Cəzasız qalan cinayət

 

Sumqayıt hadisələrindən 29 il ötür

 

29 il əvvəl - 1988-ci il fevral ayının 27-dən 28-nə keçən gecə erməni millətçiləri xaricdə yaşayan havadarlarının köməyi ilə Sumqayıtda qanlı aksiya törətdilər. Həmin günlərdə tüğyan edən iğtişaşlar nəticəsində müxtəlif millətlərdən olan 32 adam, o cümlədən 26 erməni həlak olmuş, 400-dən çox insan müxtəlif bədən xəsarətləri almış, 200-dən çox mənzil talan edilmiş, 30-dan çox avtomobil sıradan çıxmış, 50-yə qədər mədəni-məişət obyekti dağıdılmışdı. Hesablanıb ki, ovaxtkı qiymətlə 7 milyon rublya 10 milyon dollar məbləğində ziyan dəymişdi. Bütün bunlar adi faktlar və rəqəmlər deyil, sovet imperiyasının iflasa uğradığı ərəfədə baş verən ağır cinayətdir.

Hələ hadisələr başlamazdan əvvəl ermənilər ölkəmiz əleyhinə güclü ideoloji mübarizə aparır, xalqımız haqqında mənfi rəy formalaşdırmağa cəhd edirdilər. Hadisələr az qala xronoloji ardıcıllıqla bir-birinin ardınca baş verdi. Soydaşlarımızın Ermənistandan zorla qovulması faktını ört-basdır etmək, gizlətmək üçün müxtəlif yollara əl atırdılar. Belə bir fikir formalaşdırmaq istəyirdilər ki, guya azərbaycanlılar Sumqayıtda yaşayan ermənilərə qarşı zorakılıq edir, təzyiqlər göstərir, onları qətlə yetirirlər. Belə uydurmaların arxasında ermənilərin bilərəkdən, qəsdən törətdikləri cinayətlər dayanırdı.

Araşdırmalar çox şeyləri sübuta yetirdi. Sübuta yetirildi ki, Sumqayıtda gizli təxribat şəbəkəsi yaradılmışdı. Bu da səbəbsiz deyildi. Ermənistandan qaçqın düşmüş soydaşlarımızın çoxu Sumqayıta pənah gətirmişdi. Elə buna görə də bu şəhərdə gərginlik yaratmaq asan idi. Sumqayıt hadisələrinin törədildiyi günlərdə yüzdən çox saqqallı erməni şəhərin “Dalğa” və “Sumqayıt” mehmanxanalarında yerləşdirilmişdi. İstintaq onu da müəyyən edib ki, qara gödəkcəli təxribatçılar xüsusi təlim keçmiş yaraqlılar olub. Sumqayıtın müxtəlif yerlərində planlı şəkildə qətllər, talanlar törədilir, bir-birinin ardınca ağır cinayətlər baş verirdi. Şəhərin müxtəlif məhəllələrində gözləmə mövqeyində dayanan xüsusi adamlar öz havadarlarından təlimat alır, tapşırıq əsasında hadisələrə müdaxilə edirdilər. Şəhərdə ən böyük qanlı aksiya isə, qeyd etdiyimiz kimi, fevral ayının 27 və 28-də baş verib. Mart ayının 1-də şəhərdə komendant saatı elan olunur. O günləri xatırlayanlar deyirlər ki, Sumqayıt dəniz kimi çalxalanırdı. Küçə və meydanlarda açıq-aşkar qan izləri görünürdü. Son hədəf kimiSülh” və “Dostluq” küçələri seçilmişdi. Bütün bunların rəmzi mənası var idi. Lakin sübut olundu ki, terror hadisəsi üçün hər şey əvvəlcədən planlaşdırılıb...

