region özü də sadə region
deyil, mən arzu edərdim ki, mənim qonşularım Avropa
İttifaqı ölkələri olsun, lakin, necə deyərlər,
alınmır. Əsgərlər kazarmalara
qayıtmalıdır, vəziyyətdən yeganə çıxış
yolu budur.
-Ermənistanda Rusiyanın hərbi bazasının
olması da regionda vəziyyətə təsir göstərmir?
-Mən başqa cür deyərdim. Bu, əlbəttə, Rusiya ilə Ermənistan
arasında ikitərəfli münasibətlərə aid məsələdir.
Əlbəttə, başa düşmək
lazımdır ki, regiondakı hər bir ölkə üzləşdiyi
təhdidlər və çağırışlar nəzərə
alınmaqla münasibət bildirir. Bu amili
də həmişə nəzərə almaq lazımdır.
Bu hərbi baza çoxdan oradadır,
hələ Sovet İttifaqı dövründən orada cənub
istiqamətində, NATO-nun üzvü olan Türkiyə ilə
sərhəddə kifayət qədər güclü qoşun
qruplaşması var. İndiki halda mən belə başa
düşürəm, qoy bu məsələni Rusiya və Ermənistan
özləri həll etsinlər. Hərçənd,
əlbəttə, biz də mövcud
çağırışları və təhdidləri nəzərə
almalı, bunlara göz yummamalıyıq.
-Əvvəllər
Azərbaycan MC-21 mülki təyyarələri almaqda
maraqlı olduğunu deyirdi, hazırda Rusiyada bu təyyarələrin
istehsalı finiş xəttinə yaxınlaşır...
-Səhv etmirəmsə, bizim
mülki aviasiya nümayəndəsi bu məsələ ilə
əlaqədar səfərdə olub. Mən bilən,
o, həmin təyyarələrə baxıb. Təqdimat vaxtı o şəxs də zalda olub və
bu təyyarənin bizi maraqlandırdığını
bildirib. Aviaparkı yeniləşdirmək
lazımdır. Konkret detallar barəsində
danışmaq hələ tezdir.
-2014-cü ildə
Prezident Əliyev atom energetikasının inkişafına dair
vəzifələri göstərib. O vaxtdan hansı
işlər görülüb? Azərbaycanda ilk
atom elektrik stansiyası nə vaxt yaranacaq və Rusiya atom
mütəxəssislərinin bu məsələdə müəyyən
qədər iştirak etmək şansı varmı?
-Şans həmişə
var. Hələ sovet dövründə SSRİ Dövlət
Plan Komitəsi burada, cənubda atom elektrik stansiyası tikilməsini
planlaşdırırdı, çünki atom enerjisi yəqin
ki, ən ucuz enerjidir.
Bu baxımdan,
iqtisadiyyatın dinamik inkişaf etməsi nəzərə
alınmaqla, əlavə elektrik enerjisinə həmişə
ehtiyac olar. Digər tərəfdən, əlbəttə bu son dərəcə
vacibdir – söhbət atom elektrik stansiyasının təhlükəsizliyi
məsələsindən gedir. Yəqin ki,
bu məsələ ən prioritet rol oynayacaq.
Prezident İlham Əliyev
2014-cü ildə qeyd edib ki, biz bu sahədə gözlənilən
imkanlarımızı yoxlamalıyıq. Lakin bizdə
məsələ bu sahədə təhlükəsizlik,
rentabellik və maliyyələşdirmənin nə dərəcədə
özünü doğruldacağı ilə
bağlıdır. Axı Yaponiyada atom
elektrik stansiyalarının nə dərəcə mükəmməl
olması məlumdur, lakin Fukusima AES-in təcrübəsi
göstərdi ki, heç də hər şey lazımınca
təhlükəsiz deyilmiş. Bu
baxımdan, Metsamor AES bizi də, region üzrə tərəfdaşlarımızı
da həmişə narahat edir. Bu stansiya
tamam köhnəlib. O, Çernobıl AES-in bir
variantıdır. Xoşbəxtlikdən “Rosatom”
müəyyən qədər əlavə pul verir, lakin prinsip
etibarilə bu elektrik stansiyasının istismar müddəti
başa çatıb. Ona görə də
Allah eləməsin, bir hadisə baş versə, təkcə
Ermənistan deyil, hamı zərər çəkəcək.
