Azərbaycan Prezidenti İlham
Əliyevin Əl-Cəzirə televiziyasına müsahibəsi
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Əl-Cəzirə televiziyasına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.
- Cənab
Prezident, xoş gördük. Əvvəlcə Qarabağ
problemindən başlayaq. Bu problem bölgədə gərginliyə
səbəb olur və Azərbaycanın bütün həyatına
öz təsirini göstərir. Problemin həllinə yönələn
regional səylər var və bu cəhdlər indi hansı mərhələdədir,
Qarabağ probleminin həlli ilə bağlı Sizin
baxışlarınız nədən ibarətdir?
- Əvvəlcə, əlbəttə ki, auditoriyanı bu məsələnin tarixi barədə məlumatlandırmaq istəyirəm. Qarabağ Azərbaycanın qədim və tarixi hissəsidir. Bir çox əsrlər boyu azərbaycanlılar bu torpaqda yaşayıb-yaradıblar. XIX əsrin əvvəllərində Rusiya-İran müharibəsi nəticəsində Azərbaycanın şimal hissəsi Rusiya imperiyasının tərkibinə daxil oldu. Ermənilər isə İrandan və Şərqi Anadoludan Azərbaycan torpaqlarına, hazırda Dağlıq Qarabağ adlanan əraziyə köçürüldülər. XX əsrin əvvəllərində bolşevik inqilabının nəticəsində Azərbaycan Sovet İttifaqının bir hissəsi oldu və sonra isə sovet hökuməti tərəfindən Dağlıq Qarabağ muxtar vilayətinin yaradılması barədə qərar qəbul edildi. Çünki XIX əsrdəki köçürülmədən sonra bu vilayətin əhalisinin 70 faizini ermənilər, 30 faizini isə azərbaycanlılar təşkil edirdi. Beləliklə, Azərbaycanın bu qədim və ayrılmaz hissəsi muxtariyyət statusu aldı və Sovetlər İttifaqının dağılması ərəfəsində Ermənistan separatçıları Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağda separatçı hərəkata başladı, dinc azərbaycanlı əhaliyə qarşı hücumlar etdilər, kəndlərimizi yandırdılar, evlərimizi dağıtdılar və təkcə Dağlıq Qarabağı yox, Dağlıq Qarabağ muxtar vilayətinin ətrafında yerləşən yeddi rayonu da işğal etdilər. Bu təcavüz və işğal nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpağında qaçqın və məcburi köçkünə çevrildi. Beynəlxalq təşkilatlar bir çox qərar və qətnamələr qəbul etdi, xüsusilə BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdi. Əfsuslar olsun ki, bu qətnamələri qəbul edənlərin özləri öz qərarlarına hörmət etmirlər. Çünki 20 ildən artıqdır ki, bu qətnamələr kağız üzərində qalmaqdadır, onlar icra olunmur və biz burada Azərbaycana qarşı ikili standartlar siyasətinin şahidi oluruq. Çünki bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qərarları bir neçə gün ərzində icra olunur. Bizim məsələyə gəldikdə isə, 20 ildən çox vaxt keçmişdir. Ermənistan bu qətnamələrə, həmçinin digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur. Oxşar qərarlar İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı tərəfindən də qəbul edilmişdir. Bütün bu qərarlar, qətnamələr Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edir.
Bəs biz bu münaqişənin həlli yolunu necə görürük? Bu mövqe təkcə bizim baxışlarımıza deyil, həm də bu münaqişənin həlli ilə bağlı beynəlxalq hüquqa əsaslanır. Əvvəla, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, erməni işğalçı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır, azərbaycanlılar bütün işğal olunmuş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıtmaq hüququna malik olmalıdır. Bundan sonra regionda sülh bərqərar olacaq. Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənar heç bir qərar qəbul edilə bilməz. Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq. Onu da əlavə etmək istərdim ki, dünyada heç bir ölkə, o cümlədən azərbaycanlılara qarşı soyqırımı törətmiş Ermənistan da Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Bundan başqa, ermənilər bizim bütün tarixi abidələrimizi, muzeylərimizi, məscidlərimizi dağıtmışlar. Bu gün Ağdam məscidinin, Şuşa məscidinin dağıdılması erməni vəhşiliyinin açıq-aydın sübutudur. Bu, təkcə Azərbaycanın tarixi irsinə qarşı deyil, eyni zamanda, İslam dəyərlərinə, İslam tarixi irsinə qarşı olan hücumdur. Buna görə də bəzən Ermənistanın bəzi müsəlman ölkələri ilə münasibətlərini möhkəmləndirməyə və ya normallaşdırmağa yönəlmiş cəhdləri çox təəccüb doğurur. Hesab edirik ki, Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan İslam Əməkdaşlıq Təşkilatının qətnamələri Ermənistan ilə münasibətləri inkişaf etdirmək niyyətində olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır.
