Sönən ocaqlar

 

Vətənimizin hər guşəsinin əsrarəngiz gözəllikləri daim vəsf edilib. Şairlərin şeirlərində, yazıçıların nəsrlərində, bəstəkarların mahnılarında, müğənnilərin muğam və segahlarında, rəssamların bənzərsiz tablolarında müqəddəs bir obraz yaradılıb, adına ana Vətən deyilib. Bu ağsaçlı, dünya yola salmış ananın övladları zaman-zaman onu yadellilərdən, təcavüzkar və qəsbkarlardan qoruyublar. Ona görə ki, cənnəti xatırladan belə diyara yadların könlü yox, gözü düşüb.

Belə gözəgəlimli, tarixi minilliklərə qədər gedən yurdlardan biri də təəssüf ki, taleyi əvvəldən gətirməyən Xocalıdır. O Xocalı ki, 25 il öncə erməni vandallarının və daşnakların növbəti təcavüzünün qurbanlarından biri kimi yandırıldı, əhalisi perik salındı. Xocalının dillər əzbəri olması, onun yalnız qədimliyi və ya qaçqın-köçkünlərin sığınacaq yerinə çevrilməsi, yaxud maddi-mədəniyyət nümunələri ilə zənginliyi deyil, həm də XX əsrin ən dəhşətli faciəsini yaşaması, sakinlərinin bir gecədə ermənilər tərəfindən işgəncələrə məruz qalması, amansızcasına qətlə yetirilmələridir.

...Bir vaxtlar xocalılıların səsi Qırxqız dağının ətəklərindən gələrdi, əkib-becərər, qayğısız, dərd-sərsiz ömür sürərdilər. Zaman necə dəyişdisə, hər şey alt-üst oldu. İllərdir ki, xocalılıların dərdindən, kədərindən söz açılır, terrorun qurbanlarına çevrilmələrindən danışılır. Onların bəxtəvər günlərindən (əslində, heç xoşbəxtlikləri də olmayıb, sanki talelərinə qaçqınlıq-köçkünlük əzəldən yazılıb) danışmaq istərkən yenə də o qanlı-qadalı günlər düşür yada. Dağlıq Qarabağda erməni terrorunun ilk qurbanlarından biri olan Miryusif Orucov Meşəlidən idi. 1991-ci il dekabrın 23-də 500 nəfərdən artıq sovet-erməni quldur birləşməsi 300 nəfərlik əhalisi olan Meşəlini mühasirəyə aldı. Onlara köməyə gələn kosalılıların da ciddi müqavimət göstərməsinə baxmayaraq, qaniçənlər kəndi yerlə-yeksan etdilər.

 

Oğlumu, yoldaşımı, qardaşımı itirdim...

 

Meşəlinin qorunmasında göstərdikləri şücaətə görə ağdamlı Hidayət Rüstəmov Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına, Əli Mehralıyev və Rafiq Orucov isə “İgidliyə görə” medalına layiq görüldülər. Kosaların Mehman Quliyev, KamilŞükür Məmmədovlar, Süleyman Ələsgərov, Elman Abdullayev, Sənani Məhərrəmov, Bakir və Əhliman Quliyevlər, Möhübbət Əliyev kimi igidlərin də adları çəkilməlidir.

O ağır illərdə Xocalıda, ümumiyyətlə, Qarabağda torpaqların müdafiəsində dayananlardan, lakin ermənilərin qəsbkar təcavüzü nəticəsində ailə-uşağını itirənlərdən biri, keçmiş döyüşçü, əsəbləri tarıma çəkilən Abbasqulu Rüstəmov bu gün də düşməndən qisas almağa hazır olduğunu bildirir. O, çox ağır bir həyat keçirib. Düşmənin çirkin siyasəti dinc həyatını, əmin-amanlığını, yaşayışını əlindən alıb: “Torpağımı, ailə-uşağımı məhv edən düşməni unuda bilərəmmi?! Onlarla üzbəüz döyüşmüşəm. Ağır zərbə aldığım üçün illərdir ki, xəstəyəm. Oğlum Natiqlə həyat yoldaşım Dilarəni itirəndən sonra sanki “başıma hava gəlib”, yuxum ərşə çəkilib”...