Axı Çernobılın təcrübəsi
göstərdi ki, həmin buxarlar İsveçə qədər
gedib çatmışdı və bunun nəticələrini
indiyə qədər heç kəs bilmir.
-Mənə belə
gəlir ki, həlli olmayan daha bir mühüm regional məsələ
Xəzərin statusu məsələsidir.
-Bu barədə sizinlə tam razı
deyiləm, ona görə ki, prinsip etibarı ilə biz sonuncu
dəfə Qazaxıstanda nazirlər səviyyəsində, bir
neçə həftə bundan əvvəl Bakıda nazir
müavinləri səviyyəsində görüşdük və
mənim oxuduğum saziş layihəsinin mətnindən
görünür ki, bir sıra məqamlar öz həllini
tapıb.
Bəzi mühüm məsələlər
var, onlar nazirlər səviyyəsində daha bir
görüş keçirilməsini tələb edir ki, biz
artıq sammitə hansı materiallarla gedəcəyimiz barədə
dövlət başçılarına məruzə edək.
Lakin yeri gəlmişkən, beş ölkənin hamısının əhvalı
yüksəkdir. İndi biz ekspertlər səviyyəsində
daha bir görüş keçirilməsi barədə
razılığa gəlmişik və bundan sonra, əgər
lazım gələrsə, prezidentlər səviyyəsində
razılaşmalara yol açmaq üçün nazirlər səviyyəsində
toplaşacağıq. Səhv etmirəmsə,
ekspertlər mayın əvvəlində görüşməlidirlər.
Ona görə də düşünürəm
ki, orada irəliləyişlər var, lakin, necə deyərlər,
Moskva da birdən-birə tikilməyib.
-Cənab nazir, bu
məsələyə əngəl törədən nədir
və ya kimdir?
-“Kimdir” demək, yəqin ki,
düzgün olmaz, çünki konkret adlar çəkməyə
dəyməz, amma əngəl törədənin nə
olması ... Bilirsinizmi, bütövlükdə bu məsələ
sadə məsələ deyil, ona görə ki, bu müzakirələr
başlananda lap əvvəldən konvensiyaya uyğun hərəkət
etmək lazımdır: dəniz hüququ və qapalı
sututarlar barədə konvensiya. Bəzi ölkələrdə
bu cür irs hələ də qalır. Sovet İttifaqı bu dənizi İranla böləndə
cəmi iki ölkə vardı. Sonra isə beş ölkə yarandı.
Orada yəqin ki, texniki
xarakterli elementlər var. Fərz edək ki, biz orta xətt barədə
Rusiya və Qazaxıstan ilə razılığa gəlmişik. Digər
ölkələr – İran və Türkmənistan deyir ki,
hesablama fərqli olmalı, hansısa koordinatlar dəyişməlidir.
İlk baxışda belədir, ortaq xətt prinsipi tətbiq
edilir, lakin bütövlükdə təfərrüata
keçməyə başlayanda suallar yaranır: orta xətti
haradan hesablamaq və haradan başlamaq lazımdır?
Mənim fikrimcə, bu məsələlər
öz əksini və həllini tapacaq, çünki bu,
şimalda Azərbaycan, Rusiya və Qazaxıstan arasında
artıq təşəkkül tapmış praktikadır. Faktiki olaraq,
qazaxlar türkmənlərlə də öz ortaq xətt
bölgüsü barədə razılığa gəliblər.
Türkmənlərlə bizim aramızda bəzi
məsələlər var, qazaxlar isə yalnız bizimlə
türkmənlər arasında əlaqə nöqtəsini
müəyyən etməlidirlər. Bütövlükdə
isə mənim fikrimcə, bütün qalan məsələlər
üzrə irəliləyirik. Təbii ki,
bu məsələni tezliklə həll etmək istərdik.