- Neft
və qaz sahəsində Azərbaycan zəngin enerji mənbələrinə
malik ölkədir. Azərbaycan son 10 ildə bu sahədə
böyük iqtisadi sıçrayış və inkişaf əldə
edib. Amma son illərdə neftin qiymətinin aşağı
düşməsi büdcəyə təsir göstərib,
iqtisadiyyat və gəlir səviyyəsi üçün bəzi
problemlər yaradıb. Azərbaycan bununla bağlı
hansı tədbirləri görür, xüsusən də gələcəkdə
neftin və qazın qiymətlərinin təsirlərini aradan
qaldırmaq üçün daha hansı tədbirləri
görməyi planlaşdırır?
- Bizim siyasətimiz həmişə belə bir çox vacib amilə əsaslanıb ki, neft bizim üçün məqsəd yox, ölkəni inkişaf etdirmək üçün bir vasitədir. Buna görə də neftin qiyməti çox yüksək olan dövrdə biz neft satışından əldə etdiyimiz gəlirlərdən infrastruktura sərmayə yatırmaq üçün istifadə etdik. Ötən on ildən artıq müddət ərzində demək olar ki, Azərbaycanın bütün infrastrukturu modernləşdirilib. Yeni yollar çəkilib, 6 beynəlxalq hava limanı tikilib. Xəzərdə ən böyük dəniz limanı inşa olunur, 26 elektrik stansiyası, 3000 məktəb, 600-dən çox xəstəxana istifadəyə verilib, kənd təsərrüfatına yüz milyonlarla dollar məbləğində investisiya yatırılıb. Azərbaycana yatırılan həm xarici, həm də yerli investisiyaların ümumi məbləği təqribən 200 milyard dollar təşkil edir. Buna görə də biz neft və qaz amilindən asılı olmayan inkişaf üçün möhkəm baza və özəl sektora sərmayə yatırmaq, ölkə iqtisadiyyatının şaxələnməsinə kömək etmək üçün imkanlar yaratdıq. Neftin qiyməti 3-4 dəfə aşağı düşdükdə əlbəttə ki, sizin də düzgün qeyd etdiyiniz kimi, bizim gəlirlərimiz də azaldı. Lakin iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı atdığımız addımlar və Neft Fondunda toplanılmış maliyyə resurslarının köməyi ilə biz böhranın böyük fəsadlarından yan keçə bildik. Onu da deyim ki, ötən ilin büdcəsində neftin bir barrelinin qiyməti 25 dollar götürülmüşdü və o zaman bir barrelin qiyməti 40 dollara yaxın idi. Bu ilin büdcəsində neftin bir barrelinin qiyməti 40 dollar hesablanıb, indi isə bu qiymət təxminən 55 dollar təşkil edir. Buna görə də büdcə siyasəti baxımından biz risklərdən sığortalana bilmişik. Lakin, eyni zamanda, hazırkı vəziyyət bizə şaxələndirməyə daha çox diqqət yetirməyi tələb edir. Hər şeydən əvvəl, biz qlobal nəqliyyat qovşağına çevrilmək üçün coğrafi mövqeyimizdən istifadə edirik. Biz qonşu regionlar - Şərq-Qərb və Şimal-Cənub arasında dəmir yolu əlaqəsini yaradırıq. Azərbaycan artıq mühüm tranzit ölkəsinə çevrilib. Biz kənd təsərrüfatına da böyük həcmdə sərmayə yatırırıq və qarşıdakı illərdə kənd təsərrüfatı məhsullarının ixracını ən azı iki dəfə artırmaq niyyətindəyik.
Ötən dövr ərzində biz yüksək texnologiyalar sahəsinə də investisiyalar qoymuşuq və bu gün Azərbaycan kosmik kluba üzv ölkədir. Biz kosmik sənaye yaratmışıq və müasir texnologiyalar bizə neft və qazdan asılılığımızı azaltmağa imkan yaradacaq.
Təhsil sahəsində də böyük işlər görülüb. Bizdə demək olar ki, 100 faiz savadlılıq və ölkənin iqtisadi inkişafına böyük dərəcədə töhfə verə bilən və artıq töhfə verən çox savadlı əhalimiz var.
Bizim iqtisadi siyasətimizin əsas istiqamətlərindən biri də iqtisadi müstəqillik idi. Çünki biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, müstəqil siyasət yürütmək çətin olardı və xarici borcun aşağı səviyyədə saxlanılması, - onu deyim ki, bu gün xarici borc 20 faiz səviyyəsindədir, - bizə yalnız öz resurslarımıza güvənməyə imkan yaradır. Biz beynəlxalq təşkilatların borc və kreditlərindən asılı deyilik. Bizim xərclərimiz həmişə gəlirlərimizdən az olmuşdur. Mən hər il hökumətə xərclərin gəlirlərdən az olması və əlavə maliyyə ehtiyatlarının yaradılması barədə göstəriş vermişəm. Ona görə də hesab edirəm ki, neft hasil edən ölkələr içərisində Azərbaycan böhranın öhdəsindən uğurla gəlmiş ölkələr sırasındadır. Lakin əlbəttə ki, gələcəkdə görüləsi işlər çoxdur. Bizim turizm sahəsində böyük potensialımız var ki, bu da bizə milyardlarla dollar gəlir gətirəcək. Bizi dünyada indi daha çox tanıyırlar və Əl-Cəzirə televiziya kanalının sayəsində ərəb dünyasında da daha çox tanınırıq. Çünki siz Azərbaycan haqqında bir neçə təqdimat hazırlamısınız. Artıq iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı da işlər aparılır. Bu gün ümumi daxili məhsulun demək olar ki, 70 faizi qeyri-neft sektorunun payına düşür. Növbəti hədəf ixracımızın şaxələndirilməsidir. Neft və qaza gəldikdə isə, qarşıdakı on illər üçün də ehtiyatlarımız var. Əlbəttə ki, bu, bizim maliyyə sabitliyimizə əlavə bir dəstək olacaq, bizə gəlirlər gətirəcək və biz bu gəlirləri yenidən infrastruktur və insan kapitalına sərmayə qoyuluşuna yönəldəcəyik.
