Azərbaycanın və Gürcüstanın qanunvericilik orqanları arasında əlaqələr inkişaf edir

 

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, sədr Azərbaycanın Gürcüstanla strateji tərəfdaş olduğunu, yaxın qonşuluqdostluq münasibətləri zəminində əlaqələrimizin inkişaf etdiyini söyləyib. Bildirilib ki, əlaqələrimizin daha da möhkəmlənməsində dövlət başçılarımızın görüşlərinin və aparılan danışıqların əhəmiyyətli rolu olub. Dövlətlərarası münasibətlərimiz möhkəm dayaqlara söykənən siyasi ənənə halını alıb. Bu günədək ölkələrimiz arasında 107 sənəd imzalanıb, 15-i üzərində davam etdirilir.

Hər iki ölkənin birgə həyata keçirdiyi layihələr dünya ictimaiyyətinin diqqətini özünə cəlb edir. Gələcəkdə TAP və TANAP kimi qaz layihələrinin reallaşması, nəqliyyat infrastrukturu ilə bağlı planların baş tutması ölkələrimizin nəinki regionda, Avropadabütün dünyada nüfuzunun güclənməsinə səbəb olacaq.

Sədr parlamentlərimiz arasındakı münasibətləri də yüksək dəyərləndirərək deputatlarımızın beynəlxalq qurumlardakı fəaliyyətinin ümumi məqsədlər naminə önəmli olduğunu vurğulayıb.

Nazir Mixeil Canelidze ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, bir dost kimi Azərbaycanın uğurlarına sevindiyini, gündən-günə gözəlləşən Bakını seyr etməkdən zövq aldığını deyib. Bildirilib ki, ölkələrimiz arasındakı münasibətlər digər dövlətlər üçün nümunə ola bilər.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, bölgədəki qlobal layihələrin reallaşması, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze və digər rəsmi şəxslər iştirak ediblər.

 

Azərbaycan.- 2017.- 14 fevral.- S.2.