Abbasqulu kişinin itirdikləri yalnız bunlar deyil. Qardaşı ilə qayını da düşmən tərəfindən amansızcasına qətlə yetiriliblər. Özü demişkən, saymaqla qurtarmayan itkilərə məruz qalıb. Sovet ordusunun zabiti olan, Sankt-Peterburqda Murmanskda hərbi məktəbdə oxuyan Abbasqulu Xocalının, ümumiyyətlə, digər rayonların müdafiəsində, həmçinin Ağdərənin boşaldılmasında iştirak edib. Döyüş dostlarının çoxu şəhid olub.

Dərdli-naləli xocalılılar ötən 25 ildə daim yad ediliblər. Bu dəfə yolumuz xocalılıların daha sıx məskunlaşdığı, Abşeron rayonunun Mehdiabad qəsəbəsindəkiGənclik şəhərciyi”nədir. Paytaxtın müxtəlif yerlərindəki ictimai binalarda, yataqxana bağçalarda yerləşən xocalılılar bu qəsəbədə məskunlaşıblar. Dörd ildir qəsəbəyə köçürülüblər. Hər cür kommunal şəraitə malik yaşayış binalarından ibarət qəsəbədə bütün infrastruktur yaradılıb.

 

Bir ailədən 6 şəhid

 

2011-ci ildənGənclik şəhəri”ndə məskunlaşan Validə Nəsibova o dəhşətli gecədə yalnız qohum-əqrəbasını yox, nəsil-nəcabəti ilə birlikdə ata yurdu Xocalını da itirdiyini deyir. Aradan illər keçsə , o gecənin ağrıları azalmayıb. Bunu vaxtsız ağartdığı saçlarından, cavan olsa da, üzünün qırışlarından, belinin bükülməsindən hiss etmək çətin deyil, üstəlik, ürək ağrısı, əsəb, qan təzyiqi kimi əbədi xəstəliklər tapıb.

Bütövlükdə ata ocağı söndürülən Validə Astan qızı Nəsibova o gecə Tofiq, Eldar Telman adlı üç qardaşını, onların da hərəsinin bir balasını itirib. Sadəcə, itirməyib, Xocalının oduna qalanıb, yanıb kül olublar, ya da gülləbarana tuş gəliblər, bilinmir. Verdiyi itkilər yalnız bununla bitmir. Bacısının yoldaşı Vaqif Məmmədov da Xocalısı ilə eyni gecədə düşmən gülləsindən yayına bilməyib. Atası Astan Bəhram oğlu Zeynalov belə itkilərə dözə bilməzdi. Ona görə Xocalısından iki addım bu yana atan kimi yurd nisgilli gözlərini əbədi olaraq yumdu: “O dəhşətli gecədən danışa bilmirəm. Elə bil ki, gözlərimə duman çökür, amma yaddaşımda qalanlar qan rəngindədir. O gecə Xocalıdan çıxıb Ağdama tərəf qaçmaq istəyəndə ermənilər bizi gülləbaran etdilər. Balaca oğlum Fazil yaralandı, Tofiq Hüseynovun qızını da yanımızda vurdular”...

Validə Nəsibova yalnız ailə faciəsindən deyil, tar-mar edilmiş, külü göylərə sovrulmuş ata yurdundan, ana laylasından əli üzülmüşlərin dərdini dilə gətirə bilməsə , qəmli çöhrəsinə çökmüş qüssə-kədərdən hər şey oxunurdu. Deyir ki, Zərifə, Tahir, Məhəmməd Çiçək bizimləqaçırdılar”: ...qaça bilmədilər: amansız yağı kəsdi yolumuzu, bizi da qırıb-çatdılar. Oradan salamat çıxmaq isə möcüzəydi. Kətikdağ o gecə donub qalmışdı, ermənilərin xocalılılara tutduqları amansızlığın şahidinə çevrilmişdi”.

