O gecənin yaddaşlarda qalan ağrıları...

 

Qarabağın qanlı-qadalı illərində daha dəhşətli qırğınlar törədilən, yer üzündən silinən bir isti yurd idi Xocalı. Qucağında, qundağında körpəsi boğulan, yurd-yuvası dağıdılan - fəryadları qulaqlardan getməyən, diri-diri tonqallara qalanan balalarına əli yetməyən bir ana!

Sonralar erməni tərəfi etiraf etmişdi ki, silahlı daşnak dəstələrinin əsas vəzifəsi Xocalı plastdarmını məhv etmək, buradan keçən Əsgəran-Xankəndi yolunu, hava limanını ələ keçirmək idi. Bunun üçünsə Xocalı bir gecənin içərisində yerlə-yeksan edildi, xocalılılar süngülərə taxıldı... Bütün bu dəhşətlərdən dünya xalqlarının xəbəri olsa da, cinayətkarlar cəzalandırılmadı. Bəşəriyyət hələ də susur, yaxud saxta erməni soyqırımından danışılır...

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri olan Xocalı qətliamı Xatın, Xirosima, Lidsa, Oradur soyqırımları ilə eyni dərəcədə törədilib. 1991-ci ilin oktyabrından mühasirəyə salınan Xocalıya əsas nəqliyyat xətti havadan idi. Gözdən-könüldən iraq Xocalıya sonuncu helikopter 1992-ci il yanvarın 28-də uçub. Şuşa səmalarında həmin helikopterin ermənilər tərəfindən vurulması nəticəsində 40 nəfərin faciəli şəkildə həlak olmasından sonra Xocalı havadan da mühasirəyə alınıb. Yanvar ayından Xocalıya elektrik enerjisi verilməyib. Şəhərin müdafiəsi əsasən yerli özünümüdafiə dəstəsi və təlim keçmədən ön cəbhəyə yollananlar tərəfindən həyata keçirilib.

Xocalıya hücum fevralın 25-də axşam 366-cı motoatıcı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması və toplardan, tanklardan, “alazantipli “zenit”lərdən açılan 2 saatlıq atəşdən sonra başlayıb. Şəhərə üç istiqamətdən hücum edildiyi üçün əhali Əsgəran tərəfə qaçmağa məcbur olub. Amma bu, qurulmuş bir tələ olduğundan Naxçıvanik kəndi yaxınlığında dinc əhalinin qarşısı erməni silahlıları tərəfindən kəsilərək gülləbarana tutulub. Qarlı dağ aşırımlarında və meşələrdə onlar tamamilə əldən-ayaqdan düşənləri, şaxta donduranları, “sağ qalanlar”ı xüsusi qəddarlıqla qətlə yetiriblər. Dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilən 200 azərbaycanlının meyiti gətirilib ki, həmin cəsədlərin amansızcasına vəhşiliyə, təhqirə məruz qalması faktları aşkar edilib.

Fevral ayının 28-də tərkibində yerli jurnalistlər də olan 2 qrup helikopterlə azərbaycanlıların qətlə yetirildiyi yerə çatıb. Oradakı mənzərə hamını dəhşətə gətirib. Düzənlik cəsədlərlə dolu olub. İkinci helikopterin havadan mühafizə olunmasına baxmayaraq, ermənilərin güclü atəşləri altında ancaq 4 cəsədi götürmək mümkün olub. Martın 1-də yerlixarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha acınacaqlı faktlar aşkarlanıb. Meyitlərin skalplarının götürülməsi, cəsədlərin qulaq, burun və digər orqanlarının kəsilməsi, gözlərinin oyularaq çıxarılması, ətraflarının kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılmalar və digər ağlasığmaz vəhşiliklər bir daha ermənilərin vandalizm siyasəti yeritdiyini təsdiqləyirdi.

Həmin qanlı, qırğınlı günlərdə xocalılılar yalnız qətlə yetirilmədilər, onlardan 1275-i (qoca, qadın və uşaq) isə əsir aparılaraq dəhşətli təhqir, zülm və həqarətlərə məruz qalıb, min nəfər isə əlil və şikəst oldular.

Xocalının, daha doğrusu, Azərbaycan torpaqlarının erməni vandallarının təcavüzündən qorunmasında vətənpərvərlik nümunəsi göstərən və şəhid olan xocalılılardan on nəfər (9-u ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

Hadisələrin şahidlərinin dilə gətirdikləri yalnız dəhşətlərdən deyil, əslində, vəhşiliklərdən xəbər verir. Qaradağlı sakini, hadisələrin şahidi İlqar Əliyevin dediklərindən: “Ermənilər fevralın 26-da Xocalını işğal edəndə Xankəndidə həbsxanada idim. Həmin gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar Xocalı sakinləridir və bu şəhər də işğal olunub. Sabahısı gün gözümün qabağında 60-a yaxın Xocalı sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da var idi”.

Qaradağlı kənd sakini Oruc Əliyev də şahidi olduğu işgəncə və qətliamlar barədə bunları deyib: “Məni fevralın 17-də əsir götürdülər. Yolda qohumlarımın yarısını öldürdülər. Xankəndidəki həbsxanada isə dişlərimi zorla çəkdilər”.

O, əsirlikdə olduğu müddətdə ermənilər tərəfindən hər gün döyüldüyünü və işgəncəyə məruz qaldığını da dilə gətirib: “Həmin il martın 17-də dəyişdirildim. Ermənilər sağlam azərbaycanlı əsir və girovların daxili orqanlarını satırdılar. Bunu əvvəlcədən tanıdığım ermənilər mənə demişdi”.

Sözün, kəlmənin ifadə edə bilmədiyi belə vandalizm siyasəti yürüdən Ermənistan isə guya ermənilərin məzlumluğunu, kimsəsizliyini yayır dünyaya. Budurmu məzlumluq?! Bəs özlərini dünyanın humanist xalqları, demokratiyanın beşiyi sayan dövlətlər nədəndir 25 ildir susur? Suallar hələ də xocalılıların “salamat” qalanlarının sinəsinə ermənilərin vurduğuheç zaman sağalmayacaq dərin yaralar kimi göynədir, çünki cavabı yoxdur.

Bu cavabı verməli olanlar isə Azərbaycan Ordusunun erməni silahlı quldur dəstələrinə ötən ilin aprel ayında verdiyi dərsdən sonra, deyəsən, dillənməyə başlayıb: xalqımızdan və ordumuzdan aman diləməklə...

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.- 14 fevral.- S.7.