İnsan hüquqları elminə dəyərli töhfə

 

İnsan hüquqlarına və azadlıqlarına hörmət edilməsi müasir beynəlxalq hüququn əsas prinsiplərindən biridir. İnsan hüquqları bütün dövlətlərin və cəmiyyətlərin bölüşdüyü universal dəyər sayıldığına və insan beynəlxalq hüququn subyekti kimi tanındığına görə bu prinsip beynəlxalq adət hüququnun bir hissəsinə çevrilmiş və “jus cogens” norması statusunu əldə etmişdir. Öz başlanğıcını BMT Nizamnaməsindən və Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən götürən bu prinsip sonralar bir çox universalregional müqavilələrdə konkretləşdirilmiş və inkişaf etdirilmişdir.

Beynəlxalq hüquq istər beynəlxalq səviyyədə, istərsə də milli yurisdiksiyalar çərçivəsində insan hüquqları konsepsiyasının reallaşması üçün prinsipial əhəmiyyət daşıyan iki mühüm missiyanı öhdəsinə götürmüşdür. Bu missiyalardan biri insanın əsas hüquq və azadlıqlarının kataloqunu və onların normativ məzmununu müəyyənləşdirmək, digəri isə dövlətlərin bu hüquq və azadlıqlara riayət etməsi üzərində beynəlxalq nəzarət, o cümlədən məhkəmə nəzarəti təsis etməkdir. Konkret insan hüquqlarının və azadlıqlarının normativ məzmunu barəsində dövlətlərin razılığa gəlməsi hökmən bu hüquq və azadlıqlar üzərində yol verilən məhdudiyyətləri də ehtiva edir. Fərdin hüquq və azadlıqlarının həyata keçirilməsinə dövlətlərin ictimai maraqlar naminə hansı əsaslar ilə və hansı hədlərdə müdaxilə edə bilməsini məhz beynəlxalq hüquq müəyyənləşdirir.

Azərbaycan Respublikasında uğurla həyata keçirilən islahatlar hüquqi dövlət quruculuğunun sürətli inkişafını, demokratik prinsiplərə əsaslanan vətəndaş cəmiyyətinin bərqərar edilməsini, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə və mühafizəsinin təmin edilməsi mexanizminin təkmilləşdirilməsini, ictimai münasibətlərin sivil hüquqi normalarla tənzimlənməsini və s. bu kimi mühüm əhəmiyyət kəsb edən məsələləri özündə ehtiva edir. Belə bir şəraitdə insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının nəzəri və təcrübi problemlərinin elmi cəhətdən təhlili müasir dövrdə olduqca aktuallığı ilə diqqəti cəlb edir.

Hüquq elmləri üzrə fəlsəfə doktoru dosent Mehdi AbdullayevinElm və təhsil” nəşriyyatında işıq üzü görmüş “Beynəlxalq hüquqda insan hüquq və azadlıqlarının məhdudlaşdırılması (nəzəri və təcrübi problemlər)” adlı əsəri olduqca aktual bir məsələyə həsr edilmişdir. Xüsusi qeyd etməyə dəyər ki, tədqiqat predmeti kimi seçilmiş həmin mövzunun bəzi aspektlərinə elmi ədəbiyyatda toxunulsa da o, kompleks şəkildə elmi cəhətdən tədqiq edilməmişdir. Fikrimizcə, Azərbaycan qanunvericiliyi ilə insan hüquqlarının məhdudlaşdırılmasına dair beynəlxalq normaların müqayisəli təhlil edilməsi, habelə ölkənin məhkəmə praktikasının göstərilən normalar ilə əlaqəli şəkildə öyrənilməsi son dərəcə aktualdır.

Kitabda beynəlxalq hüquqda insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının əsasları, insan hüquqlarının məhdudlaşdırılmasının beynəlxalq-hüquqi prinsipləri, fövqəladə vəziyyət şəraitində insan hüquqlarının məhdudlaşdırılmasının qanuniliyinin beynəlxalq-hüquqi təminatları, beynəlxalq hüquq və Azərbaycan Respublikasının qanunvericiliyi üzrə insan hüquqlarının məhdudlaşdırılmasının həddi və əsasları kimi mühüm əhəmiyyət kəsb edən məsələlərə toxunulmuşdur. Əsərdə beynəlxalq və milli qanunvericilik mahiyyəti üzrə təhlil edilmiş, onun nəzəri və təcrübi əhəmiyyəti açıqlanmış, bir sıra dəyərli təkliflər irəli sürülmüşdür. Monoqrafiyanın elmi yeniliyi beynəlxalq hüquqda insan hüquq və azadlıqlarının məhdudlaşdırılması problemini hərtərəfli tədqiq etmək üçün Azərbaycanın hüquq ədəbiyyatında göstərilən ilk cəhdin olmasındadır. İlk dəfə olaraq monoqrafiyada insan hüquqlarının məhdudlaşdırılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi və məhkəmə praktikası müvafiq beynəlxalq hüquq prinsipləri və normaları baxımından təhlil edilmişdir.

M.Abdullayev tərəfindən yazılmış monoqrafiyada beynəlxalq hüquq normalarından, milli qanunvericilik aktlarından və müvafiq elmi mənbələrdən kifayət qədər geniş istifadə edilməklə elmi təhlillər aparılmışdır. Monoqrafiyada elmi mülahizələrə geniş yer verilmiş, müxtəlif tədqiqat metodlarından, o cümlədən müqayisəli-hüquqi təhlil metodundan bacarıqla istifadə edilmişdir. Monoqrafiyada aktuallıq kəsb edən problemlərə müəllif münasibəti bildirilmiş, nəzəri və təcrübi cəhətdən dəyərli və maraqlı tövsiyələr və təkliflər irəli sürülmüşdür. Müəllif tərəfindən ümumiləşdirilmiş nəticələr təcrübi xarakter daşıyır.

Əsər konstitusiya hüququ, beynəlxalq hüquq, insan hüquqları, Avropa hüququ kimi elm və fəaliyyət sahələrində elmi tədqiqatlar aparan elmi işçilər, hüquqşünas alimlər, bu sahədə təhsil alan tələbələr, həmçinin geniş oxucu kütlələri üçün dəyərli bir mənbə, etibarlı vəsaitdir.

 

İbrahim QULİYEV,

Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq kafedrasının müdiri,

hüquq üzrə elmlər doktoru, professor

 

Azərbaycan.- 2017.- 12 fevral.- S.6.