Azərbaycanın görkəmli mütəfəkkirlərinin tədqiqatçısı

 

Elm xadimləri

 

Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri, professor İzzət Əşrəf oğlu Rüstəmov 1932-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Gədəbəy rayonunda dünyaya göz açmışdır. Ali məktəbdə laborantlıqdan başlayıb professorkafedra müdiri, prorektor vəzifələrinə qədər yüksələn bu alim ömrünün 50 ilə qədərini Bakı Dövlət Universitetində, 10 ilini Azərbaycan Dövlət Neft Akademiyasında keçirmişdir. O, 1987-1988-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini olmuşdur. Bütün bunlarla yanaşı, professor İ.Rüstəmov respublikanın ictimai-siyasi həyatında da fərqlənə bilmişdir. O, 1994-1999-cu illərdə Azərbaycan Respublikası Baş nazirinin humanitar işlər üzrə müavini vəzifəsində çalışmışdır. Ona görə də bu gün İzzət müəllim Azərbaycanın görkəmli ziyalılarından, ictimai-siyasi xadimlərindən biridir desək, yəqin ki, yanılmarıq.

İ.Rüstəmov elmi-pedaqoji fəaliyyəti boyu bir çox mükafatlara layiq görülmüşdür ki, bunlar arasında Təhsil Nazirliyinin, ÜmumittifaqBilik” Cəmiyyətinin fəxri fərmanlarını, akademik S.İ.Vavilov adına medalı (1991), BDU-nun 80 illik yubileyi münasibətilə fəxri fərmanı (2000), “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisidöş nişanını (2007), Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının xarici həqiqi üzvlüyünü (akademik) (2007), Azərbaycan Respublikasının “Şöhrətordenini (2009), “Həsən bəy Zərdabi irsinin tədqiqi, təbliği sahəsindəki xidmətlərinə görə” Azərbaycan Mətbuat Şurasının diplomunu (2012) və s. kimi fəxri adları sadalamaq olar.

İzzət müəllimin Azərbaycan elminə verdiyi töhfə, qısaca desək, Azərbaycanın XIX əsr görkəmli mütəfəkkirlərindən Həsən bəy Zərdabinin elmi və fəlsəfi ideyalarının, A.A.Bakıxanovun, M.F.Axundzadənin fəlsəfi yaradıcılığının, eləcə də XX əsr Azərbaycan elmi və bədii fikrinin nəhənglərindən olan N.Nərimanovun, C.Məmmədquluzadənin, H.Cavidin, M.Hadinin və başqalarının yaradıcılığının dərindən tədqiqindən ibarətdir.

Bu günə kimi onlarla elmlər namizədi və elmlər doktoru yetişdirmiş professor İ.Rüstəmov 10 kitabın, 4 monoqrafiyanın, 170-ə yaxın elmi məqalənin, elmi resenziya və rəylərin müəllifidir.

Görkəmli alim bir sıra sanballı dərslik və monoqrafiyaların elmi redaktorudur. Məsələn, M.Axundov və E.Axundovanın “Zamanı qabaqlayan klassiklərimiz təbiət haqqında” kitabının (Bakı, 2015) elmi redaktoru və “Ön sözün müəllifi, A.Zamanov və H.Əliyevanın “Sosial işin əsasları” dərsliyinin (Bakı, 2015), professor R.Həsənovun “Sosial siyasət” dərsliyinin (Bakı, 2016) elmi redaktorudur. Professor İ.Rüstəmov bu gün respublikamızda həm də sosial-fəlsəfi ədəbiyyatın ən mahir tənqidçiləri sırasındadır.

Professor İzzət Rüstəmovun tərcüməçilik fəaliyyəti xüsusi vurğulanmalıdır. Əgər nəzərə alsaq ki, doğma dilimizdə tərcümə olunmuş elmi ədəbiyyat elə də çox deyildir, bu sahədə hətta azacıq töhfəsi olan insanlara biz hökmən “çox sağ ol” deməliyik. İzzət müəllim isə həqiqətən də mahir tərcüməçidir. Belə ki, onun tərcüməsində xeyli sayda dərslik, dərs vəsaiti, lüğətlər oxuculara təqdim edilmişdir. Gəlin onlardan bəzilərini sadalayaq: A.V.AnikininElmin gəncliyi (Marksaqədərki iqtisadçı mütəfəkkirlərin həyatı və ideyaları)” monoqrafiyası, “Qısa estetika lügəti” (akademik A.Aslanovla), Z.F.Qolenkova, M.M.AkuliçV.N.KuznetsovunÜmumi sosiologiya” adlı dərs vəsaiti və s. Professor İ.Rüstəmov respublikamızda ilk hadisə olanEnsiklopedik fəlsəfə lüğəti”nin tərtibçisi və Elmi Redaksiya Şurasının sədridir (Bakı, 1997).