Prinsip etibarı ilə bioloji resurslar barədə
razılaşma var, gəmiçilik barədə var, təhlükəsizlik
və fövqəladə hallar barəsində bütün
bunlar qüvvədədir və hüquqi abu-hava
yavaş-yavaş formalaşır.
-Sammitə qədər
bunu edə bilərikmi?
-Bilmirəm. Bəzən
hətta sammit günü səhər məsələlər
həll edilir. Təcrübə göstərir
ki, sammit günü səhər hər şeyi həll etmək
olar.
-Aydındır.
İndi yaranmaqda olan Rusiya-Azərbaycan-İran formatında bir
sıra regional problemlər müzakirə olunur və mənim
bildiyimə görə, bu cür növbəti
görüş Tehranda keçirilməlidir...
-Görüş İranda olacaq,
şəhər isə hələ müəyyən edilməyib.
-Həmin
görüşə hazırlıq hansı mərhələdədir?
Bəlkə hansısa maraqlı qərarlar, müştərək
layihələr artıq müzakirə olunur?
-Müştərək layihələr
barədə elədir. Bakı
görüşünün nəticələrinə əsasən
yekun bəyannamədə təsbit olunmuş qərar qəbul
ediləndə İran tərəfi lütfkarlıqla
Rusiyanın və Azərbaycanın dövlət
başçılarını dəvət etdi, bu dəvət
qəbul edildi və qeyd olundu. İdeya nədir?
Şimal ilə Cənubu birləşdirmək.
Hər halda biz İran ərazisinə
çıxışı olan kiçik dəmir yolu sahəsinin
tikintisini başa çatdırmışıq. Bu yaxınlarda İranın
nazir müavini gəlmişdi, onlar orada gömrük
terminalı tikintisini başa çatdırmalıdırlar...hər
sahədə iş gedir, çünki orada özgəninkiləşdirilmiş
torpaqlar məsələsi vardı, həmin torpaqları almaq
lazım idi və sair. Lakin bunlar İran tərəfinin
daxili məsələləridir. Dəmir
yolu faktiki olaraq işə salınıb. İran
tərəfi Xəzər dənizi sahilindəki Rəşt
şəhərini İranın Astara şəhəri ilə
birləşdirməyi ciddi və qəti qərara alıb.
Bizim dəmir yolumuz artıq Astara şəhərinə
çatıb. Əgər bu sahə birləşdirilsə,
onda Sankt-Peterburqdan dəmir yolu ilə İranın Bəndər-Abbas
şəhərinə yol xeyli qısalacaq. Qabaqcadan fikir söyləmək istəmirəm.
Biz öz dəmir yolu infrastrukturumuzu tamamilə
reabilitasiya edəcəyik. Bilirəm ki,
Rusiya hissəsində də yük qatarlarının daha
yüksək sürətlə hərəkət etməsi
üçün dəmir yolu kifayət qədər yüksək
səviyyədədir.
Buna görə də
düşünürəm ki, orada çoxlu maraqlı layihələr
var, gömrük, sərhəd xidmətlərinin
unifikasiyası xətti üzrə danışıqlar gedir. Məhz o sahədə
mən nikbin əhvaldayam.
-Doğrudurmu ki,
Azərbaycan Prezidenti mart ayında İrana səfər etməyə
hazırlaşır?
-Mən bilirəm ki, mart ayında
Prezident Ruhani Moskvaya uçur. İndi biz həmin
səfərin müddətlərini müzakirə edirik.
Azərbaycan Prezidentinin İrana səfərini
planlaşdırırıq.
-Həmin səfər
müddətində ikitərəfli münasibətlərlə
bağlı daha hansısa məsələlər müzakirə
ediləcəkmi? Bəlkə neft sahəsinə
aid məsələlər?
-Biz energetika sahəsində kifayət
qədər fəal əməkdaşlıq edirik. Biz İran ərazisindən müəyyən qədər
qaz alırıq. Çünki
bütün sazişlər imzalanıb. Bu
sazişin nəqliyyatla bağlı tərkib hissəsi
çox maraqlıdır və İran bu sahəni
böyük maraqla inkişaf etdirir. Hesab
edirik ki, turizmə də tələbat artmalıdır,
çünki həm Azərbaycan, həm də ölkəmizin
digər guşələrinə səfər edən
iranlıların, əsasən Azərbaycan mənşəli
iranlıların sayı get-gedə artır.