- Cənab Prezident, Azərbaycan
Avrasiyada strateji mövqedə yerləşir və onun nəhəng
enerji resursları var. Ölkəniz enerji mənbələrinin
Asiyadan Avropaya daşınmasında açar rolunu oynayır,
Cənub Qaz Dəhlizi, TANAP və digər layihələri həyata
keçirir. Bu layihələr
Azərbaycanı Asiya və Avropa arasında enerji sahəsində
inkişaf etmiş tranzit ölkəyə çevirməyi hədəfləyir.
Eyni zamanda, ölkənizin Asiya və Avropa
arasında nəqliyyat sahəsində də ciddi mövqeləri
var. İndi və gələcəkdə Azərbaycanın
enerji və nəqliyyat sahələrində mövqelərini
möhkəmləndirmək üçün hansı işləri
icra etməyi planlaşdırırsınız?
- Enerji resurslarımıza gəldikdə, hesab edirəm ki, biz enerji siyasətimizi uğurla həyata keçiririk. Bizim şaxələndirilmiş neft və qaz boru kəmərləri şəbəkəmiz var. Bizi Qara dənizlə birləşdirən iki neft boru kəmərimiz və Aralıq dənizi ilə birləşdirən bir boru kəmərimiz var. Bu, neft təchizatımızın şaxələndirilməsi deməkdir və o deməkdir ki, neft ehtiyatları qarşıdan gələn bir neçə onilliklər ərzində Azərbaycana xidmət edəcək. Neft hasilatı ilə bağlı olan bütün bu layihələr artıq icra edilmişdir. Beləliklə, biz artıq yüz faiz əmin ola bilərik ki, mövcud infrastruktur bizim üçün və digərləri üçün yetərli olacaq. Yeri gəlmişkən, biz artıq nefti Mərkəzi Asiyadan Azərbaycan ərazisi ilə, tankerlərlə Xəzər dənizi ilə və bizim boru kəmərləri sistemi ilə Avropaya, beynəlxalq bazarlara nəql edirik.
Növbəti inkişaf mərhələsi biz nəhəng qaz yataqları aşkar etdikdə başladı. Bizə investisiyaları cəlb etmək və həmçinin qaz boru kəmərləri tikmək lazım idi. Beləliklə, bu proses bir neçə il bundan öncə başladı və bu gün biz Avropanın ən nəhəng infrastruktur layihəsi və ya layihələrindən biri hesab olunan “Cənub Qaz Dəhlizi” layihəsini icra edirik. Bu, Azərbaycanı bizim qonşu ölkələr vasitəsilə Avropa bazarları ilə birləşdirən üç boru kəmərinin tikintisindən ibarətdir. Birinci boru kəməri Azərbaycan və Gürcüstan arasında olan Cənubi Qafqaz boru kəməridir. İkinci boru kəməri Trans-Anadolu kəməri - TANAP-dır. Bu boru kəməri Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanaraq bütün Türkiyə ərazisindən keçir. Üçüncü boru kəməri isə Trans-Adriatik boru kəməri - TAP-dır. O da Yunanıstan-Türkiyə sərhədindən Albaniyaya, sonra isə Adriatik dənizinin dibi ilə İtaliyaya gedir. Beləliklə, bu, ayrı-ayrı hissələrə bölünmüş vahid boru kəməri layihəsidir.
Eyni zamanda, Azərbaycanın nəhəng qaz yatağının işlənilməsi bu layihəni Avropada ən böyük layihələrdən biri edir. Ümumi investisiyaların həcmi təxminən 40 milyard dollar və bəlkə də bundan da çox məbləğ səviyyəsində qiymətləndirilir. Bu layihə bizə Xəzər dənizinin Azərbaycana aid sektorundakı bütün qaz yataqlarımızın işlənilməsinə, eyni zamanda, boru kəmərinin marşrutu boyunca yerləşən ölkələri və Avropa istehlakçılarını qazla təchiz etmək imkanı yaradacaq. Çünki Avropanın daha çox qaza ehtiyacı var. Onun iqtisadiyyatı daha çox qaz təchizatını tələb edəcək və bu gün Avropanın qaz təchizatları mövcud mənbələrlə məhdudlaşır. Beləliklə, bizim mənbə yeni və böyük mənbədir. Bu layihədə biz liderliyi öz üzərimizə götürdük və ümidvarıq ki, gələn il Cənub Qaz Dəhlizinin 4 seqmentindən 3-ü icra olunacaq. Sonuncu seqment olan Trans-Adriatik boru kəmərinin tamamlanması üçün bir az artıq vaxt tələb olunacaq. Bu, enerji təhlükəsizliyi layihəsidir və enerjinin şaxələndirilməsi bizə imkan verəcək ki, ən azı 100 il istehlakçıları qaz ilə təchiz edək.
