Girov qalanları görəndə ölənlərə şükür etdik

 

Xocalıdakı o dəhşətli gecədən sonra hər gün Ağdama onlarla meyit gətirilirdi. Faciənin caynağından min bir əzabla qurtaran xocalılılar o meyitləri bir-bir araşdırır, “bəlkə, qardaşımı, bacımı, atamı, anamı, övladımı taparam” - deyə bir yerdə duruş gətirə bilmirdilər. Xocalı sakini Südabə Cavadova da bu insanlardan idi. O, hər gün Ağdama gəlir, gətirilən meyitlərin içərisində öz həyat yoldaşını və qardaşını axtarırdı...

Südabə xanımla elə evlərində, Goranboy rayonunda Xocalı sakinləri üçün tikilib istifadəyə verilmiş binada həmsöhbət olduq. 1958-ci ildə Xocalı rayonunun Ballıca kəndində anadan olub. 1975-ci ildə ailə həyatı qurub. Üç oğlan, üç qız olmaqla altı övlad anasıdır.

 

“Artıq 25 il keçib, bilmirik, sağ qalıb, ya ölüb

 

Xocalı sakini yoldaşını 1992-ci il fevralın 26-da hadisə gecəsi itirib. Dediyinə görə, onun meyitini gətirə bilməyiblər, elə Xocalıda qalıb:

- Böyük oğlum atasının yanında olduğundan onun şəhid olduğunu görüb. Faciədən bir ay əvvəl qardaşımla birgə ailəmiz Əlif Hacıyevin köməyi ilə Xocalıdan çıxdı. Xocalıda dörd nəfərimiz - qardaşım və onun böyük oğlu, həyat yoldaşım və bizim böyük oğlumuz qaldı. Getdikcə vəziyyət pisləşirdi. O ərəfədə tez-tez Xocalıdan Ağdama gedib-gəlirdik ki, uşaqlardan bir xəbər öyrənək. Növbəti dəfə Ağdama ərzaq almağa getmişdik. Elə oradaca eşitdik ki, Xocalıda dəhşətli qırğınlar törədilib.

Oğlum deyir ki, Xocalıda yeraltı sığınacaq düzəltmişdilər. Atışma şiddətlənəndə uşaqları ora yığıblar. Yoldaşımla qardaşım isə çöldə gözləyiblər. Qardaşım könüllü olaraq batalyona yazılmışdı. Yoldaşım onlarla bərabər postda dururdu.

Uşaqlar görüb ki, ermənilər artıq sığınacağa girirlər. Onlar uşaqları oradan çıxardıb aparanda oğlum görür ki, çöldə xeyli sayda meyit var. Baxıb ki, atası da meyitlərin içərisindədir. Həmin vaxt qardaşımı öldürməyiblər, onu əsir götürüblər. O vaxtdan bəri qardaşımdan heç bir xəbər yoxdur. Hər yerə müraciət etdik, davamlı axtardıq, bir nəticəsi olmadı. Artıq 25 il keçib. Bilmirik, hələ də sağ qala bilər, ya yox...

 

Meyitləri məftillə bir-birinə bağlamışdılar

 

- Faciədən sonra hər gün Ağdama meyit gətirirdilər. Hamısını bir-bir gözdən keçirirdik. Araşdırırdıq ki, görək bizimkilərin də meyiti gəlibmi. Elə olurdu ki, bir gündə 20-30 cəsəd gətirilirdi. Onlar elə günə salınmışdılar ki, tanımaq qeyri-mümkün idi. Gələn girovlara baxırdıq, şükür edirdik ki, uşaqlarımız nə yaxşı girovluqda qalmayıblar, ölmək bundan yaxşıdır. Meyitlər polad məftillə bir-birinə bağlanılmışdı. Biz bunların hamısını öz gözlərimizlə görürdük, ciyərimiz yanırdı. Amma baxmaq məcburiyyətində idik. Doğmalarımızı axtarırdıq. Düz mart ayının axırına qədər meşədən meyit gətirildi. Rəhmətlik atamla birgə onların hamısını yoxlayırdıq, üzlərinə, bədənlərinə baxırdıq. Həmin vaxt çöllərdə qalırdıq. Başımızı salmağa bir daxma da yox idi. Sonradan Bərdə rayonunda bir yataqxanaya sığındıq.

Bunlara rəğmən, Südabə xanımın böyük oğlu ilə qardaşı oğlu Xocalıdan çıxa biliblər. Onlar sığınacaqdan girov götürüləndə 15-16 yaşları vardı. Uşaqlardan soruşublar ki, kimlərdənsiniz, deyiblər filankəsin uşaqlarıyıq. Yəqin ki, həmin erməni onlardan kimisə tanıyıb. Deyib ki, sizi buraxıram, gedin meşədə camaata qoşulun. Tanımayan erməninin əlinə düşsəydilər, güman ki, uşaqları da  sağ buraxmazdılar.

Südabə xanım övladlarını çox çətinliklə, təkbaşına böyüdüb. Amma indi hərəsi bir ev yiyəsidir. Dövlət tərəfindən 2011-ci ilin fevralında yaşadıqları ünvanda özünə oğlanlarının hərəsinə ayrılıqda bir mənzil verilib. Buna görə Cavadovlar ailəsi dövlətdən, onlara göstərilən qayğıdan razıdırlar.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2017.- 23 fevral.- S.5.