Azərbaycan ilə Gürcüstan arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluqmehriban qonşuluq prinsiplərinə əsaslanan əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunub, bu münasibətlərin ikitərəfli əməkdaşlığın hərtərəfli inkişafı üçün əlverişli zəmin yaratdığı vurğulanıb.

Nazirlər 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 ilinin tamam olmasını xüsusi qeyd edib, bu dövr ərzində iki ölkə arasında mütəmadi yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi fonunda siyasi dialoq, əməkdaşlıq və qarşılıqlı anlaşmanın inkişaf səviyyəsindən məmnunluq ifadə ediblər.

Tərəflər ölkələrimiz arasında iqtisadiyyat, ticarət, turizm, enerji və nəqliyyat sahələrində də qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini bildirib, regional əhəmiyyət daşıyan bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar. Bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu və “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyəti qeyd olunub.

Nazir Elmar Məmmədyarov dostqonşu dövlətlər kimi Azərbaycan və Gürcüstan arasında olan qarşılıqlı faydalı əməkdaşlığın bütün region üçün nümunə olduğunu bildirib.

Mixeil Canelidze Azərbaycanı Gürcüstan üçün mühüm tərəfdaş adlandırıb, iki ölkə arasında əməkdaşlığın bütün sahələr üzrə inkişaf etdiriləcəyinə və birgə səylərlə daha yeni layihələrin icra ediləcəyinə əminliyini vurğulayıb.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin son vəziyyəti barədə gürcüstanlı həmkarına məlumat veribqeyd edib ki, Ermənistanın işğalçılıq siyasətinə görə münaqişənin həll olunmaması regionun hərtərəfli inkişafına, sülh, sabitlik və təhlükəsizliyin bərqərar olmasına ciddi təhdid təşkil edir. O, həmçinin əlavə edib ki, Ermənistan ərazisində fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası bütöv regionu nüvə təhlükəsi ilə üzbəüz qoyur.

Tərəflər Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha qarşılıqlı dəstək ifadə ediblər.

Görüşdə, həmçinin iki ölkənin parlamentləri arasında əlaqələr, konsulluq sahəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi və qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.

 

Azərbaycan.- 2017.- 14 fevral.- S.2.