Bizim enerji layihələrimiz əslində nəqliyyat layihələrinin reallaşmasına təkan verib. Çünki nəqliyyat şəbəkəsinin marşrutuna nəzər yetirsəniz görəcəksiniz ki, o, qaz boru kəməri ilə üst-üstə düşür. Bizim əlverişli coğrafi mövqeyimiz var, lakin infrastruktursuz bu mövqeyin heç bir mənası yoxdur. Hətta regional əməkdaşlıq olmadan infrastrukturun özü belə heç bir məna kəsb etmir. Buna görə də bizim siyasətimiz birinci olaraq infrastruktura sərmayə yatırmaqdan ibarət idi.
Biz indi Xəzər dənizində 25 milyon ton yükaşırma qabiliyyəti olan ən böyük dəniz limanı inşa edirik, 6 beynəlxalq hava limanı tikmişik və Azərbaycan artıq hava nəqliyyatı qovşağına çevrilir. Biz Azərbaycanı bütün qonşu ölkələrlə birləşdirən avtomagistral yolları inşa etmişik. Biz daha sürətli çatdırmaya nail olmaq üçün dəmir yollarımızı müasirləşdiririk. Eyni zamanda, biz gəmiqayırma zavodu tikmişik. Bu zavodda indi bizim Xəzər dənizindəki ehtiyaclarımız üçün gəmi və tankerlər istehsal olunur.
Beləliklə, bu, işlərin
bir hissəsi idi. İkinci hissə qonşularla
razılaşmanın əldə edilməsi idi. Çünki malların tranziti üçün
qonşularla birgə işləmək lazımdır. Bu, bizim siyasətimizin prioritetlərindən biri idi.
Beləliklə, biz qonşularımızla
çox yaxşı işgüzar əlaqələr
yaratdıq və indi də “Şərq-Qərb Nəqliyyat Dəhlizi”
layihəsini icra edirik. Çindən gələn ilk
konteyner qatarı artıq Azərbaycan ərazisindən
Avropaya keçib. Ümid edirik ki, bu il biz
Asiyadan Avropaya birbaşa nəqliyyat şəbəkəsinin
açılışını edəcəyik. Bu da məsafəni iki dəfə, 30-35 gündən
14 günə - məhz iki həftəyə qədər
azaldacaq. Biz indi, eyni zamanda,
qonşularımızla Cənub-Şimal dəhlizi üzərində
işləyirik. Bu layihə Azərbaycana Pakistan,
Hindistan, Şimali Avropa üçün böyük tranzit
ölkəsinə çevrilmək imkanını verəcək.
Biz Cənub-Şimal dəhlizi layihəsi ilə
bağlı öhdəliyimizi artıq yerinə yetirmişik.
Biz lazım olan infrastruktur və dəmir yolu xətlərini
tikmişik. Qonşularımızın da
öz ərazilərində fəaliyyətlərini və
işlərini başa çatdırmasını gözləyirik.
Buna görə də bir neçə ildən
sonra Azərbaycan tranzit daşımaları üçün ən
mühüm nəqliyyat təyinat məntəqələrindən
birinə çevriləcək və biz tranzit fəaliyyətindən
çoxlu qazanc əldə edəcəyik. Burada söhbət təkcə qazancdan getmir,
çünki tranzit fəaliyyəti həm də əməkdaşlıq
deməkdir. Çünki
qonşularınızla belə münasibətdə olduqda siz
sabitliyə, əməkdaşlığa,
proqnozlaşdırıla bilinməyə investisiya qoymuş
olursunuz. Regiondakı bütün ölkələr
bir-birinə bağlı olur. Bu da
yaxşı haldır. Çünki bu,
sabitlik amillərindən biridir. Beləliklə,
bizim enerji və nəqliyyat təhlükəsizliyi ilə
bağlı siyasətimiz həqiqətən də regional
sabitlik işinə böyük töhfədir.
- Siz Türkiyə
ilə dost və qardaş ölkəsiniz. Türkiyə
də nəqliyyat və enerji sahəsində tranzit ölkəyə
çevrilmək istəyir. Türkiyə
ilə müştərək layihələrinizdən
danışmağınızı xahiş edirik.
- Əlbəttə, biz enerji və nəqliyyat
layihələrimizi Türkiyə ilə sıx əməkdaşlıq
şəraitində həyata keçiririk. Türkiyə
bizim üçün qardaş ölkədir. Bizim çox sıx münasibətlərimiz var.
Türkiyə və Azərbaycan, o cümlədən bizim
dostluğumuz nəinki regional, hətta qlobal əhəmiyyətə
malik olan amildir. Çünki Azərbaycanın
enerji resursları birinci olaraq Türkiyəni əlavə
enerji ilə təchiz edir, eyni zamanda, bu enerji resursları Türkiyə
vasitəsilə beynəlxalq bazarlara
çatdırılır. Bizim əsas neft
boru kəmərimiz Ceyhanda, Aralıq dənizinin sahilində
bitir. Eyni zamanda, TANAP–Trans-Anadolu kəməri.
