Qafqaz Müsəlmanları İdarəsində görüş keçirilib

 

Fevralın 18-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə iştirakçılara Azərbaycandakı tolerantlıq mühiti barədə məlumat verib. Bildirib ki, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkan olaraq multikultural ənənələrə sadiqliyini daim nümayiş etdirib. Müxtəlif dinlərin nümayəndələri Azərbaycanda sülh şəraitində yaşayır və ölkəmizdə onların hər birinə hörmətlə yanaşılır. Tolerantlıq ənənələri azərbaycançılıq ideologiyasının əsas dayağıdır. Sivilizasiyaların qovuşduğu Azərbaycanda dini, milli, irqi tolerantlıq xalqımızın qazandığı böyük nailiyyətdir. Multikulturalizmi başlıca siyasi prioritetlərdən birinə çevirən Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinə tarixən tolerant münasibət göstərilib. Azərbaycan multikulturalizmi sözünün arxasında çox böyük mədəniyyət, ədəbiyyat, tarix dayanır.

Torpaqlarımızın bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində bir milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyən QMİ sədri əlavə edib ki, Azərbaycan qaçqın və məcburi köçkünlərlə bağlı problemi demək olar özü həll edib. Amma bu gün Avropa ölkələri miqrantlar qarşısında divarlar çəkir. Azərbaycanının bu sahədə fəaliyyəti Avropa ölkələri üçün nümunə ola bilər.

Görüşdə Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Alban-Udi xristian icmasının sədri Robert Mobili çıxış edərək Azərbaycanın tarix boyu beynəlmiləl dövlət olduğunu deyiblər. Bildiriblər ki, uzun illərdir Azərbaycanda müxtəlif dinlərə, millətlərə mənsub insanlar birgə yaşayırlar. Tolerantlıq Azərbaycanda həyat tərzinə çevrilib. Azərbaycanda hər zaman azsaylı xalqlara, onların milli mənəvi dəyərlərinə, adətlərinə hörmətlə yanaşılır.

Sonra qış məktəbinin iştirakçılarının sualları cavablandırılıb.

 

Azərbaycan.- 2017.- 19 fevral.- S. 5.