“Xocalıya piyada gedəcəyəm”

 

Həyat yoldaşı ilə yanaşı onlarla əzizini soyqırımında qurban verən, 6 övladını tənha böyüdən Mehriban Əliyevanın faciəli və mübariz həyat hekayəsi

 

Hələ 10-12 yaşı olanda kimdənsə “yeddi yetimlə bir dərədə qalmaq” sözlərini eşitmişdi. Uşaq olsa da, bu ifadə onun yaddaşında vahiməli bir mənzərə canlandırmış, körpə qəlbinə qorxunc bir olay yaşatmışdı.

30 il sonra, 1992-ci ilin amansız qışında Xocalının qan və qəm dərəsində yetim qalmış yeddi balası ilə birlikdə axtarışa çıxıb ömür-gün yoldaşı Şöhrət Hüseynovun cansız cəsədini arayanda, dəhşətdən fəryad qoparanda Mehriban xanımın yadına haradansa o ifadə gəlib düşdü.

Xocalının 66 yaşlı sakini Mehriban Əliyeva söhbət etdikcə ağlayır və: “Bizim göz yaşımız qurumaz, çünki Xocalı daim qan sızan yaramızdır”, - deyir. Bununla da sanki bəri başdan özünü veriləcək təsəllilərdən “sığortalayaraq” bildirmək istəyir ki, məni sakitləşdirməyə çalışmayın. O, bütün söhbət boyu beləcə, ağlaya-ağlaya danışır:

- Yeddi yetim deyəndə qızlarım Aygünü, Almazı, Gülnarəni, Ruhiyyəni və Bəyazı, oğlum Babəki, biro vaxt hələ təzəcə qohum olduğumuz kürəkənim Qaraxanı nəzərdə tuturam. Xocalı soyqırımında o, atasını da, anasını da itirdi. Təkcə kürəkənim olduğu üçün deyil, bu səbəbdən də mən həmin vaxtdan ona ana olmağı özümə borc bildim.

Onlar Şöhrətin cəsədini bir aydan çox axtardılar. Həmin günlərdə ailənin hansı mənəvi əzablar çəkdiyini sözlə ifadə etmək mümkün deyil. O müsibətlərin şahidi olan qocaman Xocalı sakini Surxay kişi hər dəfə Mehribanı görəndə deyir ki, sənin o Almaz qızının “Ata... a...a...a...” fəryadı hələ də qulaqlarımda səslənir.

- Bakıda məskunlaşandan sonra da mənə həyatın enişli-yoxuşlu, dağlı-dərəli yollarında yeddi yetimlə birgə addımlamaq asan olmadı,- deyən Mehriban xanımı yenidən qəhər boğur.

Azərbaycan dövləti mənfur düşmənin əli ilə yurd-yuvasından didərgin düşmüş məcburi köçkünləri, o cümlədən Xocalı sakinlərini darda qoymadı, onlara sahib çıxdı, kömək etdi, dəstək verdi. Bu köməkdən istifadə edən, özündə yenidən “ayağa durmaq”, yaşamaq gücü tapan Mehriban Əliyeva sanki bir mübarizəyə qoşuldu. Bütün qüvvəsini, ürəyinin odunu övladlarına bəxş edərək onları böyüdüb araya-ərsəyə gətirdi. İndi beş qızının hər biri sənət və ailə sahibidir. Onlardan üçü həkim, biri tibb bacısı və biri müəllimdir. Amma ana hələ ki xonça tutub qız qapısına elçiliyə getmək arzusuna çatmayıb. Çünki birinci qrup əlil olan və Xocalı soyqırımının səhhətinə vurduğu zərbədən əziyyət çəkən oğlunu indiyəcən evləndirə bilməyib. Lənətə gələsən, alçaq düşmən!

Hər bir Xocalı sakini kimi Mehriban xanımın da itirdiyi, özü də məşəqqətlə, faciə ilə itirdiyi əzizi, doğması bir deyil, beş deyil. Bacılarının hərəsi bir-birinə bənzəməyən ayrı-ayrı faciələr yaşayıblar.

Nənəş müdhiş gecədə üç oğlunu - Fəxrəddini, Mikayılı, Arazı və ömür-gün yoldaşı Bahadur kişini itirib. Araz ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülübMehriban bir xala kimi bundan böyük qürur duyur. Arazın o biri qardaşları da igid olub. Belə dərdə ana ürəyi dözərdimi? Beləcə, Nənəş də dünyasını dəyişdi.

Digər bacısı Mariyanın qızı Elnarə əsir düşübbu dərdin ağırlığına tab gətirə bilməyən ananın ürəyi partlayıb.

Daha bir bacısı Məlahət isə həyat yoldaşını və qızını itirib. Yeddi yaşlı qızcığazı mənfurlar atasına sarı qaçdığı yerdə güllələyiblər.