Bu ad artıq özlüyündə kəmərin
mahiyyətindən xəbər verir. Buna
görə də nəqliyyat və enerji sahəsində
Türkiyə-Azərbaycan tərəfdaşlığı bu
nəhəng layihələrin icrası üçün
çox önəmlidir və ölkələrimiz arasında
yüksək səviyyəli siyasi əlaqələr və
xalqlarımız arasındakı qardaşlıq münasibətləri
bu layihənin uğurlu icrası üçün əsas
amildir.
- Azərbaycan
artıq 25 ildən çoxdur ki, öz müstəqilliyini bərpa
edib. Azərbaycan bu illər ərzində az
tanınan ölkədən böyük layihələr sayəsində
regionda mühüm dövlətə çevrilib və bunu nəzərə
almamaq mümkün deyil. Siz üçüncü müddətdir
ki, prezident seçilmisiniz. Azərbaycanın gələcəyi
haqqında fikirləriniz nədir? Azərbaycanı
necə görmək istəyirsiniz?
- İlk növbədə demək istərdim ki, bu 25 il uğurlu inkişaf illəri olub. Ola bilsin ki,
vəziyyətin çox çətin olduğu, vətəndaş
müharibəsinin getdiyi ilk iki il istisna
olmaqla, həmin illərdə iqtisadi çətinliklərimiz,
çoxlu problemlərimiz var idi. Lakin 1993-cü
ildə Heydər Əliyev Azərbaycan xalqı tərəfindən
Prezident seçildikdən sonra vəziyyət dəyişdi.
1993-cü ildən etibarən biz əsl müstəqil
ölkə kimi inkişaf etməyə başladıq. Biz
çox iş görməli idik,
çünki Azərbaycanın iqtisadi vəziyyəti
çox ağır idi. Sənayemiz durğunluq içində
idi, inflyasiya 1000 faizdən yuxarı idi, yoxsulluq hökm
sürürdü, heç bir investisiya, vəsait yox idi,
keçmiş Sovet İttifaqının bütün
bazarları ilə ənənəvi əlaqələr kəsilmişdi.
Üstəlik Ermənistanın təcavüzü,
torpaqlarımızın işğalı, 1 milyon
qaçqın və məcburi köçkün. Həmin dövrdə Azərbaycan çox çətin
vəziyyətdə idi. Beləliklə, 1993-cü ildən
etibarən hər ili uğurlu il hesab etmək
olar. Bu gün biz beynəlxalq aləmdə
hörmət olunan ölkəyik. Bir neçə il əvvəl biz BMT üzvlərinin mütləq
əksəriyyəti, 155 ölkə tərəfindən BMT Təhlükəsizlik
Şurasının üzvü seçildik. Bu,
dünyanın Azərbaycana olan dəstəyinin və hörmətinin
ən yüksək göstəricisi oldu. Biz
iqtisadi cəhətdən sabit, müstəqilik. Biz müstəqil siyasət həyata keçiririk.
Qonşularımızla çox yaxşı əlaqələrimiz
var və düşünürük ki, dünya yalnız əməkdaşlıq
və qarşılıqlı hörmət vasitəsilə və
bir-birinin işlərinə qarışmamaq şərti ilə
uğurla inkişaf edə bilər.
Beləliklə, müstəqillik
illərində görülən işlər həqiqətən
də çox mühümdür. Çünki bu
gün Azərbaycan sabit, müasir, inkişaf edən ölkə
kimi tanınır. Bizim istər siyasi, istərsə
də iqtisadi inkişafla bağlı gələcək
planlarımız çox aydındır və bu, ictimaiyyətə
məlumdur.
Biz inkişaf, müasirləşmə
yolu il getməyə davam edəcəyik. Azərbaycanın davamlı inkişafı neft və
qaza deyil, bilik, texnologiya, təhsil, qeyri-neft sektoruna əsaslanmalıdır.
Biz regionun enerji və nəqliyyat xəritəsini
tamamilə dəyişəcəyik ki, bu da öz növbəsində
region xalqları üçün böyük imkanlar yaradacaq.
Çünki bizim istər nəqliyyat, istərsə də
enerji sahəsində təşəbbüskarı olduğumuz
layihələr təkcə Azərbaycanda yox, bütün bu
layihəyə cəlb olunmuş ölkələrdə minlərlə,
on minlərlə iş yeri yaradır. Biz ənənəvi
dəyərlərimizə, əcdadlarımızdan bizə
miras qalan dəyərlərə sadiq olmağa davam edəcəyik.
Budur bizim gücümüzün mənbəyi və
biz ənənəvi dəyərlərimizi istənilən
xarici müdaxilədən, qloballaşma vasitəsilə Azərbaycanın
siyasi və ya iqtisadi inkişafına təsir etmək cəhdlərindən
çox fəal şəkildə qoruyuruq. Biz kimliyimizi, müstəqilliyimizi qorumağa davam edəcəyik
və rəyi hətta bu gün olduğundan da mühüm
olan daha güclü ölkə quracağıq. Baxmayaraq deyə bilərəm ki, hətta bu gün
regionumuzda Azərbaycanın iştirakı və ya razılığı
olmadan heç bir layihə həyata keçirilə bilməz.
