Arança Qonzales: Azərbaycan tərəqqiyə və irəliləyişə can atan ölkədir

 

İyulun 4-də Baş nazirin müavini Əli Əhmədov Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru xanım Arança Qonzaleslə görüşüb.

AZƏRTAC xəbər verir ki, Əli Əhmədov Beynəlxalq Ticarət Mərkəzinin nümayəndə heyətinin Bakıya səfərinə böyük önəm verdiyini, səfər çərçivəsində aparılan danışıqların Azərbaycanın BMT ilə əlaqələrinin daha da genişlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb. Azərbaycanın dövlət müstəqilliyini 25 il əvvəl bərpa etdiyini xatırladan Baş nazirin müavini vurğulayıb ki, ötən illər ərzində ölkəsi həm iqtisadi, həm də sosial cəhətdən böyük inkişaf yolu keçib.Biz qürur duyuruq ki, bu qısa müddət ərzində yeni iqtisadisosial inkişaf modelini yaratmışıq. Biz Azərbaycana gələn qonaqlara ölkəmizin iqtisadi-sosial nailiyyətlərini təqdim edirik. Böyük gələcəklə bağlı planlarımızı onlarla müzakirə edirik ki, daha düzgünuğurlu yol seçə bilək. Azərbaycan özünün iqtisadi inkişaf modelini əhəmiyyətli dərəcədə təkmilləşdirmək üzərində düşünür”, - deyə Əli Əhmədov bildirib.

Baş nazirin müavini qonağa məlumat verib ki, Azərbaycan son 12-13 il ərzində bu böyük inkişafa daha çox neft gəlirləri hesabına nail olub. İndi isə tükənməyən resurslar əsasında uzunmüddətli iqtisadi inkişaf strategiyası yaradılır və onun əsas istiqamətləri müəyyənləşdirilir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının üzvüdünyada baş verən inkişaf proseslərinin iştirakçısı olaraq öz inkişaf məqsədlərini BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırır.

Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru xanım Arança Qonzales Azərbaycana ilk dəfə səfər etdiyini deyib. “Biz bilirik ki, Azərbaycan öz sərvətlərinin idarə edilməsinə xüsusi diqqət yetirir, öz coğrafi mövqeyindən istifadə edir. Ölkə əhalisinin əksəriyyəti gənclərdən ibarətdir. Bu baxımdan biz hesab edirik ki, həm iqtisadi, həm də sosial baxımdan Azərbaycan tərəqqiyə, irəliləyişə can atan bir ölkədir. Bizbu ölkəyə dəstək göstərməyə hazırıq”, - deyə xanım A.Qonzales səfərinin məqsədinin məhz bu dəstəyi bəyan etməkdən ibarət olduğunu bildirib.

O qeyd edib ki, təmsil etdiyi Beynəlxalq Ticarət Mərkəzi BMT-nin bir hissəsidir. 1964-cü ildə yaradılan təşkilatın qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Beynəlxalq Ticarət Mərkəzi BMT və Ümumdünya Ticarət Təşkilatının birgə agentliyidir. Onun missiyası ticarət və beynəlxalq biznesin inkişafı vasitəsilə inklüziv və dayanıqlı inkişafa, habelə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasına töhfə verməkdir.

 

Azərbaycan.- 2017.-5 iyul.- S.2.