“7 ayın bəyi olmuş oğlumun məzarı da yoxdur ki...”

 

Ömrünün ixtiyar çağında ikiqat yurd nisgili ilə günlərini sayan, hələ də övlad sorağı ilə gəzib dolaşan, itkin, əsir, girov, şəhid olduğu bilinməyən oğul yolu gözləyən Kübra İsmayılova yerlə yeksan edilən, külü göylərə sovrulan Xocalıdan sonra bir yerdə qərar tuta bilmir. Bərdədə məskunlaşsa da, Abşeron rayonunun Masazır qəsəbəsindəki qızı Səbinəni tək qoymur. Xocalısı ilə birlikdə itirdiyi oğlu Vidadisindən bir soraq ümidi ilə gəlir bura.

1934-cü ildə Laçın rayonunun Fərəc kəndində anadan olub. Ömrünün səksəninci ilini yola salanda da bir ağrı keçib ürəyindən: “Heç olmasa, növbəti ili Qarabağa, Xocalıya, Şuşaya, Laçına dönüm”.

83 yaşını Xocalıdan uzaqlarda yola salan ağsaçlı nənənin 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilərin əsir götürdüyü, girov apardığı xocalılıların arasında bəy libaslı oğlu Vidadiolub. O ildən, həmin zülmət gecədən, qanla açılan səhərdən bu günə kimibala” - deyib haray çəkir.

1960-cı ildə Laçından Xocalıya gəlin köçüb, Lətif İsmayılovla ailə qurub. “Bir çətən külfət” sahibi olublar: 3 oğul (Tacir, Vidadi, Mikayıl) və üç qız (Fatimə, Səbinə, Gülnar) böyüdüblər. Yazda-yayda Laçın dağlarında xanım-xatınlıq edən, yaylayan Kübra nənə payız-qış aylarında Qarabağa enərdi. Sən demə, düşmən marığa yatıb, xocalılıların qəniminə çevrilməyə fürsət axtarırmış. Şuşa ilə Xankəndi arasında səddə, sipərə çevrilən qədim Xocalı müasirliyi ilə də erməni daşnaklarının yuxusunu ərşə çəkmişdi. Xocalılıların əlindən yanıqlı idilər...

 

25 ildir itkin oğul yolu gözləyən ananın dərdi böyükdü

 

Kübra nənə əlini alnına qoyub sanki o illərə boylandı: “Hə, iki adı vardı oğlumun: sənəddə adı Vidadi idi, amma atası onu İsmayıl kimi səsləyərdi. Bunun da səbəbi 1941-1945-ci illər müharibəsi olmuşdu. Lətifin atası İsmayıl (qayınatam) müharibəyə gedib qayıtmamışdı. Ona görə də Vidadiyə atası kimi baxırdı, əzizləyəndə də “dədəm” deyirdi. 1966-cı ildə anadan olmuşdu”.

Gözləri oğul yolu gözləməkdən nurunu itirmiş Kübra nənə sanki o gecənin vahimələrini yenidən eşidirdi. Oradakı kimi hiss edirdi özünü: dördgöz olub kimisə axtarırdı. Tez-tez soruşurdu: “Ay bala, gör gəlmədi?” Amma gedənlər qayıtmadığından, onun da 25 ildir ki, övladından soraq yoxdur. Ona görə də gördüyü hər kəsdən soruşur ki, əsirlərdən, girovlardan təzə nə xəbər var? Zorla eşidiləcək bir səslə ana dərdini dilə gətirdi, amma, danışmağa çətinlik çəkirdi, dilə gələn dərdi oldu: “Kaş, elə mən də əsir düşüb onunla qalaydım, onda bilərdim, görərdim ki, balam harada qaldı”.

 

Qanlı paltarın sahibi kim idi?

 

O gecə ermənilər Xocalıya girəndə Vidadi ilə qardaşı Tacir postda olublar. Camaat hara qaçdığını bilməyib.

