Azərbaycan ilə Qətər arasında
çox yaxın tərəfdaşlıq əlaqələri
mövcuddur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Qətər arasında çox yaxın tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirdi, bu əlaqələrin mümkün qədər çox sahələri əhatə etməsinin vacibliyini qeyd etdi. Prezident İlham Əliyev bu yaxınlarda Qətər Dövlətinin xarici işlər nazirini qəbul etməsinin, özünün Qətərə planlaşdırılmış səfərinin və Qətər Dövlətinin təhsil və ali təhsil nazirinin Bakıya gəlməsinin əhəmiyyətini qeyd edərək, qarşılıqlı səfərlərin ölkələrimiz arasında mövcud tərəfdaşlıq əlaqələrinin yaxşı göstəricisi olduğunu vurğuladı. Təhsilin gələcək nəsillər, eyni zamanda, ölkələrimizin inkişafında vacib rol oynadığını deyən Prezident İlham Əliyev bu sahənin həm Azərbaycanda, həm də Qətərdə inkişafın əsas prioritetlərindən biri hesab olunduğunu dedi. Təhsil sahəsində tərəfdaşlığın praktiki aspektlərinin araşdırılmasının vacibliyindən danışan dövlətimizin başçısı bunun nəticəsində uzunmüddətli əməkdaşlıq proqramının qurulacağına əminliyini ifadə etdi. Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan-Qətər Birgə İqtisadi, Ticarət və Texniki Komissiyasının yaradılmasının qərara alındığını deyən Prezident İlham Əliyev bu komissiyanın işi çərçivəsində nəinki iqtisadi, həmçinin əməkdaşlığımızın bütün sahələrini əhatə edəcək müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi.
Qətər
Dövlətinin təhsil və ali təhsil
naziri Məhəmməd bin
Əbdülvahid Əl-Həmmadi Prezident İlham Əliyevin Qətərə səfərini
səbirsizliklə gözlədiklərini bildirdi.
Ölkələrimizin müvafiq
qurumları arasında artıq görüşlər təşkil
olunduğunu və səmərəli
müzakirələr aparıldığını qeyd edən qonaq Azərbaycan
Respublikası ilə Qətər Dövləti arasında təhsil
sahəsində möhkəm əməkdaşlıq əlaqələrinin
qurulacağına ümidvar olduğunu bildirdi. Hər iki ölkənin yüksək
inkişaf yolunda olduğunu deyən Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi ölkəsində
Qətər Dövlətinin Əmirinin rəhbərliyi ilə
nəhəng layihələrin həyata keçirildiyini
qeyd etdi, eyni zamanda, Azərbaycanın
çox gözəl ölkə olduğunu və Prezident İlham
Əliyevin səyləri nəticəsində böyük
nailiyyətlər əldə edildiyini
vurğuladı.
Azərbaycan.-
2017.- 21 fevral.- S.1.