Bu, təkcə coğrafi mövqeyə görə
deyil. Düşünürəm ki, ən
çox beynəlxalq birliyin hörmətli üzvü
olduğumuza görədir. Tərəfdaşlarımız
bilir ki, bizim sözümüzlə imzamız uyğun gəlir
və biz tərəfdaşlarımızı heç vaxt pis
vəziyyətdə qoymarıq. Bizimlə
danışıqlar aparmaq o qədər də asan məsələ
deyil, lakin biz razılaşırıqsa, bu, o deməkdir ki, bu,
100 faiz həyata keçiriləcək. Biz
ləyaqətlə yaşayırıq. Biz
ölkəmizlə fəxr edirik və gələcəkdə
bu müsbət tendensiyaları daha da gücləndirmək istəyirik.
- Cənab
Prezident, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi
İli” elan olunub. Bu hadisə Azərbaycana və
İslam ölkələri ilə əlaqələrə necə
təsir göstərəcək? Eyni zamanda, Azərbaycan
bu il İslam Həmrəyliyi
Oyunlarını keçirəcək. Sizcə,
bütün bu təşəbbüslərlə Azərbaycan
İslam dünyası ilə strateji həmrəylik
nümayiş etdirir? Bəlkə İslam
dünyasında daha önəmli rol oynamağa, yoxsa İslam
dünyasını yaxınlaşdırmağa
çalışır? Biz onu da bilirik ki, Azərbaycanın
bütün millətlərlə və mədəniyyətlərlə
münasibətləri yüksək səviyyədədir.
Yoxsa Azərbaycan mədəniyyətləri
bir-birinə yaxınlaşdırmaq istəyir?
- Bəli,
düşünürəm ki, sualın cavabını
özünüz verdiniz. Sizin qeyd etdikləriniz
tam mənada bizim hədəflərimizdir. Azərbaycan
İslam sivilizasiyasının bir parçasıdır və
biz bununla fəxr edirik. Biz tarixi, dini abidələrimizlə
fəxr edirik. Sizə deyə bilərəm ki, Sovet
İttifaqı dövründə Azərbaycanda yalnız 20-dən
az məscid var idi, çünki ateizm
dövründə məscidlərimizin böyük əksəriyyəti
dağıdılmışdı. İndi isə
2000-dən artıq məscid var. Onlar müstəqillik
dövründə tikilib. Biz onları təkcə
tikməmişik, həm də tarixi məkanlarımızı,
bütün məscidlərimizi bərpa etmişik və
müsəlman aləminin ən qədim məscidlərindən
biri Azərbaycanda, qədim Şamaxı şəhərində
yerləşir. Şamaxı məscidi
743-cü ildə tikilib. Bax, bu, bizim
tariximiz və mədəniyyətimizdir. Məqsədimiz
ilk növbədə, müsəlman dünyasında birliyi
gücləndirməkdir. “İslam Həmrəyliyi
İli”nin elan olunması da elə bu, deməkdir.
Düşünürəm
ki, indi müsəlman dünyasının əvvəl
heç zaman olmadığı qədər daha çox birliyə
ehtiyacı var. Müsəlman dünyasında bu birlik
çatışmır. Düşünürəm ki, Azərbaycan
bu istiqamətdə mühüm rol oynayır. IV İslam
Həmrəyliyi Oyunlarının təşkil olunması da
bunu göstərir, çünki bu, təkcə idman deyil, bu,
təkcə idmançıların bayramı olmayacaq, bu,
müsəlman dünyasının gənclərini birləşdirəcək,
onlar Bakıya gələcəklər, ölkəmizi görəcəklər,
əlaqələr quracaqlar və bu əlaqələr
bütün müsəlman gənclərinə ölkələr
arasındakı əlaqələri gücləndirməyə
kömək edəcək. Biz islamofobiya meyillərinin
artmasından, İslamın bəzi beynəlxalq media
orqanları tərəfindən, necə deyərlər, terror
dini kimi təqdim olunmasından çox narahatıq. Terrordan ən çox müsəlmanlar ziyan çəkib.
Bizim qədim sivilizasiyamız, dəyərlərimiz,
dünyaya töhfələrimiz var. Biz bunu nümayiş etdirməliyik.
Azərbaycan Avropa ölkələrində
çox işlər həyata keçirir, biz sərgilər,
təqdimatlar təşkil edirik, İslam mədəniyyətini
təbliğ edirik və beləliklə, göstəririk ki, qədim
sivilizasiyaya malikik və eyni zamanda, bununla Azərbaycanda müsəlman
həmrəyliyini gücləndiririk. Ümumiyyətlə,
Azərbaycanda bütün dinlərin nümayəndələrinin
hamısının arasında yüksək səviyyədə
birlik mövcuddur. Biz sülh şəraitində
yaşayırıq və heç zaman ayrı-seçkilik
etmirik. Budur, irəli getməyin yolu.