Nəvəsi Ayna Novruzova gözləri yol çəkən anaya fikrini tamamlamaqda kömək etdi. Dedi ki, 82 yaşlı babam Allahverdini evdən çıxara bilmirdilər. Ömrünü-gününü Xocalıda keçirən dünyagörmüş ağsaqqal ermənilərdən heç zaman qorxmadıqlarını danışanda adama nağıl kimi gəlirdi: “1905-1918-ci illərdə ermənilərin bizim kəndlərə dəhrə-yaba, beşatılan tüfənglə hücum etmələrinə baxmayaraq, qanlarına qəltan olunmalarından qorxaraq geri qaçmalarından danışardı. Ağlına da gəlməzdi ki, özü onların əli ilə amansızcasına qətlə yetiriləcək meyiti çöllərdə, sahibsiz, kimsəsiz qalacaq. Babamın əlimizdə qalan yadigarı yeganə şəkilidir ki, o da torpağına sarılıb əbədi ona qurban getdiyinin təsdiqidir. Yerli xarici jurnalistlər həmin şəkli dünyaya göstərdilər”.

Kübra nənə isə xəyalından çıxara bilmədiyi o müdhiş gecəni sanki yenidən yaşatdı: “Haraylarımız, ah-nalələrimiz, sızıltılarımız tankın, topun, avtomatın, pulemyotun... səsindən eşidilməz olmuşdu. Kimi Əsgərana sarı, kimi meşəyə tərəf üz tutmuşdu. Bir yaralı vardı, yaxınlaşdım ki, baxım görüm kimdir? Zarıya-zarıya dedi ki, qaç, ay ana, mənə bənd olma, səni vuracaqlar, ya da əsir tutacaqlar. Oğlanlarımın ikisi posta getmişdilər, xəbərimiz yox idi onlardan. Bizim hara üz tutduğumuzu bilmirdilər, bir-birimizi itirmişdik. Üzümlüklərlə birtəhər, Ağdamın Şelli kəndinə necə gəldiyimizi Allah bilir, dillə deyiləsi, sözlə yazılası deyil”.

Ermənilər 80 nəfəri birdən girov götürdülər. Kübra nənənin oğlanları da onların arasında olub. Kiçik oğlu Mikayıl da əsir düşmüşdü. Əllərini bağlayıb yük maşınının üstünə atmışdılar. Yolda əlləri bağlı özünü maşından tullayıb. 5 gecə meşədə qalıb çıxa bilməyib. Xocalının o müdhiş gecəsindən canını götürüb qaçanlar Şelliyə yaxınlaşanda Ağdam camaatı onları görüb haraylarına yetiblər: kimini evə, kimini xəstəxanaya qaçırıblar, ağır yaralıları isə Bakıya göndəriblər: “Yaralansam da, balalarımdan ayrı dura bilmirdim. Oğlanlarım Tacirlə Vidadidən xəbər yox idi. Tacir polis idi, Xocalının aeroportunda Milli Qəhrəman Əlif Hacıyevin milis (polis) dəstəsində qulluq edirdi. Bir dəfə Xocalıya köməyə gələn iki polisimizi ermənilər vurmuşdu. Onların meyitlərini götürmək olmurdu. Ölümün gözünə baxa-baxa polislərin meyitlərini çıxaranda komandiri dostları onun bu qorxmazlığına cəsarətinə heyran qalmışdılar. Dəfələrlə həyatını təhlükəyə atmışdı. Vidadi isə Milli Orduda idi. Ermənilər onu tanıyırdılar hədələyirdilər”.

Ana xəyalında Xocalının o məşəqqətli günlərini yaşatmağa çalışdı: “Ağdamda məni gah xəstəxanaya, gah da dəmiryol stansiyasına aparırdılar ki, bəlkə uşaqlardan bir xəbər tuta bilim. Axtarmadığım yer qalmadı. Xocalıda Canan adlı bir baytar həkimi var idi. Əsirlikdən qurtarıb gələndən sonra danışdılar ki, oğlum Vidadi onların arasında olub. Ona hansı zülmün verildiyini məndən gizlədirdilər. Deyirdilər ki, ermənilər onu girovluqda öldürüb. Cananı, yoldaşı Gülayəni, Almaranı, Rəhimi qızlarını da Əsgərana tutub aparmışdılar”.

