Turizm sektorunda canlanma

 

Xarici vətəndaşlara satılan “Formula-1” biletləri ötən illə müqayisədə iki dəfə artıb

 

İkinci dəfədir ki, Bakı dünyanın ən aparıcı avtoidman yarışı olan “Formula-1”ə evsahibliyi edirdi. Burada keçirilən “Formula-1” Azərbaycan Qran-prisi hər kəsə böyük sürət, həyəcan vəd etdiyindən, trek ətrafında möhtəşəm əyləncə tədbirləri, konsert proqramları olduğundan azarkeşlər paytaxtımıza səfər edərək, yarışı canlı izləməyə böyük maraq göstərirdilər. Ümumilikdə ötən illə müqayisədə əcnəbilər yarışları Bakıda izləmək üçün iki dəfədən çox bilet almışdılar. Onların böyük hissəsi Rusiya vətəndaşları olsa da, Türkiyə, Gürcüstan, Avropanın aparıcı ölkələri, Hindistan, BƏƏ və Amerika kimi dövlətlərdən nümayəndələr paytaxtımıza təşrif buyurmuşdular.

 

Ölkəyə xarici investisiya cəlb edilir

 

2016-cı ilin yayında Azərbaycana xüsusən ərəb ölkələrindən on minlərlə turist gəldi. Turistlərin ölkəyə cəlb olunmasında dövlət tərəfindən görülən müvafiq tədbirlərin, o cümlədən viza sisteminin sadələşdirilməsinin müəyyən təsirləri ilə yanaşı, bu ilin iyununda uğurla keçirdiyimiz “Formula-1” Azərbaycan Qran-prisininböyük rolu oldu. Çünki bu yarışlar ərəb ölkələrində də keçirilir və həmin ölkələrdə yarışın böyük azarkeş kütləsi var. Təbii ki, ölkəyə çox sayda turistin gəlməsi tək turizmin deyil, bir çox sahələrin inkişafına da təkan verir. Bu baxımdan son illərdə Azərbaycanda da başda turizm sektoru olmaqla, iqtisadiyyatın turizmlə bağlı müxtəlif sahələrində canlanma yaranıb. “Formula-1” azarkeşləri arasında böyük beynəlxalq şirkətlərin rəhbərləri də var. Onlar yarışı izləməyə gəldikləri ölkənin biznes imkanları ilə yaxından tanış olurlar ki, bu da ölkədə xarici investisiya qoyuluşuna öz töhfəsini verir.

Məşhur “Formula-1” yarışlarına böyük maraq göstərən Prezident İlham Əliyev də öz çıxışlarında yarışın ölkəmizə gətirəcəyi nailiyyətlərə toxunub. Dövlət başçısının sözlərinə görə, 20 inkişaf etmiş şəhərdə keçirilən “Formula-1” üçün Bakı 21-ci şəhər oldu: “...İnanırıq ki, bu yarış Azərbaycanın turizm potensialının inkişafında xüsusi rol oynayacaq və ölkəmiz turizm mərkəzinə çevriləcəkdir. Müşahidələr göstərir ki, Bakıya gələnlərin, şəhərimizi, ölkəmizi tanıyanların sayı artır”.

Yarışlar zamanı Bakıya çox sayda azarkeş, media mənsubları, turist kütləsi gəldi. Ölkəmiz, xüsusən də paytaxt Bakı böyük imic qazandı. Şəhərimizdə qonaq olan turistlərin əhvali-ruhiyyəsi, eləcə də bizimlə söhbətlərində işlətdikləri ifadələr bunu bir daha təsdiq etdi.

 

Turistlərin “Formula-1” təəssüratları

 

Yan Valisard, Hollandiya: - “Formula-1” yarışları ilə əlaqədar Azərbaycana ötən il də gəlmişdim. Növbəti dəfə belə bir gözəl ölkədə olmaqdan məmnunam. Çünki o zaman görməli yerləri tam gəzə bilməmişdim. İndi isə yenidən Azərbaycanı kəşf etmək imkanım yaranıb. Yarışlara gəldidə isə ötən ildə olduğu kimi, bu ilçox yüksək səviyyədə baş tutdu. Azərbaycan artıq bir idman ölkəsi kimi böyük təcrübəyə sahibdir. Bolidlərlə yanaşı, hər bir komanda heyətinin, eləcə də qonaqların təhlükəsizliyi, rahatlığı və əyləncəsi nəzərə alınıb.

İnsanlarınız dostcanlıdırlar. Çox yaxşı adət-ənənələrinizin olduğunu bilirəm. Yəqin ki, burada keçirdiyim günlər ərzində həmin adətlərlə, eləcə də Bakının tarixi yerləri ilə yaxından tanış olacam.

Lambert Timmers, Hollandiya: - “Formula-1” yarışını belə bir unikal şəhərdə izləmək olduqca maraqlıdır. İlk dəfədir ki, Azərbaycandayam. İnsanlar hər bir məsələdə bizə yardımçı olmağa çalışırdılar. Oyunları izlədikdən sonra şəhərlə tanışlıq imkanımız oldu. Dünyanın bir neçə şəhərində olmuşam, amma Bakı həqiqətən də özəl bir məkandır. Buranın gözəl bir sehri var. Xəzər dənizi isə şəhərə əlavə orijinallıq bəxş edir. Gələcəkdə Bakıya yenə gəlmək istərdim.