Müsəlman ölkələri
bizə çox böyük hörmətlə yanaşır. İslam
Əməkdaşlıq Təşkilatı dəfələrlə
Azərbaycanda çoxsaylı tədbirlər təşkil
edib və Ermənistan-Azərbaycan münaqişəsində
bizi tam dəstəkləyir. Beləliklə,
bizim planlarımız bunlardır. Biz bununla bir daha
müxtəlif hədəflərə nail olmaq, müsəlman
aləmində birliyi möhkəmləndirmək işinə
töhfəmizi vermək, Azərbaycanda həmrəyliyi daha da
gücləndirmək və İslamı dünyaya sülh və
mədəniyyət dini kimi təqdim etmək
üçün daha çox çalışmaq istəyirik.
- Cənab Prezident,
Azərbaycanın mövqeyi ətrafdakı qonşularla əlaqələrin
önəmini də artırır. Xüsusilə də Avropa
İttifaqı, Amerika, Rusiya, İran və digər ölkələrlə
əlaqələri. İndiki dövrün həssaslığını
nəzərə alaraq növbəti mərhələ - ərəb
ölkələri ilə əlaqələr barədə
danışmaq istərdim. Siz bu
yaxınlarda Qətərə səfər edəcəksiniz.
Bu səfərdə məqsədiniz nədir?
Məqsəd ərəb ölkələri ilə
daha sıx əlaqələr qurmaqdır? Bu
səfər ərəb və İslam ölkələri ilə
daha sıx əlaqənin başlanğıcı sayıla bilərmi?
- Azərbaycan bütün
qonşuları ilə yaxşı münasibətlərə
malik olmaq istəyir və düşünürəm ki, biz
buna nail olmuşuq. Çünki bu, hər bir
ölkə üçün vacibdir. Biz
qonşuluqda yaşayırıq və təcrid olunmuş
ölkə deyilik. Bizim Ermənistandan başqa
bütün qonşularımızla çox fəal münasibətlərimiz
var. Qeyd etdiyim kimi, bizim ən böyük tərəfdaşımız
olan Türkiyə ilə çoxlu layihələrimiz var. Bizim
Gürcüstan, Rusiya, İranla da çoxlu layihələrimiz
var. Düşünürəm ki, bu müstəqillik illəri
bütün ölkələrə, o cümlədən
qonşularımıza aydın göstərdi ki, biz dostluq və
əməkdaşlığı möhkəmləndirmək
niyyətindəyik. Lakin biz heç kimin daxili
işlərimizə müdaxilə etməyə
çalışmasını istəmirik. Bu, baş verdikdə, biz çox sərt mövqe
nümayiş etdiririk. Lakin xoşbəxtlikdən
Azərbaycanın öz siyasətini həyata keçirməsi
bu gün artıq dünyada və regionda böyük mənada
qəbul edilir. Bu siyasət bizim milli
maraqlarımıza əsaslanır. Əgər
bizim maraqlarımız qonşularımızın maraqları
ilə üst-üstə düşürsə, bu,
yaxşı haldır. Əgər
üst-üstə düşmürsə, bizim
üçün əsas öz maraqlarımızdır. Bu, qeyd etdiyiniz qonşu ölkələrlə
münasibətlərimizə, eləcə də Avropa ölkələri,
ümumilikdə Qərb ilə münasibətlərimizə də
aiddir. Bizim bir çox Avropa ölkələri ilə
çox yaxşı işgüzar münasibətlərimiz
var. Biz Avropa İttifaqının 9 üzv dövləti ilə
strateji tərəfdaşlıq üzrə sazişlər
imzalamışıq və yaxın zamanlarda Avropa
İttifaqı ilə yeni sazişlə bağlı
danışıqlara başlayacağıq. Qərbdə
də yaxşı başa düşürlər ki, Azərbaycanın
öz yolu var və bu siyasət heç kimə qarşı
yönəlməyib. Əksinə,
düşünürəm ki, təşəbbüslərimizin
əksəriyyəti regionumuzdakı gərginliklərin
azaldılmasına imkan verib.
Son illərdə və
aylarda region ölkələrinin bəzilərinin münasibətlərində
çətinliklər yarandı. Lakin bizim siyasətimiz
həmişə ona əsaslanıb ki, bu çətinlikləri
necə yumşaldaq, bu ölkələrə münasibətlərini
normallaşdırmaq işinə necə kömək edək.
Buna görə də görürük ki, bu,
özünü doğruldur.
Ərəb dünyası ilə
münasibətlərə gəlincə, deməliyəm ki, bu
münasibətlər bizim üçün hər zaman
prioritet olub. Mən bir çox ərəb ölkələrinə
rəsmi səfərlər etmişəm. Bizim
əla siyasi münasibətlərimiz var. Sizə deyə bilərəm
ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın
işğal olunmuş ərazilərinə münasibətdə
böyük həmrəylik nümayiş etdirmişdir və
biz bunu yüksək qiymətləndiririk. Qətər
ilə münasibətlərimiz də bizim üçün
böyük əhəmiyyət kəsb edir və doğru qeyd
etdiyiniz kimi, bu, ikitərəfli format və həmçinin
Körfəz ölkələri ilə əməkdaşlıq
formatıdır. Səudiyyə Ərəbistanı,
Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və
bir çox başqa ərəb ölkələrinə
uğurlu səfərlərim və Qətərə
planlaşdırılan səfərim bu əməkdaşlığı
gücləndirəcək. Biz ərəb
ölkələrindən daha çox adamın ölkəmizə
gəlməsini istəyirik. Yəqin
bilirsiniz ki, biz bu yaxınlarda Körfəz Əməkdaşlığı
ölkələrinin vətəndaşları
üçün bütün viza tələblərini aradan qaldırmışıq.
