“Çörəyi ayaqlayan, qonşusuna xəyanət edən erməninin heç öz millətinə də sədaqəti yoxdur

 

Aydın kişinin ata-babaları Azərbaycana XIX əsrin sonu - XX əsrin əvvəllərində qədim torpaqlarımızdan - indi Ermənistan adlanan respublikanın Dərələyəz mahalından deportasiya olunmuşdular. O, böyüdükcə babasından, atasından erməni xəyanəti, ermənilərin bizə düşmən olduğu barədə çox eşitmişdi. Ailələri əvvəlcə Beyləqan rayonunda yaşamışdı. Sonralar Xocalıda məskunlaşmışdılar və Aydın da elə burada boya-başa çatmışdı.

Ömrü boyu müxtəlif təsərrüfatlarda, müəssisələrdə çalışmışdı. Həmişə də onadost” deyən erməni yoldaşlarının hərəkətlərinə göz qoyaraq müşahidə etmişdi ki, onlar əsl düşməndirlər.

Aydın kişi yaşlı olsa da, ötən dövrün olaylarını möhkəm hafizəsində olduğu kimi saxlaya bilib:

- Bir gün atama dedim ki, bu dığaların bizə nifrəti çox böyükdür. Belə ki, gedib azərbaycanlıların həyətində bənnalıq edir, fəhlə, nökər işləri görür, sonra da gəlib onlara çörək verən ev sahiblərini məsxərəyə qoyurdular. Mən deyəndə ki, bunlar əvvəl-axır bir oyun çıxaracaqlar, ehtiyatlı olmaq lazımdır, atam məni sakitləşdirdi. Nədənsə o, inanırdı ki, sovet hökuməti buna yol verməz.  

...1988-ci ilin fevral ayında Xankəndidə narahatlıqlar başlayanda Xocalının başıpapaqlıları rayon icra hakimiyyətinin başçısı, indi Milli Məclisin deputatı olan  Elman Məmmədovun rəhbərliyi ilə səngərlər qazıb yurdun müdafiəsində dayandılar. Narahatlıqlar isə getdikcə artırdı. Ermənilər Şuşaya gedən avtobusları daş-qalaq edirdilər. Hətta Əsgərana gedən bir avtobusu aşırmışdılar. Həmin il bir dəfə Xankəndi tərəfdən Xocalıya möhkəm hücum edildi. Bu hücumun qarşısını layiqincə alanlar sırasında Aydın Əliyev də vardı. O deyir ki, Azərbaycan xalqının, oğullarının torpağı qorumaq əzmi həmişə böyük olub. Keçən əsrin 90-cı illərinin əvvəllərində də belə idi. Lakin Azərbaycana başsız başçılar rəhbərlik edirdi. Düçar olduğumuz faciələrin başlıca səbəblərindən biri də məhz bu idi. Nə yaxşı ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Yoxsa Azərbaycanın müqəddəratı necə olardı, bilmirəm...

Ağsaqqal Xocalının 1992-ci il fevralın 25-dən 26-na keçən gecəsini belə xatırlayır:

- Axşam oğlum Mehman Əliyev yenə də ön mövqedə idi. Mən isə gecə saat 12-dən sonra oraya gedəcəkdim. Lakin oğlum evə gəldi və bildirdi ki, ehtiyatlı olmaq lazımdır, vəziyyət çox gərgindir. Mən bu barədə qonşuları da xəbərdar etdim. Bir neçə ildir tez-tez atəşlərə məruz qalan camaat özünə artıq sığınacaq yerləri də düzəltmişdi. Qohum-qonşunun bir çoxu həmin yerə pənah gətirdi. Lakin çox keçmədən şəhərin səması birdən-birə qeyri-adi şəkildə işıqlandı. Bu, getdikcə şiddətlənən atışmanın nəticəsi idi. Artıq camaat Xocalıdan çıxmağa başlamışdı. Qarqar çayına doğru böyük bir axın üz tutmuşdu. Yaralananlar, ölənlər çox idi. Mənim getdiyim dəstədə 600-ə qədər qoca, cavan, uşaq vardı. Qışın bu oğlan çağında irəliləmək getdikcə çətinləşirdi. Müəyyən bir yerə çatandan sonra siqaret çəkməyə macal tapmış qonşumdan vaxtı soruşdum. Bir kibrit də yandırıb saatına baxdı. Gecə saat 3-ə az qalırdı... İstiqaməti müəyyənləşdirmək çox çətin idi. Hava işıqlaşanda bu yerlərdə fermada işləmiş bir nəfər dedi ki, Gülablıya doğru yolu tanıyır. Amma demə, burada ermənilər pusquda dayanıblarmış. Ailə üzvlərimin hamısı mənimlə idi. Həmin yerdəki atışmadan sonra isə biz pərən-pərən düşdük. Dəstənin bir hissəsi gedib Gülablıya çatmış, digər hissəsi isə yolda qalmışdı. Mənim yanımda digər doğmalarımla yanaşı, iki körpə nəvəm də vardı. Az qalırdı ürəyim çatlasın. Əlimdə silah vardı, amma patronu çoxdan, hələ Xocalıda ikən qurtarmışdı.

İrəliləyən dəstə böyük məşəqqətlə bir dərəyə çatır. Burada ermənilər onları görür və əmr edirlər ki, təslim olsunlar. Ermənilər onları xeyir-şər mərasimləri keçirdikləri binaya gətirirlər. Burada isə əmr olunur ki, ciblərində sənəd, pul, qızıl - nə varsa, hamısını boşaltsınlar.

Aydın kişi deyir ki, bizim bu naxələf qonşuların heç birinə artıq bir iynənin ulduzu qədər də inamımız qalmamışdı. Hətta onlar uşaqlara su verəndə də imtina etdik. Çünki bu millətdən o qədər xəyanət görmüşdük ki, körpələri zəhərləyəcəklərini düşünürdük.

12-13 nəfər silahlı erməni öz içərilərindən birini seçərək əsirlərə nəzarətçi qoyur. Xeyir-şər evinin qapısına qıfıl vuraraq çıxıb gedirlər ki, səhər bir də qayıtsınlar. Keşikdə dayanan erməni isə öz “silahdaş”larına xəyanət edərək, ona verilən “döyüş tapşırığını” unudaraq gecə doyunca araq içibetdiyini bilmədiyindənmi, yaxud millətinə, millətinin murdar amalına “sədaqət”inin elə bu qədər olduğundanmı, səhərə yaxın qapının qıfıllarını açır və səntirləyə-səntirləyə əsirlərə əli ilə yol göstərərək “gedindeyir...

Bu barbar millətin “dabbaqda gönünə bələd olan” Aydın kişi deyir ki, onların tarix boyu xalqımızın başına gətirdikləri böyük müsibətlər də, adi məişətdə, qonşuluq əlaqələrində özünü büruzə vermiş xislətləri də  çirkab mənəviyyatlarının məhsuludur.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.- 26 fevral.- S.7.