Bəşəriyyət əleyhinə törədilən ağır cinayət

 

Tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovetlər imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixiictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı.

 

Faciəyə gedən yolun başlanğıcı

 

Xocalı qətliamının, eləcə də ondan əvvəl xalqımıza qarşı dəfələrlə törədilən soyqırımılarının vaxtında hüquqi-siyasi qiymətini almaması illər boyu Azərbaycanın üzləşdiyi ən böyük ədalətsizliklərdən biri olub. Bu ədalətsizliyin aradan qaldırılması üçün uzun müddət heç bir addım atılmayıb. Yaşanan faciələr, o cümlədən Xocalı soyqırımı haqda ətraflı təfsilatlı araşdırmalar yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra aparılıb. Eyni zamanda, bu hadisələrə hüquqi-siyasi qiymətin verilməsi prosesi başlanıb. Dünyaya xalqımızın üzləşdiyi fəlakətlər barədə ətraflı, faktsübutlarla zəngin olan məlumatlar çatdırılıb. Elə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı faciəsinin də həm soyqırımı olaraq təsbit edilməsi, həm də bu barədə əsl həqiqətlərin dünyaya çatdırılması məhz ulu öndər Heydər Əliyevin sayəsində mümkün olub.

Tarixin ironiyası isə ondan ibarətdir ki, ötən əsrin sonlarında Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə Azərbaycan xalqının üzləşdiyi yeni faciələr, yaşadığı soyqırımıları elə Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasından sonra baş verdi. Həmin vaxta qədər keçmiş SSRİ rəhbərliyinin hərtərəfli dəstəyini alan ermənilərin Azərbaycana qarşı məkrli planlarının reallaşmasının qarşısını məhz ulu öndər Heydər Əliyev kəsirdi. Ermənilər və onların himayədarları yaxşı başa düşürdülər ki, Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə Azərbaycana qarşı heç bir iddialarını reallaşdıra bilməyəcəklər.

Artıq sübut olunmuşdur ki, ölkəmizin ermənilər tərəfindən ərazi bütövlüyünə qəsd planı əvvəlcədən hazırlanmışdı. SSRİ-yə rəhbərlik edən M.Qorbaçovun yanında və Kremldə mərkəzi rəhbərlikdə yer alan ermənilər tərəfindən müdafiə olunan planın reallaşması üçün ciddi işlər görülürdü. Lakin planın praktik mərhələyə keçməsi Azərbaycan xalqının böyük oğlunun SSRİ-də mühüm rəhbər postlardan birində yer aldığı müddət ərzində mümkünsüz idi və bu həqiqətlə ermənilər, onların himayədarları da birmənalı şəkildə barışırdılar. Bu səbəbdən ermənilərin təhriki və diktəsi ilə hərəkət edən M.Qorbaçov ilk növbədə, Heydər Əliyevi tutduğu vəzifədən uzaqlaşdırmağa çalışırdı və təəssüf ki, buna da nail oldu. Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasının əsas səbəblərindən biri SSRİ siyasi rəhbərliyini ələ almış erməni lobbisinin təsir və təzyiqləri idisə, digər səbəb Qorbaçovun subyektiv hisslərin əsiri olması, özündən daha yaxşı idarəçilik qabiliyyətinə, səriştəyə malik bir şəxsin Kremldə işləməsini həzm edə bilməməsi idi.

Azərbaycanın böyük oğlunun Siyasi Bürodan uzaqlaşdırılmasından cəmi 15 gün sonra M.Qorbaçovun xeyir-duası ilə ermənilər Azərbaycana qarşı qəsd planlarının icrasına başladılar. 1987-ci ilin noyabrında M.Qorbaçovun məsləhətçisi olan qatı şovinist A.Aqanbekyanın Parisdə “Humanite” qəzetindəki bəyanatında bildirilirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsinə dair artıq Moskvanın razılığı var. Bütün bunları xatırladan Heydər Əliyev deyirdi: Siyasi Bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni olan professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında “Dağlıq Qarabağ Ermənistana verilməlidir” demiş, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdır. Moskvanın Qarabağ əməliyyatı mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başlandı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanmış, lakin tətbiq olunmasına mən ciddi maneə imişəm”.

SSRİ rəhbərliyinin Dağlıq Qarabağın Ermənistana verilməsinə dair razılığının olduğu 1988-ci ilin əvvəllərində M.Qorbaçovun Silva Kaputikyan başda olmaqla, bir qrup şovinist erməni ilə görüşü zamanı da üzə çıxdı. Bunun ardınca Xankəndidə, Yerevanda antiazərbaycan və antitürk ruhlu mitinqlər genişləndi. Bundan sonra erməni “Qarabağ Komitəsi”, onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı “Krunkgizli fəaliyyətlərinə son qoyaraq açıq şəkildə niyyətlərini bəyan etməyə, Azərbaycana qarşı ərazi iddiaları səsləndirməyə başladı. Bunun nəticəsi olaraq ermənilər tərəfindən “Miatsumadlanan hərəkat da formalaşdırıldı.

O dövrdə Azərbaycana rəhbərlik edən şəxslər artıq özünü qabarıq formada və aydın şəkildə büruzə verən Dağlıq Qarabağ münaqişəsinin çözümü istiqamətində hansısa praktik addımların atılmasında acizlik nümayiş etdirirdi. Yalnız Kremlin göstərişləri əsasında atılan addımlar Azərbaycan ərazilərinin qəsb olunması prosesini sürətləndirirdi. Qarabağ məsələsinin ortaya çıxması isə elə ilk dövrlərdə Moskvada olan Heydər Əliyevi ciddi narahat edirdi. Bu səbəbdən Qorbaçovla, onunla mümkün olmadıqda Siyasi Büronun digər üzvləri Liqaçovla, Çebrikovla, Kryuçkovla görüşüb problemin həllinə çalışırdı. Qarabağın əzəli Azərbaycan torpağı olmasına dair əlindəki sənəd və sübutları da Kreml rəhbərliyinə təqdim etmək istəyən Heydər Əliyevə rəsmi Kremlin cavabı belə oldu: “Biz Qarabağda erməni-azərbaycanlı münaqişəsi ilə bağlı problemi özümüz həll edəcəyik”.

Belə vəziyyət - Azərbaycan rəhbərliyinin fəaliyyətsizliyi, təslimçilik mövqeyi ölkəmizin əzəli və tarixi ərazisi olan Dağlıq Qarabağda Ermənistanın mövqeyinin daha da güclənməsinə gətirib çıxartdı. Erməni separatçılarının bu yerlərdə mövqelərinin güclənməsiona qarşı rəhbərlik səviyyəsində ciddi tədbirlərin görülməməsi isə ölkə ərazilərinin itirilməsinin, faciələrin, o cümlədən Xocalı soyqırımına gedən yolun başlanğıcını qoydu.

SSRİ rəhbərliyi Dağlıq Qarabağın tədricən Azərbaycandan ayrılması üçün müvafiq addımlar atmağa başladı. 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti Konstitusiyaya zidd olan qərarı rədd etdikdən sonra Ermənistanın millətçi rəhbərləri “Daşnaksütyun” partiyasının “Türksüz Ermənistan” proqramını həyata keçirməyə başladılar. Bu isə tarixi Azərbaycan torpaqlarında yaranan indiki Ermənistan ərazisində olan on minlərlə azərbaycanlıya qarşı böyük qəddarlıqlarla müşayiət olunan etnik təmizləməyə rəvac verilməsi demək idi.

 

(ardı var)

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.- 25 fevral.- S.7.