Avtomobil yolları yeniləşir, müasirləşir

 

22 fevral Avtomobil İşçilərinin Peşə Bayramı Günüdür

 

“Yol həm mədəniyyətdir, həm rahatlıqdır, həm müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir”.

İlham ƏLİYEV

 

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin avtomobil yol işçiləri hər il olduğu kimi, bu il də 22 fevral gününü - öz peşə bayramlarını böyük sevinc hissi ilə qeyd edirlər. Onlar öz ənənələrinə sadiq qalaraq bu bayrama da əlidolu gəlir, ölkənin sosial-iqtisadi yüksəlişinə yeni töhfələr verirlər. Qürur doğuran odur ki, dövlət proqramlarının icrası çərçivəsində “Azəravtoyol” Azərbaycanda yol infrastrukturunun yenidən qurulmasında nümunə göstərir. Təsadüfi deyil ki, indi hamı abadlaşan yollarımızdan ağızdolusu danışır, rahatlıq və təhlükəsizlikdən razılıq edirlər. Beynəlxalq standartlara cavab verən Azərbaycan yolları əcnəbi turistlərin də ölkəmizə cəlb olunmasında mühüm rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ölkənin bütün regionlarında böyük quruculuq işləri geniş vüsət almaqdadır. Xüsusən də ölkədə yol təsərrüfatı durmadan yeniləşir və müasirləşir. Bu gün həm rahatlıq, həm də təhlükəsizlik baxımından Azərbaycanın magistral yolları daha çox fərqlənir. Abadlaşan avtomobil yolları indi göz oxşayır. İftixar hissi ilə qeyd etməliyik, təkcə ötən il dövlət başçısı İlham Əliyevin imzaladığı 48 sərəncama əsasən, uzunluğu 515 kilometr olan 21 kəndlərarası və 7 qəsəbələrarası avtomobil yollarının tikintisi başa çatdırılmışdır. Bu avtomobil yolları təqribən 1 milyon 230 min əhalinin yaşadığı 173 yaşayış məntəqəsini birləşdirir. Bununla yanaşı, respublikanın ümumi istifadəsində olan avtomobil yollarında 14 yeni körpü və 2 piyada keçidi tikilib istifadəyə verilmişdir. Ölkənin avtomobil yollarında 9 körpü əsaslı təmir edilmişdir.

Qürur hissi ilə bildirirəm ki, keçən il yenidən qurulması başa çatdırılmış 28 kəndlərarası və qəsəbələrarası yolların əksəriyyətinin açılış mərasimində dövlət başçısı İlham Əliyevin şəxsən iştirakı avtomobil yol işçilərimizə göstərilən diqqət və qayğı, həm də böyük etimaddır. Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı-Yevlax mənzilinin 115 kilometrlik hissəsinin, paytaxt Bakının Nizami rayonundakı Mikayıl Əliyev, Çobanzadə, Naxçıvani və Mehdi Abbasov küçələrində aparılan yenidənqurma işləri ilə tanış olmuş, öz tövsiyə və tapşırıqlarını vermişdir.

Bundan başqa, dövlət başçısı Bakının Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin, Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlqoyma mərasimində, Qarayəmsmayıllı avtomobil yolunun, Qəbələ rayonunda Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun, Biləsuvar rayonunun Əsgərəbad-Muğan-Çaylı avtomobil yolunun, Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun bu rayonun ərazisindən keçən 23,4 kilometrlik hissəsinin, Salyanın Babazanan yaşayış massivinin şəhərin mərkəzi ilə birləşdirən Kür çayı üzərində uzunluğu 201 metr, eni 14,5 metr olan yeni körpünün, Qusar rayonunda Qusar-İmamqulu kənd Quxuroba, Xaçmaz rayonunda Xudat-Yalama-Zuğuloba avtomobil yollarının, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsinin, Qazax rayonunun Qazax-Kosalar avtomobil yolunun, Füzulu rayonundakı 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun, Beyləqan rayonunun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun, Bakının Suraxanı rayonunda Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun, əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun, Binə qəsəbəsində Əli İsazadə küçəsinin, Xəzər rayonunda Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin və Ağ şəhərdə tikilən 2 kilometr uzunluğunda küçələrin açılış mərasimlərində iştirak etməklə cəmiyyətimizin yol işçilərinin qarşısında daha mühüm vəzifələr qoymuş və məsuliyyətimizi ikiqat artırmışdır.

“Azərbaycan Respublikasının Nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncam ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun təzələnməsinə daha da imkan yaratdı. Bu sərəncamdan ruhlanan yol işçiləri Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına cavab olaraq respublika əhəmiyyətli 323,5 kilometr və yerli əhəmiyyətli 413,6 kilometr avtomobil yollarını yenidən qurmuş və təmir etmişlər.