Mehriban xanım öz əzabları ilə yanaşı, üç bacısının da ağır dərdlərini ürəyində daşıyır. Bununla yanaşı, gördüyü, tanıdığı və hətta tanımadığı hər bir xocalılının faciəsini özünə yaxın bilir. Əsir düşən qohumu (bacısı Nənəşin qayını) Seyidi kişidən hələ də xəbər-ətərin olmadığı bir yana qalsın, onun yeganə oğlu Tofiqin amansız ölümünü yana-yana xatırlayır. Deyir ki, indi Seyidinin qardaş həsrətli beş qızı atadan bir xəbər almaq ümidi ilə gecə-gündüz yol gözləyirlər.

Özünün həyat yoldaşı Şöhrət müəllimdən söz düşəndə isə Mehriban xanımın üzünə xəfif qızartı çökür (Yar-yoldaşdan danışanda utanmaq yalnız Azərbaycan qadınına məxsus olan hissdir). Bu ağbirçək çağında da onun çöhrəsindən əsl azərbaycanlı, qarabağlı gəlinlərinə xas olan bir həya, ismət sezilir.

Şöhrət müəllimlə ailə quranda 17 yaşı varmış. Həyat yoldaşının dərin savada malik olması Mehribanın da dünyagörüşünə öz təsirini göstərib və bu, sonrakı həyatında ona çox kömək edib.

Şöhrət Həsənov uzun müddət müxtəlif vəzifələrdə çalışıb. Xocalı soyqırımı baş verən zaman rayon icra hakimiyyəti başçısının birinci müavini olub. Onun həm də gözəl qələmi varmış. Kəsərli, dürüst tarixi məqalələrin müəllifi kimi tanınırmış. Keçən əsrin 60-cı illərində ermənilər Xocalıda azərbaycanlıların qədim qəbiristanlığının yerində donuzkökəltmə ferması yaradanda Şöhrət “Daş sənduqələrin harayı” adlı məqaləsi ilə haray qoparıb.

O zaman ermənilər öz aralarında danışırmışlar ki, Qarabağın əsl tarixini pozmaq, silmək üçün məhz belələrini aradan götürmək lazımdır...

Mənfur qonşularımız hələ sovet dönəmində Şöhrət Həsənova Yerevanda yaxşı vəzifə verəcəklərini deyərək ona öz adını və soyadını dəyişdirməyi təklif etmişdilər. Məqsəd Şöhrəti ələ almaqondan Azərbaycanın əleyhinə istifadə etmək idi. Lakin bu, mümkün olan bir deyildi!

Şöhrət 47 illik qısa ömür yaşadı. SSRİ dövründə düşmən olduğunu yaltaqlığı və riyakarlığı ilə pərdələyən, özünü dost kimi göstərən ermənilərlə əməli və sözü ilə mübarizə apardı. Sonra Qarabağın, Xocalının narahat, təlaşlı vaxtlarında silaha sarıldı, döyüş meydanına çıxdı. Gündüzlər kabinetində işlədi, gecələr isə özünümüdafiə batalyonunun döyüşçüləri ilə birgə ön mövqedə keşik çəkdi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə də son nəfəsinə və son gülləsinədək vuruşdu. Avtomat silahının darağında olan 30 güllənin hamısı artıq qurtarmışdı. Qocalara, uşaqlara bacardığı kimi kömək etməyə çalışırdı. Amma erməni vandalları artıq onu görmüşnişan almışdılar...

Şöhrət Həsənov Bakıda, Şəhidlər xiyabanında uyuyur. Onun böyük ailəsi isə buranı özünə and yeri bilərək tez-tez ziyarət edir.

- O vaxtdan 25 il keçir. Mən bu günyol gedəndə elə bilirəm ki, Şöhrət yanımdadır, onunla qoşa addımlayıram, - deyir Mehriban xanım.

Gözlərində yenidən yaş gilələnir və birdən də bu yaş yox olur. Sanki möcüzədir, elə bil bu göz yaşları hərdən onun yanağı əvəzinə, geriyə, qəlbinə axır.

- Bilirsinizmi, bu dünyada ən şirin şey bir anadır, bir vətən. Biz vətən içində vətənimizi itirdikonunla bahəm saysız-hesabsız əzizlərimizi, ev-eşiyimizi, isti yuvamızı.

Amma ümidini, bir gün yenidən Xocalıya qayıdacaqlarına böyük inamını heç vaxt itirməyib xocalılılar. Keçən ilin aprel zəfəri, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, o cümlədən Cocuq Mərcanlıya qayıdış barədə imzaladığı sərəncam bu inamı daha da artırıb.

Mehriban xanım sözünə davam edərək deyir:

- Yol gedəndə mənə həm də elə gəlir ki, Xocalı lap yaxınlıqdadır. Bax, bu tini dönsəm, Xocalıya çatacağam... Əhd etmişəm ki, Bakıdan Xocalıya piyada gedəcəyəm. Ayağımın o torpağa dəydiyi günə qurban demişəm...

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.- 14 fevral.- S.7.