Elektron vasitələrin tətbiqi məhkəmələrin fəaliyyətində şəffaflığı və çevikliyi təmin edir

 

Müstəqil Azərbaycan dövlətinin dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutması üçün ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt uğurla davam etdirilir. Bu xəttin əsas istiqamətlərindən biri də ölkəmizdə informasiyakommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsidir. Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiyakommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu sahədə qazanılan nailiyyətlər üçün mühüm zəmin olmuşdur.

Bu gün dinamik tərəqqi dövrü yaşayan respublikamızda dünyadakı ən yeni texnologiyaların tətbiqi, xüsusən informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı möhtərəm Prezident İlham Əliyevin apardığı iqtisadi-siyasi islahatların ayrılmaz tərkib hissəsidir. Dövlət başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” uğurla icra edilmiş, 2013-cü il Azərbaycanda “İnformasiya texnologiyaları ilielan edilmiş, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” qəbul olunmuşdur. Ölkəmizdə müasir informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunması üçün əlverişli şərait yaradılmış, cəmiyyətin gündəlik həyatında mühüm yer tutan internetə yüksək sürətli çıxış və ondan sərbəst istifadə imkanı təmin edilmişdir. Azərbaycanda kosmik sənaye sahəsi, peyk sistemi yaradılmış, dövlət idarəçiliyində müasir metodların və texnoloji yeniliklərin tətbiqi “Elektron hökumət” sisteminin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirmişdir. Ümumiyyətlə, elektron xidmətlər sahəsində görülmüş tədbirlər nəticəsində Azərbaycan 2016-cı ildə BMT-ninElektron Hökumətin İnkişafı İndeksi” üzrə 193 ölkə arasında 12 pillə irəliləyərək 56-cı yerdə, “Elektron İştirak İndeksi” üzrə isə 30 pillə irəliləyərək 47-ci yerdə qərarlaşmışdır.

Dövlət idarəçiliyinin digər sahələri kimi, məhkəmə-hüquq orqanlarının fəaliyyətinin elektronlaşdırılması və müxtəlif texnoloji yeniliklərdən çevik və səmərəli şəkildə istifadənin zəruriliyi aktuallaşmış, müvafiq texniki-təşkilati tədbirlər həyata keçirilmiş, normativ hüquqi baza yaradılmış, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə başlanmışdır. Bu məqsədlə zəruri təhlillər aparılmış, mövcud imkanlar və perspektivlər araşdırılmış, xarici mütəxəssislərin köməyindən istifadə edilmişdir. Müasir texnoloji yeniliklərin geniş tətbiqi ölkəmizdə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarının tərkib hissəsini təşkil edir. Bu baxımdan Azərbaycan Respublikası PrezidentininElektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 13 fevral 2014-cü il tarixli sərəncamı ölkəmizdə məhkəmə-hüquq sisteminin müasir dünya təcrübəsi əsasında daha da inkişaf etdirilməsinin yeni mərhələsinin başlanmasını şərtləndirən mühüm tarixi sənəd kimi dəyərləndirilməlidir. Sərəncamın icrası istiqamətində həyata keçirilən tədbirlər ədalət mühakiməsinin şəffaflığının, insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin olunmasında, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsində mühüm rol oynayır. Elektron məhkəmə” informasiya sisteminin tətbiqi məhkəmələrə müraciəti asanlaşdırır, sənədləşdirməni sürətləndirir, işlərin prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətdə baxılmasını təmin edir.

Möhtərəm Prezident cənab

İlham Əliyev “Elektron məhkəmə” informasiya sisteminin tətbiq edildiyi Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində demişdir: “Son illər ərzində şəffaflıqla, institusional islahatlarla bağlı atılan addımlar korrupsiya, rüşvətxorluq üçün meydanı böyük dərəcədə daraldıb. Ancaq hələ ki, görüləsi işlər çoxdur və məhkəmə-hüquq sisteminin bu sahədəki fəaliyyəti çox önəmlidir. İlk növbədə, məhkəmə sistemində korrupsiya halları tam aradan qaldırılmalıdır. Buna yol verilməməlidir. Eyni zamanda, məhkəmə qərarları elə olmalıdır ki, bu böyük bəla ilə bizim mübarizəmiz daha da səmərəli olsun”.

Bu günlərdə dövlət başçısı Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında da iştirak etmişdir ki, bu da məhkəmə-hüquq sistemində aparılan islahatlara ölkə rəhbərinin daimi diqqət və qayğısının növbəti təzahürüdür. Azərbaycan PrezidentininElektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında sərəncamına əsasən burada da bütün zəruri tədbirlər görülmüşdür.