Qətərin Əmiri, Əlahəzrət Azərbaycanda
rəsmi səfərdə olub. İndi isə
mənim növbəmdir. Bizim Əlahəzrətlə
çox yaxşı şəxsi, mən deyərdim ki, dost
münasibətlərimiz var. Biz bir çox iqtisadi layihələr
üzərində işləyirik. Biz Əlahəzrətin
Bakıya səfəri zamanı birgə iqtisadi komissiyanın
yaradılması barədə razılığa gəlmişik
və o, artıq fəaliyyətə başlayıb. Bu yaxınlarda Qətərin xarici içlər
naziri Bakıda səfərdə olub və onlar bu
görüşü keçiriblər. Komissiya
əsas diqqəti iqtisadi əməkdaşlığımızın
praktiki məsələləri üzərində cəmləşdirəcək.
Biz qarşılıqlı ticarətin səviyyəsini
artırmaq istəyirik. Biz sizin digər
ölkələrdən aldığınız məhsulları
Qətərə daha çox ixrac etmək və həmçinin
daha çox idxal etmək istəyirik. Eyni
zamanda, biz birgə investisiya layihələri ilə
bağlı əməkdaşlığa dair
danışıqlar aparırıq. Bəlkə
də investisiya üçün birgə bir qurum yaratmaq da
olar. Çünki bəzən elə olur
ki, Qətər ilə Azərbaycan bəzi ölkələrdə
həmsərmayəçi olurlar, lakin bu, əlaqələndirilmiş
siyasət vasitəsilə edilmir, necə deyərlər, fərdi
addımlar vasitəsilə həyata keçirilir. Lakin
biz bunu əlaqələndirə və öz
investisiyalarımızla yeni bazarlara birgə daxil ola bilərik.
Biz güclü ölkələrik
və əlbəttə ki, ərəb
qardaşlarımızla əməkdaşlığımızın
mühüm amili xalqlar arasındakı əlaqələrdir. Çünki
biz ərəb dünyasında daha çox tanınmaq istəyirik.
Biz gənc ölkəyik, cəmi 25
yaşımız var. Biz Sovet İttifaqının dəmir pərdəsi
ilə müsəlman dünyasından
ayrılmışdıq. 25 yaxşı
yaşdır, lakin gənc yaşdır, biz
tanınmalıyıq və siyasi, iqtisadi, mədəni əlaqələr
vasitəsilə daha çox tanına bilərik. Bu, bizim üçün və düşünürəm
ki, ərəb tərəfdaşlarımız
üçün də çox yaxşı olacaq və bir
daha iqtisadi, siyasi maraqlarımıza xidmət edəcək və
müsəlman dünyasının birliyini gücləndirəcək.
Çünki biz bilirik ki, bu birliyi görmək
istəməyən qüvvələr var, onlar müsəlmanları
ayırmaq, müsəlman dünyasında, necə deyərlər,
xaos yaratmaq istəyirlər və təəssüf ki, bəzən
bu, baş verir. Bizim siyasətimiz bizi
bütün bunlardan qorumaqdan ibarətdir. Bizim bu il elan etdiyimiz “İslam Həmrəyliyi
İli”, fikrimcə, bu işlərin həyata keçirilməsinə
kömək edəcək.
- Cənab
Prezident, Sizin ərəb aləminə, ərəb
dünyasına sözünüz varmı? Ərəb
xalqına nə demək istərdiniz?
- Mən ərəb
qardaşlarımıza sülh, sabitlik, tərəqqi,
uğurlar arzulayıram. Ərəb
dünyasında quruculuğun müasir inkişafının
gözəl nümunələri var və bizim
üçün qardaş ölkə olan Qətər bu
nümunələrdən biridir. Siz öz ənənələrinizə,
köklərinizə çox bağlısınız. Eyni zamanda, siz iqtisadi inkişaf göstəriciləri,
adambaşına düşən ümumi daxili məhsul
baxımından ölkəni dünyanın ən
aparıcı ölkələrindən birinə
çevirmisiniz. Ölkəniz bir çox müsəlmanlara və
müsəlman ölkələrinə yardımlar, kreditlər
və investisiyalarla kömək edir.
Düşünürəm ki, hamımız, müsəlman
ölkələrinin bütün nümayəndələri
inkişafın bu yaxşı nümunəsindən faydalana
bilərik. Sözüm budur ki, Azərbaycan sizin
qardaşınızdır. Demək istəyirəm ki, biz
İslam həmrəyliyi və birliyinə çox sadiqik, bu
istiqamətdə çox iş görürük. Eyni zamanda,
Əl-Cəzirə kanalının çoxmilyonlu
tamaşaçı auditoriyasından istifadə edərək
bütün qardaşlarımızı Azərbaycana dəvət
etmək istərdim.
Azərbaycan.-
2017.- 18 fevral.- S.3.