Əbülfəs Qarayev: Turizmin inkişafı dostluq əlaqələrinin möhkəmlənməsi üçün ən yaxşı vasitədir

 

İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ilə əlaqədar bu ölkədə səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 3-də İranın vitse-prezidenti, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Zəhra Əhmədipur ilə görüşüb.

Nazir diqqətə çatdırıb ki, iki qonşudost ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin prezidenti münasibətlərin yüksək səviyyəyə çatdırılması üçün çox işlər görüblər. Bu istiqamətdə Azərbaycan Prezidentinin tapşırığı ilə “ASAN vizasistemi tətbiq edilməyə başlanıb ki, bu da iranlı turistlərin Azərbaycana səfərlərini asanlaşdırıb. Artıq İranın istənilən şəhərindən Azərbaycana səfər etmək istəyən şəxsin Tehrana gəlib konsulluğa müraciət etməsinə ehtiyac qalmayıb. Hər bir kəs internet vasitəsilə viza almaq imkanına malikdir. Yaxın gələcəkdə Azərbaycanda “ASAN vizasistemi təkmilləşdirilərək, viza istəyən şəxsə 3 saat ərzində elektron viza veriləcək. Bu sistem yalnız hava limanında deyil, digər gömrük-keçid məntəqələrində də tətbiq ediləcək. Bu il Novruz bayramında 65 min iranlı Azərbaycana turist səfəri etmişdir. İranlılar Azərbaycanda özlərini çox rahat hiss edirlər. Bunun səbəbi hər iki xalqın milli ənənələri ilə mətbəxinin oxşar olmasıdır.

Ə.Qarayev bildirib ki, İranda və Azərbaycanda fəaliyyət göstərən turist firmalarının birgə müəssisə yaratmaları və qarşılıqlı olaraq turist səfərlərini təşkil etmələri zəruridir. Bu firmalar turistləri qruplara ayıraraq ziyarət, səhiyyə, macəra turizmini təşkil etməlidirlər ki turistlərin istəkləri həyata keçsin.

Ə.Qarayev bildirdi ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçünİslam mədəniyyətinin paytaxtı” elan olunub. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə 2018-ci ildə İslam mədəniyyəti paytaxtı tədbirlərinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin ilk iclası 2016-cı il noyabrın 25-də Naxçıvan şəhərində keçirilib və Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən Naxçıvanda yaradıcı kollektivlərin çıxışları və digər maraqlı proqramlar təşkil ediləcək.

Nazir İranın müxtəlif şəhərlərindən Bakıya, Gəncəyə, Naxçıvana təyyarə reyslərinin açılmasında maraqlı olduqlarını da nəzərə çatdırıb. Qeyd edib ki, mütəmadi reyslərin açılması həm İranda, həm də Azərbaycanda turizmin inkişafına böyük təkan verəcək.

Azərbaycanda turizmlə bağlı ali təhsil müəssisələrinin olduğunu deyən Ə.Qarayev turizm təhsili sahəsində də əməkdaşlıq əlaqələrinin qurulmasını vacib hesab edib. İranın müvafiq təhsil müəssisələri ilə tələbə mübadiləsinin də reallaşdırılmasının mümkünlüyünü vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirib ki, ermənilər işğal etdikləri torpaqlarda Azərbaycanın mədəni irsinə qarşı soyqırımı siyasəti həyata keçirirlər. Erməni vandalları minlərlə tarixi abidələri, məscidləri qəsdən məhv edərək özlərini bu torpaqların sahibi kimi qələmə verməyə çalışırlar. Xudafərin körpüsünün Azərbaycan xalqının tarixi və mədəni irsini əks etdirdiyini nəzərə çatdıran nazir bu körpünün Azərbaycanın işğal edilmiş torpaqları ilə İran arasında qaldığını deyib.

Turizmin inkişafı dostluğun daha da möhkəmlənməsi üçün ən yaxşı vasitədir deyən Ə.Qarayev İranın vitse-prezidenti Zəhra Əhmədipuru Azərbaycana rəsmi səfərə dəvət edib.

Azərbaycanın ərazi bütövlüyüsuverenliyinin İran tərəfindən dəstəkləndiyini vurğulayan Z.Əhmədipur İranda əl işləri sənayesinin inkişaf etdiyini və ölkəyə gələn turistlərin marağına səbəb olduğunu nəzərə çatdırıb. Qeyd olunub ki, xalqların yaxınlığı mehriban qonşuluğundostluğun daha da möhkəmlənməsini tələb edir. İran Azərbaycandan gələn hər bir qonağı hörmətlə qarşılayır. Xalqlarımız tarixən mədəni əlaqələrə sahib olublar. Müasir dövrdə bu əlaqələri inkişaf etdirib gələcək nəsillərə çatdırmaq lazımdır ki, İran ilə Azərbaycanın dostluğu əbədi olsun.

Görüşdə əl işlərindən ibarət məhsulların birgə sərgisinin keçirilməsi və qarşılıqlı əlaqələrin gələcək perspektivləri də müzakirə edilib.

Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov da iştirak edirdilər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 4 iyul.- S.4.