Bəs bu dəhşətli qərar nə vaxt verilmişdi? Mixail Qorbaçov 1988-ci il iyun ayının 18-də SSRİ Ali Sovetinin iclasında demişdi ki, “qoşunlar Sumqayıta bir saat gecikmişdi”. Əslində, bu, yalan idi. Ona görə ki, sovet xüsusi xidmət orqanları talanlar, qətllər başlamazdan əvvəl Sumqayıtı tam nəzarətə götürmüşdülər. “Sumqayıtın əks-sədası” sənədli filminin ssenari müəlliflərindən biri Eyruz Məmmədov SSRİ müdafiə naziri Yazovla müsahibəsində həmin məqamları belə xatırlayır: “Dmitri Yazov tam ciddiliyi ilə bizə bildirdi ki, sovet ordusu heç vaxt heç bir yerə gecikmir. Baş komandanın əmri olmadan komendant saatı elan etməyə, əsgərlərin silah işlətməyə, güllə atmağa qətiyyən ixtiyarı yoxdur”. Deməli, Yazovun müsahibəsindən belə çıxır ki, hər şey planlı şəkildə, qəsdən təşkil olunmuşdu. İmperiya ordusunun törətdiyi qətllərdən bütün rəhbərlərin xəbəri olub. Sumqayıtda törədilən qanlı terror xüsusi ssenari üzrə davam etdirilirdi. Bu dəfə “baş roluüç dəfə məhkum olunmuş Eduard Qriqoryan oynayırdı. “Paşa” ləqəbi ilə tanınan bu tüfeyli erməni millətçilərinin əlində bir alətə, oyuncağa çevrilmişdi. Şovinistlər iyrənc məqsədlərini həyata keçirmək üçün Eduard Qriqoryandan gen-bol faydalanırdılar. Hələ o vaxtlar SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Qalkin Sumqayıt hadisələrini təhlil edərkən Eduard Qriqoryan haqqında demişdi: “O, tüfeyli həyat sürən bir cinayətkardır. Dəfələrlə həbs olunsa da, heç bir nəticə çıxarmayıb. Eduard Qriqoryan Sumqayıtın azyaşlı uşaqlarını öz həndəvərinə yığıb onların beyinlərini dumanlandırır, özü isə iğtişaşlara rəhbərlik edirdi. Sumqayıtda baş verən hadisələrdə onun cinayət əməlləri nəticəsində 5 erməni qətlə yetirilmiş , 8 qadın zorlanmışdır...”

Belə bir qatı cinayətkar haqqında 12 illik həbs cəzası seçilsə də, onu müdafiə edənlər tapıldı. Rusiya hüquq-mühafizə orqanlarının köməyi ilə Eduard Qriqoryan Azərbaycandan Ermənistana təhvil verilmiş, bununla da cinayətin üstü ört-basdır edilmişdi. Araşdırmalar zamanı məlum olub ki, Eduard Qriqoryan hazırda Moskvada azadlıqda yaşayır, havadarları onu müdafiə edirlər. Bəs tökülən qanlar, qatı cinayətlər niyə unudulur?! Axı cinayətkarın cəzasız qalması yeni terror hadisələrinin törədilməsinə rəvac verir. Hadisələri təhlil edərkən çox faktları üzə çıxarmaq mümkün olub. Sübut edilmişdir ki, o illər “Krunk” erməni təşkilatının xeyli üzvü Sumqayıtda cəmləşdirilib. Həmin təşkilat Ermənistanla sıx əlaqə saxlayır, müntəzəm olaraq təlimat alırdı. O vaxt Sumqayıtda elə bir erməni ailəsi yox idi ki, onların yaşayış şəraiti digər xalqların nümayəndələrindən aşağı səviyyədə olsun. Tolerant ölkə olan Azərbaycanda onlar üçün hər şərait yaradılmışdı. Onlara nə qədər kömək və yardım göstərilsə də, nankorluq və xəyanət xislətlərinə kök atmışdı. Bütün bunları araşdıran siyasi analitiklər yazırlar ki, Ermənistana köçənlər orada uzun müddət yaşaya bilmədilər. Rusiyanın müxtəlif şəhərlərində məskən saldılar. Sumqayıt hadisələrinin törədilməsində Ermənistanın bütün təbəqələri eyni canfəşanlıqla iştirak etmişdi. Məlum olub ki, hadisələrdən dərhal sonra erməni yazıçıları Serqo Xandzadyan, Zori BalayanSilva Kaputikyan Qorbaçovla görüşmüş, elə həmin görüşlərin nəticəsi olaraq Sumqayıta dərhal ordu yeridilmiş, sonra Qorbaçovun əmri ilə şəhərdə komendant saatı tətbiq olunmuşdu. Əgər vaxtında siyasi çeviklik göstərilsəydi, təbii ki, bu hadisələrin qarşısı alınardı. Amma hər şey tərsinə oldu. İmperiya rəhbərlərinin köməyi ilə hadisələr daha da şiddətləndi. İş o həddə çatdı ki, baş verən hadisələrdə 400-dən çox azərbaycanlı həbsxanalara atıldı. Onlar hər cür təqiblərə, işgəncələrə məruz qaldılar. Hələ o vaxtlar cəmi 15 yaşı olan Azər Babayev aldığı ağır zədələrdən xeyli əziyyət çəkmiş, çarpayı dustağı olmuşdur. “Xilaskarsovet ordusunun vəhşilikləri ilə üzləşən adamların sayı çox idi. İmperiya nökərləri xalqı əzməkdən, günahsız adamlara işgəncə verməkdən zövq alırdılar. Onlara belə təlimat verilmişdi.