Ümumilikdə ötən il 1.0218 min ton asfalt-beton istehsal olunmuş, 56,2 min ton bitum və 4,5 min ton mazut istifadə edilmişdir. Asfalt-beton qarışıqlarının keyfiyyətini yüksəltmək məqsədilə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının tövsiyəsinə əsasən, 84,1 ton bitum adıgeziya qatqısı və İtaliyadan xüsusi polimer alınaraq əsasən asfalt-beton örtüyünün üst aşınma layının tikintisində istifadə etmişik. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, cari ildə 29 rayon və şəhər ərazisində uzunluğu 708,8 kilometr olan 33 avtomobil yolunun, bir körpünün tikintisi, daha bir körpünün isə bərpası işlərinə başlamışıq. Avtomobil yol işçiləri paytaxt Bakının Binəqədi, Nizami, Yasamal, Xətai, Nərimanov, Nəsimi, Xəzər, Sabunçu, Suraxanı, Qaradağ və Səbail rayonlarında 48 adda küçə və prospekti yenidən qurmuş və təmir etmişlər. Onlar 4 piyada keçidini də istifadəyə vermişlər. Bakı şəhərinin inzibati rayonları ərazisində 289,6 min kvadratmetr sahədə cari təmir işləri keyfiyyətlə başa çatdırılmışdır. Bununla yanaşı, paytaxtın 513,7 min nəfər əhalisi məskunlaşmış 14 yaşayış məntəqəsini birləşdirən uzunluğu 42,5 kilometr olan 7 qəsəbələrarası avtomobil yolunun tikintisi və yenidən qurulması yekunlaşmışdır.

Hazırda paytaxt Bakının yağış-kanalizasiya sistemi diqqət mərkəzində saxlanılır. Keçən ilin payızında yağan yağışlar həmin dövr üçün müşahidə edilmiş yağıntı normasından müvafiq olaraq 9,2 və 3,7 dəfə çox düşdüyündən Bakı şəhərinin avtomobil yollarında, küçə və prospektlərin bir çox yerlərində yağış sularının yığılması müşahidə olunmuşdur. Nəticədə nəqliyyatın təhlükəsiz hərəkətində böyük çətinliklər və bir sıra maneələr baş vermiş, habelə tıxaclar yaranmışdır. Yolların normal səviyyədə saxlanılması və cari təmiri üçün ayrılmış vəsaitdən əldə edilən qənaət hesabına öz gücümüzlə yağış sularının axıdılması məqsədilə ümumilikdə son 2 il ərzində müxtəlif diametrli uzunluğu 7.563 metr olan yağış-kanalizasiya xətlərinin çəkilişinə nail olduq və təmir işlərini apardıq. Bu işlər hazırda da davam etdirilir. Bu məsələnin əhəmiyyətini nəzərə alaraq, dövlət başçısı ötən ilin noyabrında Bakı şəhərində yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzaladı. Prezidentin daha bir fərmanı isə Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmini ilə bağlı bəzi tədbirlər haqqında oldu. Bu fərmanda əsasən Bakı şəhərində bir sıra mühəndis-kommunikasiya, o cümlədən yağış-kanalizasiya sistemlərinin hazırkı vəziyyəti və şəhər təsərrüfatının tələblərinə cavab verən səviyyəyə çatdırılması üçün təkmilləşdirilməsi, bəzi məhdudlaşdırma tədbirləri də daxil olmaqla əlavə və uzunmüddətli işlərin görülməsi nəzərdə tutulur.

“Azəravtoyol” ASC daxili investisiya hesabına yerinə yetirilən layihələri də ön plana çəkir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 may tarixli sərəncamına əsasən, müxtəlif yol layihələrinin maliyyələşdirilməsi məqsədilə ölkənin dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün vəsait ayrılmışdır. Bu vəsait Bakı şəhəri və qəsəbələrdə yerləşən Qala-Pirallahı, Zığ-Hövsan, “Ağ şəhər”, 4-cü Qapı, Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil körpüsünün tikintisi, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel yolun tikintisi (II mərhələ), Xocasən və Lökbatan avtomobil yolunun 11-19-cu kilometr hissəsinin yenidən qurulması, regionlardakı avtomobil yolları və yol qurğularının tikintisinin davam etdirilməsinə və s. yönəldilmişdir.

Hazırda xarici investisiya ilə maliyyələşdirilən layihələrə diqqəti artırırıq. Bu gün respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı, beynəlxalq maliyyə institutlarından və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına irimiqyaslı layihələri də həyata keçiririk.