Ayna Novruzova fikri dağılan anaya kömək etməyə çalışdı, onun yaddaşını təzələdi: “Əsirlikdən qayıdan Almara adlı qadın danışıb ki, bir erməni generalının qəbri üstündə Vidadinin başını kəsmək üçün içəridən çıxarıblar. Sonra güllə səsi eşidilib. Amma güllələnənlərin paltarları içəri qaytarılanda, heç birininki olmayıb. Ana da fikirləşir ki, bəlkə ona düzünü demirlər? Vidadinin Ülviyyə adlı bir qız yadigarı qalıb. Streslə dünyaya gəldiyindən, xəstə doğulub. Yeganə şəhid balasını həkimlər hələ müalicə edirlər”.

 

Bəlkə heç əzəldən yox imiş oğlum?”

 

Kübra nənə deyir ki, Vidadidən aldıqları soraq doğru çıxmadı: “Canan kişi Şükürün oğlu Oqtayla, Əhlimanı dəfn edib orada. Mənə dedi ki, kaş, Vidadini görəydim. Ermənilərin bizimkilərə verdiyi işgəncələrə dözmədi, Canan kişi girovluqdan azad edilən kimi dünyasını dəyişdi”.

Hələ itkin oğul yolu gözləyən Kübra İsmayılovanın Xocalıda aldığı yaralar yalnız göynəyə-göynəyə söylədikləri deyildi. Qızı Fatma ilə həyat yoldaşı Oqtay Quliyev Qarabağ əlilidirlər. Oqtayın atası da 40 gün girov qaldıqdan sonra buraxılıb. Qızı Gülnarın həyat yoldaşı isə Xocalı müsibətlərinin ağrı-acısını ömürlük qazandığı xəstəliyində daşıyır. Kübra nənənin bacısı Ulduza İbadullayeva da şəhid anasıdır. Oğlu Əli İbadullayev şəhid olub. Qardaşı Hüseyn Nurməmmədovu həyat yoldaşı Pakizə ilə birlikdə 1991-ci il dekabrın 23-də Meşəlidə ermənilər qətlə yetiriblər. Bacısı oğlu Əli Mehralıyev ermənilərlə atışıb tökülən qanların qisasını alıb. Ölümündən sonraAzərbaycan Bayrağıordeni ilə təltif edilib. Dayısı oğlu Novruz Novruzovun beş nəfərlik ailəsi (həyat yoldaşı Adilə, polis oğlu Allahverdi, qızları Rübabə ilə Rahilə) məhv edilib: “Yeganə salamat qalan oğlu Baratı da girov götürüblər. Əl-qolunu bağlayıbKamazmaşınının üstündə Kosalara kimi aparıblar. Orada uşaq girovluqdan qurtarmaq üçün özünü çaylağa atıb”.

 

Qırılmayan ümid bir təsəllidir

 

Bunu da ömrünün ixtiyar çağlarında itkin oğul yolu gözləyən ana dedi. Təsəllisi odur ki, həm oğlundan bir soraq alacağına, həm doğma Qarabağına, dağlardakı laçınlar yurduna, söndürülsə , kül altında odu daim közərdiyini təsəvvüründə canlandırdığı ata ocağına köç karvanının qayıdacağına inanır öləziməyən ümidlə yaşayır. Kübra nənənin təsəllisi odur ki, ordumuz düşmənə layiqli cavab verməyə hazırdır. Qarabağa, onun zirvəsi ata yurdu Laçına yollar açılacaq. O yollarla Vidadisinin yadigarı dönəcək geri.

Bu da ananın yurd nisgilli, oğul haraylı bir arzusu. Axı, cəmi yeddi ayın bəyi olmuş Vidadinin məzarı da yoxdur ki, nənə nəvəsi ilə ziyarətinə getsin...

Bütün bunlar xalqımızın Xocalı ağrılı yaddaşından qopan haraydır, gələcək nəsilləri ayıq olmağa, dostu düşməndən seçməyi bacarmağa səsləyir.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.- 26 fevral.- S.7.