Yurd nisgilli Məhəmməd

 

Məhəmməd Nərimanoğlu gənclik illərindən mətbuata, jurnalistikaya böyük maraq göstərib. Peşəkar jurnalistikaya ilk gəlişi 1993-cü ildə Kəlbəcərdə çıxan “Yenilikrayon qəzetindən başlayıb. Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğalından sonra müxtəlif mətbu orqanlarda işləyən Məhəmməd Nərimanoğlu  2010-cu ilin aprel ayından Milli Məclisin orqanı “Azərbaycan” qəzetində müxbir vəzifəsində çalışır.

Məhəmməd Nərimanoğlu 1957-ci il fevralın 18-də Kəlbəcər rayonunun Otalı kəndində anadan olub. Orta məktəbi Kəlbəcərdə, ali təhsilini isə Bakıda başa vurduqdan sonra əmək fəaliyyətinə jurnalistikadan başlamışdır.  Respublika”, “Yeni Azərbaycan”, “Gələcək”, “7-ci qitə”, “Yeni bəşər”,  Ozan”, “Vətən səsi”  və digər qəzetlərdə fəaliyyət göstərib.

Kəlbəcərin Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 3-cü ildönümü ilə əlaqədar  1996-cı il aprelin 1-də Azərbaycan Prezidenti Heydər Əliyevin kəlbəcərli ziyalılarla görüşündə  Məhəmməd Nərimanoğlu da iştirak etmişdir. Ümummilli lider bu tarixi görüşündə demişdir: “Kəlbəcər həm təbii sərvətlərinin zənginliyinə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikamızda həmişə çox böyük hörmətə, ehtirama layiq olubdur. Kəlbəcərin təkcə əsrarəngiz təbiəti deyil, insanları da sərvətdir. Kəlbəcərdə nə qədər aşıqlar, şairlər, yazıçılar,  jurnalistlər, həkimlər, mühəndislər, elm və sənət adamları yaşayıb və həm də respublikamızda tanınıblar. Qoy  Kəlbəcərin tarixini: dünəni, bu günü haqqında əsl həqiqətləri yazsınlar...”

Ulu öndərin tövsiyələri Məhəmməd Nərimanoğlunun yaradıcılığında böyük dönüş yaratmışdır. Həmkarımız bundan sonra  müxbirlik  fəaliyyətinin böyük bir hissəsini  Kəlbəcərin tarixi, etnoqrafik  ədəbi-bədii dünyasının tədqiqinə, respublikanın 63 rayonunda məskunlaşan kəlbəcərli köçkünlərin sosial problemlərinin həllinin işıqlandırılmasına yönəltmişdir. Bununla, o, özünün Vətən, torpaq, müvəqqəti də olsa, itirilmiş yurda övladlıq borcunu yerinə yetirməyə çalışmışdır.

Məhəmməd Nərimanoğlunun şəhid taleyi, qaçqın və məcburi köçkün həyatı haqqında məqalələrində işğal altındakı torpaqlarımızın tezliklə erməni tapdağından azad ediləcəyinə, məcburi köçkünlərimizin öz tarixi ata-baba yurdlarına dönəcəklərinə inam hissi aşılayır. Yurd nisgilli Məhəmməd Nərimanoğlu, eyni zamanda, “Dağların sinə dağı” (1994), “Yurd göynərtisi” (1995), “Qanlı köynəklər” (1998),  “Kəlbəcər Azərbaycanın qala qapısıdır” (2000), “Türklərə qarşı ermənilərin törətdiyi terrorun xronikası” (2001) və s. bədii-publisistik kitabların müəllifidir.

60 yaşlı qələm dostumuz, həmkarımız Məhəmməd Nərimanoğlu həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı Gülbəniz Sadıqova  da mətbuata bağlıdır. Uzun  müddət müxtəlif qəzet redaksiyalarında  korrektor işləyib. Övladları Sənan və Kənan ali təhsillidir, ataları kimi işlədikləri sahədə Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində və inkişafında əllərindən gələni əsirgəmirlər.

Məhəmməd müəllimə boya-başa çatdığı Kəlbəcər dağları qədər uzun  qürurlu ömür arzulayırıq. Gün o gün olsun ki,  doğma yurda, ulu Kəlbəcərə  qayıtsın, ömrünün  qalan hissəsini  həsrətini çəkdiyi torpaqda nəvələri ilə şad-xürrəm yaşasın!

 

Azərbaycan.- 2017.- 18 fevral.- S.8.