...Xocalının Daşbulaq kəndində dünyaya gəlmiş Gözəl Hüseynovanın dərdi digər həmdərdliləri kimi, öncə gözləri qarşısında itirdikləri doğmaları yandırılan ata ocağıdır. Altı nəfərlik ailədən salamat qalan qardaşı Vidadi ilə itirdiklərinin həsrətini çəkməkdə, yollarını hələ gözləməkdədirlər. O zülmət gecədən salamat qurtarıb, 2011-ci ilədək Bayıl qəsəbəsindəki gəmiqayırma zavodunun fəhlə yataqxanasında məskunlaşıblar. Qardaş-bacıdan savayı həmin ailədən salamat çıxan olmayıb: Əziz, Tacir, atası Hüseyn, subay bacıları Maral, Süsən, Ema Xocalı ilə birlikdə erməni vandalizminin qurbanlarına çevriliblər. Anası dünyasını erkən dəyişdiyindən, böyük bacısı Xoşbəxt ailə qurmayıb: ömür-gününü qardaş-bacılarına həsr edib. Bütün bunlar Gözəl Hüseynovanın Xocalıdan sonra yaddaşında saxladığı ağrı-acılı xatirələrinin bir qismidir ki, yazılası, oxunasıdır.

 

Qoşa oğul dağı çəkən ana

 

Xocalıda, ümumiyyətlə, külli-Qarabağda itirilən hər nə varsa müqəddəsdir, əvəzsizdir. Amma onların ən ağrılısı qoşa oğulları vətənə, torpağa qurban versə də, yurdundan, isti ocağından perik düşən anaların səssiz naləsidir. Almaz Səlimova əmisinin həyat yoldaşının, qayınanasının çəkdiyi bayatı-ağıları da dilə gətirə bilmir, qəhər onu boğurdu.

O, cəhənnəm əzabı yaşadı. Balalarının birini “balalı balam”, o birisini “balasız balam”, “toy xınası yaxılmayanım” - deyə haray çəkirdi. Onu heç nə ilə ovundura bilmirdilər. Dözə bilmədi bu itkilərə, onu da itirdilər. Deyirdi ki, kaş oğlanlarımdan biri qalıb nəsil-kökü yaşadaydı: “Mən isə tamamilə özgə cür fikirləşirəm: kaş mənim də bir övlad-uşağım olaydı. O da döyüşüb şəhid gedəydi, atası kimi. Belə olsaydı, mən də səbir tapar, torpaq uğrunda bala verən analardan sayılardım”...

Almaz Səlimovanın dərdləri dağ boyda olsa da, təsəllisi var. Deyir ki, Qarabağımızı qaytarmağa qadirik. Dövlət başçısının dəfələrlə bildirdiyi kimi, düşmən o torpaqlardan çıxarılacaqdır.

Bütün bu nisgillərlə yanaşı, yurd itkisi ilə yaşayanların qəlbinin dərinliklərində söndürülmüş ocaqların odu, alovu, intizar dolu baxışlarının dərinliklərində közərən ümidləri də var. Digər məcburi köçkünlər kimi, onlar da dövlətin göstərdiyi qayğını yüksək dəyərləndirirlər. Yaxşı bilirlər ki, Azərbaycanla təcavüzkar Ermənistanın keçdiyi inkişaf yolu müqayisəolunmaz dərəcədə fərqlidir. Azərbaycan iqtisadi inkişafda, Ermənistan isə bütün sahələrdə həmin sürətlə tənəzzülə uğramaqdadır. Buna görə də Azərbaycanın Ermənistan üzərində qələbəsi şəksizdir!

Bu da dərdli-naləli xocalılıların dilinin əzbərinə çevrilmiş yurd ağrıları. Yaddaşımızı daim kötəkləyir, ayıq-sayıq olmağa səsləyir. Bu səslər hələ ki ah-nalədir, fəryaddır, qisas haraylı, sinə dağlayan ağılı-bayatılı...

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.- 24 fevral.- S.7.