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov yeni sistemin tətbiqi haqqında ölkə rəhbərinin sərəncamını şərh edərkən demişdir ki, “Elektron məhkəmə” sisteminin yaradılması əhəmiyyətli olduğu qədər də mürəkkəb və çoxmərhələli prosesdir. Bu sistemin tətbiqi əhaliyə səmərəli xidmət göstərilməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində korrupsiyaya şərait yaradan halların, süründürməçilik və sui-istifadə hallarının aradan qaldırılmasına, vətəndaş məmnunluğunun artırılmasına, onların məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, şəffaflıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edəcəkdir.

Ölkəmizin məhkəmə sistemində ən yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə nüfuzlu beynəlxalq təşkilatlardan olan Dünya Bankı da dəstək verir. Belə ki, müasir məhkəmə infrastrukturu yaradılması sahəsində Azərbaycan hökuməti ilə Dünya Bankının “Ədliyyə sisteminin müasirləşdirilməsi” birgə layihəsi çərçivəsində son illərdə 40-dək məhkəmə binasının beynəlxalq standartlara uyğun layihəsi hazırlanmış, bunlardan 12-nin inşası qısa müddətdə başa çatdırılmışdır, 9-nun tikintisi isə davam etdirilir. Yeni məhkəmə binalarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparanFemidasistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün qurğular vardır. Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Elektron məhkəmə bildirişlərinin tətbiqinə dairkonsepsiya hazırlanmış və bu konsepsiya əsasında işlənmiş “Elektron məhkəmə məlumat sisteminin tətbiqinə başlanmışdır.

Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində elektron məhkəmənin tətbiqi üzrə tədbirlər sürətləndirilmiş, məhkəmə sisteminin vahid internet portalı yenilənərək zənginləşdirilmiş, o cümlədən portalda “E-məhkəmə” bölməsi yaradılmışdır. Yeni inşa olunan müasir məhkəmə binalarında “Elektron məhkəmə” informasiya sisteminin bir çox komponentləri tətbiq edilir. Eyni zamanda, sistemin tərkib hissəsi olanelektron icra”nın yaradılması üzrə tədbirlər görülərək icra qurumlarında onun bir sıra komponentlərinin tətbiqinə başlanılmışdır. Bundan başqa, məhkəmələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə yeni yaradılmış “Nəzarət pəncərəsi” modulu vasitəsilə məhkəmə sədri işlərin icra vəziyyətinə elektron qaydada nəzarət edəcək, hakimlər isə sənədin icra statusu barədə sistem tərəfindən məlumatlandırılacaqlar. “Elektron məhkəmə” informasiya sistemi üzrə toplanılan məlumatların saxlanılmasını və təhlükəsizliyini təmin etmək məqsədilə Ədliyyə Nazirliyinin əsas və ehtiyat məlumat mərkəzlərinin yaradılması üzrə də işlər aparılır.

Məhkəmə orqanlarının müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması, eləcə də ölkəmizin məhkəmə sistemi üçün vahid internet portalının yaradılması ədalət mühakiməsinin keyfiyyət göstəricilərinin və hüquqi xidmətin səviyyəsinin yüksəldilməsinə, məhkəmə orqanları ilə vətəndaşlar arasında birbaşa təmasın minimallaşdırılmasına, korrupsiya və rüşvətxorluğa şərait yaradan halların aradan qaldırılmasına imkan vermişdir. Portal vasitəsi ilə ali, apelyasiyabirinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələrinin və digər məhkəmə sənədlərinin nümunələrini, hətta hakimlər haqqında məlumatları əldə etmək, eləcə də onlayn rejimdə məhkəməyə müraciət etmək və cavab almaq mümkündür.

İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində ötən dövr ərzində aparılan islahatlar göstərir ki, dövlət başçısının tapşırıqları əsasında məhkəmə orqanlarının fəaliyyətinin elektronlaşdırılması təkcə ədalət mühakiməsini həyata keçirənlər deyil, prosesin bütün iştirakçıları üçün olduqca əlverişlidir. Vətəndaşlar məhkəməyə gəlmədən elektron formada müraciət etmək, proses barədə məlumatları elektron daşıyıcıda dərhal almaq, məhkəmə proseslərini onlayn rejimdə izləmək, məhkəmənin gedişi, qərarlar və icra vəziyyəti və s. barədə məlumatları əks etdirən elektron “şəxsi kabinet”ə malik olmaq üçünElektron məhkəmə” sistemindən istifadə edə bilərlər.