Professor İ.Rüstəmov Azərbaycan Respublikasının Prezidenti yanında AAK-da fəlsəfə elmləri üzrə Ekspert Şurasının ilk sədri, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda və Bakı Dövlət Universitetində dissertasiya şuralarının üzvü, həmsədri, həmçinin BDU-da hüquq, beynəlxalq münasibətlər, siyasi elmlər üzrə Birdəfəlik dissertasiya şuralarının üzvü, Fəlsəfə və Hüquq İnstitutunda, habelə BDU-da dissertasiya şuralarının nəzdində elmi seminarların rəhbəri olmuşdur. Hazırda İzzət Rüstəmov Fəlsəfə İnstitutunda fəlsəfə və sosiologiya elmləri üzrə Dissertasiya Şurasının, AMEA Rəyasət Heyətinin nəzdində Problem Şurasının, BDU-da Böyük Elmi Şuranın, dekanların və kafedra müdirlərinin seçkisi üzrə ümumuniversitet komissiyasının üzvüdür. Əlbəttə ki, bütün bunlar alimə göstərilən ən böyük etimaddır ki, professorun adı “Azərbaycanın 100 görkəmli alimi” sırasına daxil edilmişdir.

İ.Rüstəmov Baş nazirin müavini işləyərkən yüksək beynəlxalq konfrans və sammitlərdə (Roma, Cenevrə, Nyu Yorks.) Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmış, Azərbaycan ətrafında yaradılmış informasiya blokadasının yarılmasında xüsusi rol oynamışdır. Bu cəhətdən onun BMT Təhlükəsizlik Şurasının narkotiklərə və narkobiznesə qarşı mübarizə məsələlərinə həsr olunmuş fövqəladə sessiyasında məruzəsi Azərbaycana qarşı erməni təcavüzünün ifşası baxımından diqqəti xüsusilə cəlb edir. İ.Rüstəmov həmçinin respublikamızda keçirilmiş bir sıra beynəlxalq konfranslara sədrlik etmişdir.

Alim ulu öndər Heydər Əliyevin elmi irsinin öyrənilməsinə həsr olunmuş bir sıra nəzəri-metodoloji yazıların, o cümlədən “Gələcəyə istiqamətlənmiş böyük siyasət”, “Azərbaycan təhsilinin Heydər Əliyev fenomeni” məqalələrinin, həmçinin “Sosiologiya tarixi - sosioloji idrakın xüsusi sahəsi kimi”, “Fəlsəfə və sosiologiya: təmas nöqtələri və fərqlər”, “Müasir dövrdə Azərbaycanda baş verən sosial dəyişikliklər və onların əsas istiqamətləri”, “Tarixi həqiqətlərin sosioloji dərki”, təhsilin fəlsəfəsinə həsr olunmuş “Təhsilə baxış yeni kontekstdə” elmi-metodoloji məqalələrin müəllifidir.

Professor İzzət Rüstəmov 2013-cü ildə keçirilən prezident seçkilərində ərazi üzrə müşahidəçi olmuşdur.

Əlbəttə ki, belə qısa bir yazıda alimin bütün fəaliyyət çevrəsini əhatə etmək mümkün deyil. Buna görə də onunla bağlı bəzi xatirələrimi oxucu ilə bölüşmək istərdim. Burada məqsədim həm də İzzət müəllimin insani keyfiyyətlərini nəzərə çatdırmaqdır.

İzzət müəllimlə tanışlığımı şərti olaraq üç hissəyə bölmək istərdim: professorun Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) çalışdığı illər, İzzət müəllimin Bakı Dövlət Universitetində beynəlxalq əlaqələr üzrə prorektor işlədiyi vaxtonun BDU-nun Sosiologiya kafedrasında müdir kimi işləməyə başladığı vaxt.