Seles Stip, Hindistan: - Bakıya ailəmlə bərabər gəlmişəm. Həm maraqlı yarış izlədiyimiz, həm də heyrətamiz şəhərdə olduğumuz üçün çox sevincliyik. Bakı həqiqətən də maraqlı şəhərdir. Daha öncə “Formula-1”in keçirildiyi bir neçə ölkədə olmuşam. Amma məndə Bakının xüsusi xoş təəssüratları yarandı. Ayrıca, yarış çərçivəsində təşkil olunan əyləncə proqramlarını, konsertləri sevə-sevə izlədik. Ailə üzvləri bu səfərdən məmnundurlar. Bakıda başqa yerlərdə olduğu kimi yemək problemi yaşamadıq. Milli mətbəxinizin nümunələri bizim ağız dadımıza tam uyğundur. Hər şey çox yüksək səviyyədədir, burada özümüzü rahat hiss edirik.

Sergey Gamolya, Ukrayna: - İlk dəfədir ki, Azərbaycandayıq. Çox yaxşı təəssüratlarımız var. Fantastik həftəsonu yaşadıq. Bakı həqiqətən də gözəl şəhərdir. Hava çox isti olsa da, səyahətimizdən məmnunuq. Maraqlı əyləncələrimiz oldu. Buraya dostumla gəlmişəm. “Formula-1”ə ciddi azarkeşlik edirəm. Bacardığım qədər yarışların keçirildiyi şəhərlərə səfər edirəm. Deyə bilərəm ki, Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir. Amma təəssüf ki, ötənilki yarışla müqayisə edə bilmirəm. Çünki öncəki yarışlarda iştirak etmək imkanım olmayıb.

Viktor Oxrimeds, Ukrayna: - Bakıya ilk səfərimdir. Burada gözəl hava var. Şəhərin ümumi atmosferi çox xoşuma gəldi. Qədim İçərişəhərdə çox maraqlı tarixi yerlər var. Xüsusən də Qız qalası çox xoşuma gəldi. XII əsrə aid bir tikili olduğunu biləndə çox heyrətləndim. Bakının nə qədər qədim və zəngin bir şəhər olduğunu öyrəndim. Lakin Bakı öz tarixi qədər də müasirdir. Burada bir-birindən maraqlı, qeyri-adi konstruksiyalı müasir binalar var. Xüsusən də Alov qüllələri çox möhtəşəmdir. Şəhər sakinləri də mehriban və gülərüzdürlər.

İvan Qumilyova, Rusiya: - Yarışları izləmək üçün Bakıya gəldiyimə görə çox sevinirəm. Bakı treki, eləcə də idmançıların çıxışları heyrətamiz idi. Əvvəllər də Azərbaycana gəlmək istəyirdim. Ötən il yüksək səviyyədə təşkil olunan Avropa Qran-prisindən bilirdim ki, bu dəfə də hər şey yüksək səviyyədə olacaq. Ona görə də dostlarımla birgə bilet alıb Azərbaycana gəldik. Təəssüratlarımız olduqca zəngindir. Bakı haqqında əvvəllər çox eşitsək də, bu gözəllikləri, tarixlə müasirliyin cəm olduğu bir məkanı gözlə görmək tam başqa bir hiss yaradır. Bizə göstərilən qonaqpərvərliyə, eləcə də “Formula-1” təşkilatçılarına təşəkkürümü bildirirəm...

 

“Nəticələrdən çox razıyıq”

 

Beləliklə, heç də təsadüfi deyil ki, bu il Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə iki dəfə artıb. Bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin şöbə müdiri Nigar Arpadarai deyir. Onun sözlərinə görə, “Formula-1” yarışlarının keçirildiyi 4 gün ərzində Bakı Şəhər Halqası zonasına gələn insanların sayı 71 min nəfər təşkil edib. Bu isə keçən illə müqayisədə 30 faiz artım deməkdir: “Yarışları canlı izləmək üçün 65 ölkədən bilet alınmışdır. Xarici turistlərə satılan biletlər ötən illə müqayisədə iki dəfə, yəni, 100 faiz artmışdır. Digər tərəfdən, tribunalara baxsaq, 6 tribunamıza olan biletlər tam olaraq alınmışdı, qalan tribunalarımızın biletləri isə 95-96 faiz satılmışdı. Ümumilikdə nəticələrdən çox razıyıq”.

Artıq əminliklə deyə bilərik ki, “Formula-1”lə yanaşı, paytaxt Bakının gözəlliyi, insanların sülhsevərliyi və isti münasibətləri turistlərdə ölkəmizə qarşı böyük rəğbət yaradıb. Bu isə Azərbaycan dövləti ilə yanaşı, onun hər bir vətəndaşı üçün qürurverici və fərəhləndirici hadisədir. Çünki ölkəmizin dünyada tanıdılması, adının hər manada müsbət səsləndirilməsi hər birimizin fəxridir.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2017.-4 iyul.- S.1; 5.