Təcrübə göstərir ki, məhkəmələrdə sənədlərin elektron dövriyyəsinin təşkili, o cümlədən elektron kargüzarlığın tətbiqi bütün mərhələlərdə fəaliyyətin operativliyini təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu ilin əvvəllərində keçirilmiş plenumunda dövlət başçısının məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası, bu orqanın fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlərdən ətraflı bəhs edən Ali Məhkəmənin sədri cənab Ramiz Rzayev bildirmişdir ki, daxil olan kassasiya şikayətlərinin, ərizə, şikayət və digər sənədlərin elektron qeydiyyatı aparılır, məhkəmə prosesləri audio, video və digər texniki vasitələrdən istifadə etməklə qeydə alınır, məhkəmə protokolları və qərarlar Ali Məhkəmənin elektron arxivinə inteqrasiya edilir. Həmçinin “Elektron hökumət” portalı vasitəsilə məhkəmə fəaliyyəti ilə bağlı bütün dövlət rüsumları elektron qaydada ödənilir.

Elektron məhkəmə” sisteminin tətbiqi ilə əlaqədar məhkəmə orqanlarında kargüzarlığın aparılması qaydalarında əsaslı dəyişikliklər olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 12 fevral 2016-cı il tarixli qərarı ilə “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”a “Elektron sənədlərlə bağlı kargüzarlığın aparılması xüsusiyyətləri” adlı yeni hissə əlavə edilmiş, burada məhkəmələrdə elektron sənədlərin hazırlanmasına dair ümumi tələblər, elektron kargüzarlığın aparılmasını təmin edən informasiya sisteminin funksiyaları müəyyənləşdirilmişdir.

Möhtərəm Prezident cənab

İlham Əliyevin 2016-cı il sentyabrın 30-da imzaladığı “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” və həmin qanunun tətbiqi barədə 7 noyabr 2016-cı il tarixli sərəncamı isə inzibati-iqtisadi məhkəmələrin fəaliyyətində yeni bir mərhələnin başlanması üçün əsas olmuşdur. Yeni qəbul edilmiş qanunla Mülki Prosessual Məcəlləyə 4.4-cü, 138.5-ci və 272.4-1-ci maddələr əlavə edilmişdir. Bu maddələrin dispozisiyası məhkəmə praktikasında müasir informasiya-kommunikasiya vasitələrinin daha geniş və səmərəli tətbiqinin hüquqi normalarını, məhkəmələrdə elektronlaşmanın strateji istiqamətlərini və hədəflərini müəyyənləşdirmişdir.

Belə ki, məcəllədə müdafiə üçün məhkəməyə müraciət etmək hüququnu təsbit edən 4-cü maddəyə əlavə olunmuş 4-cü bənddə iqtisadi mübahisələr ilə bağlı iddia ərizələrinin, ərizə, şikayət və digər sənədlərin məhkəməyə yazılı yaElektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “Elektron imzaelektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş elektron sənəd formasında verilməsinin mümkünlüyü təsbit olunmuşdur. Ölkəmizdə tətbiqinə 2011-ci ildən başlanılmış elektron imza vətəndaş-məmur əlaqələrinin virtuallaşmasına, onların birbaşa təmas imkanlarının məhdudlaşmasına və beləliklə də bürokratik əngəllərin, korrupsiyaya zəmin yaradan halların aradan qalxmasına, şəffaflığın qorunmasına xidmət edir. Elektron hökumət infrastrukturunun açar komponenti olan bu texnologiyanın tətbiqi elektron cəmiyyətin formalaşması üçün ən vacib addım olmuşdur.

Məcəllənin 138-ci maddəsinə (Məhkəmə bildirişləri) əlavə edilmiş 5-ci bənddə iqtisadi mübahisələr üzrə işdə iştirak edən şəxslərə məhkəmə bildirişlərinin elektron qaydada çatdırılmasını nəzərdə tutur. Bunun üçün həmin şəxslərin “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməsi vacib şərtdir. Çünki bildirişlər onların bu sistemdə qeydiyyatdan keçərək yaratdıqları elektron kabinetdə yerləşdirilir və müvafiq məlumat elektron poçtla, yaxud SMS vasitəsilə göndərilir. Qanunla müəyyən edilir ki, “Elektron məhkəmə” portalında (https://e-mehkeme.gov.az/Public/Cases) qeydiyyatdan keçmiş bütün hüquqifiziki şəxslər iqtisadi mübahisələr üzrə iddia ərizələrini, ərizə, şikayət və onlarla bağlı digər sənədləri burada yaratdıqları “Şəxsi kabinet” vasitəsi ilə elektron formada təqdim edə bilərlər.