Araşdırmalar zamanı o da sübut edilib ki, Sumqayıtda törədiləcək hadisələr barədə ermənilər əvvəlcədən məlumatlı olublar. Şəhərdə yaşayan mindən çox erməni 1988-ci ilin yanvar ayından fevralın 25-dək əmanət kassalarında saxladıqları 8 milyon 343 min 691 rubl pulu çıxararaq Yerevana, Xankəndiyə, Rusiyanın ayrı-ayrı şəhərlərinə köçüb getmişdi. Həmin illərdə Sumqayıtın sənaye müəssisələrində, təhsil, mədəniyyət, səhiyyə sistemində çalışan ermənilər Dağlıq Qarabağın Ermənistana verilməsi barədə gizli imzalar toplamağa başlamışdılar. OnlarKrunk” cəmiyyətinə yardım adına adambaşına ayda 50 rubl vəsait köçürürdülər. Gizli iqtisadiyyata rəhbərlik edən erməni qurumları ölkəmizə ciddi ziyan vurmuşdular. Hətta nəzarətlərində olan istehsal sahələrini söküb gizli yollarla Yerevana daşımışdılar. 1988-ci il mart ayının əvvəllərində hadisələr bir qədər səngisə də, şayiələrin, uydurmaların miqyası genişlənmişdi. Komendant saatından sonra günahsız adamların həbsə atılması adi hala çevrilmişdi. Qəribədir ki, cəmi iki-üç gündə dünyanın ən ucqarlarında belə ermənilərin tərəfdarları və təbliğatçıları peyda olmuşdu. Hadisələri araşdıran jurnalist Eyruz Məmmədov yazır ki, həmin günlərin səhərisi İsveçrədən Artaşest Qabreliyan adlı birisi videokamerası ilə Sumqayıtın küçələrində göründü. Milliyyətcə erməni olan Artaşest Qabreliyan Sumqayıtda lentə aldığı hadisələrə belə ad qoymuşdu: “Bizi başkəsənlərdən xilas edin”. Bu hadisələrdən sonra Azərbaycana qarşı böyük təbliğat kampaniyası başlanmışdı. Xarici mətbuatda ermənilər ölkəmiz haqqında uydurma məlumatlar yayır, öz cinayətlərini ört-basdır etmək istəyirdilər. Bunun üçün xaricdə geniş bir şəbəkə yaradılmışdı. Həmin illərdə Azərbaycan informasiya blokadasından çıxa bilmirdi. Həm yerli mətbuat, həm də xarici media bu hadisələr barədə geniş məlumat verə bilmirdi. Ona görə ki, daxildə güclü senzura yaradılmış, mətbuatın imkanları məhdudlaşdırılmışdı. Belə bir şəraitdən qədərincə faydalanan ermənilər isə öz çirkin məqsədlərinə çatmaq üçün gizli şəbəkə vasitəsilə xeyli” gördülər.

Sumqayıt hadisələri ilə bağlı əsl həqiqətlər 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra üzə çıxdı. Ulu öndər hadisələrə, onun mahiyyətinə siyasi aydınlıq gətirdi. Ermənilərin açıq və gizli niyyətlərini üzə çıxarmağa başladı. Onların uydurma və böhtanları təkzibedilməz faktlarla sübut olundu. Sübut olundu ki, etnik təmizləmə kampaniyasına xidmət edən bu oyunların əsas ssenarisi sovet imperiyasının ideoloqları tərəfindən yazılıb. Aparılan araşdırmalar, güzəştsiz təhlil sübut etdi ki, Sumqayıt hadisələri barədə ermənilərin uydurmaları yalandanböhtandan başqa bir şey deyil. Təəssüf doğuran odur ki, bu boyda cinayətlərin əsl iştirakçıları hələ də cəzasız qalır. Həqiqətlər üzə çıxsa da, erməni terrorçuları layiqli cəzalarına çatmayıblar.

 

Bəşir ŞƏRİFLİ,

 

Azərbaycan.- 2017.- 28 fevral.- S.10.