Cocuq Mərcanlıya asfalt yolla qayıdacağıq

 

İlham Əliyev kəndə gedən avtomobil yolunun tikintisinə 4,3 milyon manat ayırdı

 

Ötən ilin aprel ayının əvvəllərində cəbhənin Füzuli və Tərtər rayonları istiqamətində gedən döyüşlər Azərbaycan Ordusunun uğuru kimi tarixə düşdü. Erməni hərbi birləşmələrinin təxribatının qarşısının alınması ilə əlaqədar həyata keçirilən əməliyyatlar Azərbaycan Silahlı Qüvvələrinin hansı gücə malik olması barədə söylənən fikirlərin əyani təsdiqi oldu. Beləliklə, Ermənistanın bu təxribatı öz başında çatladı. Azərbaycan Ordusu bu fürsətdən istifadə edərək düşmənə sarsıdıcı zərbə vurdu. Düşmənin ötən 22 ildə işğal etdiyi torpaqlarımızda möhkəmləndirdiyi ön xətti qoşunlarımız tərəfindən çətinlik çəkilmədən yarıldı.

 

İşğaldan azad edilən kənd

 

Həmin döyüşlərin nəticəsində 2 min hektardan çox işğal altında olan torpaq azad edildi. Ələ keçirilən strateji yüksəkliklərdən minlərlə hektar əraziyə nəzarət təmin olundu. Məhz bu uğurdan sonra Cəbrayıl rayonunun işğal altında olmayan yeganə yaşayış məntəqəsi - Cocuq Mərcanlıda həyatın normal axara qayıtması, insanların təhlükəsiz yaşaması üçün imkanlar yarandı.

Xatırladaq ki, Cocuq Mərcanlı 1993-cü ildə işğal olunmuşdu. Lakin Heydər Əliyevin böyük sərkərdə uzaqgörənliyi ilə yaratdığı Azərbaycan Ordusu 1994-cü ilin əvvəllərində Araz çayı boyu böyük bir ərazini işğaldan azad etdi. Cocuq Mərcanlı kəndi də ozamankı uğurlu qış hərbi əməliyyatları zamanı azad edilən 22 yaşayış məntəqəsindən biridir. Kənd Araz çayına yaxın düzənlikdə yerləşir. İşğaldan əvvəl ümumi sahəsi 1605 hektar olub. İşğala qədər burada 1075 nəfər sakin qeydə alınıb. Hazırda isə sakinlərin sayı 1420 nəfəri ötüb.

Ötən ilin aprel döyüşlərinə qədər Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti kəndin yaxınlığından keçirdi. Mirzənağılıda yaşayış olsa da, düşmənin atəş məsafəsinə çox yaxın olduğundan məcburi köçkünə çevrilmiş Cocuq Mərcanlı sakinlərinin qayıdıb kəndlərində yaşamaları çox təhlükəli idi. Lakin uğurlu aprel hərbi əməliyyatlarından sonra burada vəziyyət tamamilə dəyişib. Bununla da tarixən Cocuq Mərcanlıda yaşamış dinc əhalinin doğma yurduna qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb. Bunu nəzərə alaraq Prezident İlham Əliyev yanvarın 24-də “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

 

Cocuq Mərcanlının rahat yolu olacaq

 

Təbii ki, Cocuq Mərcanlının bərpası istiqamətində mühüm məsələlərdən biri kəndə qədər rahat yolun olmasıdır. Hazırda kəndə getmək üçün Horadizdən sonra Füzuli rayonunun Qazaxlar və Mirzənağılı kəndlərindən keçmək lazımdır. Bu kəndlərin arası ilə Cocuq Mərcanlıya qədər asfalt yol salınıb. Bu kəndlərdə evlərin qazlaşdırılması, tikilən müasir görkəmli inzibati binalar, abadlaşdırılmış küçələr göstərir ki, ölkəmizdə son illərdə qazanılan inkişaf cəbhəyanı kəndlərə qədər gedib çıxıb.

Bununla belə, Cocuq Mərcanlıda başlanacaq yenidənqurma işlərinin miqyası və sürəti qarşıya qoyulan bütün vəzifələrin operativçevik yerinə yetirilməsini zəruri edir. Prezident İlham Əliyevin 10 fevral tarixli “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı da bu məqsədə xidmət edir. Sərəncama əsasən Cocuq Mərcanlı kəndinə gedən və ümumi uzunluğu 9 km olan avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə “Respublikanın kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması” üçün nəzərdə tutulmuş vəsaitin 4,3 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Cocuq Mərcanlı kəndinə gedən yolun tikintisi bir daha Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş bu əraziyə, o cümlədən cəbhə kəndlərinə olan  həssas münasibətinin göstəricisidir. Horadizdən başlanacaq bu yol birbaşa Cocuq Mərcanlıya qədər uzanacaq. Artıq bundan sonra Cocuq Mərcanlının öz rahat yolu olacaq.

İlkin mərhələdə kənddə 50 evin tikintisi nəzərdə tutulur. Lakin artıq 200-ə yaxın ailə Cəbrayıla köçmək üçün müraciət edib. Ona görə yaxın gələcəkdə kənddə tikiləcək evlərin sayı da artacaq, Cocuq Mərcanlıda həyat əvvəlki məcrasına qayıdacaq. Bu mənada yeni çəkiləcək yol həm kəndin bərpasının sürətlə həyata keçirilməsinə, həm də onun 23 ildir məcburi köçkün həyatı yaşayan sakinlərinin rahatlığına xidmət edəcək.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.- 14 fevral.- S.1.