Məcəllənin 272-ci maddəsinə (Protokolun tərtib olunması) əlavə edilmiş 4-1 bəndə əsasən, bundan sonra iqtisadi mübahisələr üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılacaqdır. Yeni qanunvericilik normasına görə, məhkəmə iclasında sədrlik edən tərəfləri və işin digər iştirakçılarını bu barədə xəbərdar etməlidir. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüququna malikdirlər.

Ədliyyə Nazirliyinin kollegiyası dərhal qanunvericilikdəki yeniliklərin tətbiqi mexanizmlərini hazırlamış və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 330-VQD nömrəli Qanununun tətbiqi barədə” sərəncamın icrasını təmin etmək məqsədilə yuxarıda adıçəkilən “Təlimat”a müvafiq dəyişikliklər etmişdir.

Məhkəmə praktikasının təhlili göstərir ki, ədalət mühakiməsinin təşkilində ən mühüm problemlərdən biri proses iştirakçılarının məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasıdır. Məhkəmə bildirişlərinin müxtəlif səbəblərdən proses iştirakçılarına vaxtında çatdırılmaması məhkəmələrdə işlərə baxılarkən çəkişmə prinsipinə əməl edilməməsi ilə nəticələnə, işlərə qanunla müəyyən edilmiş müddətdə baxılmasında çətinliklər yarada bilər. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində son illərdə Azərbaycanda əldə olunmuş diqqətəlayiq nailiyyətlər belə çətinliklərin elektron vasitələrlə aradan qaldırılmasını mümkünləşdirir. Hazırda ölkə əhalisinin 80 faizə qədərinin internetdən istifadə etmək imkanının olduğunu, mobil rabitənin yüksək səviyyədə inkişaf etdiyini nəzərə alsaq, məhkəmə bildirişlərinin elektron poçtya SMS-lə çatdırılmasının, həqiqətən, əlverişli vasitə olduğunu əminliklə deyə bilərik.

Mülki Prosessual Məcəlləyə edilmiş dəyişiklik bildirişlərin elektron vasitələrlə çatdırılmasını qanuniləşdirməklə ədalət mühakiməsi üçün zəruri olan çəkişmə prinsipinə riayət edilməsinə şərait yaradır, dürüstobyektiv qərarların qəbul olunmasına təminat verir. Bu sahədə qarşıya çıxan texniki problemlərin həlli məqsədilə Məhkəmə-Hüquq Şurası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Elektron məhkəmə bildirişlərinin tətbiqinə dairkonsepsiya hazırlanmış və onun əsasında yeni bir proqram - “Elektron-məhkəmə məlumat sistemi” işlənmişdir. Həmin proqram hazırda məhkəmə orqanlarında sınaq üçün ilkin qaydada tətbiq edilməkdədir.

Ədalət mühakiməsi prosesinin protokollaşdırılmasında video-audioyazılışın tətbiqi məhkəmə praktikası baxımından xüsusilə mühüm əhəmiyyət kəsb edir. Əvvəllər prosesin gedişi kağız daşıyıcıda protokollaşdırılırdı ki, bu da bəzi hallarda baxılan məsələlərə dair təfərrüatların heç də hamısının qeydə alınmaması ilə nəticələnir, mübahisəli situasiyaların aydınlaşdırılmasında ciddi çətinliklər yaradırdı. Yeni elektronlaşdırılmış sistemdə isə proses elektron qaydada qeydə alındığından məhkəmə baxışı zamanı baş verənləri onlayn rejimdə, yaxud daha sonra izləməklə mübahisə doğuran hər hansı məsələyə aydınlıq gətirmək mümkündür. Bu zaman nəinki proses iştirakçıları məhkəmə baxışının elektron yazısına istinad edə bilir, həm də baxışın heç bir hissəsi diqqətdən kənarda qalmır. Belə vəziyyətdə məhkəmə işçiləri tərəfindən protokolun müxtəlif səbəblərdən yanlış və qüsurlu tərtib edilməsi də qeyri-mümkündür ki, bu da vətəndaşların hüquqlarının etibarlı müdafiəsi üçün olduqca səmərəli vasitədir.