Ali təhsilimi Rusiya Federasiyasının Kazan şəhərində bitirdikdən sonra burada hərbi xidmət keçib bir neçə il komsomol işində çalışdıqdan sonra Azərbaycana dönmüşdüm. Buna səbəb 1980-ci illərin sonlarında SSRİ-də məlum səbəblərdən milli münasibətlərin kəskinləşməsi idi. Azərbaycanda ilk çalışdığım yerlərdən biri də Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş laborant vəzifəsi oldu. Həmin vaxtlar namizədlik dissertasiyam üzərində işləyirdim. Bir dəfə dissertasiya mövzumla əlaqədar bir məqalə yazmışdım. Fikirləşdim ki, onu İzzət müəllimə (o, bu vaxt fəlsəfə kafedrasının müdiri vəzifəsində çalışırdı) göstərib, məqalə haqqında fikrini öyrənim. Otağa daxil olanda mən onu masasının arxasında çay içən gördüm. Amma bu elə belə çay deyildi. O, mənə də çay təklif edib, onun hansısa müalicəvi otdan olması, nəyəsə xeyri haqqında danışdı. Mən maraqlı həmsöhbətimə diqqətlə qulaq asıb, onu dinlədikdən sonra məqaləmi göstərdim. İzzət müəllim məni çox gözlətmədi. Elə oradaca məqaləni gözdən keçirib öz məsləhətini verdi. Bu şəxs həm sadə, həm də maraqlı, bilikli həmsöhbət idi. Daha bir məqam da onun ünsiyyətcil olması idi: söhbət əsnasında mən hansısa əlçatmaz, özünün kimliyini, əhəmiyyətini hər an nəzərə çatdırmaq istəyən vəzifəli bir adamla yox, pedaqoqla, hər şeydə özü üçün maraqlı bir nə isə kəşf etməyə çalışan əsl alimlə danışdığımı hiss etdim.

O vaxtdan az keçmişdi ki, “Şəxsiyyət azadlığı və sosial məsuliyyət” adlı namizədlik dissertasiyamı müdafiə etdim. Çalışdığım kafedrada bizimlə SSRİ-nin müxtəlif nüfuzlu ali məktəblərinin məzunları olan gənc kadrlar, hələ namizədlik dissertasiyasını müdafiə etməmiş müəllimlər işləyirdilər. Mən onlar arasında namizədlik dissertasiyasını müdafiə edənlərin birincisi idim. Dissertasiya Şurasında müdafiə vaxtı İzzət müəllim də çıxış etdi. Çıxışında həm tənqid, həm də tərif vardı.

Bu hadisədən illər keçdikdən sonra biz İzzət müəllimlə Bakı Dövlət Universitetində beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində çalışarkən rastlaşdıq. İzzət Rüstəmov Azərbaycan Respublikasının Baş nazirinin müavini vəzifəsində çalışmış və əmək fəaliyyətini BDU-da davam etdirməyə başlamışdı. Bu insanla görüşdükdə mən elə həmin İzzət müəllimi qarşımda gördüm: sadə, insansevər və maraqlı bir şəxs. O, məni kabinetinə təkidlə dəvət etdi və yenə də həmin o bitkilərdən çaya qonaq etdi. Mən özüm üçün belə bir nəticə çıxardım: daxili zəngin olan insanı nə vəzifə, nə var-dövlət, nə də ki, başqa bir şey dəyişdirə bilməz.

İzzət müəllim həm də öz vətənini sevən mərd bir insandır. O, Qarabağ müharibəsində oğlu, Azərbaycanın Milli Qəhrəmanı Məzahiri itirmişdir. Lakin övladından danışarkən bu şəhid atasının gözündə bir damla da yaş görmək olmaz, çünki o, Məzahirin Vətən uğrunda canından keçdiyini bilir.

Bu gün mən professor İzzət Rüstəmovla çiyin-çiyinə BDU-nun Sosiologiya kafedrasında birgə çalışıram. Öz işini bilən, həddindən çox səliqəli, intizamlı, zəhmətkeş, özünə və başqalarına qarşı tələbkar bir insandır. Elə buna görədir ki, istər kafedrada, istərsə də bütünlükdə Sosial elmlər və psixologiya fakültəsində gənc kadrlardan tutmuş yaşlı müəllim-professor heyətinədək hamı ona rəğbətlə yanaşır, hörmətini saxlayır.

Ömrünün 85-ci ilini başa vuran İzzət müəllimin həyat və fəaliyyətinin müəyyən tərəflərinə toxunduq, bu maraqlı şəxsiyyətin, alimpedaqoqun, ictimai və dövlət xadiminin şəxsiyyətindəki cizgiləri az da olsa, ifadə edə bildik.

İzzət müəllimə cansağlığı və uğurlar arzulayırıq!

 

Rəfail HƏSƏNOV,

Bakı Dövlət Universitetinin

Sosiologiya kafedrasının professoru,

sosiologiya üzrə elmlər doktoru

 

Azərbaycan.- 2017.- 16 fevral.- S. 8.