Novruzun ilk müjdəçisi - Yalançı çərşənbə

 

Kiçik Çillənin onuncu günü “Xızırilləz günləri”nin başlanması “Dönüş nöqtəsi” sayılmışdır. Əcdadlarımız inanmışlar ki, artıq bu günlərdən havalar mülayimləşməyə başlayır.

Bəzi rayonlarımızda yalançı çərşənbələr qeyd olunur. Yalançı çərşənbə doğurçu çərşənbənin gəlişinə zəmin hazırlayır, Novruzun vaxtına  az qaldığını göstərir. Qarabağ zonasında ilk çərşənbə “Xəbərçi” adı ilə də tanınır. Bəzi bölgələrimizdə bu çərşənbə “Qoduğ qırxdı çərşənbə”, “Çəkər çərşənbə”, “Küllü çərşənbə”, “Toz çərşənbə” də adlanır.Novruzun ilk müjdəçisi Xıdır Nəbinin gəlişi ilə təbiət tədricən oyanmağa başlayır. Beləliklə də, insanlar Yalançı çərşənbə ayinlərini keçirirlər, amma bu ayinlərin sayı çox deyil. Bu çərşənbəni qeyd edən insanlar günəş qürub edərkən  alovu gur olmayan tonqallar qalayırlar. Bu tonqallar gur alışmasın deyə saman və küləşdən düzəldilir. Tonqalın qalanması əcdadlarımızın inancından doğaraq “torpağın qızdırılması” məqsədini daşıyır.  Lakin sonrakı dörd çərşənbəyə nisbətən Yalançı çərşənbə sakit keçirilir, süfrələr xüsusi olaraq bəzədilmir, inanca söykənən hər hansı bir ayin icra edilmir.

 

Azərbaycan.- 2017.- 14 fevral.- S.8.