İqtisadi-inzibati məhkəmələrdə elektronlaşmanın geniş tətbiqi, ilk növbədə, iqtisadi mübahisələrin subyekti olan hüquqi şəxslərin və fərdi sahibkarların vaxt itkisini və kargüzarlıq xərclərini xeyli azaldır. Bu gün Azərbaycan iqtisadiyyatının inkişafında azad sahibkarlığın çox mühüm rol oynadığı özünü bariz şəkildə göstərməkdədir. Belə ki, dövlət müstəqilliyinin bərpasından sonra həyata keçirilən milli inkişaf strategiyası, genişmiqyaslı iqtisadi islahatlar sayəsində ölkəmizdə yeni iqtisadi münasibətlər formalaşmış, çoxsaylı sahibkarlıq subyektləri yaranmış, vətəndaşların azad iqtisadi fəaliyyətlə məşğul olması üçün geniş imkanlar açılmışdır. İnzibati-iqtisadi məhkəmələrdə elektronlaşdırmanın tətbiqi, təbii ki, azad sahibkarlığın inkişafına da müsbət təsir göstərir, təsərrüfat subyektlərinin məhkəmələrə müraciətlərini asanlaşdırmaqla yanaşı, onları kağız daşıyıcılarda lüzumsuz və uzunmüddətli yazışmalardan da xilas edərək, vaxtından daha səmərəli istifadə olunmasını şərtləndirir.

Elektron məhkəmə sisteminin yaradılması və praktiki tətbiqi məhkəmələrin fəaliyyətində qısa müddətdə müsbət nəticələr verən sürətli dəyişikliyə səbəb olmaqla yanaşı, cəmiyyətdə böyük məmnunluqla qarşılanır. İqtisadi-inzibati məhkəmələrin timsalında biz bunu aydın şəkildə hiss edib görüreyni zamanda məhkəmə proseslərinin iştirakçılarından - adi vətəndaşlardan, sahibkarlardan və onların nümayəndələrindən, vəkillərdən, hüquqşünaslardan razılıq eşidirik. Məhkəmə sistemində “e-kabinet”, “e-imza”,

e-icra” və s. elektron vasitələrdən istifadə ilə əlaqədar son vaxtlar müəyyən təcrübə əldə olunmuşdur. Bu müsbət təcrübə şəffaflığı və çevikliyi təmin etməklə yanaşı, bürokratik əngəllərin və korrupsiya yaradan halların aradan qaldırılmasına imkan verən elektronlaşdırma prosesinin daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır.

Azərbaycanda “Elektron məhkəmə” informasiya sistemi yaradılarkən beynəlxalq təcrübəyə də müraciət olunmuş, bu sahədə mövcud dünya standartlarının tətbiqi önə çəkilmişdir. Avropa ölkələrində mülki işlərin son illərdə dəfələrlə artdığı bir şəraitdə vəziyyətdən çıxış yolu kimi məhkəmə sistemində İKT-nin tətbiqi seçilmişdir. Bir sıra ölkələrdə, o cümlədən Estoniya, Portuqaliya, AvstriyaMaltada məhkəmələrdə tam İKT tətbiq olunmuşdur. Bu baxımdan Azərbaycanın məhkəmə-hüquq sistemində tətbiq olunan yeniliklərin Avropa Şurası, Dünya Bankı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi qürurverici haldır. Avropa Şurası ekspertlərinin rəyinə görə, ədalət mühakiməsi sistemində səmərəli islahatların aparılması, məhkəmələrin mükəmməl infrastrukturunun yaradılması, ən müasir informasiya texnologiyalarının və yeniliklərin tətbiqi sahəsində Azərbaycan bir çox Avropa ölkələrinə nümunə ola bilər.

Bütün sahələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi dövlət başçısının Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarmaq üçün həyata keçirdiyi düşünülmüş strategiyanın ən mühüm istiqamətidir. Bu baxımdan məhkəmə-hüquq sistemində aparılan köklü islahatlar, o cümlədən genişmiqyaslı elektronlaşdırma tədbirləri ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, şəffaflığın təmin edilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi məqsədi daşımaqla ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsinə xidmət edir. Əminliklə deyə bilərik ki, “Elektron məhkəmə” informasiya sistemi yaradılması ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığı, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsini tam təmin edəcəkdir.

 

Rəşid RZAYEV,

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri

 

Azərbaycan.- 2017.-5 iyul.- S.4.