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun (M-2), Kürdəmir-Ucar-Yevlax hissəsinin dörd zolağa genişləndirilməsi başa çatdırılmışdır. Kürdəmir-Ucar-Yevlax avtomobil yolunun yenidən qurulması layihəsi Çexiya Respublikasının kommunikasiya bankları ilə bağlanmış kredit sazişlərinə əsasən yerinə yetirilmişdir.

Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunda (M-3) həyata keçirilən layihələrin tikintisi davam etdirilir. Yenikənd-Salyan-Şorsulu, Şorsulu-Cəlilabad, Cəlilabad-Masallı yolunda və Masallı-Astara yolunun AB və C hissəslərində tikinti işlərinin ahəngi zəifləmək bilmir. O da fərəh doğurur ki, artıq Ələt-Şorsulu hissəsinin Kür çayı üzərində yeni müasir körpünün tikintisi başa çatdırılmışdır. Salyan şəhərində Kür körpüsünün inşası Dünya Bankı ilə imzalanmış əlavə maliyyələşdirmə sazişi çərçivəsində həyata keçirilmişdir.

Eyni zamanda, Bakı-Şamaxı-Yevlax (M-4) avtomobil yolunun dörd zolağa genişləndirilməsi layihəsinə, Asiya İnkişaf Bankı ilə bağlanmış kredit sazişinə əsasən, Gəncə regionunda dörd körpünün tikintisinə başlamışıq. Bu körpülərdən üçünü Ağstafa-Poylu avtomobil yolunda (R-24), bir körpünü isə yerli əhəmiyyətli Poylu-Düzqışlaq-Qazax avtomobil yolunda inşa edəcəyik.

Mingəçevir st-Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun (R-18) yenidən qurulması layihəsini də gündəmdə saxlayırıq. Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında imzalanmış borc sazişinə uyğun olaraq həyata keçirilir. Onu da unutmaq olmaz ki, cəmiyyətimizin əsas öhdəliklərindən biri də avtomobil yollarında fasiləsiz və təhlükəsiz hərəkəti təmin etməkdir. Biz bu vəzifəni daim nəzarətdə saxlayır, qarşıya çıxan maneələri daxili imkanlarımız hesabına aradan qaldırırıq. Biz həmçinin respublikanın avtomobil yollarının yaşıllaşdırılmasını daim diqqət mərkəzində saxlayır, maddi-texniki bazanın gücləndirilməsinə çalışırıq.

Fərəhlidir ki, dövlət başçısı İlham Əliyevin sərəncamına əsasən, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisinə artıq start vermişik. Hazırda burada qazma-dolma işlərini yol yatağının və yol əsasının inşası işlərini görürük. Ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun layihə üzrə eni 12 metr təşkil edəcək. Cocuq Mərcanlı yolunun 4 kilometr hissəsi əsaslı şəkildə yenidən qurulacaq, 5 kilometr hissəsində isə bərpa işləri aparılacaq. Ümumilikdə yolun 68 min kvadratmetr sahəsinə asfalt döşənəcək. Yeni salınan avtomobil yolu Cocuq Mərcanlı kəndi daxil olmaqla Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli və İmamverdili kənd sakinlərinin gediş-gəlişini xeyli asanlaşdıracaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünən Avtomobil Yol İşçilərinin Peşə Bayramı Günü ərəfəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin bir qrup işçisinə “Tərəqqi” medalı və “Əməkdar mühəndis” fəxri adı verməsi ilə bağlı sərəncam imzalaması kollektivimizdə böyük ruh yüksəkliyi yaratmışdır. Bu diqqət və qayğıdan qürur duyur, möhtərəm Prezidentə dərin minnətdarlığımızı bildirir və dövlət başçısının ətrafında sıx birləşdiyimizi bəyan edirik.

“Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”. Ümummilli lider Heydər Əliyevin bu sözlərini özünə deviz seçən avtomobil yol işçiləri qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlmək, ölkənin iqtisadiyyatına yeni-yeni töhfələr vermək, Azərbaycanın yol infrastrukturunu tamamilə təzələmək, yol təsərrüfatını daha da inkişaf etdirmək əzmindədir. Əlbəttə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səriştəli rəhbərliyi ilə avtomobil yol işçiləri respublikanın bütün yollarını başdan-başa abadlaşdıracaq, rahatlıq və təhlükəsizliyi tam təmin edəcək.

 

Saleh MƏMMƏDOV,

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri

 

Azərbaycan.- 2017.- 22 fevral.- S.9.