Prezident Əliyev ilə Prezident Ruhani
arasında prinsip etıbarilə kifayət qədər
yaxşı, sıx qarşılıqlı əlaqə var.
Eyni sözlər mənimlə Məhəmməd Cavad Zərif
arasında münasibətlərə də aiddir... prinsip
etibarilə biz bir-birimizi başa düşürük.
-Sizin icazənizlə
deyərdim ki, son həftələrdə daha bir bulanıq
mövzu yaranıb. Belə xəbərlər yayılır
ki, guya Kiyev silah almaq barədə xahişlə Bakıya
müraciət edib...
-Mən bunu mətbuatdan
eşitmişəm.
-Yəni Sizə bu barədə heç nə məlum
deyil?
-Mən bunu mətbuatdan
eşitmişəm.
-Aydındır. Siz İrandan gələn turistlər barədə
danışdınız. Mən də hissiyyat var ki, Azərbaycan
regional turist Məkkəsinə çevrilir. Mənim
axırıncı dəfə, 2013-cü ildə
gördüyümlə müqayisədə əcnəbilərin
sayı çox artıb. Mənim Bakıda yaşayan
dostlarım söyləyirlər ki, ərəb
dünyasının çoxlu nümayəndələri gəlir.
Telekanallarda, o cümlədən Qərb
telekanalında Azərbaycanın reklamını daim
görürəm. Bu barədə müəyyən
rəqəmlər varmı? Turist axını, əcnəbilərin,
investisiyaların axını nə dərəcədə
artıb?
-Turist axını - əsasən
Körfəz ölkələrindən axın kəskin
artıb. Biz viza verilməsi qaydasını sadələşdirmişik.
İndi biz ümumiyyətlə elektron vizalar tətbiq
etmişik – üç gün ərzində internet vasitəsi
ilə viza sənədləşdirərək Bakıya
uça bilərsiniz. Viza rüsumunu əhəmiyyətli
dərəcədə - iyirmi dollara qədər
azaltmışıq. Bu da öz rolunu
oynayıb. Ənənəvi olaraq istirahət
üçün İrandan və ya Rusiyadan, Ukraynadan əlavə,
Körfəz ölkələrindən çoxlu turist gəlməyə
başlayıb. Prinsip etibarilə bu, bizi
sevindirir, çünki bütün əsas aviaşirkətlər
Azərbaycana sərnişin axınının genişləndirilməsində
maraqlıdır.
Turizm nədir? Bu sadəcə
biznes sahəsi deyil, bu, ölkənin dövlət səviyyəsində
təqdimatıdır. İnsan ekvivalentində dəqiq rəqəmlər
söyləməyə çətinlik çəkirəm,
lakin səhv etmirəmsə, 2016-cı il ərzində
Körfəz ölkələrindən bizə sərnişin
axını bir neçə dəfə artıb.
-Reklam
kampaniyası həqiqətən də intensivləşib. Mənə
belə gəlir ki, bu kampaniya öz nəticəsini verməyə
bilməzdi.
-Onun öz elementləri var. Burada hər
şey o qədər də sadə deyil ki, sən reklam edəsən,
adamlar təyyarəyə minib buraya uçsunlar. Orada ilk növbədə təhlükəsizlik
kontekstində məsələlər bütöv bir kompleks təşkil
edir. Ermənistanla münaqişənin həll
edilməməsi, işğal və etnik təmizləmələrlə
bağlı vəziyyət öz nəticələrini
göstərir.
Əlbəttə, burada
emosional element də var – bu məsələni necə həll
etməli? Ona görə də hər şey reklam
çarxına əsasən düşünülən dərəcədə
sadə deyil. Orada elə məsələlər var ki,
biz onların həllini tapmalıyıq: insanlar bulvarda gəzişə
bilsinlər, diyircəkli konki sürə bilsinlər, təhlükəsizlik
məsələləri də öz əksini
tapmalıdır.
Azərbaycan.- 2017.- 11 fevral.- S.5.